Məhkəmə qərarları › İş №2(103)-1056/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1056/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1056/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və qeyrisinə ("xxxx" KB ASC və qeyrisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində kimi cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və X3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 evin, 17 saylı mənzilin məcburi qaydada satılması ilə əlaqədar keçirilmiş xx.xx.2021-ci il tarixli yekun protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı, 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ondan tutulması, habelə tələbin onun mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin ,17 saylı mənzilinə yönəldilməlidir. İcra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclunu məlumatlandırmalı olsa da, bunu etməmişdir. Nəticə etibarilə ona məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. "xxxx" MMC onu keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44625 manat dəyərində tələbkar banka təklif edilmiş və tələbkar bank həmin mənzili qanunsuz olaraq ələ keçirmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, qeyd olunan icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona (istər poçt vasitəsi ilə istərsə də, şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

6. “İpoteka Haqqında” Qanunun 41.2-ci maddəsinin tələbindən görünür ki, icra məmuru yalnız ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığı ilə və “İcra Haqqında” Qanuna uyğun olaraq tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldə bilər. Onun mənzilinin hərrac yolu ilə satışını sifariş etmiş cavabdeh Xətai rayon İcra şöbəsi və həmin hərracı həyata keçirmiş "xxxx" MMC tələm tələsik hərracı yekunlaşdıraraq onu keçirilmiş hərrac haqqında məlumatdırmadan mənzilin guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə aşağı qiymətə yəni 44625 manat dəyərində tələbkar banka təklif edilmiş və tələbkar bank həmin mənzili qanunsuz olara ələ keçirmişdir. Hesab edir ki, cavabdehlər Xətai rayon İcra şöbəsi və həmin hərrac həyata keçirmiş "xxxx" MMC tərəfindən onu məlumatlandırmadan mənzilin satılması tam qanun pozuntusudur. Onun hərrac haqqında yalnız 2022-ci ilin 01 mart tarixində məlumatı olmuşdur. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, onun evini 13.000 ABŞ dolları borca görə, ona məlumat vermədən hərracdan ələ keçirmişlər. Ona icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilməmişdir. Hərrac barədə ona hərrac mərkəzi tərəfindən ümumiyyətlə məlumat verilməmişdir, həmin vaxt mənzildə yaşamamışdır, onun hərracdan məlumatı olsaydı həmin mənzili özü ala bilərdi. Hesab edir ki, 120.000-130.000 manat dəyəri olan evin ona hərrac barədə hər hansı məlumat verilmədən 13.000 ABŞ dolları borca görə cəmi 44625 manat dəyərində banka təklif edilərək onun mülkiyyətinə keçməsi, daha sonra isə bank tərəfindən həmin evin xx.xx.2022-ci il tarixdə üçüncü şəxsə satılması onun qanunla qoruna hüquq və mənafelərini açıq-aşkar pozmuşdur. Onun banka 13.000 ABŞ dolları borcu olduğu halda, 120.000-130.000 manat dəyəri olan evi elden gedir, bank həmin evi 84.000 manata satır, ona da 20.000 manat verir- bütün bunlar onun qanunla qorunan hüquq və mənafeyinin açıq-aşkar pozulduğunu göstərir. İddiaçı həmçinin bildirdi ki, ona icra sənədinin könüllü icrası barədə bildiriş də gəlməmiş, hərracın keçirildiyi vaxtlar ölkədə “COVİD-19” pandemiyasının geniş yayıldığı dövrə düşmüş, o da Qəbələ rayonunda olmuş, həmin vaxt ölkədə hərəkət məhdudiyyətləri də var idi, onun nə keçirilmiş hərraclardan məlumatı olmuş, nə də ona nə hərrac təşkilatı, yaxud bank tərəfindən telefon vasitəsi ilə də məlumat verilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, bildirdi ki, hərrac “İpoteka Haqqında” Qanunun tələblərinə zidd olaraq, ipoteka qoyana məlumat verilmədən keçirilmişdir, icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında cavabdehə (istər poçt vasitəsi ilə istərsə də, şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Hazırkı iş üzrə üç dəfə hərracın təyin edildiyini, bir dəfə İcra şöbəsi tərəfindən hərracın dayandırıldığını qeyd edərək, bunlar barədə də iddiaçıya heç bir məlumat verilmədiyini bildirdi. Həmçinin göstərdi ki, Qanunun tələbinə görə də, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Beləliklə, iddiaçıya nə icra vərəqinin könüllü icrası, nə də hərrac barədə heç bir məlumat verilmədiyindən, iddiaçının hüquq pozulmaqla keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, hərrac təşkilatı tərəfindən üç dəfə hərrac təyin edilsə də, İcra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın dayandırılması barədə məktub daxil olmuş, həmin hərrac keçirilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2(011)-154/2019 saylı icra vərəqəsinin surətinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 12193,25 (on iki min yüz doxsan üç dollar, iyirmi beş sent) ABŞ dolları əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla və 30 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir.Tələbin İddiaçı mülkiyyətində olan ünvan 4 evin, 17 saylı mənzilinə yönəldilməsi, cari əmlakın 70000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 (on üç min üç yüz bir dollar altmış beş sent) ABŞ dolları məbləğində və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və xidmət haqqı iddiaçı "xxxx" ASC-yə ödənilməsi göstərilmişdir.ünvan 4 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzil boşaldılması qeyd edilmişdir.

13. Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2019cu il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı qarşı 12193,25 (on iki min yüz doxsan üç dollar, iyirmi beş sent) ABŞ dolları əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla və 30 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir.

14. 07.05.2021-ci il tarixli Bildiriş-Xəbərdarlıqdan görünür ki, borclu İddiaçı tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuş, əks təqdirdə tələbin məcburi icraya yönəldiləcəyi bildirilmişdir.

15. "xxxx" ASC xx.xx.2021-ci il ödəniş tapşırığına əsasən 1890,89 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən, 18.133,84 manat, 1587,10 manat İddiaçı hesabına ödəmişdir.

16. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli hərracın keçirilməsinə dair İddiaçı və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış bildirişinin surətinə və Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini təşkil edən ünvan 4 evin, 17 saylı mənzilin satışı üçün hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədədir (i/v 84);

17. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli hərracın keçirilməsinə dair İddiaçı və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış bildirişinin surətinə və Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini təşkil edən ünvan 4 evin, 17 saylı mənzilin satışı üçün hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədədir (i/v 86);

18. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 01/2158 nömrəli hərracın keçirilməsinə dair İddiaçı və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış bildirişinin surətinə və Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini təşkil edən ünvan 4 evin, 17 saylı mənzilin satışı üçün hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədədir (i/v 87);

19. Həmin bildirişin çatdırılması barədə qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdir (i/v 88) .

20. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 4 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500 , ipoteka predmetinin “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "xxxx" ASC əldə etmişdir.;

21. “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixə buraxılışlarından görünür ki, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir;

22. Bakı şəhəri 52 saylı dövlət kontorunun dövlət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" ASC satıcı olaraq ünvan 4 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84 000 manata alıcı X1;

23. 27.06.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

25. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

28. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

29. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

30. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

31. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

32. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

45. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

46. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:

47. Maddə 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

50. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir.

51. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur.

52. Bundan əlavə, mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasında dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdir (i/v 88) .

53. Eyni zamanda, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir.

54. Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.

55. Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

56. Hazırkı iş materiallarından məlum olur ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixdə keçiriləcək təkrar hərrac barədə tərəflərə ünvanlanmış bildirişin tarixi isə xx.xx.2020-ci ildi. Bununla da məlum olur ki, hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.5-ci maddələrinin elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir) barədə imperativ göstərişi pozulmuşdur.

57. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. (İpoteka haqqında Qanunun 46.1-ci maddəsi).

58. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

59. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla kecirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

60. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).

61. Bundan əlavə, Kollegiya onu da qeyd edir ki, hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçının əmlak mənafeyi və maraqlarını pozmuşdur.

62. Belə ki, mülki iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 4 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500 , ipoteka predmetinin “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "xxxx" ASC əldə etmişdir (i/v 68).

63. Bundan sonra həmin əmlak 52 saylı dövlət kontorunun dövlət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" ASC satıcı olaraq ünvan 4 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84 000 manata alıcı X1 (i/v 54-55).

64. Göründüyü kimi, iddiaçının əmlakının öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması müəyyən edilmişdir.

65. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

67. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

68. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarına əməl edilməmiş, işi tam və hərtərəfli araşdırmamış, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, şikayətin dəlillərindən asılı olmadan qətnamənin ləğv edilməsi üçün əsas olan prosessual pozuntulara yol verilmiş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

70. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

72. MPM-in 119-cu maddəsinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir.

73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 08.01 2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar