Məhkəmə qərarları › İş №2(103)-10502/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10502/2021

23.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10502/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İlk iddiaçının nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(011)- 4529/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək, çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Cavabdeh ilə 03.02.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh, özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə 29.01.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmadan 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank (kurs 1.16 Avro ilə 20.344 avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 avro Bakı şəhərində Azərbaycan manatı ilə 38.000 manat edirdi. 03.02.2018-ci ildə tərəflər rəsmi nikaha daxil olurlar. Bundan 2 gün sonra yəni 05.02.2018-ci il tarixdə 52 saylı DNK-nun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19 da yerləşən 43.8 kv.m ibarət olan, 2 otaqlı mənzilin alqı- salqısı baş tutur, (mənzil təqribi 38.600 manata alınmışdır). Mənzilin alqısatqı prosesində özü iştirak etmiş və mənzilin dəyərini özü ödəmişdir. 19.02.2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX mənzilin çıxarışı onun adına rəsmiləşdirilmişdir. Mənzil sovet layihəli, təmirsiz mənzil idi. Mənzilin təmirinə də xərclənən pul vəsaiti tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank” dakı öz hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrı- ayrı qısa müddət ərzində Cavabdeh göndəmişdir. Yəni mənzilin satın alınmasından əlavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti, onun şəxsi hesabından ödənilmişdir. Həmin mənzildə 3-4 dəfə olmaqla qalmışdır. Nikahları 21.05.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 2(011)-673/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Halhazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır, və orada yaşayır. Cavabdehlə rəsmi boşanmış, bununla da həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bimir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir. -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadm əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən görünür ki, əmlakın ümumi mülkiyyət olması onun nikah dövründə alınması və ər-arvadın ümumi gəlirləri hesabına alınması şərtinin hər ikisi mövcud olmalıdır. Mövcud olan iddiada mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir, belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda Cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməmişdir. Həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Bilal oğlu ilə 03.02.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavebdehlə rəsmi nikaha 03.02.2018-ci il tarixdə girsə də, fakitiki olaraq 20.09.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-arvad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı Bilal oğlu ilə 03.02.2018-ci il tarixdə rəsmi nikaha girdikdən sonra 05.02.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideyinləri rəhmətə getmiş, valideyinlərindən qalan mənzil qardaşı X4 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata 10.11.2017-ci il tarixdə, yəni faktiki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə 31.01.2018-ci il tarixdə 1545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2000 manatadək pul yığılmışdır. Faktiki nikahdan, yəni 20.09.2017-ci il tarixdən 1 ay sonra 10.11.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə Hacı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox hissəsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, Hacının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul olunması istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb təmir etdirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli 2(011)-4529/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməklə, mülkiyyət hüquqları tanınması qət edilmişdir. Qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2 (011)-4529/2021 saylı qətnaməsinin ləğv edilərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlən əsaslara istinad edilmiş, həmçinin göstərilmişdir ki, məhkəmənin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişaraşdırılmalı olan hallar araşdırılmamış, açıq-aydın olan hallara isə göz yumulmuşdur. Qətnamədən həmçinin qarşılıqlı iddiaçı X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2 (011)-4529/2021 saylı qətnaməsinin qarşılıqlı iddiaya dair hissəsinin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən eyni əsaslara istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil ilk iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 ilk iddiaçının apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, özünün verdiyi apellyasiya şikayətini isə müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti təmin edilməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmaqla ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah 03.02.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 05.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili 37.600 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş notariat işin materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı həmin mənzilin əldə edilməsi üçün 37.600 manat pul məbləğini 03.02.2018-ci il tarixdə bank hesabına mədaxil etmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2382 nömrəli reyestr kitabının 221789 nömrəli vərəqində İddiaçı adına 19.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(011)- 673/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək tərəflər arasında 03.02.2018-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 10.11.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20A saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata X1. İş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlardan müəyyən edilir ki, ilk İddiaçı «Kantonalbank» bankındakı hesabından 29.01.2018-ci ildə 23.600 İsveçrə frankı məbləğində pul vəsaiti götürmüşdür. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, ilk İddiaçı ilə qarşılıqlı iddiaçı Aytən İsgəndərova nikahlarını 03.02.2018-ci ildə rəsmi qeyd etdirmişlər. Elə həmin gün də İddiaçı mübahisəli mənzilin dəyərini notariat orqanında aparılmış əməliyyat zamanı notariat orqanının depozit hesabına ödəmiş, mənzilin alqı-satqısı isə 05.02.2018-ci ildə baş tutmuşdur. İlk iddiaçı həmin mənzilin onun şəxsi vəsaiti hesabına əldə edildiyini və ona məxsus olduğunu bildirir, cavabdeh isə həmin mənzilə görə ödənilmiş 37.600 manat vəsaitdən 21.000 manatının ona, qalan hissəsinin isə ilk İddiaçı məxsus olduğunu bildirməklə, mənzilin birgə nikah dövründə əldə edildiyinə istinad edir. Beləliklə, sözügedən mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilibedilməməsi işin mübahisələndirilən halıdır. Məhkəmə kollegiyası hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaların düzgün və obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir: Tərəflərin verdikləri izahatlardan görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı mənzilin faktiki olaraq birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilmədiyini qəbul edirlər. Belə ki, ilk iddiaçı ümumiyyətlə, həmin vəsaitin hamısının ona məxsus olduğunu, mənzilə görə ödənilmiş məbləği mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakıya gətirdyini və burada Azərbaycan manatına çevirərək mənzili əldə etdiyini bildirir. Qarşılıqlı iddiaçı isə mübahisəli mənzili əldə etməmişdən təxminən üç ay əvvəl qardaşı ilə birlikdə paylı mülkiyyətlərində olan mənzilin özünə aid ½ hissəsini satdığını və əldə etdiyi vəsaitin 21.000 manatını bu evin alınmasına sərf etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir. Qeyd edildiyi kimi, tərəflər nikaha 03.02.2021-ci ildə daxil olmuşlar, mübahisəli mənzilin alqı-satqısı müqaviləsi isə 05.02.2021-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi, təqvim hesabı ilə mübahisəli mənzil tərəflər nikaha daxil olduqdan iki gün sonra əldə edilmişdir, bu səbəbdən də mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş hesab edilməlidir. Buna baxmayaraq, iş materiallarından da göründüyü kimi, həmin mənzilin alqı-satqısı ilə bağlı notariat hərəkətləri 03.02.2021-ci ildə başlanmış, mənzilin dəyərinin tam ödənilməsi də 03.02.2021-ci ildə, tərəflərin rəsmi nikaha daxil olduqları gün həyata keçirilmişdir. Tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, bu vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməmişdir. Yaranmış vəziyyətdə mənzilin əldə edilməsinə sərf edilmiş vəsaitin 21.000 manat hissəsinin ona məxsus olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla bağlı qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasından təxminən üç ay əvvəl özünə ½ payla məxsus olan mənzildəki payının satışından gəlir əldə etməsinə və əldə etdiyi həmin gəlirdən 21.000 manat vəsaitin mübahisəli mənzilin alınmasına sərf etməsinə istinad etmişdir. İş materialları ilə həqiqətən də, qarşılıqlı iddiaçı Aytən İsgəndərovanın 10.11.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata satdığı müəyyən olunur. Lakin qarşılıqlı iddiaçı bu alqı-satqıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. «C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə kollegiya işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin ilk İddiaçı ilə qarşılıqlı iddiaçı Aytən İsgəndərovanın ümumi gəlirləri hesabına əldə edilməsi sübut olunmur. Bu səbəbdən mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti deyil, ilk İddiaçı mülkiyyəti hesab edilməlidir və iddia tələblərinə hüquqi qiymət verilərkən bu hal nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, habelə mənzildən istifadə ilə bağlı tərəflərin arasında hər hansı başqa razılaşma olmadığından, qarşılıqlı iddiaçı Aytən İsgəndərova mübahisəli mənzildən istifadə hüququnu itirmiş hesab edilməlidir. Eyni əsaslarla məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin tərəflərin birgə əmlakı olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən həmin mənzilə pay hüququnun müəyyən edilərək bölünməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İddia tələbinin “istifadə hüququna xitam verilməsinin cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb mülki mübahisədə müstəqil tələb kimi irəli sürülməsi yolverilməzdir. Belə ki, şəxsin qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilən bir fəaliyyət növüdür və bunun üçün həmin qanunla nəzərdə tutulan əsaslar olduqda şəxs qeydiyyatda olduğu ünvandan həmin orqan tərəfindən qediyyatdan çıxarılır. Bu fəaliyyəti həyata keçirən inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı şikayətlər isə inzibati icraat qaydasında məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçının mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya dair ilk iddiası əsaslı, qarşılıqlı iddiaçı Aytən İsgəndərovanın birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası isə əsassız olmuş, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası bu nəticə gəlir ki, ilk İddiaçı apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddia tələbi təmin edilməklə X2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalı, mübahisəli mənzilə 2/3 hissədə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsinə dair X2 qarşılıqlı iddiaası isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İlk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4529/2021 saylı iş üzrə 05.08.2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh X2 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 20A, 19 saylı mənzildən istifadə hüququna xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar