Məhkəmə qərarları › İş №2(103)-10542/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10542/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10542/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndələri X7 və Vəkil1 (vəkil) iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı Ədalət qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Ədalət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik 28 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş №2(001)-2089/21) İddiaçı Ədalət qızının Cavabdeh və məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil- Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin olunmamışdır.. İddiaçı apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 28 ünvanında yerləşən mənzil X3na və özündən başqa dörd nəfərdən: arvadı (anası) X4, qızı (bacısı) X5, qızı (o) Rəşidova (Əsgərova) Mehriban Ələddin qızından və oğlu (qardaşı) Əsgərov (Muxtarov) Qabil Ələddin oğlundan ibarət ailə üzvlərinə o zamankı Bakı şəhər Soveti İcraiyyə Komitəsi tərəfindən 12.08.1969-cu il tarixli, 016305 saylı order əsasında ayrılıb verilmişdir. X2 31.10.1998-ci ildə vəfat etmiş, atası X13 ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh anadan olmuşdur. X3 24.08.2001-ci ildə vəfat etmişdir. Hazırda o, özü də daxil olmaqla ailə üzvlərinə verilmiş və istifadəsində olan qeyd olunan mənzili özəlləşdirə bilməsi üçün cavabdehin mənzildə qeydiyyatda olması məhdudiyyətlər yaradır. Halbuki, cavabdeh mənzildən istifadə etmir və faktiki olaraq on ildən artıqdır ki, Türkiyə Respublikasında (Sincan vilayətində) ailəsi ilə yaşayır. Belə ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı olan Hayat Bekir adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların X21 adlı 30.07.2012-ci il təvəllüdlü övladları vardır. O, göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və düzgün qiymətləndirməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayarkən aşağıdakıları nəzərə almışdır. Məhkəmə ilk növbədə tərəflərin izahatlarına və tədqiq edilmiş sübutlara əsasən işin mübahisələndirilən və mübahisələndirilməyən aşağıdakı hallarını müəyyən etmişdir. 1) İddiaçı Ədalət qızı, onun nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş X12 və Cavabdeh X6 övladlarıdırlar. İddiaçı və onun nümayəndəsi öz arasında doğma, cavabdehə münasibətdə ögey bacı-qardaşdırlar. 2) Mübahisə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 12 avqust 1969-cu il tarixli, 016305 saylı orderi əsasında X8 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik 28 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlıdır. X11 iddiaçı və onun nümayəndəsi X7 X2 ilə 1985-ci ildə nikahlarına xitam verdikdən sonra cavabdehin anası X13 ilə nikaha daxil olmuşdur. İddiaçının atası və anası, cavabdehin atası və anası vəfat etmişdir. 3) 1963-cü il tarixli orderin əsasında icarədar X8 35 kv.m yaşayış sahəsi verilmişdir. Həmin yaşayış sahəsi əlavə zəbt olunan ərazisinin hesabına artırılmış və X11 ilə X10 arasında nikahları pozulduqdan sonra şərti olaraq bölünmüş və hazırkı vəziyyətdə mövcud olan yaşayış sahəsində X11, onun arvadı X13 və onların nikahlarından olan, hazırda cavabdeh qismində cəlb olunan Cavabdeh yaşamışdır. Digər hissədə isə X6 birinci nikahdan olan və müvafiq orderdə adları qeyd edilən şəxslər, eyni zamanda hazırkı iddia üzrə iddiaçı və iddiaçının nümayəndəsi X12 yaşamışdır. Bir müddət sonra, yəni 2000-ci ildə X12 X2 vəfat etdikdən sonra şərti olaraq ayrılmış yaşayış sahəsini digər şəxsə satmışdır. 4) Müvafiq orderdə adları qeyd olunan şəxslərdən icarədarın qızı və oğlu İddiaçı Ədalət qızı və X1, digərləri, o cümlədən icarədar vəfat etmişdir. 5) Cavabdeh təqribən 10 ilə yaxın müddətdir ki, Turkiyə Respublikasında daimi əsaslarla yaşayır. 6) İddiaçı və onun nümayəndəsi X12 da mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk edərək fərqli ünvanlarda yaşayırlar. Yuxarıda qeyd edildiyi kimi şərti bölünmüş yaşayış sahəsi satıldıqdan sonra iddiaçı və onun nümayəndəsi X12 müvafiq orderin əhatə etdiyi yaşayış sahəsində yaşamamışlar. 7) Məhkəmə mübahisəli yaşayış sahəsində yerində müayinə aparmış və müəyyən etmişdir ki, hal-hazırda həmin yaşayış sahəsində uzun müddətdir ki, heç kim yaşamır və faktiki olaraq ərazi yaşamağa yararsızdır. 8) İddiaçı və onun nümayəndəsi cavabdehin anasının vəfatına qədər bu barədə mübahisə etməmiş və cavabdehin anası X13 vəfat etdikdən sonra cavabdehlə danışıqlar aparmış və yaşayış sahəsinin özəlləşdirilərək satılmasını təklif etmişlər. Tərəflər arasında nə o vaxt, nə də məhkəmə prosesi zamanı danışıqların nəticəsi olmuşdur. Hətta sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, barışıq sazişi hazırlanmış, lakin cavabdeh barışıq sazişi ilə razılaşmayaraq, ona 10000 manat pul vəsaiti ödənilməsi müqabilində mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyəcəyini bildirmişdir. Lakin iddiaçı tərəfin təklifi ondan ibarət olmuşdur ki, mənzil özəlləşdirilməli, təmir olunmalı və nəhayət satıldıqdan sonra əldə olunan vəsait 3 hissəyə bölünməlidir. 9) İddiaçı tərəf iddiasını onunla əsaslandırmışdır ki, onların müvafiq orderdə adları vardır və istifadə hüququ mövcuddur, cavabdehin isə istifadə hüququnun mövcud olmuş olmasını qəbul edirlər, lakin bu hüquq artıq itirilmişdir. Belə ki, keçmiş Mənzil Məcəlləsinə görə yaşayış sahəsinin istifadə hüququ 6 ay saxlanılır, cavabdeh isə 10 ildir ki, daimi əsaslarla Türkiyə Respublikasında yaşayır. 10) Məhkəmə iclaslarında nümayəndə və vəkil tərəfindən təmsil olunan cavabdeh iddianı qəbul etməmiş və mübahisəli yaşayış sahəsinin bölünməsi barədə məhkəmə qətnaməsinin olmasını, həmin yaşayış sahəsinin cavabdehin anası tərəfindən cavabdehə vəsiyyət olunmasını, iddiaçının həmin yaşayış sahəsi ilə bağlı olmamasını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili etirazını əsaslandırdığı hallara dair mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, həmin yaşayış sahəsinin statusu özəlləşdirilməmiş olaraq qalmış və vəsiyyətnamənin həmin yaşayış sahəsinə aidiyyətini sübut edə bilməmişdir. O cümlədən mənzilin bölgüsü ilə bağlı məhkəmə qətnaməsini deyil, iddia ərizəsini təqdim etməklə kifayətlənmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin mübahisənin mahiyyəti üzrə gəldiyi nəticəyə əsasən iddia 2000-ci ilədək mövcud olmuş, orderli yaşayış sahəsinə istifadə hüququnun itirilməsi olduğundan hazırkı iddia tələbinin qanuni əsasını keçmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi təşkil edir. İddiaçı tərəf də istifadə hüququna xitam verilməsi tələbi irəli sürmüş olsa da, faktiki olaraq həmin hüquqi əsasa istinad edir. Məhkəmənin qənaətinə görə yaşayış sahəsindən istifadəyə dair münasibətlər 2000ci ilədək yarandığından, mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Eyni zamanda məhkəmə mübahisə predmeti olan mənzilin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyini də vurğulamış və mübahisəli yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmamasını və orderli yaşayış sahəsi olmasını nəzərə alaraq hesab etmişdir ki, mübahisəyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, qanunvericilik yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia qaldırmaq hüququnu kirayədara (icarədara) və həmin sahədə daimi yaşayan şəxslərə vermişdir. İşin müəyyən edilmiş halı isə ondan ibarət olmuşdur ki, iddiaçı nə icarədardır, nə də ki həmin yaşayış sahəsinin daimi istifadəçisidir. Belə ki, iddiaçı orderdə icarədarın ailə üzvü kimi qeyd edilmiş şəxsdir və o ilk icarədar əvəzinə icarədar hesab edilməmişdir (Keçmiş Mənzil Məcəlləsi-maddə 85). Eyni zamanda iddiaçı Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 20-də qeydiyyatda olmaqla, mübahisəli yaşayış sahəsində uzun müddətdir ki yaşamır. Bundan başqa həmin yaşayış sahəsində xeyli vaxtdır, ən azından cavabdehin anasının vəfatından sonra ümumiyyətlə heç kim yaşamamışdır. İşin mübahisəsiz hallarından biri də ondan ibarət olmuşdur ki, faktiki olaraq mövcud olan (şərti bölgüdən sonra qalan yaşayış sahəsi) yaşayış sahəsində iddiaçının atası ilə ikinci nikahdan olan arvadı və cavabdeh yaşamışdır. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur və elə bu əsasla da iddia rədd edilməlidir. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarını düzgün müəyyən olunmaması və düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmış, işin halları düzgün müəyyən olunmuş, həmin hallara uyğun gələn maddi hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır». Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ilk növbədə bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğunu sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən hazırkı iddianı qaldırmaq hüququ olduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə sübutlar qiymətləndirilərkən birinci instansiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar