Məhkəmə qərarları › İş №2(103)-10584/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10584/2021

03.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10584/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndələri X3, X4 və cavabdehin nümyəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 saylı, 29.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti arasında 21.05.2018-ci il tarixli 860 nömrəli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin çilingəri vəzifəsində çalışmışdır. Bülettendə olduğu vaxtda əmək müqaviləsinin müddəti bitməsini əsas gətirərək, əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi iki il yarım müddət ərzində cəmi iki dəfə məzuniyyətə çıxarılmışdır. Məzuniyyətə çıxarılmadığı qalan müddət məzuniyyət ödənişləri ödənilməmişdir. 2018-ci ildə metroloqla bağlı imtahan verərək, əlavə olaraq, metroloq vəzifəsini icra etmişdir. Çilingər işinin vəzifə maaşı 500-600 manat, metroloq isə 750 manat və daha yüksək təşkil edir. Lakin aradakı 150 manat maaş fərqi ödənilməmişdir. Məzuniyyət dövründə olduğu hada əsassız olaraq töhmət verildiyi üçün güclü stres keçirmişdir və bunun nəticəsində səhətində ciddi problemləryaranmış 20.08.2020-ci ildə baş əməliyyatı olunmuşdur. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı məhkəmyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 saylı, 29.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Zaur Tağıyev).

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 saylı, 29.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə qəbul edən birinci instansiya məhkəməsinin hakimi qətnamənin əsaslandırma hissəsində Cavabdeh QSC tərəfindən işdən çıxarılma barədə əmr verilərkən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinin pozulduğunu təsdiq etmişdir. İşin faktiki hallarından, həmçinin iş materiallarına əlavə edilmiş xəstəlik kağızlarından göründüyü kimi, iddiaçı 20.08.2020-ci il tarixdə cərrahi əməliyyat olunmuşdur. Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının verdiyi 25.08.2020-ci il tarixli, 724801 nömrəli əmək qabiliyyətinin olmaması barədə arayışda da qeyd olunmuşdur ki, cərrahi əməliyyat olunmağı ilə əlaqədar 12.09.2020-ci il tarixdə işə başlamalı olmuşdur. Cavabdeh QSC-nin 27.08.2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən işdən çıxarılma barədə əmr verilərkən aşkar surətdə AR ƏM-in 73.2-ci maddəsinin tələbləri kobudcasına pozulmuşdur. İddiaçı xəstə olduğu, üzürlü səbəblərdən işdə olmadığı halda əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən maddənin tələbində qeyd olunur ki, işçi müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Buna baxmayaraq, cavabdeh tərəfindən dəfələrlə işçi kimi qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmuşdur. Əmək müqaviləsində nəzərdə tutulandan artıq iş yerinə yetirməyinə baxmayaraq, buna uyğun əlavə haqqın ödənilməməsi, işlədiyi 2 il müddət ərzində cəmi 2 dəfə məzuniyyət çıxarılmağı, məzuniyyət ödənişlərinin ödənilməməsi kimi qanunsuz hallara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, bunlarla bağlı qətnamədə hər hansı əsaslandırma aparılmamışdır. Vurulmuş maddi zərərin hesablanması məqsədilə məhkəmə-mühasibatlıq eksperizasının keçirilməsi ilə bağlı məhkəməyə iddiaçı tərəfindən vəsatət ünvanlansa da, vəsatət əsassız olaraq təmin olunmamışdır. Hakim həmçinin, 1 aylıq müddəti ötürməyini əsas gətirərək iddia tələbini təmin etməmişdir. İddiaçıya ümumiyyətlə işdən çıxarılma barədə əmr təqdim olunmamışdır. Əmək Məcəlləsinin də normalarına əsasən işdən çıxdığı gün əmək kitabçası və əmri iddiaçı tərəfindən imzalandıqdan sonra ona təqdim olunmalı idi. Buna baxmayaraq, qanunsuz olaraq əmək kitabçası iddiaçının ünvanına göndərilmiş, əmr isə bu günədək təqdim olunmamışdır. Bununla bağlı cavabdehdə rəsmi müraciət etsə də, heç bir cavab verilməmişdir. Bu səbəbdən də, Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi iş üzrə ətraflı araşdırma aparılmadan qəbul olunduğundan ləğv edilməlidir. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili M.İsmayılov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianı təmin edilməsini xahiş etdilər.

8. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili G.Məmmədli və cavabdehin nümayəndələri E.Kazımova və E.Alıyev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 21.05.2018-ci il tarixli 832 nömrəli əmrə əsasən İddiaçı «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə qəbul edilmiş 27.08.2020-ci il tarixdə 171/K nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

11. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin 03.03.2021-ci il tarixli arayışından görünür ki, alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunmuşdur. Əməliyyatlar 14.07.2017-ci il tarixdə, 27.09.2017-ci il tarixdə və 20.08.2020-ci il tarixdə aparılmışdır.

12. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli şəhəri poliklinikasının 25.08.2020-ci il tarixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışdan görünür ki, alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunması ilə əlaqədar İddiaçı 12.09.2020-ci il tarixədən işə başlamalıdır.

13. İş materiallarında olan «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin 27.08.2020-ci il tarixli 171 K nömrəli əmrindən görünür ki, İddiaçı 27.08.2020-ci il tarixdə işdən azad edilmişdir.

14. İş materiallarında olan İddiaçı ARDNŞ “SOCAR”-ın baş ofisinə ünvanlamış olduğu 27.11.2020-ci il tarixli (daxil olma 10.12.2020) görünür ki, İddiaçı işdən azad olunmasının əsassız olduğunu bilmiş və onun işə bərpa olunmasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə:

15. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:

16. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.”

17. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.”

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.”

19. Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.”

20. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

22. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.

23. Kollegiya qeyd edir ki, mülki işin materiallarından görünüdüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış olan əmək müqaviləsinə əsasən sonuncu çilingər vəzifəsinə qəbul edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır.

24. İş materiallarından, tərəflərin izhatlarından və apellyasiya şikayətinin dəlillərindən göörünür ki, İddiaçı Sumqayıt şəhər 3 nömrəli şəhəri poliklinikasının 25.08.2020-ci il tarixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışına əsasən alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunması ilə əlaqədar işdən azad olunmuş və İddiaçı 12.09.2020-ci il tarixədən işə başlamalıdır. Eyni zamanda 27.08.2020-ci il tarixli 171/K nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

25. Göründüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə müqavilə üzrə müddətin bitməsi ilə əlaqədar tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə xitam verilmişdir. Lakin «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

26. Maddənin məzmunundan göründüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsini istisna edən hal mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı xəstəliyi ilə əlaqədar olaraq, 12.09.2020-ci il tarixədək işdən azad edilmişdir. Lakin işəgötürən tərəfindən işçinin hüququ pozulmuş və əmək müqaviləsi üzrə müddətin keçməsi ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir.

27. Lakin mülki işin materiallarından da göründüyü kimi iddiaçı hazırkı iddia ilə 29.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və mülki iş üzrə cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti birinci instansiya məhkəmsinə təqdim etmiş olduğu ərizədə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

29. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

30. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. Mülki işin materiallarında olan iddiaçının Prezidentə, 1-ci vitse-Prezidentə, Baş Prokurora, X8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanladığı ərizənin məzmunundan görünür ki, iddiaçı işdən azad edildiyini bildirmiş və işə bərpa olunması üçün kömək istəmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hələ 27.11.2020-ci il tarixində işdən azad edilməsi barədə xəbərdar olmuş, lakin məhkəməyə iddia ərizəsi ilə 29.06.2021-ci il tarixində müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində əmək kitabçasının onun ünvanına göndərildiyini qeyd etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən 1 aylıq iddia müddətinin ötürlməsi səbəbindən iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

33. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncam, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğu gündür.

34. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

35. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş olan müddət iddiaçı tərəfindən ötürülmüşdür.

36. İddiaçı apellyasiya şikayətində əmək kitabçasının ona qanunsuz olaraq göndərildiyini, işdən çıxarılma barədə əmrin isə təqdim edilmədiyini bildirsə də, işin hallarından aydın olur ki, iddiaçı işdən çıxarılması barədə məlumatlı olmuş və qeyd etdiyi hallar mülahizə xarakteri daşıyır.

37. Bu səbəbdən də, kollegiya hesab edir ki, İddiaçı «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə iddiasının qanunvericilklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi səbəbindən rədd rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 saylı, 29.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar