Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10614/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Güləli oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-516/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağladığı 01 oktyabr 2018-ci il tarixdə İcarə müqaviləsinə əsasən ondan artıq aldığı 35 000 (otuz beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə öz aralarında 01.10.2018-ci il tarixdə İcarə müqaviləsi bağlayaraq cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən “Qarışıq mallar” mağazasının giriş hissəsində yerləşən 25 kv.m sahəni 01 aprel 2019-cu il tarixdən başlamaqla 01 aprel 2021-ci il tarixə qədər aylıq 2500 (iki min beş yüz) manat olmaqla iddiaçıya icarəyə verməklə iddiaçıdan 60000 (altmış min manat) pul almışdır. O, həmin sahəni 2020-ci ilin fevral ayına qədər icarəyə işlətmiş və fevral ayının sonunda ona məlum olmuşdur ki, həmin sahə Cavabdeh mülkiyyət hüququ ilə məxsus olmayıb yalnız cavabdeh etibarnamə ilə həmin obyektin əsl mülkiyyətçisini təmsil etmişdir və cavabdehə mülkiyyətçi tərəfindən verilən etibarnamə 2020-ci ilin fevral ayında ləğv edilmişdir. Bundan sonra mülkiyyətçi onlara bu barədə məlumat verdikdən sonra onlar məcbur olub mülkiyyətçi ilə 3 mart 2020-ci il tarixdə yenidən icarə müqaviləsi bağlayaraq mülkiyyətçiyə həmin sahəyə görə icarə haqqını yenidən mülkiyyətçiyə ödəməyə məcbur olmuşlar. Bu barədə cavabdehə məlumat verərək bildirmişdir ki, onların 01 aprel 2019-cu il tarixdən fevral 2019-cu il tarixə qədər hər ay üçün 2500 manat icarə haqqı, yəni istifadə etdiyi 10 ay üçün 25000 (iyirmi beş min) manat verdiyi 60000 manatdan çıxıldıqdan sonra qalan 35000 (otuz beş min) manat pulu qaytarsın. Cavabdeh müxtəlif bəhanələrlə həmin pulu verməyi uzadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-516/2021 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun X4 aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06 aydan çox məhkəmə mübahisəsi davam etməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bir dəfə məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir və bildirmişdir ki, cavabdeh iddiaçı ilə aralarında cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən “Qarışıq mallar” mağazasının giriş hissəsində yerləşən 25 kv.m sahənin iddiaçıya icarəyə verilməsi barədə razılaşma olmuşdur, lakin müqavilə bağlamamışdır və imza cavabdehə məxsus deyil və həmin iddiaçının təqdim etdiyi əlyazma olan müqavilədə olan cavabdehə məxsusluğu kimi qeyd edilən imzanın müvafiq ekspertizaya göndərilməsi barədə vəsatət vermişdir və cavabdehin nümayəndəsinə verilən suallardan da etiraf edilirdi ki, həmin icarəyə verilən əraziyə bir başa cavabdeh özü məsul şəxs olmuşdur və həmin əraziləri cavabdeh icarəyə verirdi. Məhkəməyə dəftərxana vasitəsi ilə cavabdehlə mobil danışığa dair səs yazıları verərək xahiş etmişdir ki, həmin səs yazısına məhkəmə iclasında qulaq asılaraq hüquqi qiymət verilsin, lakin hakim ümumiyyətlə həmin təqdim edilən səs yazılarına məhkəmə iclasında hüquqi qiymət verməkdə maraqlı olmamışdır və bu səbəbdəndə rəsmi qaydada məhkəmə iclas protokolları ilə tanış olub qeydlər verilməsi və 08.04.2021-ci il tarixli qətnamənin verilməsi ilə bağlı verdiyi ərizəyə bu günə qədərdə cavab verilməmiş və protokollarla tanış olmaq üçün şərait yaradılmamışdır. Məhkəmə iclasında işirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında razılaşma olub və icra müqaviləsi bağlanıb, müqavilədəki imza Cavabdeh məxsusdur. Bununla bağlı səs yazısı da var. İcarə müqaviləsində kimisə təmsil etməyə dair heç nə yoxdur. Bundan sonra mülkiyyətçi gəlib deyib ki, onunla müqavilə imzalanmalıdır, iddiaçı da məcbur olur mülkiyyətçi ilə müqavilə imzalayıb. Həmin vaxt iddiaçı bilib ki, Cavabdeh mülkiyyətçi deyil. O vaxta kimi bilmirdi. Cavabdehi isə öncədən tanıyıb. Görüb ki, cavabdeh icarəyə yer verir, iddiaçı da icarəyə götürüb, 60 000 manat ödəniş edib. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilən audio-səsə baxış keçirilməyib, həmçinin icarə müqaviləsini tərtib edən, Mahirin otağında pulun sayılıb verilməsində iştirak edən şəxs isə şahid qismində dindirilmiş, lakin birinci instansiya məhkəməsi onun dediklərinə əhəmiyyət verməmişdir. Məhkəmənin gəldiyi nəticə icarə müqaviləsi ilə əlaqəli deyil. İcarə müqaviləsi birbaşa cavabdehin özü tərəfindən tərtib olunaraq imzalanıb. Cavabdeh heç bir məhkəmə prosesinə gəlməmişdir. 10 ay iddiaçı orada işləyib. 10 ay ərzində iddiaçının həmin ərazidə işləməsi ilə bağlı etiraz olmamışdır. Əvvəlki məhkəmə iclasında işirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh ilk olaraq ona başqa işi danışmışdı. Ona görə də icarə müqaviləsindəki imzaların cavabdehə məxsusluğunun yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsini xahiş etmişdi. Daha sonra imza nümunələri də bu səbəbdən təqdim edilmədi ki, onlar əslində imzanı mübahisələndirmirlər. İcarə müqaviləsindəki imza cavabdehə məxsusdur. Həmçinin cavabdeh tərəfindən etibarnamə əsasında obyekt icarəyə verilib. Cavabdeh ilə obyektin mülkiyyətçisi 15 ildən artıqdır ki, bir-birini tanıyır. Mülkiyyətçi həmişə cavabdehə tapşırıb ki, etibarnamə əsasında obyekti icarəyə versin. Cavabdeh hüquqşünas deyil. O bilmir ki, icarə müqaviləsində mülkiyyətçinin adını, yaxud kimi təmsil etdiyini qeyd etməlidir. Cavabdeh obyekti icarəyə verib. Bu müddətdə 10 ay müddətində icarə müqaviləsi ilə bağlı ödəniş olunub. Amma 60 000 manatın ödənilməsi ilə bağlı sübut yoxdur. Bu qədər məbləğ verilirsə qəbz imzalanmalı idi. Etibarnamə həmin vaxt qüvvədə olmuşdu. Cavabdeh tam qanuni əsaslarla mülkiyyətçini təmsil edib, iddiaçı da bilirdi ki, cavabdeh icarəyə verə bilir, ona görə cavabdehlə razılaşıb. Qalan məsələlər isə iddiaçı ilə mülkiyyətçi arasında olan məsələdir. Cavabdeh 60 000 manat pulu almayıb. Cavabdehin mülkiyyətçi ilə münasibətləri olub. Cavabdehə etibarnamə verib ki, onun obyektini icarəyə versin. Bu obyektin icarəyə verilməsi ilə mülkiyyətçi cavabdehə etibarnamə verib. Cavabdeh iddiaçıya obyekti icarəyə verib. Amma 60 000 manat pulu almayıb. 10 ay üçün aylıq 25 000 manat pul alıb. Həmçinin disk varsa belə sübut qismində qəbul edilə bilməz. Eyni zamanda Növbəti iclasda səs yazısı dinlənildikdən sonra izahatına əlavə kimi qeyd etmişdir ki, danışıqlardakı səs Cavabdeh səs yazısıdır. Burada pulun verilməsində də söhbət getmir. Pulu alıbsa belə cavabdeh konkret etibarnamə əsasında, tapşırıq əsasında fəaliyyət göstərib, pulu alıb mülkiyyətçiyə verib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan ƏN-İ 641099 nömrəli 06 iyun 2018-ci il tarixli etibarnamədən görünür ki, X3 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 26 qapı 1 qeyri-yaşayış sahəsinin kirayə, icarəyə verməyi, bununla əlaqədar notariat kontorunda və digər dövlət orqanlarında onun nümayəndəsi olmaq, adından imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. İş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 26 ünvanda yerləşən “qarışıq mallar” mağazasının giriş hissəsindəki 25 kv.m sahəni 01 aprel 2019-cu il tarixdən 01 aprel 2021- ci ilə qədər icarəçi X4 verməyi, icarəçi isə icarəverənə 60 000 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X11 (X8 əvəzinə) ilə X9 arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 03 mart 2020-ci il tarixli İcarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən X8 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 309.55 kv.m olan qeyri yaşayış sahəsinin 20 kv.m hissəsini X6 icarəyə verməyi, icarəçi isə icarəverənə aylıq 350 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iş materialılarında olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin 29.03.2021-ci il tarixli məktubundan görünür ki, ƏN-İ 641099 nömrəli 06 iyun 2018-ci il tarixli etibarnamə hal-hazırda qüvədədir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən X1 adından etibarnamə əsasında hərəkət edərək, X5 ilə 01 oktyabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlayan Cavabdeh, həmin müqavilə ilə X1 mülki hüquq və vəzifələrini yaratmasına istinad etməklə, sözügedən 01 oktyabr 2018-ci il tarixli müqavilə üzrə hər hansı pul məbləğinin Cavabdeh tələb edilməsinin əsassız olmasını hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli İcarə müqaviləsi ilə icarəyə verən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 26 ünvanda yerləşən “qarışıq mallar” mağazasının giriş hissəsindəki 25 kv.m sahəni 01 aprel 2019-cu il tarixdən 01 aprel 2021-ci ilə qədər icarəçi X4 verməyi, icarəçi isə icarəverənə 60 000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilənin məzmunundan göründüyü kimi Cavabdeh heç də ƏN-İ 641099 nömrəli 06 iyun 2018-ci il tarixli etibarnamə ilə X1 ona verdiyi səlahiyyətlər daxilində hərəkət etməmişdir. Belə ki, icarə müqaviləsində Cavabdeh məhz S.Məmmədovanın adından mülki hüquq və vəzifələrini yaratması barədə hər hansı bir qeyd olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf, qeyd olunan icarə müqaviləsindəki imzanı mübahisələndirsə də, apellyasiya baxışı zamanı həmin imzanın cavabdehə məxsus olması qəbul edilmişdir, eləcə də iddiaçının təqdim etdiyi səs yazısındakı danışıqların məhz Cavabdeh aid olması bildirilmişdir. Həmin səs yazısı cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında dinlənimişdir. Həmin səs yazısında eşidildi ki: qeyri-yaşayış sahəsininin icarəyə verilməsi barədə iddiaçı Cavabdehla razılığa gəlmişlər, həmin danışıq zamanı Cavabdeh kiminsə adından çıxış etməsi müəyyən edilməmiş, danışıq zamanı iddiaçı israrla cavabdehə verdiyi pulun məbləğini qeyd etmiş, lakin cavabdeh həmin məbləğə hər hansı qaydada etiraz etməmiş, həmin razılığa əsasən cavabdeh iddiaçıdan 60000 manat pul almasını qəbul etmiş, eyni zamanda cavabdehin obyektin ondan alındığını, onun da ziyana düşdüyünü, ödənilmiş məbləğdən yalnız 10000 manat ödəyə biləcəyini, həmçinin həmin yerin icarə haqqının 2500 manat deyil, 4000 manat olduğunu, iddiaçıya onsuz da ucuz qiymətə verdiyini bildirir. İddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı qeyd olunan səs yazısını təqdim etsə də birinci instansiya məhkəməsi tərəfindən həmin səs yazısı araşdırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları aşağıdakılardan ibarət olmuşdur: cavabdehin adına X3 tərəfindən etibarnamə verilsə də, cavabdeh həmin etibarnaməyə əsasən deyil, məhz öz adından çıxış edərək iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 26 ünvanda yerləşən “qarışıq mallar” mağazasının giriş hissəsindəki 25 kv.m sahəsinə dair öz adından icarə müqaviləsi bağlamış və müqavilə ilə müəyyən edilmiş 60000 manat pul vəsaitini qəbul etmişdir. Həmin müqavilənin şərtlərinə görə isə X5 həmin qeyri-yaşayış sahəsindən 01 aprel 2019cu il tarixdən 01 aprel 2021-ci ilə qədər icarəçi qismində istifadə etməli idi, sonradan, yəni 2020-ci ilin fevral ayında ona məlum olmuşdur ki, həmin sahə Cavabdeh mülkiyyət hüququ ilə məxsus olmayıb, yalnız cavabdeh etibarnamə ilə həmin obyektin əsl mülkiyyətçisini təmsil etmişdir, iddiaçının həmin qeyri-yaşayış sahəsindən çıxarılması tələb edildikdən sonra 03 mart 2020-ci il tarixdə yenidən icarə müqaviləsi bağlayaraq mülkiyyətçiyə həmin sahəyə görə icarə haqqını yenidən ödəməyə başlamışdır. Göründüyü kimi cavabdeh öz adından çıxış edərək qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaqla iddiaçıdan 60000 manat vəsaiti qəbul etmiş, lakin həmin vəsaitin mülkiyyətçiyə verilməsi barədə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aylıq 2500 manat (60000 manat:24ay=2500 manat) olan icarə haqqına dair 10 ayın (2500 manat X 10ay=25000 manat) cəmi məbləği 25000 manat, 60000 manatdan çıxılmaqla yerdə qalan pul vəsaiti (60000 manat-25000 manat= 35000 manat) 35000 manatı cavabdeh əsassız olaraq özündə saxlamaqla iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə müəyyən edilir ki, cavabdeh icarəni həyata keçirməkdə məqsədi təmsil etdiyi şəxsin iradəsinə uyğun olaraq əldə etdiyi vəsaiti mülkiyyətçiyə vermək olmamışdır. Həmçinin həmin pul məbləği cavabdehə verilmişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviiləsi üzrə münasibətlər olmuş, iddiaçı müqavilənin şərtlərinə görə pulu cavabdehə vermiş, lakin cavabdeh qeyd etdiyi kimi həmin vəsaiti mülkiyyətçiyə verməsini təsdiq edə bilməmişdir. Ona görə də Kollegiya hesab edir ki, Cavabdeh 35000 manat məbləğində vəsait məhz iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Sadalanan normalar çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə də, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-516/2021 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh 35 000 (otuz beş min) manat pul tutularaq iddiaçı X4 verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10614/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10614/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver