Məhkəmə qərarları › İş №2(103)-1048/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1048/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1048/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4806/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc olaraq verdiyi 20000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4806/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 9043 (doqquz min qırx üç) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddıaçı İddiaçı 4 ilə yaxın muddətdir ki, tanıyır. İddiaçı ona sələmə pul vermışdir. Onun maaş kartı da, iddiaçıda olmuşdur. İddiaçı ona 7 faizlə sələmə pul vermişdir. İddiaçı ona başqa bir nomrədən zəng edərək, kartını bağlatdırmağı bildirmiş, o, da, bundan sonra təxmini 3 ay müddətində faiz ödəyə bilməmişdir. Bundan sonra onlar 20 yanvar ərazisındə görüşmüş, onunla görüşən zaman ona polislər yaxınlaşaraq, 19-cu polis bölməsınə aparmışlar. Bölmədə ona məcburi olaraq iddiaçıya borclu olması barədə izahat yazdırmışlar. O, iddiaçıdan 10300 manata yaxın pul almışdır. Polis bolməsində izahatı alındıqdan sonra o və atası iddiaçı ilə Xırdalan dairəsinin yanında görüşmüş və iddiaçı ona 300 manata yaxın güzəşt etdıyini bildirmiş və yekunda 10000 manat borcunun olduğunu bildırmişdir. O, həmin məbləğdən elə həmin gün iddiaçının kart hesabına Kapital Bank vasitəsi ilə 5050 manat məbləğində ödənış etmişdır. Həmin məbləğdən 5000 manat əsas borc, 50 manat isə faiz borcu olmuşdur. Bundan sonra iddiaçıya birbaşa olaraq 500 manat, elektron ödəniş ilə 1010 manat və ayrıayrı vaxtlarda hər ay 505 manat ödənış etmişdir. O, iddiaçıdan bundan qabaq da, borca pul almış və aldığı borclarını tam olaraq ödəmişdir. Sonuncu dəfə də qeyd etdiyi kimi, 10300 manat məbləğində iddiaçıdan borca pul almışdır. O, polisdə olarkən də iddiaçıya 800 manat ödəniş etmişdir. Bundan başqa, o, iddiaçı ilə bir neçə şəxsi də, tanış etmiş və həmin şəxslər iddiaçıdan borca pul götürmüşdür. Elvin adlı şəxsi də, o, iddiaçı ilə tanış etmış və sonuncunun iddiaçıya 950 manat ödənişi qalmışdır. İddiaçı 600 manat məbləğındə pulu Bəhruza vermiş və onun kartını almışdır. Raqif də iddiaçıdan borca pul almış, sonuncu da iddiaçıya anasına məxsus kartını vermişdir. O, polis bölməsındə verdiyı izahatında ümumilikdə 19143 manat borc aldığını bildirsə də, həmın borcdan 10000 manat məbləği onun iddiaçıya olan borcudur, qalan hissəsi isə digər şəxslərin borcudur. Düzdür bəzi dostlarına iddiaçıdan borcu o, alıb versə də, bəziləri özləri almış, o, onları sadəcə tanış etmişdir. Ümumiyyətlə isə o, iddiaçıya olan borcunu tamamilə ödəmişdir. Buna əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayəti ilə eyni məzmunlu verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirdilər və məhkəmədən təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək məhkəmədən təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 19143 manat məbləğində borc pul almışdır. Cavabdeh sözü gedən borcundan 15.04.2020-ci tarixdə (polis bolməsində izahatı alındıqdan sonra) 5050 manat, daha sonra 04.06.2020-ci il tarixdə 1010 manat və sonrakı 8 ay müddətində isə hər ya 505 manat olmaqla 4040 manat, ümumilikdə 10100 manat ödəniş etmişdir. Cavabdeh borcunu vaxtında qaytarmadığına görə iddiaçı qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Sözü gedən bu hallar iş materiallarında olan Polis Bölməsində verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tərəflərin, eləcədə iddiaçının etiraf edici izahatı ilə cavabdehin iddiaçıya olan borcundan -- -- -- tarixdə 5050 manat, daha sonra isə iddiaçının kart hesabına ödənilməsi yolu ilə müxtəlif vaxtlarda (iş materiallarında mövcud qəbzlərə əsasən) umimilikdə 5050 manat pul ödədiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan özü üçün ümumilikdə 10300 manat məbləğində borca pul aldığını və həmin borcunu da, iddiaçıya qaytarmasını, digər borcların isə başqa şəxslər tərəfindən iddiaçıdan alınmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materiallarında olan Cavabdeh 19-cu PB-də verdiyi izahatından görünür ki, sonuncu öz adına İddiaçı 7800 manat, digər şəxslərin adı ilə isə 11343 manat məbləğində pul vəsaiti almışdır. Cavabdeh 2020-ci ilin mart ayının sonunda İddiaçı 19143 manat borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh sözü gedən izahatın məcburiyyət qarşısında təzyiqlar altında polis bölməsində yazdırıldığını bildirsə də, məhkəmə cavadbehin bu izahatına tənqidi yanaşaraq, sonuncunun izahatını inandırıcı hesab etmir. Belə ki, iddiaçı polis bölməsində verdiyi izahatını təsir altında qalaraq verdiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübutlar (polisin qərarının mübahisələndirilməsi, ona təsir göstərilməsi ilə bağlı şikayət etməsi və s.) təqdim etməmiş, bundan başqa həmin izahatın təsir altında vermiş olduğu və iddiasına görə iddiaçıya heç bir borcunun olmadığını iddia etdiyi halda daha sonra nə üçün iddiaçı ilə görüşərək ona 10100 manat məbləğində ödəniş etməsinə dair tutarlı izahat verə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehin ona 20000 manat borcunun olduğunu bildirsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, bunun əksi olaraq cavabdehin polis bölməsində verdiyi etiraf edici izahatı ilə iddiaçıya ümumilikdə 19143 manat məbləğində borcunun olması və həmin borcundan cəmi 10100 manat məbləğini ödəməsi, cavabdehin hazırda iddiaçıya ödənilməmiş 9043 (**********=9043) manat məbləğində borcunun qalması müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh aldığı borcu tamamilə iddiaçıya qaytardığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu şifahi müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi bağladıqları müqaviləyə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi aldığı pulu tamamilə qaytardığını və ya borcu qalmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən şifahi borc müqaviləsi bağlansa da cavabdeh borcu qalmadığını bəyan edir. Lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zaman cavabdeh özü izahatında iddiaçı ilə iş birliyi qurduğunu, ondan hissəhissə ehtiyacı olan adamlara pul alıb verdiyini, bunun qarşılığında həmin şəxslərin Pərvanəyə faiz verdiklərini, 2019-cu ilin avqust ayından öz adı ilə 7800 manat, digər şəxslər üçün 11343 manat alıb dostlarına verməsini, mart ayının sonuna kimi 19143 manat borcunu Pərvanəyə qaytarmağı söz verdiyini göstərmişdir. Demək, iddiaçı tərəfindən ona verilmiş pulun qaytarmasını və borcu qalmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdehin həqiqətəndə təmin edilən məbləğdə borcu olmasaydı yaxud həmin məbləği də qaytarmış olsaydı bu barədə hansısa sübut təqdim edə bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin cavabdehin izahatı borcun tam qaytarıldığını bilavasitə təsdiq etmir. Çünki, iddiaçı tərəfindən cavabdehə verilmiş 19143 manatdan 10100 manatın qaytarılmasına dair sübut olduğundan məhkəmə də bunu nəzərə alaraq iddianı qismən təmin etmişdir. Əgər cavabdeh aldığı məbləği tam qaytardığını israr edirsə, yetər ki, buna dair məhkəməyə sübut təqdim etsin. Ancaq edə bilmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4806/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar