Məhkəmə qərarları › İş №2(103)-10555/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10555/2021

25.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10555/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhram oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhram oğluna və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4802/2021 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 194 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək mənzilə köçürmə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılıb qurtarana qədər İddiaçı ünvan 2 ünvanında yerləşən 194 saylı mənzildən maneəsiz istifadə etməsi məqsədi ilə Cavabdeh1 və digərlərinə iddiaçının həmin mənzilə daxil olmasına maneə törədən hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4802/2021 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə istinadən) ərizə təmin edilməmişdir. Qeyd edilmişdir ki, iddianın təmin tədbiri barədə xahiş "işin mahiyyəti üzrə həll olunması” istiqamətində olduğundan ərizə təmin oluna bilməz. İddiaçı qərardaddan şikayət verərək Nərimanov Rayon .Məhkəməsinin 01.10.2021 -ci il tarixli 2(005)-4802/2021 saylı Qərardadını ləğv edib, İddiaçı ünvan 3 ünvanında yerləşən 194 saylı mənzildən maneəsiz istifadə etməsi məqsədi ilə Cavabdeh1 və digərlərinə iddiaçının həmin mənzilə daxil olmasına maneə törədən hərəkətlərin qadağan edilməsi barədə yeni qərardad qəbul edilməsi, əks təqdirdə bu şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 194 saylı mənzildə qeydiyyatdadır və cavabdehlə mübahisə yaranana qədər yəni 06.09.2021-ci il tarixə qədər həmin mənzildə yaşayırdı, əşyaları həmin mənzildədir. Lakin o, Cavabdeh1 və digərləri tərəfindən mənzilə buraxılmadığı üçün mənzildən və əşyalarından istifadə edə bilmir. Mahiyyəti üzrə iddianın təmini tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını alınaq məqsədilə tətbiq edilir. Hazırki vəziyyətdə iddiaçı tanışlarının yanında da qala bilmir və iş mahiyyəti üzrə baxılıb qurtaranadək külli miqdarda puİ vəsaiti xərcləməlidir ki, kirayə mənzildə yaşasın. Bu isə onun vəziyyətini olduqca çətinləşdirir. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının məruz qalacağı maddi və mənəvi zərəri gələcəkdə aradan qaldırmaq olduqca çətin olacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4802/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək, iddiaçının əşyalarının həmin mənzildə olmadığını və orada yaşamadığını bildirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Bəhram oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının həmin mənzildə qeydiyyatda olduğunu, lakin orada daimi yaşamadığını, ara-bir gəlib-getdiyini, mənzilin arvadı və iddiçının atasına məxsus olduğunu, atası vəfat etdikdən sonra miras bölgüsü ilə bağlı iddiçıya müraciət etdiyini, lakin iddiaçıının bunu qəbul etməyərək mənzilin satılmasını təkid etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15, 77, 88, 157-164, 236, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianın təmini tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə təmin tədbiri üzrə dəlillərinə dair təsdiqedici məlumatların təqdim edilməsi ilə yanaşı iddianın əsaslılığına dair ilkin sübutların da mövcudluğunu, habelə tədbirin məqsədlərinə müvafiq tələbə uyğunluğunu tələb edir. Əks halda qeyd edilən prosessual hüquq normasının tətbiqi dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərayit yaradan hal kimi yolverilməzdir. İşə əlavə edilmiş sənədlərin nüsxələrindən və cavabdehlərin izahatlarından mənzilin iddiaçının mərhum atasına məxsusluğu və vərəsəliyin həll edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə iddia təmini tədbiri barədə ərizədə iddianın mahiyyəti yönəmində həll edilməsi ilə yanaşı mənzildən maneəsiz istifadə etməsi məqsədi ilə Cavabdeh1ı və digərlərinə iddiaçının həmin mənzilə daxil olmasına maneə törədən hərəkətlərin qadağan edilməsi kimi ayrıca tələbin ünsürləri də qeyd edilmişdir. Burada, “mənzildən maneəsiz istifadə” və “mənzilə daxil olmasına maneə törədən hərəkətlərin qadağan edilməsi” kimi ibarələr ayrıca tələbin tərkibi və sui-istifadəyə şərait yaradan amillər kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263,264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4802/2021 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar