Məhkəmə qərarları › İş №2(103)-10603/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10603/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10603/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(003)- 241/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 21.170 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 qızıdır. Onun anası vəfat etdikdən sonra atası Cavabdeh1 Cavabdeh2 ilə ailə həyatı qurmuşdur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi qeydiyyatda olduğu, doğulub boyabaşa çatdığı, yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülüb orada yaşamaqdır. Çünki Cavabdeh2 bir neçə ildir ki, onun atasına məxsus və doğulduğu, yaşadığı, qeydiyyatda olduğu fərdi yaşayış evində yaşamasına süni maneələr yaradır, əsassız tələblər irəli sürərək onun yaşamasına əngəl olmaqdadır. O, məcburiyyət qarşısında qalaraq bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(003)-241/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfdən verilmiş çıxarışdan görünür ki, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı atası Cavabdeh1 Məhəmməd oğlu, anası X2r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.01.2018-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarına surəti əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər İddiaçı, X4, X5, X1 ilk iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilmələri, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X4, X7, X1 qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı kompensasiyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmiş, qətnamə İddiaçı, X4, X5, X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qətnaməsi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsi qismən, yəni “X4, X5 və X1 ilk iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilməklə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdehlər X6, X8 və X3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qanuni qüvvəyə minməsinin cavabdehlər İddiaçı, X4, X5 və X1 qızının Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçının tələbindən görünür ki, o, hazırda köçürülməsini tələb etdiyi Cavabdeh1 məxsus evə köçüb orada yaşamaq istəyir, Bu tələbinin faktiki əsası kimi onun həmin evin onun atasına məxsus olmaqla, bu evdə doğulub yaşamasına, qeydiyyatda olmasına fərdi yaşayış evində yaşamasına, lakin Cavabdeh2 buna süni maneələr yaratmaqla, əsassız tələblər irəli sürərək onun yaşamasına əngəl olmasına istinad edir. Lakin iddiaçı bu dəlillərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli ev xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Digər Cavabdeh2 isə onun arvadıdır. İddiaçı Cavabdeh1nın birinci nikahdan olan qızıdır, o, mübahisəli ünvanda doğulub boya-başa çatmış, 1989-cu ildə nikaha daxil olaraq ailə qurmuş və başqa ünvanda daimi yaşamaq üçün həmin evi tərk edib getmişdir. Hazırkı iş üzrə tərəflər arasında baş tutmuş başqa məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 22.02.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qətnamə ilə İddiaçı mübahisəli Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdə 30 ildən artıq müddət ərzində yaşamadığı və həmin evdən istifadə hüququnu itirdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçı artıq mövcud olmayan istifadə hüququna istinad etməklə, atasına məxsus olan evə köçürülməsini və həmin evdən istifadəsinə süni maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsini istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının köçürülməsini tələb etdiyi evə dair hər hansı əmlak hüququ, o cümlədən istifadə hüququ olmadığından onun tələbinin qanuni əsası mövcud deyildir, bu səbəbdən iddia tələbinin təmin edilməsi mübahisəli evin mülkiyyətçsi olan Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisəni həll edərkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiysı hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(003)-241/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar