Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10571/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X3 nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının vərəsələri sırasından çıxarılması» tələbinə dair 2(005)-4200/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsələr sırasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Cavabdehin iddiaçıya qarşı ilkin vaxtlar münasibəti yaxşı olmuş son zamanalar ailəsinin diqtəsi ilə bu münasibət pozulmuşdur. Hətta bu pozuntular o həddə çatmışdır ki, cavabdeh onu öz mülkiyyətindən çıxarmışdır. Cavabdehin və digərlərinin bu hərəkətləri hazırda iddiaçını öz mülkiyyətindən məhrum edir, həmçinin ahıl yaşında ayrı-ayrı qapılarda yaşamasına səbəb olur. İddiaçı hesab edir ki, ahıl yaşında ona baxmayan, onu ölümə tərk edən və bu gün mənzili ola-ola qapılarda qalmasına səbəb olan cavabdeh oğlu olsa belə ondan yəni iddiaçıdan pay almamalıdır. Bu səbəbdən də şəxsin ləyaqətsiz vərəsə hesab edilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi, həmçinin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının vərəsələri sırasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, mülki işdə olan və əlavə sübutlarla yenidən araşdırıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız çıxarılmışdır. Qətnamə mülkiyyətçi olaraq iddiaçının daşınmaz əmlak üzərində sahiblik və sərəncam hüquqlarını kobud şəkildə pozur. İddianın təmin olunmamasının əsasları oradan aydın görünmür. Hətta məhkəmənin istinad etdiyi normalara da nəzər saldıqda görmək mümkündür ki, iddiaçının iddiası qanuni və əsaslıdır. Məhkəmə yalnız cavabdehin iddiaçını axtarması barədə polisə yazdığı ərizə və bir-birini təkzib edən şahid ifadələri əsasında iddianı təmin etməmiş və bununla da, iddiaçının hüquqlarını pozmuşdur. Hakim məhkəməyə sübut kimi təqdim edilən, cavabdehin iddiaçını axtarması barədə ərizənin 26 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim edilməsi ilə bağlıdır. Buna qədər (sübut kimi qəbul edilən ərizədən 2 ay əvvəl) İddiaçı cavabdeh və onun ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq, kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh artıq anasının onunla barışmadığını bilmiş, buna səbəbkarın da özü olduğunu qəbul etmişdir. Cavabdeh bir oğul kimi öz vəzifələrini yerinə yetirmək əvəzinə anasına qarşı addım ataraq onu incitmiş və iddiaçının mülkiyyətində rahat yaşamaq naminə onu evdən çıxarmışdır. Bu qeyd edilənlər isə işdə dinlənilən şahid ifadələri ilə tam olaraq sübuta yetirilir. Təəssüflər olsun ki, məhkəmə hətta şahid ifadələrini də cavabdehin maraqları çərçivəsində qeyd etməklə kifayətlənmiş və bununla da qərəzli addım atmışdır. Belə ki, şahid Fərman Abdullayev 15 sentyabr 2021-ci il tarixdə keçirilən iclas zamanı məhkəməyə verdiyi ifadəsində cavabdehin son bir-iki ildir ki, anası ilə münasibətlərinin yaxşı olmadığını bildirmişdir. Hətta həmin şahid öz ifadəsində iki ildir ki, iddiaçının öz mülkiyyətində olan evdən köçdüyünü, nəvəsigildə yaşadığını bildirmişdir. Maraqlıdır ki, əgər həmin şahidin qətnamədə qeyd edilən ifadəsinə baxılsa, bu hissələr bilərəkdən ifadədən çıxarılmışdır. Məhkəmə iclasının elektron protokol qaydasında keçirildiyini nəzərə alaraq düşünür ki, həmin ifadə elektron protokolda saxlanılmışdır. İş üzrə digər şahid Əhməd Xasayev isə öz ifadəsində iddiaçı ilə cavabdehin arvadının münasibətlərində soyuqluğun olduğunu və bu səbəbdən də, inciklik olduğunu bildirmişdir. Hətta həmin şahid iddiaçının digər oğlu Cavidin (qətnamədə səhvən Cəmil qeyd edilir) 2 il əvvəl dünyasını dəyişdiyini, məhz bundan sonra iddiaçı ilə cavabdehin münasibətlərinin də pisləşdiyini bildirmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Anar Əzimov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının oğlu Cavid sağ olarkən sonuncu, öz anasına baxdığı üçün cavabdehin iddiaçıya müdaxiləsi mümkün olmamışdır. Lakin, Cavid dünyasını dəyişdikdən sonra cavabdeh iddiaçını bilərəkdən incitmiş və bu yolla öz mülkiyyətindən çıxarmağa nail olmuşdur. Təəssüflər olsun ki, şahid ifadələrinin bu hissəsi də bilərəkdən məhkəmə qətnaməsinə daxil edilməmişdir. Bununla da, məhkəmə tərəflər arasında aşkar fərq qoyaraq, məhkəmələrin qərəzsizliyinin ziddinə mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Sədrlik edən hakim iddiaçı tərəf olaraq onlara iş üzrə iddia ərizəsində qeyd edilən halların əsaslılığını sübuta yetirmək məqsədi ilə əlavə sübutların təmin edilməsi üçün şərait yaratmamış, bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, 18.10.2021-ci il tarixli, AZ-İİ 222113 saylı ölüm haqqında şəhadətnaməyə əsasən İddiaçı 13.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf hüquq varisi X5 ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının prosessual hüquqi varisinin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə ünvanladığı 26 iyul 2020-ci il tarixli ərizəsində anası İddiaçı cavabdehin bacısı X6 təkidi ilə evdən çıxıb getdiyini, hal-hazırda anası ilə əlaqə saxlaya bilmədiyini, ondan narahat olduğunu bildirmişdir. Həmin polis bölməsinin 04 sentyabr 2020-ci il tarixli cavab məktubunda ərizədə qeyd olunan xüsusatların mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin 10 sentyabr 2020-ci il tarixli, 078-22594 saylı məktubunun surətindən görünür ki, Cavabdeh müraciəti əsasında başlamış cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. «Əlilliyi olan şəxslərə sosial dəstək» ictimai birliyinin 05.07.2021-ci il tarixli 17 saylı xahişnaməsinin surətindən görünür ki, Cavabdeh həmin birliyin üzvüdür, uşaqlıqdan İİ qrup əlildir. Diaqnozu: «Debillik dərəcəsində kəmağılıq, nitq və davranış pozuntusu ilə. İnsulindən asılı şəkərli diabet»dir. Ailəsinin 3 nəfərdən ibarət olması, xəstəliyinə görə teztez xəstəxanada müalicə almaq məcburiyyətində olması bildirilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)- 3136/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı «qeydiyyatın ləğv edilməsi» tələbinə dair 2-1(112)- 8160/2021 nömrəli mülki iş üzrə müvafiq məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X1 cavabdehlər Cavabdeh, X12 və X7 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair 2(005)-3136/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində izahat verən X9 bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Onlarla qonşu olubdur, uşaqlıqdan Cavabdeh və onun əkiz qardaşı ilə dost olubdur. Cavabdeh əkiz qardaşının adı Cəmil idi, subay idi, iki qardaş qazandıqlarını bir evə gətirirdilər. Ana və oğulun münasibətləri yaxşı idi. Cəmil subay idi, iki ildən çox olar ki, rəhmətə getdi. İddiaçı Əzimə xanım gəlin gələn gündən yola getmirdilər. Şahid bildirib ki, ailənin içində deyildir, amma hesab edir ki, ana övladlarının birini sevib, digərini sevməyə bilməz. Şahid qeyd edib ki, qaynana, yəni İddiaçı ilə gəlininin münasibətlərinin soyuq olması haqda eşidib. Daha sonra Cavabdeh eşidib ki, anası yoxa çıxıb. Ona məsləhət verib ki, polisə müraciət etsin, bildiyinə görə cavabdeh dəfələrlə polisə müraciət edib. Cavabdeh anasından xəbərsiz olmasından narahat olmasını, anası nə yeyib, nə içər deyib fikir çəkməsini qeyd edib. İddiaçı xanımın evdən getdiyini görmədiyini bildirib və qeyd edib ki, Vüqar öz ailəsi ilə iddiaçının bir otaqlı mənzilində yaşayır. Əzimə xanımı isə nəvəsi Anar gəlib götürüb, özlərinin bir otaqlı mənzilinə aparıb. Birinci instansiya məhkəməsində şahid qismində izahat verən X10 öz ifadəsində bildirib ki, 1978-ci ildən cavabdeh və iddiaçı ilə qonşudur. İddiaçı ilə şahidin həyat yoldaşı birgə işləyib. Əzimə xanım ondan böyük olsa da, bacı kimi münasibətləri olub. Bir dəfə Əzimə xanımgilə gedəndə qapını Vüqar açıb, anasının harada olmasını soruşanda cavabdeh harada olduğunu bilmədiyini deyib. Daha sonra S.Əzimənin nəvəsi Anarı gördüyünü, sonuncunun nənəsinin qohumlarıgildə olduğunu bildirdiyini qeyd edib. İddiaçının hal-hazırda harada olması barədəvə heç bir məlumatı yoxdur. Həmçinin bildirib ki, iddiaçının üç uşağından ancaq cavabdeh olan Vüqar qalıb, indiyə qədər eşitməyib ki Vüqar anasına qarşı pis davransın. İddiaçı ilə yaxın olduğunu, onun heç vaxt oğlundan şikayət etmədiyini vurğulamışdır. Birinci instansiya məhkəməsində şahid qismində izahat verən X4 öz ifadəsində bildirib ki, cavabdehin qonşusudur, eyni binanın birinci blok, üçüncü mərtəbəsində yaşayır. İddiaçı xanımla bir laboratoriyada işləyib. Bir qonşu olaraq iddiaçı ilə cavabdehin ana-bala münasibətlərini yaxşı görmüşdür. Əzimə xanım həmişə övladları ilə fəxr etmişdir. Şahid iddiaçı ilə 45 ilə yaxındır qonşu olduğunu, ana-bala münasibətlərinə neqativ hallar görmədiyini qeyd edib. Həmçinin iddiaçı S.Əzimə xanımı bir ilə yaxındır qayğılı gördüyünü, son vaxtlar özünə qapandığını, bunun səbəbini bilmədiyini bildirib. Hazırki iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; Mülki Məcəllənin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin; Mülki Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür; Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər; Mülki Məcəllənin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Göründüyü kimi, cavabdehin «ləyaqətsiz vərəsə hesab edilməsi» üçün faktiki halların mövcud olub-olmaması yoxlanılmalı və buna dair sübutlara hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu, həmçinin cavabdehin konstitusion hüququnun müdafiəsi baxımından vacibdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin «iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi», «nə kimi halların müəyyən edilməməsi», «tərəflərin hansı hüquq münasibətində olmaları» barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda ilk növbədə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməli, daha sonra əsaslar mövcuddursa «məcburi pay almaq hüququndan məhrumetmə» tələbinə münasibət bildirilməlidir. Belə yanaşma mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edilir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin «məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar» müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Hazırki iddia ilə əlaqədar iddiaçı şəxsin irəli sürdüyü halların hər hansı biri məhkəmə iclasında sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara istinad edərək, iddiaçının tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı iddia tələbi üzrə borcun verilməsini təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(005)- 4200/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10571/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10571/2021
14.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver