Məhkəmə qərarları › İş №2(103)-10592/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10592/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10592/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh və onun vəkili Rauf Abdullayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi RM-nin 25.08.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə icraat başqa iş (iddiaçının ölmüş elan edilməsi barədə iş) üzrə qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılsın. Belə ki, başqa iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06.02.2010-cu il tarixli qətnamə ilə hazırkı iş üzrə iddiaçı ölmüş elan edilib (iş v. 146). İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib (iş v. 145). İcraatın dayandırılmasının hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Cavabadeh bu qərardaddan şikayət verib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçının ölmüş elan edilməsi barədə qətnamə qüvvədədir, ölmüş elan edilən şəxsin iddiası üzrə məhkəmə icraatı həyata keçirilə bilməz. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı və iş Nəsimi RM-nə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. MPM-in 254.1.4-cü maddəsində “baxılan başqa bir iş həll edilməyincə” ifadəsindən istifadə olunub. Şəxsin ölmüş elan edilməsi barədə iş “baxılan iş” deyil, baxılmış işdir. Belə ki, həmin işə baxılması nəticəsində 06.02.2010-cu il tarixdə yekun məhkəmə aktı qəbul edilib. Ona görə də həmin maddəyə istinad olunmaqla iş üzrə icraatın dayandırılması düzgün sayılmır. İki haldan biri mövcud olduqda hazırkı iddia ərizəsi Nəsimi RM tərəfindən icraata qəbul oluna bilərdi: 1-ci, şəxsin (iddiaçının) ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edildikdə və o, qanuni qüvvəyə mindikdə; 2-ci, ölmüş elan edilən şəxs (iddiaçı) hazırkı iş üzrə şəxsən məhkəməyə gəldikdə. 1-ci hal mövcud deyil, yəni iddiaçının ölmüş elan edilməsi barədə qətnamə ləğv edilməyib. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı şəxsən məhkəməyə gəlməyib. Əgər iddiaçı (ölmüş elan edilən şəxs) şəxsən məhkəməyə gələrək iddia ərizəsini məhkəməyə təqdim etsəyidi və ya iddia ərizəsinin mümkünlüyünun yoxlanılması üzrə keçirilən məhkəmə iclasında şəxsən iştirak etsəyidi, belə halda iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılardı, baxmayaraq ki, onun ölmüş elan edilməsi barədə qətnamə ləğv edilməyib. Əgər ölmüş elan edilən şəxs şəxsən məhkəməyə gəlmirsə, hazırkı iş üzrə icraatın daxilində başqa hər hansı vasitə ilə ölmüş elan etmənin əsaslarının aradan qalxdığı müəyyən oluna bilməz. Çünki ölmüş elan etmənin əsaslarının aradan qalxıb-qalxmadığı hazırkı iş üzrə araşdırma predmeti deyil. Ölmüş elan edilən şəxs şəxsən məhkəməyə gəldikdə isə hər hansı araşdırma aparılmadan təsdiq olunur ki, ölmüş elan etmənin əsasları aradan qalxıb. Belə halda onun iddia ərizəsi üzrə məhkəmə icraatının davam etdirilməsindən imtina olunması həmin şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması sayıla bilər. 2-ci hal mövcud olduqda, yəni ölmüş elan edilən şəxs məhkəməyə gəldikdə qətnamənin (ölmüş elan etmə barədə qətnamənin) ləğv edilməsi üçün onun ərizə verməsi zəruri deyil. Bunun müəyyən edilməsi üçün MPM-in 316-cı maddəsinin məzmununa nəzər yetirilməsi kifayədir: orada “ərizə” ifadəsi yoxdur. Maddədə qeyd olunub ki, ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. O cümlədən Mülki Məcəllənin 42.1-ci maddəsinə görə ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Odur ki, ölmüş elan edilən şəxs məhkəməyə gəldikdə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad onun (ölmüş elan edilən şəxsin) gəldiyini müəyyənləşdirən sənəd sayılır. Belə halda iddia ərizəsini icraata qəbul edən hakim “şəxsin ölmüş elan edilməsi barədə” qətnaməni qəbul etmiş hakimə məlumat verir. İddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad “şəxsin ölmüş elan edilməsi barədə” qətnamənin ləğv edilməsi üçün əsasdır. Lakin yuxarıda göstərilən iki halın heç biri mövcud olmadan Nəsmi RM iddia ərizəsini icraata qəbul edib. Əslində isə ölmüş elan edilən şəxsin iddia ərizəsi məhkəməyə daxil olduqda Nəsimi RM iddia ərizəsinin mümkünlüyü məsələsinə onun özünün iştirakı ilə baxmalı idi. Belə ki, MPM-in 151.2-ci maddəsinə görə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Bu maddədəki “zəruri hallarda” ifadəsi ölmüş elan edilən şəxsin iddia ərizəsinə aiddir. Mövcud vəziyyətdə iş üzrə icraata xitam verilə bilməz. Çünki iddiaçı ölmüş şəxs deyil, ölmüş elan edilən şəxsdir. Qanunvericilikdə “ölmüş şəxs” və “ölmüş elan edilən şəxs” fərqli anlayışlardır. Mülki Məcəlləninin 25.2-ci maddəsindən görünür ki, beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Müvafiq olaraq “ölmüş şəxs” deyiləndə beyin fəaliyyəti dayanmış şəxs başa düşülür. Ölmüş elan etmənin əsasları isə Mülki Məcəllənin 41-ci maddəsində müəyyən edilib. Həmin maddədə müəyyən edilmiş müddətlərdə şəxsin harada olması barədə məlumat olmadıqda və ondan xəbər çıxmadıqda o, ölmüş elan edilir, bu barədə olan qərarın qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. İş üzrə icraatın dayandırılması MPM-in 254.1.4-cü maddəsinin göstərişinə uyğun olmadığına görə qərardad ləğv edlməli və iş Nəsimi RM-nə qaytarılmalıdır. Nəsimi RM iddiaçını şəxsən məhkəməya çağırmalı, iddiaçı məhkəməyə gəlmədikdə isə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, iddia ərizəsindəki imza vizual baxımdan iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil imzasına oxşayır. Etibarnamə (iş v. 9) ilə ona bu səlahiyyət verilib, odur ki, iddia ərizəsi nümayəndə tərəfindən imzalana bilər. Lakin nəzərə alınmalıdır ki, etibarnaməni ölmüş elan edilən şəxs verib. MPM-in 69.1-ci maddəsindən görünür ki, hər bir fiziki şəxs müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər, zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Göründüyü kimi, maddədə “zəruri olduqda” ifadəsindən istifadə olunub. İddiaçı ölmüş elan edildiyinə görə onun şəxsən məhkəməyə çağırılması zəruridir. Əgər iddiaçı şəxsən məhkəməyə gəlməsə iddia ərizəsi MPM-in 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddəyə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Əgər ölmüş elan edilən şəxs məhkəməyə gəlmirsə, deməli, ölmüş elan etmənin əsasları aradan qalxmayıb. Bu isə o mənanı verir ki, onun verdiyi etibarnamə mülki prosesdə hüquqi nəticə doğurmur, yəni nümayəndə həmin şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyil. Belə halda yalnız ölmüş elan etmə barədə qətnamə ləğv edildikdən sonra iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəməyə iddia ərizəsi verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar