Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10518/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əlilbala qızının nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh2, Cavabdeh1 Ağamehdi oğlunun iştirakları ilə İddiaçı Əlilbala qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ağamehdi oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4126/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, onu, azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, 21 oktyabr 2008-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan dərhal sonra onlar, həyat yoldaşının ailəsinə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və 2008-ci il tarixdən 2020-ci ilin yanvar ayına qədər orada yaşamışlar. Yoldaşının əmisi, X4 məxsus olan həmin ünvanda, bir neçə fərdi yaşayış evi mövcud olmuşdur ki, həmin evlərdən biri də onlara məxsus olmuşdur. Onların birgə nikahından 12.01.2010-cü il tarixdə X7 və 06.04.2012-ci il tarixdə X8 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə, onunla Cavabdeh2 arasında olan nikah pozulmuş və o, həyat yoldaşına məxsus evi tərk edərək, müxtəlif ünvanlarda yaşamağa məcbur olmuşdur. O, cavabdehlə evlənib ailə üzvü kimi cavabdehin yaşadığı ünvana köçdükdən sonra, cavabdehlə birlikdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışdır. Onun cehiz mebelləri, digər əşyaları hal-hazırda da cavabdehin yaşadığı həmin ünvanda fərdi yaşayış evindədir. Onun həmin ünvana köçdükdən sonra (birgə yaşayıb ümumi təsərrüfat aparan zaman) umumi qazanc hesabına, yaşadıqları birmərtəbəli evin 2 otaq, bir eyvan və bir mətbəxdən ibarət olan ikinci mərtəbəsini tikmişlər. Həyat yoldaşından boşandığı vaxtdan etibarən, o, uşaqları ilə birlikdə müvəqqəti olaraq məcburiyyət üzündən Xırdalan şəhərində valideyinlərinin mənzilində yaşayırlar. Həmin mənzil ona məxsus deyildir, həmin mənzildə onlardan başqa atası, anası, əmisi və əmisinin uşaqları yaşayırlar. Onun körpə uşaqları vardır. Cavabdeh onları evə buraxmır. Uşaqlarının və onun özünün daimi və normal yaşayış şəraiti olmalıdır ki, bu da hal-hazırda onun ailəsi üçün mövcud deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4126/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etməmiş, səhv nəticəyə gəlmişdir. Həmçinin hal-hazırda evsizeşiksiz olmağı, gəlin gələrkən həmin ünvana gəlməsini, övladları ilə birlikdə 13 il həmin evdə yaşamasını, birisi anadangəlmə sağlamlığı məhdud olmaqla iki qız övladının aqibəti nəzərə alınmamışdır. Məhkəmə işin faktiki hallarını lazımı qaydada araşdırmamış, işin əsil mahiyyətinə varmadan həqiqətə uyğun olmayan nəticəyə gəlmiş, səhv qərar qəbul etmişdir. Köçürülmək istədiyi evin həyətində həmin evlə birlikdə, ümumilikdə 6 (altı evin) evin də olmasını yerində görmək və dəqiqləşdirmək üçün verdiyi şifahi vəsatətlər təmin olunmamışdır. Halbuki əsil həqiqətin üzə çıxması üçün bu şərt hökmən vacib idi. İşi aparan hakim məhkəmə prossesini elə birinci iclasdaca 5-6 dəqiqə ərzində, heç bir normal araşdırma aparmadan dərhal yekunlaşdırmış, tam araşdırma, normal çəkişməyə imkan verməmişdir, tələm tələsik qərar qəbul etmişdir. Halbuki uşağın atasının və nənə-babasının evindən istifadə etmək hüququ vardır. Onun hal-hazırda daimi və normal şəraitli yaşayış yeri olmadığı üçün, biri doğuşdan xəsə olan iki qız övladı ilə birlikdə müxtəlif ünvanlarda, daimi yaşayış yeri olmadan yaşamağa məcbur olmuşdur. Cavabdeh onları evə buraxmır. Halhazırda da onun əşyaları cavabdehin evindədir. Evin ikinci mərtəbəsi, birgə nikah dövründə, onların birgə yaşadığı dövrdə tikilmişdir. Uşaqlarının və onun özünün daimi və normal yaşayış şəraiti olmalıdır ki, bu da hal hazırda onun ailəsi üçün mövcud deyildir. Onların ailə qurduqdan sonra yaşadıqları və hal- hazırda köçürülmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hesab edir ki, tərəflər arasındakı münasibətlər 2000-ci ildən sonra yaransa da, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının gəlin kimi köçdüyü vaxt xüsusi mülkiyyətdə olmadığı üçün həmin hüquq münasibətlərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli ev 2013-cü ildən sonra tikilmişdir, iddiaçıya məxsus əşyalar hal-hazırda da həmin evdədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, mübahisəli ev 2006-cı ildə tikilmişdir, əmisi onlara həmin evdə yaşamağa icazə də vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Ağamehdi oğlu apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, iddiaçıya müvəqqəti olaraq mübahisələndirilən evdə yaşamasına icazə vermişdir. Halbuki həmin evin tikilməsinin iddiaçıya aidiyyəti olmamış, tikili onun həyətində oğlu Pərvizin vəsaiti hesabına inşa edilmişdir. Kollegiya apellyasiya izahatları dinləyib, şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1976/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əlilbala qızı və Cavabdeh2 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində 21.10.2008-ci il tarixdə 1125 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 12.01.2010-cu il təvəllüdlü X7 və 06.04.2012-ci il təvəllüdlü X5 anaları İddiaçı Əlilbala qızının yanında qalmasının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 mart 2020-ci iltarixli2(004)-1976/2020 nömrəli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulmasının dayandırılması, 12.01.2010-cu il təvəllüdlü X7 və 06.04.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 16.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh2 hər ay hər uşaq üçün 170 manat, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Əlilbala qızına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, ünvan 1 mülkiyytəçisi Cavabdeh1 Ağamehdi oğludur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Əlilbala qızı və Cavabdeh2 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində 21.10.2008-ci il tarixdə 1125 nömrəli akt qeydi ilə nikah bağlanmış, tərəflərin birgə nikahdan 12.01.2010-cu il təvəllüdlü X7 və 06.04.2012-ci il təvəllüdlü X8 adlı övladları olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən 1 otaqda yaşamışlar. Tərəflər arasında olan nikan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1976/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqların analarının yanında qalması və cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh X2 mülkiyyətindədir. İddiaçı Cavabdeh2 ilə aralarında olan nikah pozulduqdan sonra, mübahisəli evi tərk edərək, öz valideynlərinə məxsus evə köçmüşdür. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qeyd olunmalıdır ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı evin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İşin faktiki halları iə sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Bundan başqa ünvan 1 mülkiyytəçisi Cavabdeh1 Ağamehdi oğludur. İddiaçı Cavabdeh1 Ağamehdi oğluna məxsus evə gəlin köçərək yaşasa da, onun həmin evə istifadə hüququ yaranmamışdır. İddiaçı hazırda mübahisəli evdə yaşamır və mübahisəli evin mülkiyyətçisi olan iş üzrə Cavabdeh1 Ağamehdi oğlunun ailə üzvü deyildir. Bundan başqa iş üzrə digər Cavabdeh2 da, evin mülkiyyətçisi olan Cavabdeh1 Ağamehdi oğlunun ailə üzvü deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququ olmadığından, ünvan 1-ə köçürülməsi barədə iddia rədd edilməlidir. Apellyasiya baxışı zamanı mübahisəli tikilinin yerləşdiyi əraziyə yerli baxış təyin edilmiş və iddia edilən mübahisəli sahənin ardıcıllıqla yerində müayinəsi keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, üstü taxta ilə örtülü dar girişdən daxil olduqdan sonra bir birinə bitişik bir mərtəbəli və 2 mərtəbəli evlər yerləşmişdir. Dar girişdən daxil olduqdan sonra sağ tərəfdə iki mərtəbəli, dəmirdən ayrıca pilləkəni və girişi olan ev yerləşir. Evdən sola dönüb düz getdikdə yolun solunda pəncərəsi olan birmərtəbəli ev yerləşir, sağ hissəsində isə bir mərtəbəli evin giriş qapısı yerləşir. Bu yolun sonuna çatıb sağa döndükdə 2 mərtəbəli evin ikinci mərtəbəsinə dəmir pilləkənlərlə qalxmaq olur və ayrıca bir giriş qapısı var. Yolun sonuna çatıb sağa döndükdə sözügedən 2 mərtəbəli evin aşağısında bir ev tikilmişdir. Bu ev 2 mərtəbəli evin birinci mərtəbəsidir, ayrıca giriş qapısı var və yolun sonunda sağda yerləşir. Sözügedən evlə üzbəüz birmərtəbəli ev və onun giriş qapısı yerləşir. Bu ev girişdən daxil olarkən sola dönərək gedilən yolun sonunda yerləşən bir mərtəbəli evin giriş qapısıdır. Bu evlərin arasında olan ərazidə ikinci mərtəbədə bir ev tikilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ümumi qazanc hesabına, yaşadıqları birmərtəbəli evin 2 otaq, bir eyvan və bir mətbəxdən ibarət olan ikinci mərtəbəsini tikmələrini bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehlər həmin tikilinin Rafaelin mülkiyyətində olan evin üzərində sonradan inşa edilməsini, həmin tikilinin dövlət reyetrindən qeydiyyatdan keçməməsini qəbul etsələr də, tikilnin Ceyhunun və Günayın vəsaiti hesabına deyil, Cavabdeh1 oğlu Pərvizin vəsaiti hesabına 2006-cı ildə inşa edildiyini, 2008-ci ildə onlar ailə quran vaxt artıq həmin tikilinin mövcud olduğunu bildirmişlər. İşin faktiki hallarından göründüyü kimi də Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 24 saylı evin mülkiyytəçisi Cavabdeh1 Ağamehdi oğludur, həmçinin iddiaçının köçüb yaşamaq istədiyi özbaşına tikilinin sahibi iddiaçı və cavabdeh Ceyhun deyil, sonunculara müvəqqəti olaraq həmin ünvana köçərək yaşamalarına Cavabdeh1 icazə vermişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən istinad etsə də, iddiaçının evin sahibinə münasibətdə keçmiş ailə üzvü olması halı da müəyyənedilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4126/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10518/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver