Məhkəmə qərarları › İş №2(103)-10467/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10467/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10467/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə bağlı e- 2(001)-4984/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 01 sentyabr 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Mübahisəli mənzilə 2010-cu ildən köçməklə birlikdə yaşamışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 489/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və ondan cavabdehin xeyrinə uşaqların saxlanılması üçün aliment tutulmuşdur. 2020-ci ilin aprel ayından cavabdeh onunla davadalaş etmiş və onu evdən qovmuşdur. Dəfələrlə o, evə qayıtmaq istəsə də, cavabdeh buna imkan verməmiş, qapını açmamış, onu hədələmişdir. Hazırda da cavabdeh onun evə daxil olmasına mane olur. Onun başqa yaşayış yeri yoxdur. O, evdən qovulandan Binəqədi rayonunda kirayədə yaşayır. Mübahisəli ev xüsusi mülkiyyət kimi hər hansı bir şəxsin adına qeydiyyatdan keçməmişdir. Ona görə də, o, məcbur qalıb evə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə çıxarılarkən mülki iş tam, obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Mübahisəli ev 37 kv.metrdir, onlar münaqişəli ailə olduqları üçün birgə yaşaya bilməzlər. Cavabdehin himayəsində iki azyaşlı uşağı var, onların da həmin evdən başqa yaşayış yeri yoxdur. Torpaq sahəsi əvvəlcədən alınsa da, evin tikintisini cavabdehin valideynləri və qohumları həyata keçirmişlər. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. İddiaçı tərəfin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Onun özü ev tikintisi ilə məşğul olan ustadır. O və digər usta yoldaşları Bakı şəhəri Binəqədi rayonu DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilini 2007-2008-ci illərdə tikmişlər. Həmin ev bir mərtəbəlidir. Həmin evin qonşuluğunda da o, öz ailəsi ilə birlikdə yaşayır. Onlar evin tikintisi ilə məşğul olanda iddiaçı ailə qurmamışdı. Həmin ev tikilib, təmir edildikdən sonra 2010-cu ildə iddiaçı cavabdehlə ailə qurmuşdur. Cavabdehin ailəsi tərəfindən həmin evin tikintisində hər hansı köməklik olmamışdır. İddiaçı tərəfin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 15 ildir ki, iddiaçının qardaşı Telmanla birlikdə usta işləyir. Mübahisəli evin tikinti işləri ilə o və digər usta yoldaşları məşğul olmuşdur. Ev bir mərtəbəli evdir. Onlar evin tikintisi ilə məşğul olanda iddiaçı ailə qurmamışdı. Ev təxminən 2007-2008-ci illərdə tikilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri X3 30 iyun 2009-cu il tarixli, 350 nömrəli qərarına əsasən, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsinin 150 m2-nin vətəndaş X8 ayrılması, vətəndaş X1 isə 150 m2 saxlanılması qərara alınmışdır. Bakı şəhəri X3 678658 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, X6 tərəfindən torpağın dəyəri üçün 240 manat məbləğində vəsait ödənilmişdir. Abunə kodu **********485 olan abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri Binəqədi rayonu DYP-nin alt hissəsi Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə elektrik enerjisi sərfiyyatına görə abunə hesabı İddiaçı adınadır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(001)-489/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1149 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 04 mart 2013cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılması, 12 avqust 2020-ci il tarixdən başlayaraq 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 04 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, habelə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 iyul 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanda yerləşən 485 nömrəli mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. 25 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 01 sentyabr 2010cu il tarixdə nikaha daxil olmuş, həmin nikahlarından yetkinlik yaşına çatmayan iki övladları 10 sentyabr 2011-ci il təvəllüdlü X10 və 04 mart 2013-cü il təvəllüdlü X11 doğulmuşdur. Daha sonra tərəflərin münasibətləri korlanmış və onların nikahı 04 fevral 2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-489/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanmış və iddiaçıdan uşaqların saxlanması üçün aliment tutulmuşdur. Hazırda iddiaçı başqa yaşayış yerinin olmadığını bildirirərək, mübahisəli mənzilə köçürülməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsinə etiraz edir. Mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının evə köçürülmə tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Məhkəmə iclasında da müəyyən edildi ki, tərəflərin birgə nikahları dövründə birlikdə yaşadıqları (hazırda isə cavabdehin yaşadığı) Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzili 2007-2008-ci illərdə iddiaçı tərəfindən tikilmişdir. Bu hal həm tərəflərin izahatları, həm də şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq, təmin edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli e-2(001)- 4984/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar