Məhkəmə qərarları › İş №2(103)-1060/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1060/2023

26.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1060/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh2 vəkili (nümayəndəsi) X7 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsinə və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Babahəsən oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X20 Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 25/24 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışıdr. İddiaçı Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib ailəsi ilə birlikdə yaşayır, faktiki olaraq 600 m2 torpaq sahəsini hasara alıb istifadə edir, torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyat alınmışdır. İddiaçı hesablanmış vergiləri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin hesabına ödəyir. İddiaçının inşa etdiyi yaşayış evi bütün komunal xidmətlərlə təmin edilmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının istifadə etdiyi torpaq sahəsini əlindən almaq üçün müxtəlif üsullarla cəhdlər etmişlər. Bir müddət bundan əvvəl isə cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olub bir hissəsini qanunsuz zəbt etməyə çalışmışlar. İddiaçıya məxsus torpaq sahəsinə inşaat materialları gətirən cavabdehlər iddiaçının qanuni tələblərinə əməl etmirlər. Bu səbəbdən iddiaçının istifadəsində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdehlərin iddiaçının sahibliyində olan torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasına zərurəti yaranmışdır. İş üzrə keçirilən ekspertiza rəyi ilə iddiaçı razılaşır. Lakin iddiaçı hazırkı torpaq sahəsindən 14 ildir istifadə edir. İddiaçıya ilkin ayrılan torpaq sahəsi metro stansiyasının inşası üçün ayrıldığından ilkin ayrılan torpaq sahəsi iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçının istifadə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilsə də, iddiaçı uzun müddət bu torpaq sahəsindən istifadə etdiyindən cavabdehlərə qarşı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsində yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsinə və cavadehlərə həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi və Cavabdeh2 vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində 500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv.m üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir. Cavabdeh2 etibarnaməsi əsasında Cavabdeh1 həmin torpaq sahəsindan istifadə edir. İddiaçının təqdim etdiyi sənədlərdən ona ayrılan torpaq sahəsinin 600 m2 deyil, 300 m2 olması müəyyən olur. Bundan başqa iddiaçıya ilkin olaraq ayrılan torpaq sahəsinin hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəz edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Bu hal isə iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsinə və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı mütəxəsis rəyinin alınması üçün ödənilən 156 manat Cavabdeh1 xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor gücünüə sökülmüşdür. Məhkəmə bu hala hüquqi qiymət verməmişdir.Nəticədə norma tətbiq ediməmişdir.Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz..Cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçıının istifadə etdiyi yaşayış sahəsindən və yerləşdiriyi torpaq sahəsindən istifadə məhdudlaşdırılmışdır. Məhkəmə normanı tətbiq etməmişdir.Torpaq sahəsinin 14 ildən çoxdur ki, iddiaçının istifadə olunması faktı məhkəmə tərfindən müəyyən edilsə də həmin torpaq sahəsinə zorla müdaxiləyə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının istifadəsində olmasına heç bir dövlət orqanın etirazı və ya geri alınma tələbinin mövcud olmamasına qiymət verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətdə qeyd olunan sualların cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.Bundan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.İddiaçının vəkili (nümayəndəsi) vəsatət verərək bələdiyyənin mütəxəssislərinin iştirakı ilə mübahisəli sahəyə baxış keçirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhəmə Kollegiyası mübahisəli torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən vəsatəti təmin etməmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənini 240.1.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Fətəlikənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli H-AZ № 043139 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 ilə X3 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Bağırova soyadı verilmişdir. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 094457 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 854 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 1319 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı Xocəsən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində 600 m2 torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarının surətindən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin ərazisində 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv.m üçün 80 qəpik olmaqla cəmi 240 manata X10 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin ərazisində 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarına əsasən X1. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarının surətindən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv.m üçün 80 qəpik olmaqla cəmi 480 manata X10 mülkiyyətinə verilmişdir. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin sədri X2, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X18 və Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X8 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktdan müəyyən olunur ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 nömrəli qərarına əsasən X10 mülkiyyətinə verilmiş Bakı Metroöpoliteninin Xocəsən deposunun tikintisi üçün ayrılmış sahənin hüdudları daxilində yerləşən 600 m2 torpaq sahəsinin əvəzləşdirilməsi üçün nəzərdə tutulan akta əlavə edilmiş cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 m2 torpaq sahəsini naturada ölçüb künc nöqtələrini müəyyən etməklə E.Ə.Bağırova təhvil verilmişdir. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, X21 tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 240 manat ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarının surətindən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin ərazisində 500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv.m üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir.İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən X30 Şirkətinin istifadəsinə verilən torpaq sahələrinə aid ərazidə yerləşir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 m2 torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 ayrılan 500 m2 torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən sözügedən 500 m2 torpaq sahəsinin 600 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 311 manat təşkil edir. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına 156 manat ödəmişdir. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına 156 manat ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/5252 saylı rəyindən müəyyən olunur ki, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə, həmin 600 m2 torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən X30 Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 ayrılan 500 m2 və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahələrinə dair miqyas, koordinat, hər hansi istinad nöqtələrindən məsafə göstərilmiş cizgi mövcud olmadığına görə sözügedən 500 m2 torpaq sahəsinin 600 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X17 ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə, həmin 600 m2 torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 m2 torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. X4, X11, X19 tərəfindən tərtib olunmuş Xocasən Bələdiyyəsinin sədri N.Məmmədova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 2020-ci ildə vəfat etmiş həyat yoldaşı X21 öz ailə üzvləri, oğlu X22, qızı X12 və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində 6 sot həyatyanı torpaq sahəsində tikdikləri evdə 2008-ci ildən fasiləsiz olaraq yaşayırlar. 2021-ci ilin ortalarında şəxsiyyəti onlara tam bəlli olmayan şəxs İddiaçı və ailə üzvlərinə məxsus olan torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmış və bu səbəbdən də həmin adamın öz başlığının qarşısını almaq məqsədi ilə aralarında məhkəmə çəkişmələri gedir. “Azərişıq ASC”-nin və "xxxx" ASC-nin abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanı üzrə X13 adına su və işıqdan istifadəyə görə sayğaclar quraşdırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan aydın müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaqkadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mərhum ərinə torpaq sahəsinin ayrılmasına dair cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə ayrılan torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının faktiki olaraq istifadəsində olmasını iddia etdiyi torpaq sahəsi X34 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə əsasən, X30 şirkətinə ayrılan dövlət mülkiyyətində olan torpaq sahəsidir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi, dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüquqları yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərindən başqa, müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor gücünüə sökülməsinə məhkəmənin qiymət verməməsi dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hasarın qanunsuz sökülməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar