Məhkəmə qərarları › İş №2(103)-10600/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10600/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10600/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(002)-1000/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah zamanı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində tikdirdikləri və yaşadıqları 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə 15 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından 18 iyun 2008-ci il təvəllüdlü X4 doğulmuşdur. 2020-ci il dekabr ayının axırında yeni ilə görə Günel və övladları Füzuli rayonu Horadiz şəhərinə anasıgilə getmişlər. O da 2021-ci il yanvar ayının 2-3-ü arası Horadiz şəhərinə getmişdir. Yeni ildən sonra Günel və övladları Bakı şəhərinə qayıtmışlar, o isə xəstə olduğundan qalıb müalicə olunmuşdur. Müalicə olunub qayıtdıqda evə getmək istədikdə görmüşdür ki, evin qapısının kilidini dəyişdirmişlər, cavabdeh və qohumları onu evə buraxmamışlar. O və cavabdeh Füzuli rayonundan məcburi köçkündürlər və Qaradağ rayonu Sahil qəsəbəsində bağça binasında məskunlaşmışlar. 2015-ci ilə qədər Sahil qəsəbəsində bağça binasında yaşamışlar. Daha sonra isə Buta qəsəbəsində ev tikib ora köçmüşlər. Yaşadıqları Qaradağ rayonu Buta qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 300 kv.m torpaq sahəsi Buta Bələdiyyəsinin ümumi yığıncağının 28.11.2007-ci il tarixli 15 saylı qərarına əsasən X1 və istifadəsinə verilmişdir. Onlar 2015-ci ilin iyul ayında X5 həmin torpaq sahəsini etibarnamə ilə 6.500 manat verib satın almışlar. X9 həyat yoldaşı Cavabdeh 13.07.2015-ci il tarixli etibarnamə verərək Qaradağ rayonu Buta Bələdiyyəsinin 28.11.2007-ci il tarixli 15 saylı qərarına əsasən onun sahibliyinə verilmiş Buta qəsəbəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsinə dair sənədləşdirmə, istifadə və sərəncam hüquqlarını Cavabdeh həvalə etmişdir. Torpaq sahəsini aldıqdan sonra orada 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi tikib ora köçmüşlər. Evin tikintisinə 7.500 manat xərc çəkmişdir. Evin içərisində yerləşən bütün mebel əşyalarını, məişət əşyalarını, mətbəx avadanlıqlarını və digər əşyaları özü almış, evi doldurmuşdur. Hal-hazırda onun yaşamağa başqa yeri yoxdur, cavabdehin və qohumlarının təqsiri ucbatından 6 ildir ki, yaşadığı evə daxil ola bilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(002)- 1000/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Əlavə olaraq göstərilmişdir ki, cavabdeh onun məlumatı olmadan 15.05.2018-ci il tarixli etibarnamə ilə 13.07.2015-ci il tarixli etibarnamə ilə X9 tərəfindən 300 kv.m torpaq sahəsinə dair ona verilmiş səlahiyyətləri bacısı X2 ötürmüş və sonuncu kommunal xidmətləri öz adına keçirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh teleqram ünvanlayaraq, müəyyən səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(002)-559/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment» tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 15 aprel 2007-ci il tarixdə Füzuli rayonu Horadiz qəsəbə İcra Nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 18 iyun 2008-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılması, 18 iyun 2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, alimentin 12.01.2021-ci il tarixdən tutulması, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ rayonu Buta qəsəbəsində yerləşən fərdi yaşayış evindəki birgə nikah dövründə əldə edilmiş daşınar əşyalar (kondisioner və s.) üzərində tərəflərin hər birinin 1/2 pay nisbətində hüquqlarının müəyyən edilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İddiaçı hazırkı iddia ilə birgə nikah zamanı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin içərisində tikdirdikləri və yaşadıqları 3 otaqlı fərdi yaşayış evinə köçürülməsini tələb etmiş, məhkəmə isə iddianın rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, kommunal xidmətlərə və s. dair təqdim edilmiş qəbz və s. sənədlər isə hüquqmüəyyənedici sənədlər olmayıb, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əvəz etmir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi tikili, həmçinin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2007-ci ildə ailə qurmuş, birgə nikahlarından 18.06.2008-ci il təvəllüdlü X4 doğulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(002)-559/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmin qətnamədən müəyyən edilir ki, hazırki mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilmiş və həmin evdə yaşamışlar. İş materiallarından aşkar şəkildə görünür ki, mübahisəsi gedən yaşayış evi 2015-ci ildə Cavabdeh verilmiş 13.07.2015-ci il tarixli etibarnamə əsasında X9 tərəfindən satılan, Qaradağ rayonu Puta bələdiyyəsinin 28.11.2007-ci il tarixli, 15 saylı qərarına əsasən sonuncunun sahibliyinə verilmiş torpaq sahəsi üzərində tikilmişdir. Həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə və onların birgə vəsaiti hesabına tikilmiş və həmin dövrdən mübahisəli evdə birgə yaşamışlar. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 2017-ci il tarixdə ərizə ilə müraciət edərək, mübahisəli evin qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmiş və "xxxx" MMC tərəfindən 2017-ci il tarixdə həmin ünvan üzrə qazlaşdırılma təmin edilmişdir (Cavabdeh adına). Daha sonra 15.05.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh 13.07.2015-ci il tarixli etibarnamə ilə X9 tərəfindən ona verilmiş səlahiyyətləri (Azərbaycan Respublikası Qaradağ rayonu, Puta bələdiyyəsi üzvlərinin yığıncağının 15 saylı protokolu və 28 noyabr 2007-ci il tarixli çıxarışa əsasən Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yaşayış evinin tikintisi üçün ona ayrılmış 300 kv. m torpaq sahəsinə dair özəlləşdirmək üçün lazım olan bütün hərəkətləri etməklə, DT və XK dən kadastr planı almaqla, Dövlət Reyestrindən çıxarış, arayış forma 1 almaqla, sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi) bacısı X2 ötürmüşdür. Bundan sonra isə həmin etibarnamə əsasında kommunal xidmətlər üzrə müvafiq abonent kodları Cəmilə Məmmədovanın adına dəyişdirilmiş və sonrakı kommunal xidmətlərə dair qəbzlər də Cəmilə Məmmədovanın adınadır. Beləliklə, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə 2015-2017-ci illərdə tikilmiş, həmin dövrdən 2021-ci ilə qədər olan müddət ərzində iddiaçı həmin evdə yaşamışdır. Kollegiya qeyd edir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1000/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı birgə nikah zamanı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində tikdirdikləri və yaşadıqları 3 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar