Məhkəmə qərarları › İş №2(103)-10403/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10403/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10403/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6677/2021 saylı, 19 avqust 2021ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Abbasova, iş № e-2(011)-6677/2021) iddia ərizsi geri qaytarılmış, iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qərardadda qeyd olunanlar ailə, əmək və kommersiya işlərinə aiddir. Hazırkı iddia üzrə tələb Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən irəli sürülmüşdür ki, bu da ailə münasibətlərindən irəli gələn mübahisə hesab edilə bilməz. Buna görə də iş mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Şikayətin dəlillərinə görə hazırkı iddia üzrə tələb Azərbaycan Respublikası Mənzil Məcəlləsi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən irəli sürülmüşdür ki, bu da ailə münasibətlərindən irəli gələn mübahisə hesab edilə bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı sayır və qeyd edir ki, cavabdeh hazırda iddiaçının ailə üzvü deyildir. Belə ki, onun iddiaçının oğlu ilə nikaha əsaslanan qohumluq münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə əsasən Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh olan keçmiş gəlin həmin maddədə sadalanan şəxslərin dairəsinə daxil deyil. Belə ki, onun iddiaçının oğlu Elmar Babayevlə olan nikahı Xətai Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırkı iddia cavabdehin keçmiş əri tərəfindən deyil, qaynatası tərəfindən qaldırılmışdır. Ailə qanunvericiliyi isə keçmiş gəlini keçmiş qaynatanın ailə üzvü hesab etmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş həmin məhkəməyə qaytarılmalı və iddia ərizəsi ümumi qaydada icraata qəbul olunmaqla mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ləğv olunsun. İş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar