Məhkəmə qərarları › İş №2(103)-10420/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10420/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10420/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)- 3560/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddianın təmini tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmamışdır. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızının nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə3 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcuddur, eləcə də mübahisəli əmlakın özgəninkiləşdirilməsi iddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin daha geniş şəxslər dairəsinin hüquqlarına toxunacağına və qətnamənin gələcəkdə icrasının qeyri-mümkün olmasına gətirib çıxara bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bahadur qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3560/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar