Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1044/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası və Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma və pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzili ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmaqla onun şəxsi mülkiyyətindədir. 30 sentyabr 2013-cü il tarixdə AN-№ 032119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzili alqı-satqı yolu ilə Cavabdeh1 satın almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 onun mərhum qaynı X1 həyat yoldaşı olmuşdur. Onlar arasında olan nikah xx.xx.2001-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh1 ilə mərhum qaynı arasında olan nikah pozulmuş olsa da, həmişə ailələri arasında xoş münasibət olmuşdur. Bu səbəbdən də, mənzili alqı-satqı etdikləri zaman Cavabdeh1 öhdəsində azyaşlı qızı, indiki Cavabdeh2 olduğu üçün və onların köçüb yaşamağa başqa mənzilləri olmadığını və xoş münasibətləri nəzərə alaraq cavabdehlərin onun mülkiyyətində olan mənzildə bir müddət yaşamalarına icazə vermişdir. Həmin vaxtdan bu günkü günə qədər cavabdehlər sözügedən mənzildə yaşayırlar. Bu yaxınlarda cavabdehlərdən mənzili boşaldıb qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdehlər mənzildən çıxmayacaqlarını ona bildirmişlər. Cavabdehlər ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermirlər, bu da onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilə tərəfindən çəkilmiş təmir xərcinin əvəzi kimi 20000 (iyirmi min) manat pulun və 14400 (on dörd min dörd yüz) manat kompensasiyanın cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qaynı X6 ilə rəsmi nikahları 1997-ci ilin mart ayında qeydə alınmışdır. Həmin ilin dekabr ayında birgə nikahlarından X5 anadan olmuşdur. Sonradan 2000-ci ildə yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili baldızı X4 adına 15 illik etibarnamə verdiyi üçün yoldaşı İddiaçı adına rəsmiləşdirərək və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə ediblər. İddiaçı heç vaxt hazırki mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı ilə birgə nikahda olan zaman alınmış və həmin vaxtdan övladı ilə birlikdə yaşamışlar. Bununla da həmin mənzilə onun istifadə hüququ yaranmışdır. Əsas məqam ondan ibarətdir ki, o 2000-ci ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq həmin mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2014cü ildə həmin mənzili təmir etməyə başlamış və mənzilin təmiri 2016 cı ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 25000 manat miqdarında vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 20320 manat müəyyən edilmişdir. Əlavə olaraq, həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun həmin mənzildən istifadə hüququ olduğu üçün həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır. Həmçinin həmin mənzildə olan istifadə hüququ kompensasiya verilməklə xitam verilə bilər. Qeyd edir ki, mənzilin yerləşdiyi ərazi üzrə evlərin kirayə dəyəri 400-450 manat civarında olduğu üçün son 3 ilin kompensasiya məbləği 14400 manat edir.
5. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzildən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi qərara alınmışdır.
6. Rayon məhkəməsinin qətnaməsini Cavabdeh2 mübahisələndirməmiş, digər Cavabdeh1 qatnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
7. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, əsas dəlil kimi göstərmişdir ki, 2000-ci ildən həmin mənzildə yaşamaqla, mənzildə bir neçə dəfə əsaslı təmir işləri aparmışdır. Eyni zamanda sonuncu dəfə 2016-cı ildə təmirə 20000 manat xərcləmişdir, bunun təsdiq edən mütəxəssis rəyi də təqdim etmiş, lakin məhkəmə bunun yoxlanması üçün müvafiq ekspertiza da təyin etməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini, iş üzrə ekspertiza təyin etməklə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq da bildirdi ki, o, qızı ilə uzun müddət həmin mənzildə öz mülkiyyəti kimi yaşamış, mənzilin şəraiti qənaətbəxş olmamış, uzun illər vəsait toplayaraq 2016-2017-ci illərdə mənzili əsaslı təmir etdirmiş, balkonun arasını açaraq mənzilə qatmış, mənzil müasir stildə dizayn edilərək yüksək səviyyədə təmir olunmuş, 2001-ci ildə mənzili əldə etdiyi vaxtdan hal-hazıradək fasiləsiz olaraq mənzildə özü və qızı yaşamışlar. Digər Cavabdeh2 də anasının izahatına uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilərinə və Cavabdeh1 izahatına uyğun izahat verərək bildirdi ki, rayon məhkəməsi qarşılıqlı iddiaya münasibətdə düzgün olmayan qənaətə gəlmişdir, rayon məhkəməsi tələb edilən təmir xərci ilə bağlı hissədə isə aşkar səhv etmişdir, çünki mənzilin əldə edildiyi vaxtdan orada cavabdehlərdən başqa heç bir kəsin yaşamadığı, eləcə də mənzilin yüksək səviyyədə təmir edildiyinin işin mübahisəsiz halı olmasına baxmayaraq, rayon məhkəməsi mənzildəki təmirin cavabdeh tərəfindən həyata keçirilməsinin sübuta yetirilmədiyinə əsaslanaraq qarşılıqlı iddia tələbini həmin hissədə də rədd etmişdir. Bundan əlavə, apellyasiya mərhələsində təqdim edilmiş rəylə razı olduqlarını bildirməklə, əlavə olaraq göstərdi ki, cavabdehlər tərəfindən mübahisəli mənzil əsaslı təmir edilmiş və bununla bağlı da kifayət qədər xərc çəkilmişdir, əslində, iddiaçı tərəf təmirin cavabdeh tərəfindən həyata keçirilməsini deyib, yalnız cavabdeh tərəfindən təmirə çəkilən xərclərin məbləğini mübahisələndirir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etdi, eləcə də təqdim edilmiş rəylə razılaşmasa da, yenidən ekspertizanın keçirilməsini istəmədiyini, təmir xərcinin reallığı əks etdirmədiyini bildirməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2013-cü ildir.
12. AN-İ seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 29.47 kv. metr təşkil edən 2 otaqdan ibarət mənzil 30000 manata İddiaçı mülkiyyətinə verilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cüil tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar.
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən 113 saylı mənzilin təmirtikinti işlərinə çəkilmiş xərcin məbləği 12 sentyabr 2023-cü il tarixinə 20320 manat təşkil edir.
15. Qaimə-fakturaların surətlərindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2012-ci il tarixdə 322 manat, xx.xx.2012-ci il tarixdə 498,9 manat, xx.xx.2013-cü il tarixdə 73 manat, xx.xx.2013-cü il tarixdə 580 manat, xx.xx.2013-cü il tarixdə 74 manat, xx.xx.2013cü il tarixdə 192 manat, xx.xx.2013-cü il tarixdə 1598,50 manat dəyərində mal alınmışdır.
16. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən məlum olur ki, birinci sual üzrə, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzil üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 15.300 manat məbləğində olduğu müyyən edilmişdir. İkinci sual üzrə, tədqiq olunan mənzildə mətbəxin ölçülərinə uyğun mətbəx mebelinin quraşdırıldığı müəyyən edilmişdir.
18. Eyni zamanda apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.
19. "xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzilində Cavabdeh1 tərəfindən təmirtikinti işləri aparılmışdır və həmin işlərin ümumi dəyəri - bazar dəyəri 14.100 (on dörd min yüz) manat təşkil edir. İkinci sual üzrə isə mənzilin təmiri zamanı cavabdeh tərəfindən quraşdırılmış lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar kondisioner və mətbəx mebeli müəyyən edilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin 24 noyabr 2005-ci il Plenumunun Qərarı Bənd 11.1. Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qarşılıqlı iddianın təmir xərcinə dair hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmir xərci hissəsində qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri mübahisələndirilən qalan hissədə təmin edilməməlidir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehlərin iddiaçının həmin mənzildə 2001-ci ildən bəri yaşamaları və mənzildən fasiləsiz istifadə etmələri, mənzili əsaslı təmir etmələri hazırkı işin mübahisəsiz halıdır. Həmçinin o da işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, mənzil 2001-ci ilə Cavabdeh1 tərəfindən əldə edilmiş və xx.xx.2013-cü il tarixədək onun mülkiyyətində olmuş, xx.xx.2013-cü ildə həmin mənzilə dair iddiaçı ilə cavabdehin arasında həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, lakin cavabdehlər həmin mənzildə qeydiyyatda qalmaqla yaşamaqda davam etmişlər, hazırda da həmin mənzildə yaşayırlar.
24. Cavabdeh1 qarşılıqlı iddiasında yaşadığı mənzilin təmiri üçün çəkilmiş 20.000 manat xərci, bir də mənzildən çıxarılması müqabilində 14.400 manat kompensasiya ödənilməsini tələb edir.Yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 mübahisələndirmişdir. (digər Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir). Cavabdeh1 da apellyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də, lakin onun şikayətinin məzmunundan müəyyən olunur ki, o, yalnız qarşılıqlı iddiasının təmin edilməməsi hissəsini mübahisələndirir, başqa sözlə desək, Cavabdeh1 mənzildən çıxarılmasını (ilkin iddianın təmin edilməsini) deyil, mənzildən çıxarılması müqabilində ona 14.400 manat kompensasiyanın, bir də mənzilin təmirinə çəkdiyi 20.000 manat xərcin ödənilməsini tələb edir. Bu baxımdan da, rayon məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində, həm də apellyasiya şikayəti vermiş Cavabdeh1 aid hissədə yoxlanılır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilərinə əsasən qarşılıqlı iddia tələblərinin hər birinə ayrılıqda münasibət bildirilməsi zəruridir.
26. Cavabdeh qarşılıqlı iddia tələbində hesab etmişdir ki, onun mənzilə istifadə hüququ olduğundan, istifadə hüququna da kompensasiya verilməklə xitam verilə bilər, odur ki, 14.400 manat kompensasiya tələb edir.
27. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”
28. Rayon məhkəməsi qarşılıqlı iddianın həmin tələbi üzrə qeyd etmişdir ki, iddiaçı mənzil mülkiyyətçisi olmadığı üçün hazırkı tələb üzrə məhkəmədə iddia qaldırması əsassızdır, kompensasiya verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Kollegiya hesab edir ki, rayon məhkəməsinin həmin tələbi istinad olunan əsasla rədd etməsi əsaslı olmamışdır. Əvvəla, nəzərə almaq lazımdır ki, işin hallarından asılı olaraq, mülkiyyətçi olmayan şəxsin, yəni istifadə hüququ olan şəxsin belə tələblə çıxış etməsi mümkündür (məsələn: A evin mülkiyyətçisidir, onun keçmiş arvadı Cnin həmin evdən istifadə hüququ mövcuddur. A mülkiyyətçi olmasına istinadən həmin evi sökür. Bu vaxt istifadə hüququndan qanunsuz olaraq məhrum olan C-nin evin mülkiyyətçisi olan A-ya qarşı məhrum olduğu istifadə hüququna müvafiq kompensasiya verilməsini tələb etmək hüququ yaranmış olacaqdır, reallıqda başqa hallar da ola bilər ). Hazırkı işdə isə rayon məhkəməsi ilkin olaraq Cavabdeh1 həmin mənzildən istifadə hüququnun olubolmamasını yoxlamalı, yalnız bundan sonra onun həmin tələbinə münasibət bildirməli idi. Hazırkı işin mübahisələndirilməyən bir başqa halı da ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 hazırda yaşadığı mənzilin mülkiyyətçisi olmuş, xx.xx.2013-cü ildə isə mənzilini İddiaçı satmışdır, daşınmaz əmlakın dövlət reyestrində onun adına olan qeyd ləğv olunmaqla, həmin mənzil xx.xx.2013-cü il tarixində reyestrdə İddiaçı adına qeydə alınmışdır. Bu baxımdan, MM-in 139-1.1.3-cü maddəsinin tələbinə əsasən, Cavabdeh1 həmin mənzilə olan mülkiyyət hüququ, demək həm də istifadə hüququ itirilmişdir. Demək ki, Cavabdeh1 qarşılıqlı iddiasının mənzildən çıxarılması müqabilində ona müvafiq kompensasiyanın verilməsinə dair tələbi, onun həmin mənzilə istifadə hüququnun olmaması əsasına gərə təmin edilə bilməzdi. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməklə, başqa əsasa görə təmin edilməməlidir.
29. Qarşılıqlı iddia tələbində cavabdeh evə çəkilmiş 20.000 manat təmir xərcini tələb edir.
30. İddiaçının həmin tələbinin qanuni əsasını MM-in 157.6 və 157.7-ci maddəsi təşkil edir.
31. MM-in 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Cavabdeh1 iddiaçıya məxsus mənzildə, həmin mənzilin İddiaçı mülkiyyətinə keçməsindən sonrakı vaxtda məhz iddiaçının razılığı əsasında- qanuni əsaslarla yaşaması da mübahisələndirilmir. Demək ki, Cavabdeh1 həmin mənzilə münasibətdə vicdanlı sahibdir.
32. MM-in 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Qarşılıqlı iddia tələbini təmir xərci hissədə təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur, lakin təmir xərclərinin məhz cavabdeh-iddiaçı tərəfindən həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim edilməmişdir.
34. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdehlərin 2001-ci ildən həmin mənzildə fasiləsiz yaşamaları eləcə də, Cavabdeh1 tərəfindən təmir işlərinin aparılması tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən edilmişdir. Hazırda mübahisəli məqam təmir xərcinin məbləği ilə bağlıdır.
35. Bununla əlaqədar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.
36. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən məlum olur ki, birinci sual üzrə, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzil üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 15.300 manat məbləğində olduğu müyyən edilmişdir. İkinci sual üzrə, tədqiq olunan mənzildə mətbəxin ölçülərinə uyğun mətbəx mebelinin quraşdırıldığı müəyyən edilmişdir.
37. İddiaçı tərəf ekspert rəyi ilə razılaşmadığından, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.
38. "xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzilində Cavabdeh1 tərəfindən təmirtikinti işləri aparılmışdır və həmin işlərin ümumi dəyəri - bazar dəyəri 14.100 (on dörd min yüz) manat təşkil edir. İkinci sual üzrə isə mənzilin təmiri zamanı cavabdeh tərəfindən quraşdırılmış lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar kondisioner və mətbəx mebeli müəyyən edilmişdir.
39. Kollegiya qeyd edir ki, sonuncu rəylə təmir xərcinin 14.100 manat olduğu müəyyən edilmiş, iddiaçı tərəf həmin məbləğlə razılaşmadığını bildirsə də, əlavə qiymətləndirmənin keçirilməsinə lüzum olmadığını bildirmiş, apellyator da həmin rəylə razılaşmışdır.
40. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı-cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının mənzilində aparılan təmir xərcinin 14.100 manat olması müvafiq rəylə də təsdiq edildiyindən, təmir xərcinə dair iddia tələbi hissədə qismən, yəni 14.100 manat hissədə əsaslıdır və həmin hissədə təmin edilməlidir.
44. Digər tərəfdən təqdim edilmiş rəyə əsasən - mənzilin təmiri zamanı cavabdeh tərəfindən quraşdırılmış, lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar kondisioner və mətbəx mebeli olması müəyyən edilmişdir.
45. Bununla da məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli mənzildə həyata keçirilmiş yaxşılaşdırmalara sərf olunmuş vəsait -14.100 manat Cavabdeh1 xeyrinə tutulmalı, eyni zamanda rəydə qeyd olunan əşyaları da cavabdeh MM-in 157.7-ci maddəsinə uyğun olaraq özünə götürə bilər. Məhkəmə kollegiyası həmçinin hazırkı işin faktiki halları, yəni cavabdehin yaşaması üçün başqa yaşayış sahəsinə malik olmaması səbəbindən hesab edir ki, MPM-in 220.6-cı maddəsinə əsasən Cavabdeh1 mənzildən çıxarılması ilə, İddiaçı tərəfindən ona pulun ödənilməsi və cavabdehə məxsus əşyaların mənzildən aparılması eyni vaxtda icra edilməlidir.
46. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni qarşılıqlı iddia hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmir xərci hissəsində qismən təmin edilməli, İddiaçı 14.100 manat alınaraq Cavabdeh1 verilməli, eyni zamanda cavabdeh tərəfindən quraşdırılmış lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar - kondisioner və mətbəx mebeli Cavabdeh1 verilməli, pulun və əşyaların verilməsi cavabdehlərin evdən çıxarılması ilə eyni anda icra edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza xərci İddiaçı tutulmalıdır.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, qarşılıqlı iddia tələbi təmir xərci hissəsində qismən təmin edilsin. İddiaçı 14100 (on dörd min yüz) manat alınaraq Cavabdeh1 verilsin. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzilə quraşdırılmış əşyalar - kondisioner və mətbəx mebeli İddiaçı tərəfindən Cavabdeh1 verilsin. Pulun və əşyaların verilməsi cavabdehlərin mənzildən çıxarılması ilə eyni anda icra edilsin. Qarşılıqlı iddia tələbləri mübahisələndirilən qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri İddiaçı alınaraq 100 (bir yüz) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22), 500 (beş yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.