Məhkəmə qərarları › İş №2(103)-10531/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10531/2021

25.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10531/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(011)- 7367/2021 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən torpaq sahəsindən çıxarılması və həmin sahənin qanunsuz istifadəsindən alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış və Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən, Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən, onun və digərlərinin istifadəsinə qadağa qoyulması və həmin əraziyə giriş-çıxışın məhdudlaşdırılmasına cavabdehə həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(011)- 7367/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən hər-hansı hərəkətlər (tikinti-söküntü işlərinin aparılması, başqa şəxslərin istifadəsinə verilməsi və s.) edilməsi cavabdehə qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Qərardaddan cavabdeh tərəfin verdiyi şikayət məhkəmənin 27.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində qərardadın ləğv olunması və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh və vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.10.2005-ci il tarixli Sərəncamından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 18.08.2005-ci il tarixli 921 saylı razılıq məktubu, "xxxx" MTK-nın 12.08.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,73 ha torpaq sahəsi, icarə əsasında həmin mənzil-tikinti kooperativinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-nin 22.09.2015-ci il tarixli 02 saylı müraciətini və “X1” MTK-nın 22.09.2015-ci il tarixli 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamının 1ci bəndi ilə “X1” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi hazırki iddia tələbi cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən torpaq sahəsindən çıxarılması və həmin sahənin qanunsuz istifadəsindən alınaraq İddiaçı MMC-yə təhvil verilməsi ilə bağlıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli Sərəncamından müəyyən edilir ki, “X1” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Məhkəmə isə bu halı nəzərə almadan Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən hər-hansı hərəkətlər (tikinti-söküntü işlərinin aparılması, başqa şəxslərin istifadəsinə verilməsi və s.) edilməsinin cavabdehə qadağan edilməsi qənaətinə gəlmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, qərardad dəyişdirilməli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli Sərəncamına əsasən torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmış 0,4984 ha hissəsində Cavabdeh tərəfindən hər-hansı hərəkətlər (tikinti-söküntü işlərinin aparılması, başqa şəxslərin istifadəsinə verilməsi və s.) edilməsi qadağan edilməlidir. Həmin torpaq sahəsi ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(011)- 7367/2021 saylı qərardadı dəyişdirilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli Sərəncamına əsasən torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmış 0,4984 ha hissəsində Cavabdeh tərəfindən hərhansı hərəkətlər (tikinti-söküntü işlərinin aparılması, başqa şəxslərin istifadəsinə verilməsi və s.) edilməsi qadağan edilsin. Qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar