Məhkəmə qərarları › İş №2(103)-1063/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1063/2020

03.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2020 03.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətnin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “xxxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5539/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxx” VM MMC arasında bağlanmış müqaviləyə əsasən işə bərpa olunması, “xxxxx” VM MMC tərəfindən ona vurulmuş 4000 manat maddi ziyanın və 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh-yə xadimə vəzifəsinə qəbul olunmuşdur. Sözügedən şirkətdə işlədiyi dövr ərzində iddiaçıya təhkim olunmuş bütün işləri vaxtı-vaxtında və lazımı qaydada icra etmişdir. xx.xx.2019-cu il tarixdə səhər saat 09:00-da işə gəldiyi zaman Cavabdehnin rəhbəri iddiaçını işə qoymamış və bunun barədə hər hansı bir qaydada xəbərdarlıq etməmişdir. İddiaçı işdən xaric olduğundan xəbəri olmamışdır. Həmçinin işdən azad olunması barədə ərizə yazmamışdır. İşə götürən tərəfindən İddiaçı qarşı qərəzli mövqe nümayiş olduğundan və xəbəri olmadan işdən azad olduğundan cavabdehə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir cavab verməmişdir. Bundan əlavə iddiaçı tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq birtərəflik qaydada xitam verilməsi və iddiaçının işdən azad edilməsinin nəticəsində maddi və mənəvi ziyan dəymişdir. İşə götürən əmək müqaviləsinin ləğv etməzdən iki ay əvvəl işçini rəsmi xəbərdarlıq etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə iki aylıq əmək haqqının birdəfəyə ödəməlidir. Həmçinin xəbərdarlıq müddəti ərzində hər iş həftəsinin əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi ayı bir iş günü əmək fünksiyasının icrasından azad edilməlidir. Lakin işə götürən Azərbaycan Respublikasının Əmək Məcələsi ilə müəyyən edilmiş hüquqlarını kobud sürətdə pozmuşdur. Bu səbədbdən cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə isə 2000 manat ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Мəhkəməsinin 2(004)-5539/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və boyektiv araşdırmadığı irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında qeyd etmişdir ki, iddiaçının digər işçilərlə aralarında şiddətli keçimsizlik müşahidə olunmuş və buna görə də iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Bununla belə yaşını və ailə vəziyyətini nəzərə alaraq hər kəsdən iddiaçıya qarşı daha da humanist və diqqətli yanaşılması xahiş edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə yenə işçilərlə mübahisə etmiş və iş yerini icazəsiz tərk edib getmişdir. Həmin gündən sonra dəfələrlə iddiaçı ilə mobil telefonu vasitəsilə əlaqə saxlanılıb işə qayıtmalı olduğu və iş saatı ərzində iş yerində olmalı olduğu bildirilsə də müxtəlif bəhanələrlə işə çıxmamışdır. Eyni zamanda işə nə vaxt çıxacağı, iş buraxmasının səbəbləri və əgər belə bir üzrlü səbəb varsa, ona dair məlumat verməsi üçün cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanmışdır. Sonradan iddiaçı şirkətin ofisinə yaxınlaşaraq normal qaydada işə davam edəcəyini düşünmüş və ondan buraxdığı iş günləri ilə bağlı izahat tələb olunduqda izahat verməkdən imtina etmişdir. Buraxdığı iş günlərinin üzrsüz olması və buna dair hər hansı açıqlama verməkdən imtina edərək ofisi tərk etdiyi üçün iddiaçının bu hərəkətini, müraciət məktubunun cavabsız qalmasını əsas gətirərək əmək qanunvericiliyinə uyğun şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman əmək müqaviləsi işəgötürən tərəfindən hələ də ləğv edilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan “xxxxx” VM MMC-nin işçiləri X3, X4 və X1 tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh-nin xadiməsi İddiaçı işlədiyi müddətdə mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, iş şəraitini pozmuş, işçilərlə kobud rəftar etmiş, onları təhqir etmiş, şərəf və layaqəti alçaldan ifadələr işlətmişdir. xx.xx.2019-cu il tarixinədək edilən xəbərdarlıqlara məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir və xx.xx.2019-cu il tarixində səhər saat 09:00 radələrində ofisə daxil olaraq səs-küy salmış, iş mühitini kobud şəkildə pozmuş və iş yerini özbaşına tərk etmişdir. İşə qayıdıb-qayıtmayacağı haqqında heç bir məlumat verməmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, xx xxxxxx 2019-cu il tarixində “xxxxx” VM MMC-nin ofisində əməkdaşlarla onun arasında mübahisə baş vermişdir. İş yerində mübahisə yaratmaqla işin ahəngini pozmuş, əməkdaşları təhqir etmiş, onların şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, iş yerini özbaşına tərk etmiş və heç bir məlumat verməmişdir. Əmək müqaviləsi üzrə yerinə yetirilməli olduğu funksiyaları kobudcasına pozmudur. İşə nə zaman qayıdaçağına dair, qayıtmayaçağına dair heç bir məlumat verməmişdir. Qeyd olunalarla bağlı iş yerinə yaxınlaşaraq 15 gün ərzində münasibət bildirməyi və işə çıxıbçıxmamağı haqqında məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxxx” VM MMC-nin işçiləri X3, X4, X1, X2 və X5 tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, həmin şirkətdə xadimə işləyən İddiaçı 15 gün idi ki, işə gəlmirdi. xx xxxxxxxx 2019-cu il tarixdə işə gəlmişdir. Bildirmişdir ki, şirkətin ona göndərdiyi məktubu alıb. İşə gəlməməsinin səbəbləri və üzrlü səbəbdən iş buraxdığı halda sənəd və izahat verməkdən imtina etmişdir. İş yerini tərk edərək getmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxxx” VM MMC-də xadimə vəzifəsində işə qəbul edilmişdir. Lakin sonradan işçilər arasında mübahisələr düşmüşdür. xx.xx.2019-cu il tarixdə İddiaçı xəbərdarlıq etmədən icazəsiz iş yerini tərk etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə mobil telefonu vasitəsilə əlaqə saxlanılıb işə qayıtmalı olduğu və iş saatı ərzində iş yerində olmalı olduğu bildirilsə də, iddiaçı müxtəlif bəhanələrlə işə çıxmamışdır. İddiaçı “xxxxx” VM MMC-də xadimə kimi işlədiyi müddətdə mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, iş şəraitini pozmuş, işçilərlə kobud rəftar etmiş, onları təhqir etmiş, şərəf və layaqəti alçaldan ifadələr işlətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı əmək intizamını pozduğuna görə dəfələrlə intizam tənbehi verilmişdir. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması götürülmüşdür. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» (72-ci maddəsinin a bəndində sadalanan hal) ilə xitam verilməsi əsaslı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi maddi və mənəvi zərərin ödənilməsi tələbi də əsassızdır. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5539/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar