Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1046/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı mülki iş üzrə (Açar sözlər: müddətli əmək müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı "işə bərpa və s. barədə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4717/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (2021-ci ilin 5 yanvar tarixindən işə başlamaqla) Cavabdehndə Bakı Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsinin mədənikütləvi tədbirlər üzrə təşkilatçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra işçi öz razılığı ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 3-17- 413-2-955/2023 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 05 aprel 2023-cü il tarixli, 3-17-413-2- 955/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanılmış hesab ediməsi, məcburi şəkildə buraxdığı iş dövrünə görə aylıq əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 55 manat (5 manat poçt xərci olmaqla) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 5 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Respublika Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz şəkildə azad olunmuşdur. O, xx.xx.2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Bakı Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı kimi işə başlamışdır. Eyni zamanda buna qədər müxtəlif qurumlarda öz sahəsi üzrə çalışaraq ixtisaslı bir mütəxəssis kimi formalaşmışdır. xx.xx.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Respublika Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı vəzifəsinə öz razılığı ilə keçirilsə də, Agentliyin 5 aprel 2023-cü il tarixli, 3-17-413-2-955/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək tutduğu vəzifədən azad olunmuşdur. Hesab edir ki, sözügedən əmr qanunsuz və əsassız olaraq tərtib edilib və dərhal ləğv edilməli, eyni zamanda səbəb olduğu hüquqi nəticələr aradan qaldırılaraq əmrdən əvvəlki vəziyyət bağlanılmış müqavilənin müddətsiz hesab edilməsi ilə bərabər bərpa edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixində aralarında bağlanmış əmək müqaviləsi 1 (bir) il müddətinə bağlanmışdır. Müqavilə bağlanarkən ona Kadrlar şöbəsindən bildirdilər ki, əmək müqaviləsi bütün işçilərlə müddətli bağlanır, müddətsiz əmək müqaviləsinin bağlanılması mümkün deyil. Həmin dövrdə əmək müqaviləsinin müddətli bağlanılmasına qurum daxilindəki fəaliyyətinin xarakterini, əlamətlərini əsas gətirərək etiraz etsə də və müqavilənin müddətsiz bağlanılmasını tələb etsə də, sonda işini sevməyi, öz işinə qarşı məsuliyyətli davranmağı və onu itirmək istəməməyi səbəbilə əlacsız qalıb ona təqdim edilmiş əmək müqaviləsini imzalamış, lakin 5 aprel 2023-cü il tarixində Agentliyin 3-17- 413-2-955/2023 nömrəli əmri nəticəsində ona məlum olmuşdur ki, işəgötürən tərəfindən müqavilə müddəti 1 il müddətinə deyil, 4 ay müddətinə nəzərdə tutulmuşdur. Lakin əmək müqaviləsinin bağlanılması zamanı xüsusi əhəmiyyət kəsb edən bu hal bildirilməmiş və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə mühafizə edilən işçi hüquqları və eyni zamanda Məcəllənin başlıca prinsiplərindən hesab edilən tərəflərin hüquq bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur. Hesab edir ki, sözügedən əmək müqaviləsi etibarsızdır və onun yaratdığı hüquqi nəticələr dərhal aradan qaldırılmalıdır. Tutduğu vəzifənin fəaliyyət sferası əsla müvəqqəti xarakter daşımır və tam olaraq daimi xarakterə malikdir. Bu halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45ci maddəsinin 4-cü bəndi hazırki müqavilənin müddət baxımından növünü açıq şəkildə göstərir. Burada qanunvericiliyin tələbi əsasında müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçməsi qaydası yenə də Əmək Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsində göstərilir. Bildirilir ki, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Aralarında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinin və eyni zamanda əmək münasibətlərinin təməl prinsiplərindən sayılan tərəflərin hüquq bərabərliyi prinsipi kobud şəkildə pozulması ilə bağlanmışdır və onun işə bərpa olunması, eyni zamanda bağlanmış müqavilənin müddətsiz hesab edilməsi qanunvericiliyin tələblərindən və xarakterindın irəli gələn zərurət kimi çıxış edir. Eyni zamanda aralarında bağlanmış əmək müqaviləsinin müddətli əsaslarla bağlanması Əmək Məcəlləsinin tələblərinə ziddir və bu səbəbdən Agentliyin 05 aprel 2023-cü il tarixli, 3-17- 413-2-955/2023 nömrəli Əmri ləğv edilməli və o, yenidən öz işinə bərpa olmalıdır. Eyni zamanda məcburi şəkildə buraxılan iş dövrünə görə də aylıq əmək haqqının ödənilməsi zərurəti mövcuddur. Onu da qeyd edir ki, DTSERA-da işçilərin əmək hüquqlarının pozulması ilə bağlı oxşar əmək mübahisələrinə aid işlər çoxdur. Hansı ki, bunlardan deyə bilər ki , 2021-ci ildə icraat olmuş və yenə də DTSERA tərəfindən şəxsin öz işindən qanunsuz çıxarılması ilə bağlı işçi məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(001)-5763/2021 nömrəli qətnaməsi ilə pozuntu tanınmış və iddia təmin edilmişdir. Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X18 mediasiya sessiyasında iştirak etməmiş, bu barədə Mediasiya Şurasının mediatoru X5 MŞB/14/2023-00424 saylı arayışı ilə göstərilmişdir ki, Agentlik prosesdə iştirak etməyəcəyini mediatora bildirmişdir.
4. İddiaçı tərəfindən daha sonra idida ərizəsinə təqdim edilmiş əlavə onunla əsaslandırılmışdır ki, ilk öncə "Mədəni kütləvi tədbirlər üzrə təşkilatçı" ilə bağlanılan əmək müqaviləsinin müddətinin müddətli bağlanılmasının qanunvericiliklə yol verilib-verilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Mədəni kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyaları xarakterinə görə daimidir. Belə ki, onunla bağlanılmış əmək müqaviləsinə, həmçinin üzərinə qoyulan öhdəliklərə görə, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2011- ci il tarixli 3-1-ci nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə **********0031 qeydiyyat nömrəsi ilə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş "Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X3"na əsasən Mədəni kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyalarına aşağıdakılar aiddir (kitabçadan çıxarış əlavə olunur): "Kütləvi oyunlar, tamaşalar, əyləncələr və sair əhalinin asudə vaxtının keçirilməsi üzrə kollektiv tədbirlər həyata keçirir. Ssenarinin, tematik proqramın, bədii tərtibatın, musiqi müşayiətinin və texniki təchizatın işlənib hazırlanması və tərtibi işlərində iştirak edir. Xərclər smetasını tutur və müəyyən olunmuş qaydada təsdiqə təqdim edir."
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4717/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin müqavilə üzrə əmək funksiyası müvəqqəti xarakter daşımır. Belə ki, həm əmək müqaviləsində göstərilmiş işçinin əmək funksiyasından, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə “Mədəni-maarif müəssisələrində olan qulluqçü vəzifələrinin Vahid X1 görünür ki, mədəni-kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyası daimi xarakter daşıyır.
7. Əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsi halı olmamışdır. Belə ki, hüquq bərabərliyi dedikdə tərəflərin qarşılıqlı razılıqları barədə yalnız iradə ifadəsinin özü yox, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv (məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri) nəzərə alınmaqla yaranmış bərabər hüquqlu müstəvi başa düşülməlidir. Əksini ehtimal etmək mülki və əmək qanunvericiliyinin prinsip və vəzifələrinə uyğun olmadığı kimi hüquqdan sui-istifadəyə də şərait yaradardı. Eyni zamanda əksini qəbul etmək, Əmək Məcəlləsinin 47-ci maddəsinin digər bəndlərini mahiyyətcə lüzumsuz edərdi.
8. Həmçinin məhkəmə qeyd etmişdir ki, işçinin Cavabdehndə əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış və bir qayda olaraq hamı kimi müddətli əmək müqaviləsi bağlamaqla ümumi axınla davam etmişdir. Üstəlik cavabdeh tərəfə hüquq bərabərliyi prinsipi şəraitinin olduğunu sübut etmək üçün şərait yaradılmış və işəgötürəndən müddətli və müddətsiz işçilərin say nisbəti ilə bağlı sənədlər tələb edilmişdir. Lakin cavabdeh tərəf öz etirazının dəlillərinə uyğun hər hansı sübut təqdim etməmiş və normanın hərfi mənasına istinad etməklə kifayətlənmişdir. Bununla yanaşı məhkəmə daimi xarakter daşıyan əmək funksiyası üzrə işəgötürənin qanunvericilikdə sınaq müddəti kimi nəzərdə tutulmuş 3 aylıq müddətə işçi ilə əmək müqaviləsi bağlamasını işçiyə təsir etmə vasitəsi kimi qiymətləndirmiş və 8 dəfə əmək müqaviləsi uzadılmış hesab edildikdən sonra, 9-cu dəfə hər hansı səbəb, əsas olmadan uzatmamasını hüquqdan sui-istifadə kimi qəbul etmişdir.
9. İddiaçı “xalq mahnıları ifaçısı, müəllim” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu olaraq ya müəllim və ya hazırki mübahisədə olduğu kimi mədəni-kütləvi tədbirlər üzrə işçi kimi peşə fəaliyyəti ilə məşğul ola bilərdi. Özəl sektorda isə aydın olduğu kimi bu ixtisas sahəsi daha dar çərçivədə olmaqla mütəxəssisin sırf təhsili ilə birbaşa bağlı olmur və əsasən bu sahədə mülki müqavilələr bağlamaqla münasibətlər yaranır. Yəni qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmamış və o, dövlət tərəfindən yaradılan Publik hüquqi şəxsdə çalışmağa üstünlük vermişdir. Bu üstünlük həm də öz ixtisası üzrə iş yeri seçmək məcburiyyətindən irəli gəlmişdir.
10. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 45, 46.6, 47 (f bəndi), 51.1, 57.2, 68.1, 73.1, 83.1, 83.2, 296.2, 296.3, 296.6, 296.7 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4717/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən maddi hüquq normalarını pozmaqla kobud nöqsanlara yol vermiş və iddiaçının tələblərinə uyğunlaşdırmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı təklif olunmuş şərtlərlə müqavilə bağlamaya da bilərdi. Həmin qurumda işləyən işçilər sərbəst şəkildə müqavilənin müddətli və ya müddətsiz olmasını seçə bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsində çalışan hər hansı əməkdaş məcburi şəkildə müddətli əmək müqaviləsi bağlamağa məcbur edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-SosialEkspertiza və X2 Hüquqi Şəxsində işə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulmur və hər hansı hüquq bərabərliyinin pozulmasından söhbət gedə bilməz. Belə ki, heç kəsin üzərinə işə qəbul edilməsi zamanı onun vəziyyətini ağırlaşdıran və tərəflərin hüquq bərabərliyini pozan hər hansı şərtlər qoyulmur. Bundan əlavə iddiaçı bildirmişdir ki, tərəflər arasında etibarsız əqd bağlanmışdır. Deyilənlərə münasibət olaraq bildirir ki, əvvəla əqd tərəflərin qarşılıqlı razılığı ilə, tərəflərdən birini hər hansı şəkildə əlverişsiz vəziyyətə salmaqla bağlanmamışdır, həmçinin iddiaçının da bildirdiyi kimi 8 dəfə ardıcıl şəkildə bağlanmamışdır. Belə ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirildiyi və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi hər dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Sual yaranır ki, əgər etibarsız əqd var idisə, nə üçün iddiaçı yuxarıda qeyd edildiyi kimi müddət bitdikdən sonra müqaviləyə xitam verilməsini tələb etməmişdir? Bundan əlavə iddiaçı nə üçün bir dəfə olsun belə rəsmi şəkildə müraciət edərək əmək müqaviləsinin müddətsiz bağlanmasını tələb etməmişdir? Bu deyilənlərdən bu qənaətə gəlmək olar ki, tərəf əmək müqaviləsinin müddətli olmasını bilərək, qəbul edərək bağlamış və hər dəfə müddətin uzadılmasına da hər hansı bir etiraz etməmişdir. Məhkəmə iddiaçının bir növ müdafiəçisi kimi çıxış edərək, sanki qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmadığını və bu səbəbdən də məcburiyyətdən əmək müqaviləsi bağladığını qeyd etmişdir. İddiaçının yuxarıda qeyd edilən ixtisas üzrə iş tapması çətin və heç də məhkəmənin öz mülahizələrinə əsaslanaraq qeyd etdiyi kimi dar çərçivəli deyildir, əksinə iddiaçı istənilən yerdə həmin ixtisas üzrə iş tapa bilərdi. Qətnamədə də qeyd olunduğu kimi iddiaçının mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı ixtisası və bu ixtisas üzrə o, həm ümumtəhsil müəssisələrində, həm musiqi tədrisi verən qurumlarda, həm də Mədəniyyət Nazirliyinə tabe müvafiq sahələrdə rahatlıqla iş tapa və fəaliyyət göstərə bilərdi. Lakin məhkəmə öz qərarını əsaslandırarkən iddiaçının məhz Agentlikdə işləməkdən başqa çıxış yolunun olmamasını, sanki iddiaçının ixtisasının mütləq olaraq Agentliyin nizamnaməsində göstərilən fəlaiyyəti ilə uyğunlaşmasını vurğulayaraq ağlasığmaz mövqe nümayiş etdirmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi iddiaçının ixtisası üzrə Agentlikdə çox dar istiqamət (sadəcə 1 istiqamət) mövcuddur və iddiaçı təhsil və mədəniyyət sahəsinə müraciət edərsə daha çox seçim şansı olacaqdı. İddiaçı tərəf hər hansı qaydada aldatma ilə, zor tətbiq edilməklə və digər hansısa qaydada müqavilə bağlamağa məcbur edilməmişdir. Məhkəmənin: ”İşçinin Cavabdehndə əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış.... kimi ifadəsi qəbuledilməzdir. Belə ki, məhkəmənin hansı formada işçinin seçim imkanının olmamasını müəyyən etdiyi müəmalıdır. Bu hal sırf iddiaçının tələbinə uyğunlaşdırmaqla onun maraqlarına uyğun qətnamə qəbul edilməsi halıdır ki, bu da cavabdehin əleyhinə qanunsuz və əsassız qətnamə qəbul edilməsinə gətirib çıxartmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.İştirak etdiyi məhkəmə iclasında cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X12 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun məzmunda izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ƏM-nin 47-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə bağlanmışdır. Əmək müqaviləsi dəfələrlə uzadılmışdır, hər bir halda işçi müqavilənin şərtlərindən xəbərdar idi. Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir, hər-hansı pozuntuya yol verilməmişdir. İşçinin əmək müqaviləsində müddətin bitməsi ilə əlaqədar xitam verilən zaman ona münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tabeliyindəki bütün publik hüquqi şəxslərində qayda belədir ki, müqavilələr 3 aylıq bağlanır və 3 ay-3 ay olmaqla uzadılır. Müqavilələrin 3 aylıq bağlanması ilə bağlı hər-hansı normativ hüquqi akt yoxdur, daxili qaydalara əsasən müqavilələr bu cür bağlanır. Bununla bağlı Nizamnamə və Əsasnamədə hər hansı bir norma yoxdur. Müqavilələrin 3 aylıq müddətə bağlanmasını qarşı tərəf də bilirdi. Bütün işçilərlə əmək müqaviləsi 3 aylıq müddətə bağlanır. Lakin son dövrlərdə müqavilələr artıq 3 aylıq yox, 1 illik müddətə bağlanır. "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X18 2020-ci ildə yaradılmışdır, əvvəlcə xidmət olmuş daha sonra isə agentlik olmuşdur. 15.İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4717/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, bu məsələləri açıq-aydın tənzimləyən normativ hüquqi aktlar, Əmək Məcəlləsi mövcuddur, həmin qanunvericilik aktlarında hər hansı qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf etiraf edir ki, təşkilatda bütün işçilərlə əmək müqavilələri 3 aylıq bağlanır və ikinci alternativ yoxdur. Qarşı tərəf etiraf edir ki, artıq onlar əmək müqavilələrini 1 illik müddətə bağlayırlar, səbəb ondan ibarətdir ki, bununla bağlı çoxsaylı məhkəmə mübahisələri vardır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə olunur. Əmək Məcəlləsinin 45-ci maddəsi konkret olaraq imperativ qaydada göstəriş verir ki, işin xarakteri daimi xarakterlidirsə onunla əmək müqaviləsi müddətsiz bağlanmalıdır. X19 Kitabçası Əmək Nazirliyi tərəfindən təsdiq olunmuş normativ hüquqi aktdır. X16 Tədbirlər üzrə üzrə Təşkilatçının vəzifəsindən görünür ki, onun yerinə yetirdiyi işlər müvəqqəti xarakter daşımır, daimi xarakter daşıyır. Əvvəlki işçilərə və hazırda təmsil etdiyi şəxsin yerinə götürülmüş işçilərə baxılsa həmin işə ixtisasca ən uyğunu təmsil etdiyi şəxsdir. Hüquqlarını müdafiə etdiyi şəxs mədəni incəsənət sahəsini bitirmiş, ali təhsilli, magistr təhsilli mütəxəssisdir. Həqiqətən də həmin sahədə iş tapmaq çətindir. İşçiyə münasibətdə Əmək Məcəlləsinin 45 və 46-cı maddələri pozulmuşdur. İşçi ilə müqavilə bağlanan zaman işin xarakterinə görə müddətsiz bağlanmalı idi. Təmsil etdiyi şəxs əvvəldən təşkilatçı vəzifəsində olmuşdur. İddiaçı ilə müqavilə bağlanan zaman əvvəlcə müqavilənin 3 aylıq, daha sonra 4 aylıq və 1 illik müddətə bağlanacağına və sonda uzadılacağı bildirilmişdir. İddiaçı müqavilənin müddətinin uzadılmasından məlumatı olmamışdır, birtərəfli qaydada uzadılmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri müvəqqəti xarakter daşıyırsa əmək müqaviləsi müddətli, müddətli xarakter yoxdursa birmənalı olaraq müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Təmsil etdiyi şəxs müqaviləni imzalayan zaman ondan ondan müqavilənin müddətli yaxud müddətsiz bağlanması ilə bağlı fikri soruşulmamışdır. "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X13 bütün işçilərlə əmək müqaviləsi müddətli olaraq bağlanır. Müddətsiz müqavilə ilə işləyən işçinin təminatları vardır, yəni həmin şəxslər səbəbsiz yerə işdən çıxarıla bilməz. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X13 1300 işçi vardır, nəyə görə onlardan biri ilə də olsa müddətsiz əmək müqaviləsi bağlanmayıbdır?! 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmadığından və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabbdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yayerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 22.375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfininməhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
23.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 24.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 25.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 26.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 27.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
28. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 29.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsininsənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 30.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 31.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 32.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 33.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı "işə bərpa və s." tələbinə dair iddiası rədd edilməlidir.
37. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (2021-ci ilin 5 yanvar tarixindən işə başlamaqla) Cavabdehndə Bakı Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra işçi öz razılığı ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin Sosialpsixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 3-17-413-2-955/2023 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
38. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçinin müqavilə üzrə əmək funksiyası müvəqqəti xarakter daşımır, əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsi halı olmamışdır. Belə ki, işçinin əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış və bir qayda olaraq hamı kimi müddətli əmək müqaviləsi bağlamaqla ümumi axınla davam etmişdir. Məhkəmə, daimi xarakter daşıyan əmək funksiyası üzrə işəgötürənin qanunvericilikdə sınaq müddəti kimi nəzərdə tutulmuş 3 aylıq müddətə işçi ilə əmək müqaviləsi bağlamasını işçiyə təsir etmə vasitəsi kimi qiymətləndirmiş və 8 dəfə əmək müqaviləsi uzadılmış hesab edildikdən sonra, 9-cu dəfə hər hansı səbəb, əsas olmadan uzatmamasını hüquqdan sui-istifadə kimi qəbul etmişdir.
39. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı “xalq mahnıları ifaçısı, müəllim” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu olaraq ya müəllim və ya hazırki mübahisədə olduğu kimi mədəni-kütləvi tədbirlər üzrə işçi kimi peşə fəaliyyəti ilə məşğul ola bilərdi. Özəl sektorda isə aydın olduğu kimi bu ixtisas sahəsi daha dar çərçivədə olmaqla mütəxəssisin sırf təhsili ilə birbaşa bağlı olmur və əsasən bu sahədə mülki müqavilələr bağlamaqla münasibətlər yaranır. Yəni qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmamış və o, dövlət tərəfindən yaradılan PHŞ-də çalışmağa üstünlük vermişdir. Bu üstünlük həm də öz ixtisası üzrə iş yeri seçmək məcburiyyətindən irəli gəlmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə, həmçinin bu nəticənin hüquqi əsaslandırması ilə razılaşmayaraq aşağıdakıları qeyd etçəyi zəruri sayır.
41. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarınвa qeyd edilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir.
42. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.
43. İş materiallarından göründüyü kimi mübahisələndirilən əmrdə İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğundan, onunla müddətli müqavilə bağlanmasının qanunsuz olduğunu iddia etmiş, cavabdeh isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını mümkün hesab etdiyini, müqavilə bağlanan zaman tərəflərin hüquq bərabərliyinin təmin edildiyini qeyd etmişdir.
44. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqqhesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
45. Kollegiya həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlandığını müəyyən etmişdir.
46. Belə ki, iddiaçının istinad etdiyi normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Həmin maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Beləliklə əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların müqavilə bəndləri üzrə qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.
47. İşin müəyyən edilmiş digər halları baxımından qeyd edilməlidir ki, iddiaçı ilə cavaddeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz.
48. Ümumiyyətlə PHŞ-də bütün işçilərlə əmək müqavilələrinin eyni şərtlərlə, yəni müddətli (3 aylıq müddətinə) bağlandığını iddiaçı tərəf iddia ərizəsində, habelə məhkəmə baxışı zamanı verdiyi izahatlarda təsdiq etmişdir. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
49. Kollegiya həmçinin məhkəmənin iddiaçının “xalq mahnıları ifaçısı, müəllim” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu olaraq ya müəllim, ya da hazırki halda olduğu kimi mədəni-kütləvi tədbirlər üzrə işçi kimi peşə fəaliyyəti ilə məşğul ola bilməsi, qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmaması və onun dövlət tərəfindən yaradılan Publik hüquqi şəxsdə çalışmağa üstünlük verməklə bu iş yerini seçmək məcburiyyətində olmasına dair mövqeyi ilə razılaşmır. Belə ki, işçinin hər hansı (məhkəmənin müəyyən etdiyinə görə “nadir”) ixtisas növünə sahib olması onun dövlət sektoruna məhz məcburiyyətdən müraciət etdiyinə, əmək müqaviləsi bağlanarkən işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarına yol verdiyinə, tərəflərin hüquq bərabərliyinin təmin edilmədiyinə dəlalət edə bilməz.
50. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi həmçinin iddiaçının əmək müqaviləsinin cavabdeh tərəfindən səkkiz dəfə uzadıldığına istinad etmişdir. Halbuki bu halın mövcudluğu da tərəflərin qabaqcadan razılaşdırılmış qaydada bağladıqları əmək müqaviləsinin müddətsiz hesab edilməsinə əsas vermir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçının isə həmin müəssisədə 5 ildən artıq müddət ərzində işləməsi halı müəyyən edilməmişdir.
51. İddiaçının tərəf olduğu əmək müqaviləsinin müddətli olmasından, müddətin bir neçə dəfə uzadılmasından məlumatsız olduğuna dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
52. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
53. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanılmış hesab ediməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
54. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
55. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4717/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı "işə bərpa və s. barədə" tələbinə dair iddiası rədd edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4717/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8rşı "işə bərpa və s. barədə" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova