Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1059/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" ASC) iş üzrə (Açar sözlər:mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/23 saylı iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən və 23 noyabr 2023-cü il tarixli əlavə qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hazırkı iş üzrə mübahisə predmeti Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada yerləşən 86 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 10/11 nömrəli mənzillərdir. Həmin mənzillərin mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 olmuşdur. Həmin çıxarışda mənzilin ümumi sahəsi qeyd edilməmişdir. xx.xx.2008-ci il tarixdə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqavilsinə əsasən həmin mənzillər Cavabdeh1 bank qarşısında olan kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 kredit borcunun ödənilməsi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilmişdir. Qətnamə icaya yönəldilmiş, ipoteka predmeti icra məmurunun sifarişinə əsasən hərraca çıxarılmış və xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən 114750 manata əldə edilmişdir. "xxxx" ASC-nin həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2021-ci ildə hazırkı iş üzrə mübahisə predmeti olan 10/11 saylı mənzil Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı satılmış və sonuncunun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs: "xxxx" ASC) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və himayələrində olan azyaşlı uşaqlarla birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilin əvvəlki sahibi olmuş cavabdeh qeyd olunan mənzilin bir hissəsini zəbt etmiş və oranı boşaltmaqdan imtina etməkdədir. Bu gün faktiki olaraq mülkiyyətində olan mənzildən tam olaraq istifadə edə bilmir. Eyni zamanda, mənzili aldıqdan və müvafiq çıxarışı əldə etdikdən bu günə qədər təxminən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq mülkiyyətində olan mənzilə texniki pasport da ala bilmir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-157/23 saylı iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilərək, Cavabdeh1 mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 100 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə Cavabdeh2 himayələrində olan azyaşlı uşaqlarla birlikdə mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, üçüncü şəxs "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil iki mənzilin birləşməsi nəticəsində yaranmışdır. Həmçinin, iki mənzilin birləşməsi yerli müayinə zamanı da əyani şəkildə müşahidə olunmuşdur. Belə ki, baxış zamanı mənzillərin arakəsmə divarlarının hörülməsi nəticəsində daxilindən gediş-gəlişin məhdudlaşdırılması (cavabdeh tərəfindən hörülmüşdür) açıq-aşkar görünür. Cavabdeh isə etirazında bildirir ki, hüquqmüəyyənedici sənəddə əks olunmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil hazırda iddiaçının faktiki istifadəsində olan sahədir. Lakin, yerli baxış zamanı iddiaçının hazırda faktiki istifadəsində olan sahənin iki mənzilin birləşməsi nəticəsində yaranması müəyyən edilməmişdir. Halbuki, ekspert rəyi ilə də iki mənzilin birləşməsi deyiləndə hazırda həm iddiaçının faktiki istifadəsində olan, həm də cavabdehin faktiki istifadəsində olan sahələrin birləşməsi nəzərdə tutulur. Bu hal mənzillərin daxilində hazırkı vəziyyətinə vizual baxış keçirərkən də müəyyən olunur. Üstəlik də iddiaçının mübahisələndirdiyi hal ekspertin rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4, 157.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin bir hissəsi dedikdə, çıxarışla ona məxsus olan 86 kv.m ölçüdən kənarda olan özbaşına tikili hesab olunan, hüquqları qeydiyyatdan keçməyən sahəni nəzərdə tutur. Məhkəmə isə öz qətnaməsi (həmçinin, əlavə qətnaməsi) ilə cavabdehlərin iddiaçıya məxsus 86 kv/myaşayış sahəsi olan mənzildən çıxarılmasını, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini qət edir. Lakin, məhkəmə nəzərə almır ki, iddiaçının 86 kv.m. yalnız, yaşayış sahəsindən ibarət olan mənzili iddiaçının özünün istifadəsindədir. İddiaçı əslində binada olan cavabdehlərin yaşadığı iddiaçıya aid olmayan özbaşına tikili olan sahəyə iddia edir. Mənzillər Cavabdeh1 mülkiyyətində olduğu müddətdə Cavabdeh1 tərəfindən 1999- 2000-ci illərdə mənzildə təmir-tikinti işləri aparılıb, mənzillər və otaqlar birləşdirilib, mənzilin “dranka” adlanan daxili arakəsmələri götürülüb, daşdan yeni, lakin, mənzil daxilində başqa yerdən daş arakəsmələr inşa edilib. Mənzilin daxili vəziyyəti və otaqların vəziyyəti tamamilə dəyişdirilib. Bu hal ekspert rəyi və otaqların hazırkı quruluşu ilə də təsdiq olunur. Cavabdeh1 həmin mənzili 2008-ci ildə kredit müqaviləsi üzrə ipoteka qoymuş, lakin, kredit öhdəliklərini icra edə bilmədiyi ücün, bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və məhkəmə borcu mənzilə yönəltmişdir. Qətnamə 2009-cu il tarixli icra sənədi əsasında icra edilmiş, Cavabdeh1 həmin mənzildən çıxarılmış və Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 10/11 saylı mənzili tələbkar Bank tərəfindən təhvil alınmışdır. Həmin vaxtdan, yəni 2009-cu ildən Cavabdeh1 Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 10/11 saylı mənzillərinə aid olmayan binanın özbaşına tikili sayılan hissəsində yaşamışdır. Özbaşına tikili sayılan hissə ilə 10/11 saylı mənzil bir-birindən təcrid olunmuşdur. Bundan sonra, Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 10/11 saylı mənzil üzərində Bankın mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra mənzil mülkiyyətçi Bank tərəfindən satışa çıxarılmışdır. 2021-ci ildə Bank tərəfindən satışa çıxarılmış 86. kv.m. sahəsi olan mənzili İddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə 86. kv.m. sahəsi olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddianın əsassız olması həm də onunla təsdiq olunur ki, mənzilin dəqiq ölçülərini, sahəsini, sərhədlərini müəyyən edən, yeganə və mötəbər sənəd - texniki pasport yoxdur. Mənzilin texniki pasportu olmadığı üçün sübuta yetmir ki, Cavabdeh1 istifadəsində olan yaşayış sahəsi (yaxud onun bir hissəsi) İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış yaşayış sahəsinə daxildir. İddiaçı hazırda mülkiyyət hüququ qeydə alınmış mənzilin sahəsi dəqiq müəyyən edilmir. Nə qədər ki, texniki pasport yoxdur, iddiaçı deyə bilməz ki, məhz Cavabdeh1 istifadəsində olan hissə (yaxud onun bir hissəsi) onun mənzilinə daxildir. İddiaçı mənzilin boşaldılması tələbi təkrar tələbdir, 86 kv.m ölçüsü olan 10/11 saylı mənzil Bankın tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında Nərimanov rayon İcra şöbəsi tərəfindən icra edilmişdir. Eyni mənzilin təkrar boşaldılması mümkün deyil. Əgər Cavabdeh1 sonradan 10/11 saylı mənzili zəbt edibsə, onda İddiaçı Bankın hüquqi varisi kimi icra işinə qoşulmalı, həmin icra işi təzələnməli və Cavabdeh1 sahədən çıxarılmalıdır. Bunun üçün yeni qətnamə çıxarılmalı deyil. İşdə olan mütəxəssis rəyi isə mötəbər deyil, ona görə ki, mütəxəssis rəy verərkən heç bir mötəbər texniki sənədə isdinad etməmişdir. Onun isdinad etdiyi MİS-nin sxemi mənzillərin vəziyyətini tam əks etdirmir, həmin sxemdən köməkçi, yaxud yaşayış sahəsi bəlli olmur. Həmçinin, həmin sxemdən sonra mənzil daxili arakəsmələr dəyişdirildiyindən sxemdən mötəbər sənəd kimi istifadə oluna bilməz. Məhkəmədə ifadə verən mütəxəssis etiraf etdi ki, istinad edə biləcəyi texniki sənəd yoxdur, o, rəy verərkən öz təcrübəsinə əsaslanmışdır. Maysara Həsənovanın “biz bu sahəni sizə satırıq, digər sahəni məhkəməyə verib ala bilərsizsə alın” ifadəsi də bir daha təsdiq edir ki, İddiaçı hazırda istifsadəsində olan sahəni alıb, razılaşıb. Şahidlərin hər üçü təsdiq etdi ki, Pəri Cəliovanın hazırda istifadəsində olan sahə ilə Cavabdeh1 istifadəsində olan sahə birbirindən təcrid olunmuş sahə olub.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh1 və onun, eləcə də digər Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 12.İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. 13.Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirdilər ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsi ilə həmin mənzilə tutma yönəldilmiş, mənzil Bank tərəfindən mülkiyyətinə qəbul edilmiş, Cavabdeh1 mənzili boşaldıb Bankın nümayəndəsinə təhvil vermiş və sonradan mənzil İddiaçı satılmışdır. Hüquqmüəyyənedici sənədlərdə mənzilin yaşayış sahəsinin 86 kvm olduğu qeyd edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14.Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 15.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16.Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 17.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 18.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 19.Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
Apellyasiya baxışının hədləri
20.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 21.Hazırkı apellyasiya şikayətində qətnamə və əlavə qətnamə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirildiyindən və iddia təmin olunduğundan qətnamə və əlavə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin və əlavə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23.Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehlər mübahisəli mənzilin bir hissəsini zəbt edərək orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 25.Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur. 26.Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçının alqı-satqı yolu ilə aldığı 86 kvm yaşayış sahəsi olan mənzili zəbt etməmişdir, onun yaşadığı sahənin, yəni əlavə tikililərin həmin mənzilə aidiyyəti yoxdur, bu əlavə tikililər nə Bankın, nə də iddiaçının mülkiyyətinə verilməmişdir. 27.Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyi ilə də müəyyən olunduğu kimi mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində yaranan 4 (dörd) yaşayış otağından ibarət olmaqla iddiaçının mülkiyyətindədir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m sahəsi hazırda İddiaçı istifadəsindədir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m olan sahəsi hal-hazırda Cavabdeh1 istifadəsindədir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin istifadəsində olan sahədən əlavə əvvəllər mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə cavabdehin istifadəsindədir. 28.Ekspert rəyi kifayət qədər aydın olduğundan Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əlavə ekspertiza təyin olunması və ekspertin dinlənilməsi barədə vəsatətləri təmin etmədi. 29.Bundan əlavə, birinci instansiya məhkəməsində mübahisəli mənzilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzillərin arakəsmə divarlarının hörülməsi nəticəsində daxilindən gediş-gəliş məhdudlaşdırılmışdır. İddiaçının hazırda faktiki istifadəsində olan sahə iki mənzilin birləşməsi nəticəsində yaranmışdır. 30.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə cavabdehin kredit borcunun Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən də müəyyən edilir ki, mübahisəli mənzilin ümumi sahəsi 200 kv. m-dən, yaşayış sahəsi isə 86 kv.m-dən ibarət olmuşdur. Hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2012-ci il tarixli protokolda da Bankın hərrac vasitəsilə əldə etdiyi ipoteka predmeti olan mənzillərin ümumi və yaşayış sahəsi eyni ölçüdə göstərilmişdir. Yuxarıda adı çəkilən ekspert rəyilə isə mənzillərin ümumi sahəsinin faktiki olaraq 200 kvm-dən də az olduğu müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən mənzillərin ümumi sahəsinin 77,9 kvmi iddiaçının, 68,5 kvm hissəsi isə cavabdehin istifadəsindədir. Həmin sahələr toplandıqda isə cəmi 148 kvm təşkil edir. 31.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti 86 kvm yaşayış sahəsi olan 4 otaqlı iki mənzilin birləşdirilməsi nəticəsində yaranmış 10/11 saylı mənzildən ibarətdir. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilmiş sənədlərlə də təsdiq olunur. Həmin sənədlərdən də görünür ki, Cavabdeh1 10 və 11 saylı mənzilləri 1997-ci ildə alqı-satqı müqavilələrinə əsasən digər şəxslərdən almışdır. Alqısatqı müqavilələrində mənzillərin hər birinin yaşayış sahəsi 43 kvm göstərilmişdir. Mənzilin texniki pasportu yoxdur. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilin texniki pasportunun tərtib olunmasına cəhd edilsə də, cavabdeh buna imkan verməmişdir. 32.Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsində ümumi sahənin qeyd olunmaması elə məhz bu səbəbdən, yəni mənzilə dair texniki pasportun mövcud olmaması ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilən əmlak 4 otaqlı 10/11 saylı mənzil olmuşdur. Bu isə o deməkdir ki, yüklülük mənzilin təkcə hüquqmüəyyənedici sənəddə göstərilən 86 kvm yaşayış sahəsini deyil, ümumi sahəni təşkil edən köməkçi sahələri də əhatə etmişdir. 33.Məhkəmə kollegiyasının qənaətinə görə hüquqmüəyyənedici sənədlərdə yalnız 86 kvm yaşayış sahəsinin göstərilməsinə baxmayaraq ekspert rəyində göstərilən digər köməkçi sahələr də mübahisəli mənzilə aiddir və iddiaçının mülkiyyət hüququ ilə əhatə olunur. İpoteka müqaviləsində, Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2009-cu il tarixli qətnaməsində, hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2012-ci il tarixli protokolda və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində özgəninkiləşdirmə obyekti kimi 86 kvm yaşayış sahəsi olan 10/11 saylı mənzil tam olaraq göstərilmiş, onun hər hansı bir hissəsinin cavabdehin, yaxud digər şəxsin mülkiyyətində saxlanılması qeyd edilməmişdir. 34.Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırda cavabdehin faktiki istifadəsində olan köməkçi sahələr (əlavə tikililər) mübahisəli 10 və 11 saylı mənzillərə aiddir. Həmin tikililər mübahisəli mənzildən təcrid olunmuş sahə deyil, bilavasitə mənzilə bitişik olmaqla ona xidmət edən sahələrdir. 35.Apellyasiya şikayətinin başqa bir dəlili hazırkı tələbə məhkəmədə baxılmalı olmaması barədədir. Apelyator hesab edir ki, əvvəllər mənzilin boşaldılması barədə Bank tərəfindən qaldırılmış iddia Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə təmin olunduğundan və həmin qətnamə icra edildiyindən yenidən eyni tələbə baxıla bilməz, İddiaçı Bankın hüquqi varisi kimi işə qoşulmalı və icra işinin təzələnməsini tələb etməlidir. 36.Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, hazırkı mübahisə İddiaçı və Cavabdeh1 arasında yaranmış münasibətdən doğan mübahisədir və ona görə də Bankın tələbi üzrə olan icra işi hazırkı mübahisəyə baxılmasına mane olmur. 37.Göründüyü kimi, apellyasiya şikayətində isitnad olunan dəlillər işdə olan sübutlarla təkzib olunmuşdur. 38.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 39.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 40.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 41.Nəzərə alınmalıdır ki, etirazın əsaslarını sübut etmək yükü cavabdeh tərəfin üzərində olduğu halda həmin hallarla bağlı iddiaçının sübut etmə vəzifəsini yerinə yetirmədiyinə, yaxud onun sübutlarının qeyri-mötəbər olduğuna istinadla iddianın rədd olunması prosessual qanunvericiliyin istinad olunan norması baxımından əsassızdır. 42.Eyni zamanda belə halda məhkəmənin üzərinə öz təşəbbüsü ilə iş üzrə şübhə doğuran halları araşdırmaq və ya onlara aydınlıq gətirmək vəzifəsi qoyula bilməz. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 44.Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 45.Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 46.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 47.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi və 23 noyabr 2023-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.