Məhkəmə qərarları › İş №2(103)-10461/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10461/2021

22.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10461/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X3” MMC-yə qarşə “pul tələbi və maddi və mənəvi təzminatla bağlı” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh “X4” MMC-yə qarşı əmək haqqının, maddi və mənəvi təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayından etibarən “X4” MMC-yə məxsus restoranda baş aşbaz vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə əmək haqqı 1000 manat idi. Maaşının bir hissəsini əldən, bir hissəsini isə kart vasitəsi ilə alırdı. Həmin restoranda çalışdığı müddət ərzində daima məsuliyyətlə yanaşaraq, etdiyi vəzifənin öhdəsindən layiqingə gəlməyə çalışmış, buna görə də kollektivin hörmətini qazanmışdır. “X4” MMC-yə işə düzələrkən onunla bir müddət sonra əmək müqaviləsi bağlanacağını bildirsələr də, onunla əmək müqaviləsi bağlamamışlar. Müqavilə bağlanmasını tələb etdikdə isə, “onsuzda əmək kitabçanız var müqaviləyə nə ehtiyac varki?” demişlər. Bununla da bütün işçilər kimi onun da əmək hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonar isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsindən səfərbərliyə cəlb edilmiş və 2-ci Qarabağ Müharibəsində iştirak edərək torpaqlarının işğaldan azad edilməsində iştirak etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ona məlum olmuşdur ki, onu və ondan başqa bir neçə iş yoldaşlarını hərbi xidmətdə olduqları müddətdə onların məlumatları olmadan işdən azad etmişlər. Həminin cavabdeh müəssisə onlara heç bir məlumat vermədən onların adları ilə müqavilə bağlamış və onu həmin müqavilədə aşbaz olaraq göstərmiş, əmək haqqını isə 300 manat göstərmişdir. Bütün bu qanunsuzluqlarla bağlı həm cavabdehə, həm də müvafiq qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Bütün bu olanlarla bağlı Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə müraciət etmiş və məsələ ilə bağlı izahat vermişdir, lakin qanuni müraciətləri cavabsız qalmışdır. “X4” MMC-nin qeyri-qanuni hərəkətinin nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “X4” MMC-nin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 3000 manat məbləğində işsizlik təzminatı, 500 manat məbləğində əlavə işlədiyi saatların əvəzi, səfərbərlikdə olduğu müddətdə ödənilməli olan maaşının əvəzi olaraq 2000 manat, 3000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 8500 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh “X4” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X4” MMC-yə qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 3000 manat məbləğində işsizlik təzminatı, 500 manat məbləğində əlavə işlədiyi saatların əvəzi, səfərbərlikdə olduğu müddətdə ödənilməli olan maaşının əvəzi olaraq 2000 manat, 3000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 8500 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh “X4” MMC-dən tutularaq ona ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində cavabdeh “X4” MMC onun aylıq əmək haqqısını 300 manat göstərsə də, əslində onunla ayda 1000 manat əmək haqqının ödəniləcəyi ilə bağlı razılığıa gəlmiş və 2020-ci ilin sentyabr ayının əmək haqqı kimi ona 1000 manat oktyabr ayında isə 500 manat ödəniməklə, oktyabr ayına görə ona 500 manat borclu qalmışlar, bundan sonra o, hərbi xidmətə getmiş, hərbi xidmətdə olduğu vaxt evlərinə onun adına kart göndərilmiş və o, həmin kartdan bir dəfə pul çıxarmışdır. Hesab edir ki, iddia ərizəsindəki tələbləri təmin olunmalıdır. Ona görə apellyasiya şikayətinin təmin olunması və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, onun tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “X4” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, 03.09.2020-ci il tarixli K/09 saylı əmrə əsasən İddiaçı 03.09.2020-ci il tarixdən "xxxx" MMC-yə aşbaz vəzifəsinə təyin edilmişdir. İş üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı "xxxx" MMC-yə 03.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək aşbaz vəzifəsinə təyin edilmiş və əmək haqqı məbləği 300 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəlindən belə məlum olur ki, 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün İddiaçı əmək haqqı ödənilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, 03.09.2020-ci il tarixdə “X4” MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və 30.12.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli 264 No-li arayışın kserosurətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 08.11.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan “E-Sosial” elektron potalında olan bildirişin kserosurətindən görünür ki, İddiaçı 03.09.2020-ci il tarixdən “X4” MMC-də aşbaz vəzifəsində işləmiş, əmək haqqı 300 manat təşkil etmiş, müqavilənin müddəti 31.12.2020-ci il tarixdə bitmişdir İddiaçı 03.09.2020-ci il tarixdə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi ilə aylıq 300 manat əmək haqqı ilə aşbaz vəzifəsində işə qəbul edilmiş və 30.12.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə (müqavilə müddətinin bitməsi ilə) tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına əsasən 28.09.2020-ci il tarixdən qismən səfərbərliyə cəlb edilmiş, 08.11.2020-ci il tarixdə hərbi hissəyə təhvil verilmiş və 26.12.2020-ci il tarixdə təxris olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verdiyi üçün, ona hər hansı təzminatın ödənilməsi qanunda nəzərdə tutulmamışdır. Əmək qanunvericiliyində əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi zaman işçiyə müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Bu müavinət yalnız işçi ilə əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən ödənilir. Lakin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xtam verilidyi üçün, iddiaçı ona hər hansı müavinətin ödənilməsini tələb etməkdə haqlı deyil. Digər tərəfdən işsizlik təzminatı işəgötürən tərəfindən ödənilməsi qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi işsizlik təzminatı kimi 3000 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əlavə işlədiyi saatlar üçün 500 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının nə əvəzçilik üzrə, nə də əvəzetmə üzrə əlavə olaraq işəgötürən tərəfindən işə cəlb edilməsi ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır. Eyni zamanda iddiaçı da əlavə işə cəlb edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 3000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. AR Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir” İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamsəsinin ləğv edilməsinin əsası kimi iddia ərizəsindəki göstərdiklərinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, həmin dəlillər hüquqi cəhətdən dəyərləndirilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi növqeyi ilə razılaşır. Belə ki, məhkəmə iclasında X1 “Kapital Bank” tərəfindən verilmiş 416974******6592 nömrəli ödəniş kartı üzrə çıxarış ilə müəyyən edilmişdir ki, karta “X4” MMC tərəfindən 04.11.2020-ci ildə 282,50 AZN, 01.02.2011-ci ildə 468,27 AZN, 01.032021-ci ildə 282,50 AZN, cəmi 1033,27 AZN mədaxil edilmiş və kartdan həmin məbləğdə pullar məxaric edilmişdir. Mülki işdə olan “X4” MMC-nin əmək haqqı barədə 2020-ci ilin sentyabr,oktyabr, noyabr və dekabr ayının cədvəlləri ilə müəyyən edilir ki, həmin aylarda X2 cəmi 1033, 27 AZN əmək haqqı hesablanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində “X4” MMC İddiaçı aylıq əmək haqqısını 300 manat olmasını qeyd etmişdir. İddiaçı əmək haqqının 1000 manat olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar