Məhkəmə qərarları › İş №2(103)-10499/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10499/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10499/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı «əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(010)-2633/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT (bundan sonra, iddiaçı) cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına (bundan sonra, 1-ci cavabdeh) və Cavabdeh2 (bundan sonra, 2-ci cavabdeh) qarşı «əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 19085 manat əsas, 7315,90 manat faiz borcu olmaqla, ümumilikdə 26400 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, «VOLKSWAGEN PASSAT CC» minik markalı (buraxılış ili: 2012, ban: WVWZZZ3CZDE541924. rəngi: ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X4 Edilməsi Agentliyi» MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-AVK-1343 saylı 06.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2013-cü il tarixli, 21 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 32300 manat məbləğində kredit verilmiş, 21.05.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh, ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, «VOLKSWAGEN PASSAT CC» minik markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 01.05.2013-ci il tarixli, AA seriyalı, 082996 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 arasında 30.04.2013-cü il tarixdə bağlanmış 17 saylı zaminlik müqaviləsinə əsasən, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Kredit Müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. Borcalana verilən vəsaitindən istifadə müddəti 36 aydır, kreditin vəsaitnin istifadə müddəti 30 aprel 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka olan borcu 19085 manat əsas, 7315,90 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26400,90 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(010)- 2633/2021 saylı qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddia tələbinin təmin olunmalı olmasını, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2013-cü il tarixli, 21 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 17 % olmaqla, 32300 manat məbləğində kredit verilmişdir. İşdə olan 30.04.2013-cü il tarixli 17 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İşdə olan 30.04.2013-cü il tarixli 21 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan **-VP- *** dövlət qeydiyyat nişanlı, «VOLKSWAGEN PASSAT CC» minik markalı avtomobili (buraxılış ili: 2012, ban: WVWZZZ3CZDE541924, rəngi: ağ) avtomaşını banka ipoteka qoymuşdur. İpoteka qoyulmuş əmlak 38000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 06 noyabr 2017-ci il tarixli, S-AVK-1343 saylı təhvil-təslim aktına əsasən cavabdehin "xxxx" ASC ilə bağlanmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 19085 manat əsas, 7315,90 manat faiz borcu olmaqla, cəmi 26400,90 manat məbləğində kredit borcu üzrə sənədlər təhvil-təslim olunmuşdur. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı ilə 1-ci cavabdeh arasında 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə 32300 manat məbləğində kredit verilmiş, 1-ci cavabdeh öhdəliyn icrasının təmini kimi mülkiyyətində olan avtomobili 30 aprel 2013-cü il tarixli müqaviləyə əsasən ipoteka ilə yüklü etmiş, həmçinin digər cavabdehlə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASCnə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı cavabdehə aid kredit sənədləri 06 noyabr 2017-ci il tarixli, S-AVK-1343 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan kredit təşkilatına təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı tələb hüququnun ona keçməsinə əsasən hazırki iddianı irəli sürmüşdür. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın əsaslı olması, iddia müddətinin keçib-keçməməsi məsələsidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində məhz bu halı iddianın rədd olunması üçün etirazlarının əsası kimi göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə və s. istinad etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin tələbinə iddiaçının nümayəndəsi etiraz edərək bildirmişdir ki, borclu 2018-ci ilin oktyabr ayında ödəniş etdiyindən iddia müddətinin axımı həmin vaxtdan kəsilmişdir. İddiaçının nümayəndəsi belə bir dəlil irəli sürsə də, bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıdakılara əsasən Cavabdeh2 qarşı da iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızı və Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, 30.04.2013-cü il tarixində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 saylı kredit müqaviləsinin müddəti 30.04.2016-cı il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da cavabdehlər Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşdə olan sübutlardan (kredit müqaviləsi, ödəniş qrafiki, hesabdan çıxarış və s.) görünür ki, 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması 36 ay müddətində həyata keçirilir. MM-in 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir və hazırki kredit müqaviləsi üzrə iddia müddətinin son günü 30 aprel 2016-cı il tarixdə təsadüf etmişdir. İşin hallarından isə aydın olur ki, kredit müqaviləsinin tərəfi olmuş tələbkar "xxxx" ASC tələb güzəşt olunanadək borcu tələb etməmişdir. Tələb hüququ güzəşt olunandan sonra isə iddiaçı qanunla müəyyən olunmuş iddia müddəti ərzində müvafiq tələbi irəli sürməmiş, beləliklə iddia müddəti keçmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə iddia müddətinin keçməməsi nəticəsinə gəlməyə qanuni əsas təşkil etmir. İddiaçı əvvəllər iddia ilə məhkəməyə müraciət etməsi göstərsə də, işdən görünür ki, əvvəlk iddia tələbi 30 aprel 2019-cu il tarixdə, yəni iddia müddəti keçdikdən sonra verilmişdir. Yəni, iddiaçı hələ ilk dəfə məhkəmə müraciət edən zamanı da iddia müddəti keçmişdir. Belə olan halda iddiaçının daha əvvəl məhkəməyə müraciət etməsi barədə dəlilləri iddia müddətinin keçməsini istisna etmir. Bununla yanaşı, iddiaçının ilk tələbi məhkəmə tərəfindən baxılmamış saxlanıldıqdan sonra da uzun müddət (təqribən 6 ay) keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alındıqda belə iddia müddətinin keçməsi müəyyən olunur. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, əsas borc üzrə iddia müddətinin keçməsi əlavə tələblər üzrə də iddia müddətinin keçməsi ilə nəticələnir. Belə ki, MM-in 376-cı maddəsinin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Belə olan halda isə, iddia qalan hissələrdə də təmin oluna bilməz (bununla yanaşı, iddiaçı zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində də iddia qaldırmadığından zaminliyə xitam verilmişdir). MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC BOKT-nin cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı «əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(010)-2633/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(010)- 2633/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar