Məhkəmə qərarları › İş №2(103)-1048/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1048/2023

30.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1048/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ İş № 2-(103)-1048/2023 (Açar sözlər: “pul tələbi”) Bakı şəhəri 30 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə X9 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı-cavabdeh İddiaçı, Cavabdeh-iddiaçı Cavabdeh1 və onun vəkili və nümayəndəsi Aslanov Tofiq Hümmət oğlunun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin çıxarışından görünür ki, “Mersedes Benz GL450” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına şəhadətnamə verilmiş, xx.xx.2019-cu il tarixdə isə onun adından çıxarılaraq, Cavabdeh2 adına şəhaətnamə verilmişdir.

2. 13.01.2022-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, X3 Elməddin Həsrət oğlu ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə ona olan 30.000 manat borc pulun onun tərəfindən tam şəkildə ödənildiyini və Cavabdeh1 hal-hazırda ona hər hansı borcu olmadığını bildirmişdir.

3. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-72/2020 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə X6 arasında 08 aprel 2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonunun Şirvan kəndi üzrə nümayəndəliyində 11 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

4. X14, X15 və X16 tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış notarial ərizədən görünür ki, onlar Cavabdeh1 uzun müddətdir tanıyırlar, onunla qonşuluq etmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D saylı ev təxminən 2008-ci illərdə Cavabdeh1 tərəfindən, onun şəxsi vəsaitləri hesabına, bünövrədən başlayaraq tikilmişdir və Cavabdeh1 son dövrlərə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinin inşaası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 18.334,0 manat məbləğində dəyəri müəyyən olunur.

6. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ilə X6 arasında 08 aprel 2005-ci il tarixdə nikah bağlanmış və məhkəmə qətnaməsi əsasında 23 iyul 2020ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikah dövründə, xx.xx.2019-cu il tarixdə “Mercedes Benz GL450” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 satılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evi də həmçinin tərəflərin birgə nikah dövründə 2008-ci ildə tikilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, **-SX-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz GL450” markalı avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı-cavabdehin vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş **-SX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL450” markalı avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının təmin edilməməsi və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının İddiaçı alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onlar birgə nikahda olduqları dövrdə xx.xx.2019-cu ildə maşın almışlar.Daha sonra münasibətləri korlanmış və onların nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədə də qeyd olunmuşdur ki, o, 24 sentyabr 2019-cu il tarixindən evdən çıxıb getmiş, cavabdeh isə onun xəbəri olmadan birgə nikah dövründə aldıqları maşını xx.xx.2019-cu ildə öz əmisi oğlu Cavabdeh2 satmışdır. O, yalnız nikahları rəsmi pozulduqdan sonra maşının satılmasından xəbərdar olmuşdur. Cavabdeh ilə olan nikahları isə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. Cavabdeh guya maşını sataraq borcunu bağladığını bildirsə də, qeyd olunanlar yalandır, çünki cavabdehin heç bir borcu olmayıb, daha əvvəl heç bir söhbət əsnasında da borcu olduğunu bildirməmişdir.Cavabdehin borclu olduğunu bildirdiyi şəxs Bağıyev Əvəzxanı tanıyır, belə ki, o, fəhlədir və onun 30000 manat məbləğində pulunun olması inandırıcı deyil. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə ərizə əsassızdır.Belə ki, ilkin torpaq sahəsinin alınmasında o qızıllarını sataraq pulunu torpaq sahəsinin alınmasına vermişdir. Qızıllar təxminən 1200 manat dəyərində olmuş və onlar da torpağı 2400 manata almışlar. Həmin ev onun atasının pulu ilə tikilib və hazırda o, həmin evdə yaşayır. Elməddin özünə maşın aldığı üçün kredit borcunu ödəyirdi və bu səbəbdən ev üçün xərc çəkməmişdir. Ümumilikdə, ev 2008-ci il tarixdə tikilib və həmin vaxta uyğun materialların qiyməti nəzərə alınsa, bəlkə də bəzi materialların qiyməti ekspertiza rəyində artıq yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi X7 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək qeyd etmişdir ki, cavabdeh tərəf evin tikintisinə xərclənən pulun yarısını tələb etsə də, həmin xərclərin çəkilməsinə dair heç bir əsaslı sübut gətirməmiş, o cümlədən sənəd-sübut təqdim etməmişdir. Bundan əlavə, qarşı tərəf məhkəmə iclasında dəfələrlə yalan izahatlar verərək, ilk öncə avtomobilin dəyərinin 20.000, sonra isə 24.000 manat olduğunu bildirmişdir.Lakin sonradan onlara məlum olmuşdur ki, cavabdeh hökmdə, cinayət işi ilə əlaqəli izahat verən zaman avtomobilin 28.000 manata satıldığını bildirmişdir.Buradan görünür ki, qarşı tərəf yalan, həqiqətə uyğun olmayan məlumatları məhkəməyə bildirir və heç bir əsaslı sübut olmadan həmin əmlakın bölgüsü ilə bağlı iddia irəli sürür. Həmçinin onlar tərəfindən dəvət olunmuş şahid bildirmişdir ki, evin tikinti xərclərini o, özü qarşılamış, materialları özü almışdır. Bu səbəbdən də qarşı tərəfin şahid qismində gətirdiyi ustalar tərəfindən evin tikilməsi ilə razılaşmamışdır. İlkin iddia ilə bağlı isə onu bildirdi ki, avtomobilin dəyəri qarşı tərəfin hökmdə bildirdiyi kimi 28.000 manatdır. Belə ki, o, avtomobili ilk olaraq 29.000 manata təklif etmiş, sonda isə 28.000 manata satmışdır. Avtomobil satılarkən isə iddiaçının razılığı olmamışdır, çünki təqdim olunmuş qətnamədən də görünür ki, tərəflər arasındakı münasibətlər korlanandan sonra qarşı tərəf qərəzli şəkildə avtomobili satmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Cavabdeh-iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, ilkin iddianı isə qəbul etməyərək bildirmişdir ki, torpaq Bələdiyyənin torpağıdır. Əvvəllər kommunal onun adına idi, sonradan isə yeznəsinin adına keçirtmişdir. Bütün ödənişlər də onun adından edilirdi. Qaz və su sayğacları da onun adına idi, hətta 400 manat cərimə də ödəmişdir. Ekspertizanın rəyi ilə razı deyil və tikinti materialları çox aşağı qiymətləndirilməklə yanaşı, rəy verilən zaman evin yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmamışdır. İlkin iddia tələbinə münasibətdə isə bildirdi ki, onun 2018-ci ildə 30000 manat məbləğində borcu yaranmışdı.Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə maşını 24.000 manata əmisioğlu Sadiqə sataraq borcunu ödəmişdir. Maşın satılan vaxt artıq boşanma ərəfəsində olduqları üçün yoldaşı ilə birlikdə yaşamırdılar. Xəyalənin onun borcundan xəbəri var idi, lakin maşının satacağı barədə məlumatsız idi.Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, həqiqətən də mübahisə predmeti olan avtomobil tərəflərin birgə nikah dövründə alınmış və sonra Cavabdeh1 tərəfindən satılmışdır. Məhkəmə iclası zamanı məlum oldu ki, tərəflər birgə nikahda olduqları zaman Cavabdeh1 Əvəzxan Bağıyevə tikinti işləri ilə əlaqəli 30.000 manat borcu yaranmışdır. Əvəzxan Bağıyev dəfələrlə öz borcunu tələb etdikdə, Cavabdeh1 həmin avtomobili sataraq borcunu ödəmişdir. Mülki Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Göründüyü kimi tərəflər arasında nikah müqaviləsi yoxdur və başqa hal nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin avtomobilin satılaraq borcun ödənilməsi tamamilə qanuni və əsaslıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə cavabdeh qızılları sataraq torpaq sahəsi aldığını bildirsə də, bununla əlaqəli heç bir sübut təqdim etməmişdir. Onların gətirdiyi şahidlər isə həmin evin tikintisinin Cavabdeh1 tərəfindən çəkilməsini bildirmişlər. Evin dəyəri isə çəkdiyi xərclərə görə Elməddin tərəfindən 35000 manat məbləğində dəyərləndirilib. Lakin hazırki bazar qiymətinə görə evin dəyəri 50000 manatdır. Bu səbəbdən həmin məbləğin yarısı onlar tərəfindən tələb edilir.Lakin ekspert rəy verən zaman çox aşağı qiymətləndirmə etmiş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qiymətini nəzərə almamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X13 bildirdi ki, Elməddin ilə tikinti işində tanış olmuşlar. Belə ki, 2018-ci ildə onlar birlikdə Rusiyaya işləməyə getmişlər. Bir müddət keçdikdən sonra işdə problem yaşandığı üçün Elməddin ondan borc almışdır. Sonradan isə həmin borc məbləğini ona qaytarmışdır. Elməddinin özünün dediyinə görə maşını sataraq ona olan borcunu qaytarmışdır.

15. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X10 bildirdi ki, 2007-2008-ci ildə xalasıoğlu Etibar adlı şəxs ilə ev tikirdilər.Elməddinin evini də onlar tikmişlər. Onlar işləyirdilər, pullarını isə Elməddin verirdi.Nə material lazım olurdusa, Elməddin gətirirdi, lakin nə qədər xərc çəkdiyini bilmirdi.

16. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X16 bildirdi ki, Cavabdeh1 evdən köçənədək onun qonşusu olmuşdur. O, ev ustasıdır və alçipan, kafel-metlax işləri, elektrik-santexnik işləri görür. O, 2007-ci ildə ailə quraraq orada yaşayan zaman Elməddinin evi yox idi. Elməddin ondan sonra həmin evə köçmüşdür. Elməddin evi öz zəhmət haqqısı ilə tikdirmişdir. O, bir usta kimi orada işləmiş, qonşu kimi yanında olmuşdur. Elməddin ilə hər zaman danışırdılar və hardan nə qədər material aldığını, evə nələr aldığını, nə qədər xərci çıxdığını ona deyirdi. Evin kombisinin çəkilməsi və digər müəyyən işləri o görmüşdür.

17. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X15 bildirdi ki, Elməddin və Xəyalə xanım onun qonşusudur, həmin evi Elməddin tikib və xərcini də özü çəkib. Evin tikintisində o iştirak etməmişdir.Elməddinin torpaq sahəsi ilə onunku yanaşıdır. O sadəcə evin tikildiyini görmüş və hətta Elməddinə evin pəncərəsinin onun həyətinə baxmamasını bildirmişdir.

18. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X11 bildirdi ki, 2008-ci ildə qızı Xəyalə qızıllarını sataraq Hövsan qəsəbəsində torpaq almışdır. Yoldaşı Novxanıda təndir mağazasında işləyirdi və onlar ikisi köməkləşərək həmin torpaq sahəsində qızına ev tikmişdir.Evin tikintisinin xərcinin demək olar ki, 70%-ni onlar, qalan 30%-ni isə qarşı tərəf çəkmişdir. Həm yoldaşı, həm də o, evin tikintisinə xərcləmək üçün qızları Xəyaləyə həm nağd şəkildə pul vermişlər,həm də taxta, şifer lazım olduqda özü almış, çardağı isə özü dülgər olduğu üçün düzətmişdir.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(010)- 884/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilməsi, "Mercedes Benz GL 450" minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin 1/2 hissəsi –12.000 (on iki min) manat cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulması, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin yarısı olan 9.167 (doqquz min bir yüz altmış yeddi) manat iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 xeyrinə tutulması, ilkin və qarşılıqlı iddia qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun müştərək qaydada İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi tələb iki hissədən ibarətdir: 1) Birgə nikah dövründə əldə olunmuş avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin ilkin iddia üzrə cavabdehdən tutulması; 2) Fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının qarşılıqlı iddia üzrə cavabdehdən tutulması.

21. İlk növbədə, birinci tələbə münasibət bildirən məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019-cu il tarixdən cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini sataraq X8 olan borcunu ödədiyini bildirmiş, ilkin iddia üzrə İddiaçı isə nəqliyyat vasitəsinin satılmasından və ümumiyyətlə Cavabdeh1 borcundan xəbəri olmadığını bildirmişdir.

22. Məhkəmə qeyd olunan tələbə münasibət bildirərək hesab edir ki, mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olması inandırıcı deyil. Bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.

23. Tutulacaq pulun dəyərinə münasibətdə isə məhkəmə hesab edir ki, qeyd olunan avtomobil həmin avtomobilin mülkiyyətçisi olmuş, hazırki iddia tələbi üzrə cavabdehin özünün məhkəmə iclasında etdiyi etirafa əsasən 24.000 manata satıldığından, iddiaçı tərəf isə həmin qiymətlə razılaşdığından, avtomobilin dəyəri ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamış və həmin avtomobilin dəyərinin yarısı 12.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında hökm təqdim edərək həmin hökmə əsasən avtomobilin 28.000 manata satıldığını və buna görə də həmin pulun yarısını tələb etsə də, məhkəmə həmin tələblə razılaşmır. Belə ki, hökmdə mübahisə predmeti olan avtomobilin Elvin adlı şəxsə satılması məhz 2020-ci ilin yanvar ayının əvvəllərində baş vermiş və həmin zaman maşın ümumiyyətlə cavabdehin mülkiyyətdə olmamışdır.

24. Bundan əlavə, cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və həmin müddətdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq bu münasibətlərin iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

25. Məhkəmə cavabdehin iddia müddətini mübahisələndirməsi ilə bağlı hissəyə münasibət bildirirək qeyd edir ki, göstərilənlər əsassızdır. Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir.

26. İkinci, yəni qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə inşa edilmişdir.Lakin, həmin ev özbaşına tikili olmaqla hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bu səbəbdən evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflərin arasında bölünməsi mümkün deyildir.

27. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilsə də faktiki olaraq hazırki tələb üzrə cavabdehin istifadəsindədir. Yəni, tərəflər evin tikintisinə birgə vəsait sərf etsələr də ev cavabdehdə qalmışdır. Belə olan halda evin dəyərinin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin evin yenidənqurma və tikinti-təmir işlərinin təqribi bazar dəyəri 18.334 manat müəyyən edildiyindən, həmin məbləğin yarısı, 9.167 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Cavabdeh tərəf qeyd olunan rəy ilə razılaşmayaraq, evin yerləşdiyi torpaq sahəsinin dəyərinin rəy verilən zaman nəzərə alınmadığını və materialların qiymətinin aşağı göstərildiyini bildirsə də, torpaq sahəsinin dəyəri ilə və ya evin tikintisinə sərf olunan materiallarla əlaqəli hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verən məhkəmə hesab edir ki, evin tikintisinə çəkilən xərclərin kim tərəfindən qarşılanmasına baxmayaraq, tərəflərin birgə nikah dövründə tikilmişdir və həmin evin tikintisinə sərf olunmuş pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünməlidir.

28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.2, 37.1, 32.2, 32.3, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci, 77.1.-ci, 88-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

29. Qətnamədən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-884/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia tələbinin rədd edilməsi, onun İddiaçı qarşı “pul tələbinə dair” iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləriİ

30. lk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə öz mövqeyini, əsasən birgə nikah dövründə əldə olunmuş avtomaşının tərəfindən, guya İddiaçı məlumatı və razılığı olmadan alqı-satqı yolu ilə özgəninkiləşdirməyi ilə, həmçinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi ilə əsaslandırmağa çalışmışdır.X2 2018-ci ildə 30000 manat məbləğində borcumun yaranmış olması, həmin məbləğin bir hissəsinin “Mersedes Benz GL450” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşının alınmasına sərf edilməsi, Əvəzxan Bağıyevin borc məbləğinin məndən tələb etməsi, bu tələbdən İddiaçı məlumatlı olması və başqa hallar barədə məhkəməyə özüm və vəkil və nümayəndəm, həmçinin digər şəxslər tərəfindən izahatlar verilməsinə baxmayaraq, məhkəmə həmin halları nəzərə almamışdır. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi ilə razı olmadığı üçün müvafiq məhkəmə-ekspertizası təyin olunması barədə tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, o, özü, həmçinin qardaşım Eldəniz Xələfov fiziki şəxs olaraq uzun müddətdir təmir-tikinti işləri ilə məşğul olurlar və bu sahədə nizamlanan bazar qiymətləri barədə çox ətraflı məlumatlıdırlar. Ona görə 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi əsassız hesab etmişlər.Bununla yanaşı, mübahisəli evə dair 18334,0 manat məbləğində dəyərin müəyyənləşdirilməsinin həqiqətə uyğun olmaması adi vizual baxışla təyin edilə bilər. Lakin araşdırılan mübahisəli məsələnin qanunauyğun həllinin təmini naminə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyinində israrlı olmuşlar.Suraxanı rayon məhkəməsi son nəticədə mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olmasını inandırıcı hesab etməmiş, bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı olması qənaətində olmuşdur. Bundan əlavə, məhkəmə "cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və ... Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir" kimi səhv nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə, “Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin evin yenidənqurma və təmir-tikinti işlərinin təqribi bazar dəyəri 18.334,0 manat müəyyən edilməsinə dair rəyinə tənqidi yanaşmamış, həmin məbləğin yarısı, 9.167 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır” kimi əsassız qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

31. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

34. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

35. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə 32.2.1 və 32.2.3.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

37. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər-arvad ümumi əmlak üzərində hüquqa malikdir.

38. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

39. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

40. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

41. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayətində ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-884/2022 nömrəli qətnaməsini İddiaçı ona qarşı “pul tələbinə dair” iddia tələbinin təmin edilməsi, onun İddiaçı qarşı “pul tələbinə dair” iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

52. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

54. Belə ki, məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək qeyd edir ki, iddia tələbindən göründüyü kimi tələb iki hissədən ibarətdir: 1) Birgə nikah dövründə əldə olunmuş avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin ilkin iddia üzrə cavabdehdən tutulması; 2) Fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının qarşılıqlı iddia üzrə cavabdehdən tutulması.

55. Mübahisələndirilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(010)-884/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilməsi, "Mercedes Benz GL 450" minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin 1/2 hissəsi –12.000 (on iki min) manat cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulması, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin yarısı olan 9.167 (doqquz min bir yüz altmış yeddi) manat iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı Cavabdeh1 xeyrinə tutulması, ilkin və qarşılıqlı iddia qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun müştərək qaydada İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

56. Apellyasiya şikayətində ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-884/2022 nömrəli qətnaməsini İddiaçı ona qarşı “pul tələbinə dair” iddia tələbinin təmin edilməsi, onun İddiaçı qarşı “pul tələbinə dair” iddianın rədd edilməsi hissəsində əsaslı və qanuni saymır.

57. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin dəlilindən biri belədir ki, məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, birgə nikah dövründə əldə olunmuş avtomaşın apellyator tərəfindən, guya İddiaçı məlumatı və razılığı olmadan alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir. X2 2018-ci ildə 30000 manat məbləğində borcunun yaranmış olması, həmin məbləğin bir hissəsinin “Mersedes Benz GL450” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşının alınmasına sərf edilməsi, Əvəzxan Bağıyevin borc məbləğini ondan tələb etməsi, bu tələbdən İddiaçı məlumatlı olması və başqa hallar barədə məhkəməyə özü və vəkil və nümayəndə, həmçinin digər şəxslər tərəfindən izahatlar verilməsinə baxmayaraq, məhkəmə həmin halları nəzərə almamışdır.

58. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, birgə nikahda olduqları dövrdə-xx.xx.2019-cu ildə tərəflər mübahisəli avtomobili almışlar.Daha sonra münasibətləri korlanmış və onların nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur.(Kürdəmir Rayon Məhkəməsinin 2(041)-72/2020 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2020-ci il tarixli qətnaməsi.) Həmin qətnamədən də görünür ki, İddiaçı 24 sentyabr 2019-cu il tarixində ailə münaqişəsi zəmnində evdən çıxıb getmişdir.Cavabdeh isə birgə nikah dövründə aldıqları mübahisəli avtomobili xx.xx.2019-cu ildə öz əmisi oğlu Cavabdeh2 satmışdır.

59. İlk iddia üzrə İddiaçı iddia edir ki, 24 sentyabr 2019-cu il tarixindən faktiki ailə münasibətləri olmamış, xx.xx.2020-ci il tarixdə isə nikahları rəsmi qaydada pozulmuşdur.Odur ki, o, yalnız nikahları rəsmi pozulduqdan sonra avtomobilin satılmasından xəbərdar olmuşdur.

60. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-72/2020 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2020-ci il tarixli qətnaməsindən də görünür ki, ilk iddia üzrə cavabdeh iddia ərizəsində 24 sentyabr 2019-cu il tarixdə evə gələrkən İddiaçı ona xəyanət etdiyini bildiyini qeyd etmişdir.

61. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019-cu il tarixdən cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini sataraq X8 olan borcunu ödədiyini bildirmiş, ilkin iddia üzrə İddiaçı isə nəqliyyat vasitəsinin satılmasından və ümumiyyətlə Cavabdeh1 borcundan xəbəri olmadığını bildirmişdir.

62. Məhkəmə qeyd olunan tələbə münasibət bildirərək hesab edir ki, mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olması inandırıcı deyil. Bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.

63. Tutulacaq pulun dəyərinə münasibətdə isə məhkəmə hesab edir ki, qeyd olunan avtomobil həmin avtomobilin mülkiyyətçisi olmuş, hazırki iddia tələbi üzrə cavabdehin özünün məhkəmə iclasında etdiyi etirafa əsasən 24.000 manata satıldığından, iddiaçı tərəf isə həmin qiymətlə razılaşdığından, avtomobilin dəyəri ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamış və həmin avtomobilin dəyərinin yarısı 12.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında hökm təqdim edərək həmin hökmə əsasən avtomobilin 28.000 manata satıldığını və buna görə də həmin pulun yarısını tələb etsə də, məhkəmə həmin tələblə razılaşmır. Belə ki, hökmdə mübahisə predmeti olan avtomobilin Elvin adlı şəxsə satılması məhz 2020-ci ilin yanvar ayının əvvəllərində baş vermiş və həmin zaman maşın ümumiyyətlə cavabdehin mülkiyyətdə olmamışdır.

64. Bundan əlavə, cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və həmin müddətdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq bu münasibətlərin iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

65. Məhkəmə cavabdehin iddia müddətini mübahisələndirməsi ilə bağlı hissəyə münasibət bildirirək qeyd edir ki, göstərilənlər əsassızdır. Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir.

66. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi ilə razı olmadığı üçün müvafiq məhkəmə-ekspertizası təyin olunması barədə tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, o, özü, həmçinin qardaşı Eldəniz Xələfov fiziki şəxs olaraq uzun müddətdir təmir-tikinti işləri ilə məşğul olurlar və bu sahədə nizamlanan bazar qiymətləri barədə çox ətraflı məlumatlıdırlar. Ona görə 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi əsassız hesab etmişlər.Bununla yanaşı, mübahisəli evə dair 18334,0 manat məbləğində dəyərin müəyyənləşdirilməsinin həqiqətə uyğun olmaması adi vizual baxışla təyin edilə bilər.

67. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-in Maddə 14.2., 77.1.,və 88-ci maddələri).

68. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyator apellyasiya baxışı zamanı da evin tikintisinə sərf olunan materiallarla ( tikinti materiaları və dəyəri) əlaqəli hər hansı sübut təqdim etməmişdir, şikayətin dəlili ümumi sözlərlə ifadə olunmuşdur.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 884/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar