Məhkəmə qərarları › İş №2(103)-1047/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1047/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1047/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1569/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdeh X4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması, həmin yaşayış evinin boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8891/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1569/2021 nömrəli qətnaməsi qismən- cavabdehin ailə üzvlərinin evdən çıxarılması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(102)-2070/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8891/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli ev özbaşına tikili olmaqla İddiaçı məxsus olmuş, X4 isə həmin evi alması və eləcə də başqasına satması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Evin cavabdeh tərəfindən alınması barədə şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh mübahisəli evi alması barədə məhkəməyə notariatda təsdiq olunmuş müqavilə təqdim etməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, ünvan 2 ünvanında yerləşən 0,85 sot torpaq sahəsini X1 4,000 manata almışdır. Həmin torpaq sahəsində bir mərtəbəli 3 otaqdan ibarət ev tikdirmişdir. X4 evi qanunsuz zəbt etdiyinə görə məhkəməyə müraciət etmişdir. Yekun məhkəmə aktı ilə iddiası qismən təmin edilmişdir. Məhkəmə qərarları ilə mübahisəli evin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. İcra məmuru icra sənədini icra etmək məqsədi ilə ünvana getdikdə məlum olmuşdur ki, X4 iddiaçıya məxsus evi Cavabdeh satmışdır. Hazırda evdə cavabdeh öz uşaqları ilə birlikdə yaşayırlar və evdən çıxmırlar.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia tələbinin təmin edilərək Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi; ödənilən 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iş materiallarında olan Səbail rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən evdə Cavabdeh övladları xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 ilə birlikdə yaşaması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev özbaşına tikili olmaqla İddiaçı məxsus olmuşdur. Cavabdeh övladları xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, mənzil onun tərəfindən cavabdehə satılmış və bu səbəbdən də cavabdeh tərəfindən ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırılmış və bu fakt birbaşa onun maraqlarına toxunduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmamaqla məhkəmə tərəfindən ciddi pozuntuya yol verilmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş üzrə iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olubolmaması araşdırılmamış, torpaq sahəsini digər şəxsdən almasını iddia etsə də, bu xüsusat araşdırlmamış və sonda maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Halbuki, mülkiyyət hüququ təsdiq edilməyən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması birbaşa qanun pozuntusudur. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Məhkəmə tərəfindən bu faktlar araşdırılmamış, İddiaçı bu əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh da apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan Mülki Məcəllənin 157.8 və 158.4-cü maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, həmçinin cavabdehin və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) cavabdehin yaxud qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Röyal bəkirlinin hər hansı bir aidiyyətinin yaxud hansısa hüquqlarının olub-olmaması ilə bağlıdır.

22. Röyal Bəkirli mübahisəli evi Cavabdeh satdığını və buna görə də sonuncu tərəfindən ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırıldığını bəyan etsə də bu onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qeyd olunan evin(özbaşına tikilinin) iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Məhkəmənin Röyal Bəkirlinin müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb etmək kimi bir vəzifəsi də yoxdur. Çünki, Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən bu hal mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürmək istəyən üçüncü şəxsin istəyindən asılı olan bir məsələdir və məhkəmə də hansısa üçüncü şəxsi müstəqil tələb irəli sürməyə məcbur edə və bunun üçün işə cəlb edə bilməz.

23. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması da qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq təsdiq olunmuşdur. Bu halı mübahisələndirməyin də Röyal Bəkirlinin şikayətinin əsaslılığına təsir edəcək heç bir əhəmiyyəti ola bilməz. Çünki, mübahisəli evə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əmlakın və əmlak hüquqlarının alqı-satqısının qanunvericiliyin imperativ tələblərinə əsasən xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı.

25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar