Məhkəmə qərarları › İş №2(103)-1043/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1043/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1043/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(006)-1402/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC (MTK) tərəfindən tikilən binanın birinci blokunun, 3-cü mərtəbəsinin, ümumi sahəsi 233 kv.metr olan, 4 otaqdan ibarət 14 saylı mənzilinin sahiblik və istifadəsi ilə bağlı Cavabdeh MMC (MTK) tərəfindən yaradılmış məneələrə son qoyulması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.06.2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh MMC (MTK) ilə iddiaçı arasında Cavabdeh MMC-nin (MTK) ünvan 1 ünvanda tikdiyi binanın birinci blokunun, 3-cü mərtəbəsinin, ümumi sahəsi 233 kv.metr olan, 4 otaqdan ibarət olan 14 saylı mənzilinə dair “Kooperativ Binada Mənzil Tikintisi Haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 2-ci bəndi müəyyən edir ki, “Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Tikintinin tamamlanması 24 ay müddətinə müəyyənləşdirilir”. Müqavilənin 09.06.2017-ci ildə bağlandığı nəzərə alınsa, 24 aylıq müddət 09.06.2019-cu ildə bitmişdir. Müqavilənin 3-cü bəndində iddiaçının öhdəliyi müəyyən olunmuşdur. Həmin öhdəliyə əsasən iddiaçı mənzilin dəyəri kimi cavabdehin hesabına 200.000 manat pul ödəməli idi. Cavabdeh MMC-nin 09.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə məxsus kooperativ yaşayış binasının ümumi sahəsi 233 kv.metr olan 4 otaqlı, 14 saylı mənzilinin ümumi pay dəyərindən 200.000 manat ödənilmişdir. Göstərilən sənədlər Cavabdeh MMC-nin (MTK) sədri və direktoru kimi X5 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. 2019-cu ilin iyul ayında iddiaçı Cavabdeh MMC-yə (MTK) yazılı müraciət edərək əldə etdiyi mənzilin ona təhvil verilməsini və mənzilə dair istifadə və sahiblik hüququnun tanınmasını xahiş etmiş, lakin ona rədd cavabı verilmişdir. Tərəflər arasında qeyd etdiyi müqavilə bağlandığından tərəflərin öhdəlikləri yaranmışdır. İddiaçı öz öhdəliyini cavabdeh qarşısında tam şəkildə yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Yaranmış vəziyyətdən çıxış yolu kimi iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(006)-1402/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 112 (yüz on iki) manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri və onunla əsaslandırılmışdır ki, müqavilə və maliyyə arayışı təkcə imza ilə deyil, eyni zamanda Cavabdeh MMC-yə məxsus möhürlə də təsdiq olunmuşdur. Bundan başqa o, şəxsən Cavabdeh MMC-nin ofisinə gedərək müqavilənin imzalanma mərasimində iştirak etmiş, mənzilin dəyərini Cavabdeh MMC-nin kassasına ödədikdən sonra göstərilən sənədlər ona təqdim olunmuşdur. Bu sənədlərin kim tərəfindən imzalanması həmin anda onu maraqlandırmamışdır. Çünki sənədlər ona həmin dövrdə Cavabdeh MMC-nin direktoru işləmiş X5 tərəfindən təqdim olunmuşdur. Məhkəmə xəttşünashq ekspertizası təyin olunarkən E.B.Tağıyev məhkəmə iclasında iştirak etməmiş, onun sərbəst imza nümunələri götürülməmiş, ekspert iş materiallarında olan sənədlərə əsasən tədqiqat aparmışdır. Lakin kim deyə bilər ki, doğrudan da sərbəst və eksperimental imza nümunələri X3 məxsusdur. Onun şəxsiyyəti məhkəmə iclasında müəyyən olunmamışdır. Prosesin iştirakçıları X4 görməmişlər. Təkrar ekspertiza təyin olunması barədə vəsatətləri məhkəmə tərəfindən rədd olunmuşdur. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan "xxxx" kooperativ binada mənzil tikintisi haqqında” 09 iyun 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 38 ünvanda tikilməkdə olan binasında 14 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və 200.000 manat mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 iyun 2017-ci il tarixli Maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nə məxsus kooperativ yaşayış binasının 233 kv.metr sahəsi olan 4 otaqlı, 14 saylı mənzilin ümumi pay dəyərindən 200.000 AZN payçı İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən maliyyə arayışı "xxxx" MMC-nin dairəvi möhürü ilə təsdiq edilmiş, lakin imzalanmamışdır. İş üzrə apellyasiya baxışı zamanı iddiaçı tərəf vəsatət verərək birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilən zaman cavabdeh "xxxx" MMC-nin direktoru işləmiş Elşad Tağıyevin imza nümanələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq götürülmədiyini, eyni zamanda E.Tağıyevin həm sağ, həm də sol əli ilə imza etdiyi barədə onlarda məlumat olduğunu nəzərə alaraq, onun hər iki əli ilə icra etdiyi imza nümunələri götürülməklə iş üzrə əlavə məhkəmə xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2020-ci il tarixli, 4/203 nömrəli rəyindən görünür ki, "xxxx" kooperativ binada mənzil tikintisi haqqında” 09 iyun 2017-ci il tarixli müqavilədə "xxxx" MMC-nin direktoru Tağıyev E.B qrafasının qarşısında imza X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşə apellyasiya baxışı zamanı iddiaçı tərəfin vəsatəti əsasında keçirilmiş əlavə məhkəmə-xətşünaslıq ekspertizasınin 4/491 saylı 05.05.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 61-ci vərəqində "xxxx" MTK ilə İddiaçı arasında olan 09 iyun 2017-ci il tarixli Kooperativ Binada mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində "xxxx" MMC-nin direktoru Tağıyev E.B” qrafasındakı imza - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh üçün ünvan 1 ünvanda tikilən ümumi sahəsi 233 kv. metr olan 14 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyini nəzərdə tutan "xxxx" kooperativ binada mənzil tikintisi haqqında” 09 iyun 2017-ci il tarixli müqavilə "xxxx" MMC-nin lazımınca vəkil etdiyi direktoru X5 tərəfindən imzalanmamışdır. Bundan başqa, iddiaçı tərəfindən mənzilin pay dəyərinə görə pulun ödənilməsinə dair maliyyə arayışı da MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-nin) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, mənzili iddiaçıya təhvil vermək öhdəliyini nəzərdə tutan 09.06.2017-ci il tarixli müqavilə "xxxx" MMC-nin lazımınca vəkil etdiyi şəxs tərəfindən imzalanmadığı üçün bağlanmış sayılmadığından, bununla da cavabdehin mənzili iddiaçıya təhvil vermək öhdəliyinin əmələ gəlməsi üçün müqavilə mövcud olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiysı eyni zamanda hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından keçirilmiş əlavə ekspertiza üzrə xərc iddiaçı tərəfindən ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(006)- 1402/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ekspert xərci üzrə 125 manat tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar