Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1058/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4579/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiаsı təmin edilməmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə hazırkı mülki işə məhkəmə baxışı zamanı Cavabdeh işçilərinin hərəkətlərində oğurluq (oğurluğa cəhd) və cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayətlərinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş Cavabdeh********************0b00183 nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ilin oktyabr ayının 5-də Cavabdehm Təhlükəsizlik İdarəsində atıcı vəzifəsində xidmətə başlamışdır. Atıcı kimi işdə göstərdiyi əmək fəaliyyətinə görə komanda rəhbərliyi tərəfindən qiymətləndirilərək Təhlükəsizlik İdarəsinə imtahan verib qaravul rəisi vəzifəsinə namizədliyini irəli sürmüşdür. İmtahan nəticələri yüksək qiymətləndirildiyi üçün Təhlükəsizlik İdarəsinin rəisi cənab R.Əliyevin əmrinə əsasən xx xxxxxx 2008-ci ildə qaravul rəisi vəzifəsinə keçirilmişdir. xx xxxxxx 2008-ci ildən xx xxxxxx 2019-cu ilə qədər Təhlükəsizlik İdarəsinin 25 saylı komandasında qaravul rəisi vəzifəsində xidmət göstərmişdir. Daha sonra Təhlükəsizlik İdarəsinin rəisinin əmrinə əsasən xx xxxxxx 2009-cu ildən 31 saylı komandaya köçürülərək qaravul rəisi kimi xidmət aparmışdır. H.Əliyev adına N.E.Z-də işlədiyi müddət ərzində fəaliyyətində nöqsanları olmamış, öz əmək funksiyasını düzgün yerinə yetirməyən işçilər tərəfindən müəyyənləşdirilmiş, izahatları alınmış və rəhbərliyi bu barədə məruzələr edilmişdir. xx xxxx 2020-ci il tarixdə (qeyri iş günü) xidmətdə olduğu zaman atıcı R.Ə Mahmudovu 24 saylı posta təhkim etmiş, postu saat 11:40-da və 13:50-də yoxlamış, saat 14:15-də isə postu tərk etmişdir. Təhkim olunduğu ərazinin sahəsi böyük, postların sayı isə 32-dir. Yuxarıda göstərilən tarixdə saat 16:10-da 24 saylı postdan rəis müavininə zavod əməkdaşı tərəfindən zavodun ərazisindən qeyri-qanuni mal-materialın çıxarıldığı barədə məlumat verilmiş, rəis müavini isə öz növbəsində onun 24 saylı posta gəlməsini tələb tmişdir. O, dərhal 24 saylı posta gəlmiş və gələrkən onunla paralel digər qaravuldan Kərimli İlhamın orada olduğunu və oğurluq etdiyini aşkar etdilər və bu barədə idarəyə və komanda rəhbərliyinə müraciət etdilər. İlham Kərimli karavul rəisi X7 tərəfindən onun nəzarət etdiyi ərazidən təxminən 3-4 km aralı posta təhkim etmişdir. X17 postu tərk edib 24 saylı posta oğurluq etmək üçün getmişdir. Qaravul rəisi X1 İlhamın postunu yoxlamamış, cəmi 1 dəfə rabitə əlaqəsi saxlamışdır. Qeyd olunan xüsusatlarla bağlı idarə rəhbərliyi tərəfindən araşdırılma aparılmış və bu proses iyulun 22-nə qədər davam etmişdir. O, xx xxxx 2020-ci il tarixdə növbəti dəfə 1-ci növbədə xidmətdə olmuş, saat 14:30-da komanda rəisinin müavini onaonunla olan əmək müqaviləsinə xitam verilməsi barədə məlumat vermişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını da vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və etiramını qazanmışdır. Barəsində xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş Cavabdeh********************0b00183 nömrəli əmrlə tanış olarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Şikayətini onunla əsslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla tərəflərin bərabərliyi prinsipini pozmuş cavabdeh təşkilatın mövqeyindən çıxış etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını və onun səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, Cavabdeh**********00070020B00183 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, onlarla bağlanmış əmək müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəlikləri qəsdən tam yerinə yetirmədiklərinə görə, 31 saylı komandanın qarovul rəisi İddiaçı, atıcıları X8 və X10 ilə bağlanmış əmək müqavilələrinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Qarovul rəisi İddiaçı öz izahatında xx.xx.2020-ci il tarixdə 24 saylı postu saat 11:40 və 13:50 radələrində yoxlayaraq qeydlər aparmaqla xidmətin təşkili və aparılmasına nəzarəti həyata keçirmək vəzifəsində kifayətləndiyini qeyd etmişdir. Qarovul rəisi İddiaçı 24 saylı postun ərazisindəki pərakəndə şəkildə açıq yığılmış mal-materialların “Sifarişçi" təşkilat və komanda arasında, komandanın qarovulları arasında təhvil-təslim olunmadığını və bu barədə hər-hansı bir komanda daxili qeydiyyat kitabının da olmadığını izahatında bildirmiş, atıcılar R.Ə.Mahmudovun və İ.R.Kərimlinin etdikləri əməldən məlumatsız olduğunu və sonradan bildiyini, baş vermiş hadisə ilə əlaqədar xidməti düzgün təşkil etməyərək səhlənkarlığa yol verdiyini göstərmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Aktın surətindən görünür ki, aktı imza edən şəxslər bu aktı ondan ötrü tərtib etmişlər ki, xx xxxx 2020-ci il tarixində atıcılar R.Ə.Mahmudov və İ.R.Kərimli tərəfindən 24 saylı (H.Əliyev adına NEZ-nin 7 saylı istehsalatın yeraltı tutumları ərazisinin girişi) postun ərazisindən oğurlanmış 24 ədəd 6 metr uzunluğunda 150 diametrlik boru atıcıların özləri tərəfindən geri qaytarılaraq əraziyə boşaldılmışdır. İş materiallarında olan ARDNŞ-nin Təhlükəsizlik İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və İddiaçı 25 saylı komandaya atıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan ARDNŞ-nin Təhlükəsizlik İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və İddiaçı 25 saylı komandanın qarovul rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh X3 İttifaqı Komitəsi Rəyasət Heyəti tərəfindən qəbul edilmiş 104№-li qərarın təsdiq edilmiş surətindən görünür ki, X2 şöbəsinin rəisi A.Məmmədovun xx xxxx 2020-ci il tarixli Cavabdeh **********10030990X00885 saylı xidmət yazısına baxılmış, 31 saylı komandanın qarovul rəisi İddiaçı və digərlərinin barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz etmədikləri qərara alınmışdır. İş materiallarında olan 31 saylı komandanın qarovul rəisi İddiaçı tərəfindən verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, atıcı Mahmudov Ramilin törətdiyi oğurluq hadisəsi ilə əlaqədar bildirmişdir ki, bu işdə xidmətini düzgün təşkil etməmiş, səhlənkarlığa yol vermiş, belə ki, hadisəni vaxtından əvvəl aşkar etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəalarına istinad olunacaq) 70-ci maddəsinin ç) bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 72.1-ci maddəsinə görə Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddənin “e” bəndinə əsasən işçi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirirsə bu hal işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozması halı kimi qiymətləndirilir. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətini və onun növlərini müəyyən edən 186-cı maddə təsbit edir ki, 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda ona qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən biri verilə bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə 31 saylı komandanın mühafizəsində olan H.Əliyev adına X15 obyektləri üzrə təyin edilmiş postlardan 24 saylı postun mühafizə ərazisindən dövlət nömrə nişanı məlum olmayan evakuator tipli avtonəqliyyat vasitəsi ilə 24 ədəd 150 mm diametrli boruların saat 16:40 radələrində ərazidən qeyri-qanuni çıxarılması faktı baş vermiş və müəyyən edilmişdir ki, boruların mühafizə ərazisindən qeyri-qanuni kənara çıxarılması, həmin tarixdə 24 və 41 saylı postların mühafizəsinə təhkim olunmuş 31 saylı komandanın atıcıları X11 və X9 tərəfindən həyata keçirilmişdir. Həmin tarixdə obyektin mühafizəsini həyata keçirən qarovulların qarovul rəisləri X5 və İddiaçı da izahatları alınmışdır. 31 saylı komandanın atıcıları İ.R.Kərimli və R.Ə.Mahmudov öz izahatlarında xx.xx.2020-ci il tarixdə yol verdikləri əməllərini etiraf etmişlər. Qarovul rəisi İddiaçı 24 saylı postun ərazisindəki pərakəndə şəkildə açıq yığılmış mal-materialların “Sifarişçi" təşkilat və komanda arasında, komandanın qarovulları arasında təhvil-təslim olunmadığını və bu barədə hərhansı bir komanda daxili qeydiyyat kitabının da olmadığını izahatında bildirmiş, atıcılar R.Ə.Mahmudovun və İ.R.Kərimlinin etdikləri əməldən məlumatsız olduğunu və sonradan bildiyini, baş vermiş hadisə ilə əlaqədar xidməti düzgün təşkil etməyərək səhlənkarlığa yol verdiyini göstərmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəm kollegiyası hesab edir ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən, hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1058/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1058/2021
11.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver