Məhkəmə qərarları › İş №2(103)-1050/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1050/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1050/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sairə tələbinə") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5619/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrin ləğv edilməsini, onun həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmasını, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 283 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş və artıq uzun müddətdir ki, tədrislə məşğuldur. O, hər zaman işinə vicdanla yanaşmış və ona heç bir zaman rəhbərlik tərəfindən irad belə bildirilməmişdir. Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi olan X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi və onun əvəzinə digər şəxsin, guya onun iştirak etməyi barədə olunan şikayət əsasında dindirilmişdir. Sumqayıt şəhər Prokurorluğunda aparılan araşdırma nəticəsində faktlar öz təsdiqini tapmamışdır. Lakin buna baxmayaraq rəhbərlik yalnız aparılan araşdırmanı əsas götürmüş, işin nəticəsinə baxmadan təcili onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna ona sertifikasiya imtahanında başqa bir müəllimənin yerinə imtahanda iştirak etməyi ilə bağlı intizam tənbehi verilməsi barədə məktub ünvanlamış, daha sonra isə xx.xx.2024-cü il tarixində yenə də Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna eyni məzmunlu məktub ünvanlayaraq yenə də onun guya başqa bir müəllimənin əvəzində sertifikasiya imtahanında iştirak etməyi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq tədbir görülməsinə dair 3-29-59/2-2304/2024 nömrəli məktub ünvanlamışdır. Məktəbin direktoru Fuad Babayev dərhal HİK-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasının 12 saylı protokoluna əsasən onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. Göründüyü kimi heç bir sübut olmadan, yalnız araşdırmanın aparıldığı müddətdə nəticəni gözləmədən onu qanunsuz olaraq işdən azad etmişlər. Həm də bir əmələ görə həm intizam təhbehi, həm də işdən azad olunmağına dair qərar qəbul edilmişdir. O, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. O hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5619/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri 283 nömrəli tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa edilməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli məktəbindən müştərək qaydada 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qət edilmişdir. 4.Qətnamdə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci və 8-ci bəndinə; Azərbaycan Respuiblikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə; 71-ci maddəsinin 2ci hissəsinə, 72-ci maddəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə,189-cu maddəsinin 12-ci hissəsinə istinadən qeyd edilmişdir ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin "ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.Əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz. Belə ki, iş materaillarından müəyyən edilmişdir ki, Bakı şəhəri Təhsil İdarəsi məktəbdə sertifikasiya imtahanında başqa bir müəllimin yerinə imtahanda iştirak etməyi ilə bağlı məktəbə xx.xx.2024cü il tarixdə məktub yazmış və həmin məktubda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv olunması tapşırılmışdır. Təhsil İdarəsinin həmin məktubuna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəb direktorunun xx.xx.2024-cü il tarixli 82 saylı əmri ilə ləğv edilmişdir. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X5 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının sertifikasiya imtahanında başqa bir müəllimin yerinə imtahanda iştirak etməyi ilə bağlı məlumat öz əksini tapmadığından cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmasına baxmayaraq onun barəsində intizam tənbehinin tətbiq edilməsi və əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv olunmasını barədə əmr verilmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqavilləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikası Əməm Məcəlləsinin 189-cu maddəsinin 12-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müıllimi X5 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-c il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş "Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında” qeydə alınmış və məlumat üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır; - Bakı şəhəri 283 nömrəli məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinə əsasən həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir; - Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən l6.09.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd olunanları nəzərə alaraq məktəbin rəhbərliyinə ibtidai sinif müəllimi İddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsi tapşırılmışdır; - Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd olunanları nəzərə alaraq məktəbin rəhbərlinə ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsi barədə müvafiq tədbirlərinin görülməsi tapşırılmışdır; - Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X5 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2(001)-5619/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yerinə iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 noyabr 2005-ci il tarixli qərarına; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28 və 29-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə məhkəməyə təqdim edilmiş “İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024- cü MŞB-10- 2024-00459 nömrəli arayışdan müəyyən olunur ki, cavabdeh qismində yalnız Bakı şəhəri 283 nömrəli orta məktəbi qeyd etmişdir, yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu mediasiya sessiyasından xəbəri olmamışdır və onlara bildiriş göndərilməmişdir. İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə ”xx.xx.2024- cü MŞB-10-2024-00459 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı tərəf yalnız “işə bərpa” xahişi ilə müraciət etmişdir. Yəni ki, iddiaçı məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbi mübahisələndirməyi qanunamüvafiq deyildir. Bakı şəhər Binəqədi rayon məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, Sertifikasiya prosesində baş verən hadisələrə dair təqdim edilmiş sübutlar, xüsusilə cavabdeh tərəfin və Təhsil Nazirliyinin rəsmi məktubları, qərarın qəbulunda lazımi şəkildə nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçıya qarşı xx.xx.2024-cü il tarixli 82 saylı əmrdən başqa heç bir əmr tətbiq edilməmişdir. Bundan əlavə qərar qəbul edilərkən iş materiallarını və tərəflərin mövqelərini kifayət qədər hərtərəfli araşdırılmamışdır. İddiaçının fəaliyyətinin təhsil sistemində nüfuza zərər vurduğu sübuta yetirilmişdir və bu, əmək müqaviləsinin ləğvi üçün kifayət qədər əsas olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsindən əsas narazı olduqları məqamın məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı olduğunu , mediasiya arayışından da göründüyü kimi iddiaçının tələbinin konkret olaraq işə bərpadan ibarət olduğunu, lakin məhkəmə tərəfindən məcburi iş buraxmaya görə əmək haqqı məbləğinin hesablanaraq iddiaçıya ödənilməsinin qət edildiyi, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin tam qanuni və əsaslı olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Bakı şəhəri 283 nömrəli məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinə əsasən həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş. Əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 29-59/2-1571/2024 və xx.xx.2024-cü il tarixli 3-29-59/2-2304/2024 nömrəli məktublarını, Bakı şəhəri üzrə 283 nömrəli tam orta məktəbin X3 xx.xx.2024-cü il tarixində keçirilmiş iclasının 12 nömrəli protokolundan çıxarış göstərilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 48- 51, 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehi apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmir. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında iddiaçının iddia tələbinin yalınz işə bərpa olması barədə arqumentinə münasibətdə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin xahiş etdi hissəsində aydın şəkildə görülür ki, iddiaçının iddia tələbi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi olmuş, həmçinin o da qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə məhkəmələr tərəfindən işə bərpa tələbi barədə işlərə baxılarkən fiziki şəxsin işə bərpası ilə yanaşı məcburi iş buraxma dövrü üçün əmək haqqı məbləğinin ödənilməsi barədə qətnamə qəbul edir. Belə ki, əmək qanunvericiliyinə görə: “əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır”. Apellyasiya şikayətinin digər dəlili olan cavabdeh tərəfin və Təhsil Nazirliyinin rəsmi məktublarının qərar qəbul edərkən məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı məsələyə münasibətdə isə qeyd edilməlidir ki, ilk növbədə Təhsil Nazirliyi rəsmi məktub göndərməmişdən öncə istintaqın başa çatmasını gözləməli idi və araşdırma zamanı işəgötürənin məktəb olduğu,Təhsil İdarəsinin məktubunun hüquqmüəyyənedici sənəd olması sübuta yetirilməmiş, məktəbin isə şikayət vermədiyi müəyyən edilmişdir. Belə ki, sertifikasiya prosesində baş vermiş hadisələrlə bağlı Sumqayıt Rayon Prolururluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Belə olduğu halda işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə ləğv edilməsi üçün hər hansı əsas qalmamış və apellyasiya şikayətində cavabdeh tərəfindən qeyd edildiyi “İddiaçının fəaliyyətinin təhsil sistemində nüfuza zərər vurduğunun sübuta yetirilməsi” öz təsdiqinin tapmamışdır.

12. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35.1.Əmək fərdi və ictimai rifahın əsasıdır.35.6 Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 35.8.Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 83.1.Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5619/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar