Məhkəmə qərarları › İş №2(103)-1061/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1061/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1061/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(011)-6229/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilinə dair İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ona Qeydiyyat vəsiqəsi (ÖM seriyalı, 018058 nömrəli) verilmişdir. Sonradan həmin mənzilə Yeni qaydalarla: ünvan 1 ünvanı təyin edilmiş və bununla bağlı iddiaçının mülkiyyət hüququ ilə bağlı xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) həmin ünvan nəzərə alınmaqla qeydiyyat aparılmışdır. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının oğludur, o, 2008-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş və həmin vaxtdan arvadı və uşaqları ilə birlikdə Sankt-Peterburq şəhərində arvadına məxsus mənzildə yaşayır. Arvad və uşaqlar Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh sonuncu dəfə 2023-cü ilin iyun ayında ölkə ərazisinə gəlmiş və xx.xx.2023-cü il tarixdə ölkəni tərk etmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının, həm də artıq Rusiya federasiyasının vətəndaşıdır. O, hazırda da iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. Bundan başqa, cavabdeh 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubunda onun tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağın mümkün olmadığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilindən (yeni qaydalarla: ünvan 1) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil ona məxsusdur. Həmin mənzildə onunla bərabər X11, X12, X8, Cavabdeh və X5 rəsmi qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan cavabdeh faktiki olaraq, 2008-ci ildən evdən çıxmış və Rusiya Federasiyasına köçmüşdür. 2011-ci ildən isə tam olaraq, onunla və digər ailə üzvləri ilə əlaqəsini kəsmişdir. Faktiki olaraq, 13 ildən çoxdur ki, ona məxsus olan mənzildə yaşamır, təsərüffat aparmır, onunla əlaqə saxlamır. Daha sonra, məlum olmuşdur ki, o Rusiya Federasiyası vətəndaşlığını almış, Azərbaycan Respublikasına səfər edəndə də müvəqqəti olaraq dostunun evinə qeydiyyata düşüb orada yaşayır. Həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yerləşən konsulluğundan evə məktub daxil olmuş, məktubdan görünür ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün müraciət etmiş, lakin prosessual pozuntulara görə ona bu barədə imtina gəlmişdir. Hazırda cavabdehin mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını, konkret sərəncam vermək hüququnun icrasını məhdudlaşdırır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 6229/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilinə (Yeni qaydalarla: ünvan 1) dair Cavabdeh istifadə hüquqları itirilmişdit. (hakim X6)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, cavabdeh iddiaçının oğludur. Cavabdeh 1996-cı il tarixdən iddiaçının ailə üzvü olaraq mənzildə onunla birlikdə yaşamış və pasport qeydiyyatına alınmışdır. Cavabdeh mənzilin xx.xx.1996-cı il tarixdən mülkiyyətçisi olmuş idddiaçının ailə üzvü (oğlu) olduğu üçün onun mənzildən istifadə hüququ yaranmışdır. Lakin cavabdeh 2008-ci ildən etibarən ölkədən çıxaraq Rusiya Federasiyasına getmiş və daimi olaraq Rusiya Federasiyasında arvadına məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bu hal əvvəlki məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş məlumat ilə təsdiq olunmuşdur. Cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasın tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə getmiş, hazırda da orada yaşayır. Məhkəmə onun mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi və xarici ölkəyə köçüb orada daimi yaşaması ilə bağlıdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasında ailəsi, yəni arvadı və övladı ilə birlikdə arvadına məxsus fərdi yaşayış evində yaşayır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Sankt- Peterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, cavabdeh Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraicət etmiş, lakin zəruri sənədlər təqdim olunmadığından bu mümkün olmamışdır. Həmçinin, cavabdeh də izahatında Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müfaviq dövlət orqanlarına yazdığı ərizəsində ölkəni yalnız işləmək üçün tərk etdiyini qeyd etsə də, iş materiallarında olan sübutlar, tərəflərin izahatları onun müvəqqəti olaraq işləmək üçün deyil, daimi olaraq xarici ölkədə yaşamaq üçün getdiyini deməyə əsas verir. Cavabdehin Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Konsolluğa müraciət etməsi də, onun Azərbaycan Respublikasında daimi yaşamaq niyyətinin olmadığını bir daha sübut edir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi təmin edilərək cavabdehin mənzilə olan istifadə hüququ itirilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 60-cı, 87-ci, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.2-ci, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının yalançı dəlillərinə qətnamədə son dərəcə geniş yer ayırmış məhkəmə onun sübut və dəlillərinə heç bir məhəl qoymamış, bunlara istinad edərkən onun həqiqi fikir və mövqelərini, dəlillərini qəsdən təhrif etmiş, onları iddiaçının nümayəndəsinin istəyinə “uyğunlaşdırmış”, bir çox hallarda onları tamamilə görməzdən gəlmişdir. Məhkəmənin qətnaməsində iddiaçının nümayəndəsinə istinadən onun 2008-ci ildə “ölkəni tərk etdiyim tarixdən” sonra yalnız 4 dəfə ölkəyə qayıtdığına dair qeyd olunanlar ağ yalandır və məhkəmənin işinə yarayan bu “ağ yalan halları”nı məhkəmə müvafiq qurum(lar) vasitəsilə obyektiv araşdırmaq marağında olmamış, hətta onun təkcə son 2019-2023-cü illər ərzində ən azı 6 dəfə Azərbaycan Respublikasına, qeydiyyatda olduğu, ananın yaşadığı hazırkı mənzildə yaşamaq və qalmaq üçün gəldiyi, bir dəfə qapı qonşularının evindən savayı hər dəfə öz evində qeydiyyata düşdüyü və orada təxminən əlli günə yaxın qaldığına dair dəlillərini məhkəmə görməzdən gəlmişdir. Məhkəmənin qətnaməsində “qardaşının sifarişini yerinə yetirən bir şəxsin”- şahid X9 onu sonuncu dəfə 2023-cü il tarixdə, həmin tarixdən əvvəl isə yalnız 2013-cü ildə gördüyünü, 2023-cü ildə gələndə isə mübahisəli mənzildə deyil, başqa yerdə qaldığını bildirməsi, RF-də onu bir neçə dəfə görüb, ancaq ünsiyyət yaratmayıb deməsi kimi qeyd olunanlar məhkəmənin ona qarşı nə qədər qeyri-obyektiv olduğunun təsdiqidir. Bu baxımdan qətnamədə iş materiallarında olan 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 173 saylı arayışa istinad olunması da yolverilməzdir və bunun da iddiaçının nümayəndəsi olan ”qardaşının sifarişinin nəticəsi” olduğunu məhkəmə nəzərə almamışdır. Məhkəmənin qətnaməsində iddiaçı kimi çıxış edən anasının vəkalətli nümayəndəsi olan “qardaşının” onun əvvəllər yaşadığı, hazırda da qeydiyyatda olduğu, anasının yaşadığı evlə, mənzillə əlaqələrini tamamilə kəsdiyinə, davamlı ailə münasibətlərinin olmadığına, yaşlı anası ilə maraqlanmadığına bağlı qeyd olunanlar ağ yalandır, hədsiz dərəcədə şişirdilmişdir, bunlar planlı olaraq hazırda onun evdən istifadə hüququnun itirilməsinə, ardınca daimi yaşayış yeri üzrə həmin mənzildən qeydiyyatdan çıxarılmağına, ardınca isə həmin mənzilin satılaraq bütün pulunun yalnız onun sərəncamına keçməsinə dair “qardaşının çirkin məqsədinə xidmət edir”. Onun, təkcə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə, xx.xx.2023.-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2023.-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikasına, qeydiyyatda olduğu, hazırkı mənzildə yaşamaq və qalmaq üçün gəldiyi, öz evində qeydiyyata düşdüyü və orada təxminən əlli günə yaxın qaldığına, valideynləri ilə çox mehriban və yaxından ünsiyyətdə, ailə münasibətləridə olduğuna, birlikdə qonaqlar qəbul edib, qonaq getdiyinə dair dəlillərini məhkəmə görməzdən gəlmişdir. O, özünün getmək imkanının olmadığı vaxtlarda rəsmi nikahda olduğu arvadı Ömərova İzauranı, oğlu Kamalı, qızı Sariyanı Azərbaycan Respublikasına göndərmişdir. O, Azərbaycan Respublikasında xx.xx.2023.xx.xx.2023-cü il tarixlərdə olarkən daimi həmin evdə qeydiyyata düşmüş, daimi orada qalıb yaşamaqla stamatoloq və terapevt həkimlərin müayinə və müalicəsini almışdır. O, atasının yas mərasimlərində fasiləsiz iştirak etmiş, hüzür evində, axşamlar isə öz evində anası ilə birlikdə başsağlığına gələnləri qarşılamış, yola salmışdır. xx.xx.2023-cü il tarixdə atasının cümə axşamı ehsanında iştirak etdikdən sonra ölkəni tərk etmişdir. xx.xx.2023-cü il tarixdə anasının təklifinə əsasən yaşadığı hazırkı mənzildən ona düşən pay hissəsindən anasının xeyrinə imtina etməyi ilə bağlı qardaşı ilə notariat ofisinə birlikdə getmiş və rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı yaşayış mənzili maşınqayırma zavodunda işləmiş anasına o da daxil olmaqla 4 uşağı nəzərə alınmaqla verilmişdir, evin orderində vaxtilə onun adı da olmuş, məhkəmənin qətnaməsində qeyd olunduğu kimi xx.xx.1996-cı ildə evə 1-ci dəfə mülkiyyət sənədi-qeydiyyat vəsiqəsi verilərkən o, 15 yaşında olmuşdur. Məhkəmə onun AR və RF-də hər hansı bir yaşayış sahəsinə malik olmadığına dair xüsusatlara, RF-də yaşadığı mənzilin arvadının valideynləri tərəfindən ona bağışlanma qaydasında keçdiyinə dair fakta heç bir əhəmiyyət verməmiş, qardaşının qanunsuz istəyinə və sifarişinə uyğun səhv nəticə gəlmişdir. Məhkəmə 2020-ci ildən AR və RF-də pandemiya ilə bağlı quru və hava sərhədlərin tam bağlanmasını, səfərlərin demək olar ki, qadağan olunmaqla mümkünsüzlüyünü, 2022-ci ildən RF-nin Ukrayna ilə hərbi münaqişəsi səbəbindən irəli gələn məhdudiyyətləri, ölkədən giriş-çıxışla bağlı iradəsindən kənar baş verən halların bu məsələyə təsirlərini heç bir formada nəzərə almamışdır. Ona valideynləri 2009-cu ildə Bakı şəhərində toy şənliyi keçirmiş və arvadı bütün cehiz əşyaları ilə hazırkı mənzilə ərə gəlmişdir. Həmin gündən bu günə kimi arvadına məxsus bütün cehiz əşyaları (o cümlədən də ona və uşaqlarına məxsus bir çox əmlaklar) həmin mənzildə yerləşir. O, 2019-cu ildən ötən son 5 il ərzində pandemiyanın olduğu 2020-ci il xaric hər il ailəsini həmin mənzilə göndərmişdir, ailəsi həmin evə qeydiyyata düşməklə orada mehribancasına yaşayıb, ev təsərrüfatını idarə ediblər. Sonuncu 2024-cü ildə arvadı və uşaqları yay aylarında 2 dəfə Bakıya getmiş, mənzildə qeydiyyatda düşmüş öz mənzilində yaşamışlar. 2009-cu ildə də Rusiyada toy şənliyi olmuş, o, hər iki valideyninin Sankt-Peterburq şəhərində toyda iştirakını təmin etmiş, övladı kimi bütün qayğılarını çəkmişdir. 2011-ci ildə isə uşağının doğumu ilə əlaqədar anasının xüsusi olaraq Rusiyaya gəlməsini təmin etmiş, burada hər bir formada qulluğunda olmuşdur. Doğuş travması aldığı səbəbindən 1998-ci ildən ona 3-cü dərəcəli əlillik verilməklə pensiya təyin edilmiş, daha sonra əlilliyi mömürlük hesab edilmişdir. Həmin vaxtdan bu günə kimi pensiya kartı valideynlərində olmuşdur və o, pensiya pulunun onların alıb müxtəlif xərclərinə sərf etmələrinə razı olmuşdur. Onların səhhətində problemlər olan zaman dəfələrlə Rusiya istehsalı dərmanları tapıb alaraq valideynlərinə göndərmişdir. Tayvanda keçirilən dünya birinciliyində 100 və 200 metr məsafəyə qaçış üzrə yarışlarda Azərbaycan Respublikasını təmsil etmiş, 3-cü yeri tutmaqla, parolimpiya yarışlarının bürünc mükafatçısı olmuş, əvvəllər parolimpiya komitəsinin özündə çalışmış, həmin mənzildə daimi yaşamış, anası ilə birlikdə ev təsərrüfatını idarə etmişdir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüquqları olmamışdır. Onun başqa yerdə yaşayış sahəsi olmamışdır. İşləmək üçün müvəqqəti olaraq başqa ölkədə yaşasa da, yuxarıda qeyd etdiyi kimi daim evinə, valideynlərinin yanına gəlib getmiş, daim onlarla əlaqədə və təmasda olmuşdur. Onun iddiaçı istisna olmaqla digər ailə üzvləri ilə etibarlı ailə əlaqələri olmuş və bu gün də mövcuddur. Onun həmin evdən daim yaşamaq üçün yox, müvəqqəti işləmək üçün başqa yerə getməyinə, valideynləri, yəni mənzilin mülkiyyətçisi ilə ailə əlaqələrinin bu günədək mövcud olmasını təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutlardan demək olar ki, istifadə etməmiş, buna münasibət bildirməmiş, qətnamə qəbul edərkən yalnız iddiaçının yalan və iftira dolu iddia tələbinə və öyrədilmiş şahid ifadəsinə istinad etmiş və onlardan istifadə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, cavabdeh iddiaçının oğludur və cavabdeh mülkiyyətçisi iddiaçı olan mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşamış və birgə təssərrüfat aparmışdır. Bununla da, həmin mənzildən istifadə edilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

21. Bununla belə, məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilib-itirilməməsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 1996-cı ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü olduğundan və 1996-cı ildən iddiaçının razılığı ilə mənzildə yaşadığından cavabdehin mənzildən istifadə hüququ yaranmışdır.

22. Hazırda iddiaçı cavabdehin 2008-ci ildən həmin mənzildə yaşamadığını, ümumiyyətlə Azərbaycan Respublikasını tərk etdiyini və hazırda ailəsi (arvadı və uşaqları) ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşadığını, hətta vətəndaşılığını qəbul etdiyini bildirir və bu əsasla da cavabdehin mübahisəli mənzildən istifafə hüququnun itirilmiş hesab edilməsini tələb edir.

23. Cavabdeh isə iddia tələbini qəbul etmir, ildə ən azı 1 dəfə özünün və ya ailə üzvlərinin qeyd edilən mənzilə gəldiyini, həmin mənzildə yaşamaqla təsərrüfat apardığını, ailəsinin həmin mənzil üzrə müvəqqəti qeydiyyata düşdüyünü, Rusiya Federasiyasına müvəqqəti olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün getdiyini bildirir.

24. Lakin işin hallarından, cavabdehin birinci instansiya məhkəməsi zamanı verdiyi izahatının məzmunundan və iş materiallarında olan mötəbər sübutlardan cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması, ümumiyyətlə ölkədə daimi əsaslarla qalmaması, sonuncu dəfə 2023-cü ilin iyul ayında ölkədə olması, Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı Rusiya Federasiyasının vətəndaşı da olması, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı hələ 2013-cü ildə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etməsi, hazırda Rusiya Federasiyasında arvadına bağışlanmış mənzildə ailəsi ilə birlikdə yaşaması öz təsdiqini tapır.

25. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, cavabdehin arvadı və uşaqları da Rusiya Federasiyasının vətəndaşlarıdır. Cavabdeh son 5 ildə cəmi 3 dəfə ölkəyə giriş etmiş (xx.xx.2019-xx.xx.2019, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023) və bu səfərinin ən uzun davametmə müddəti 20 gün olmuşdur. Cavabdehin sonuncu dəfə 2023-cü ildə ölkəyə gəliş səbəbi də məhz atasının vəfatı ilə bağlı olmuş, atasının dəfni ilə əlaqədar mərasimlərdən sonra ölkəni tərk etmişdir. Başqa sözlə, cavabdehin mübahisəli mənzilə 2023-cü ildə gəlməsi də zərurətlə əlaqədar olmuş, həmin zərurət aradan qalxdıqdan sonra nəinki mənzili, ümumiyyətlə ölkəni tərk etmişdir. Məhkəmə o halı da xüsusilə qeyd edir ki, cavabdehin arvadı və övladları xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisəli mənzilə müvəqqəti qeydiyyata düşdüyü zaman səfərin məqsədi olaraq ailə üzvlərinin/ dostların ziyarəti qeyd edilmişdir.

26. Bununla belə, cavabdeh özü də apellyasiya şikayətində atasının vəfatından sonra mübahisəli mənzildəki ona vərəsəlik qaydasında keçən payından da imtina etdiyini bildirir. Başqa sözlə, cavabdeh özü də apellyasiya şikayətində mübahisəli mənzillə bağlı heç bi maraq və ehtiyacının qalmadığını özü də bəyan edir.

27. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh 1996-cı ildən iddiaçının mülkiyyətinə keçmiş həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir.

28. Cavabdeh apellyasiya şikayətində işləmək üçün Rusiya Federasiyasına getdiyini, mütəmadi olaraq mübahisəli mənzilə gəldiyini, son dövrlərdə pandemiya və yaşadığı ölkədəki hərbi əməliyyatlarla bağlı gəlişinin mümkün olmadığını bildirsə də, cavabdehin Rusiya Federasiyasının da vətəndaşı olması, 2013-cü ildən Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müraciəti, bu müraciətinin onun istəyi ilə bağlı olmayan səbəbdən mümkün olmaması cavabdehin bu mövqeyinin və apellyasiya şikayətinin bu qəbildən olan dəlillərinin, o cümlədən Rusiya Federasiyasına müvəqqəti işləməyə getməsi barədə mövqeyinin əsassız olduğunu göstərir.

29. Eyni zamanda, qeyd olunmalıdır ki, cavabdehin Bakı şəhərinə gələndə həmin mənzilə qalması ümumiyyətlə sübuta yetmir. İddiaçı tərəf bu halı qəbul etmir və cavabdehin həmin mənzildə qalmadığını bildirir (məsələn, iddiaçının nümayəndəsi ilə sual cavab, i.v. səhifə 125). Cavabdehin atasının ölməsi ilə bağlı mənzildə olması, habelə onun ailə üzvlərinin ölkəyə səfərləri zamanı mənzilə müvəqqəti qeydiyyata düşməsi isə onun mənzilə olan istifadə hüquqlarının itirilməməsinə dəlalət etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bir sıra hallar isə (valideynləri ilə təmasda olması, onların yanına gedib-gəlməsi, ailə əlaqələrinin saxlanılması, onların qayğısına qalması və sair) cavabdehin mənzildən istifadə hüquqlarının itirilməməsini deyil, bir qohum olaraq valideyni və bacı-qardaşı ilə yaxşı münasibətdə olmasını təsdiq edir. Halbuki, cavabdeh bu məsələdə də biri-birinə zidd olan fikirlər söyləyir. Belə ki, cavabdeh tərəf bu fikirlərlə yanaşı, məhkəmə iclasında da iddiaçı ilə yaxşı münasibətdə olduğunu, pensiya kartının iddiaçıda olmasını göstərsə də, apellyasiya şikayətində iddiaçı istisna olmaqla digər ailə üzvləri ilə etibarlı ailə əlaqələrinin olduğunu vurğulamışdır.

30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6229/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar