Məhkəmə qərarları › İş №2(103)-1063/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1063/2021

26.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil3, cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin sahəyə köçürülmə barədə” iddiasına və iddiaçı Cavabdeh İddiaçı qarşı “qarajüstü sahənin tikilməsinə sərf olunmuş vəsaitdə payların müəyyən edilməsi və fərdi yaşayış sahəsinə dair reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qardaşı Ruslan İsmayılovun arvadıdır. Ruslan İsmayılov 2016-cı ildə ağ ciyər vərəmindən vəfat edib. Cavabdeh Ruslan İsmayılov ilə 2007-ci ildə nikah bağlamadan ailə qurublar, 2008-ci ildə bir uşaqları doğulub, 2010-ci ildə nikah bağlayıblar. Mübahisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 10-cu döngədə yerləşən 35 №-li evdə bağlıdır (bundan sonra – ev). Ev üzərində İddiaçı mülkiyyət hüququ 2018-ci ildə dövlət reyestrində qeydə alınıb. Hazırda evdə Rauf Hüseynov ailəsi ilə birlikdə yaşayır. O cümlədən Cavabdeh əri ilə birlikdə həmin evdə yaşayıb, ərinin vəfatından sonra da uşağı ilə birlikdə evdə yaşamaqda davam edir. Evin texniki pasportu iş materiallarına əlavə edilib. Evin ümumi sahəsi 275,7 kv.metrdir, “A” və “B” tikililərindən ibarətdir. “A” tikilisi 1 mərtəbəlidir, ümumi sahəsi 115,5 kv.m-dir. “B” tikilisi 2 mərtəbədən ibarətdir, ümumi sahəsi 160,2 kv.m-dir. Eksper rəyi ilə müəyyən olunub ki, Cavabdeh faktiki yaşadığı sahələr texniki pasport üzrə “B” tikilisinin 1-ci və 2-ci mərtəbələrində yerləşir, İddiaçı mülkiyyətində olan evin sahəsinə daxildir. Ekspert rəyində daha sonra qeyd olunub ki, Cavabdeh faktiki olaraq istifadə etdiyi tikililərin evin “B” tikilisinin 1-ci mərtəbəsində (1 saylı tikili) və 2-ci mərtəbəsində (1,2,3,4,5,6,7 saylı tikililər) yerləşdiyi müəyyən olunur. Tələb və onun həlli: İşdə 2 iddia var. Belə ki, iş əvvəlcə ayrı-ayrı 2 işdən ibarət olmuş, daha sonra həmin işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İddiaçı iddia ərizəsində tələb olunub ki, Cavabdeh evdən istifadə hüququ olmayan şəxs hesab edilsin, evin “B” tikilisi Cavabdeh sahibliyindən alınsın, Cavabdeh uşağı ilə birlikdə evin tutduğu hissəsindən çıxarılsın, İddiaçı isə həmin sahayə köçürülsün. Cavabdeh iddia ərizəsində tələb olunub ki, həmin ünvandakı (evin yerləşdiyi ünvandakı) qarajüstü sahənin əri ilə onun birgə vəsaiti hesabına inşa edilməsi müəyyən olunsun, bu sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində özünün, ½ hissəsi üzərində ərinin pay hüququ müəyyən edilsin və evə dair Rauf Hüseynovun adına verilsmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, İddiaçı iddiası rədd olunsun, Cavabdeh iddiası qismən təmin olunsun, evin “B” tikilisinin Cavabdeh və onun ərinin vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf edilmiş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə onun ərinin payı müəyyən edilsin, evə dair İddiaçı adına verilmiş reyestr çıxarışı “B” tikilisinə aid hissədə ləğv edilsin, Cavabdeh iddiasının qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası təmin olunsun, Cavabdeh iddiası rədd olunsun. Məhkəmə iclasında iştirak edən, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh-iddiaçı Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Cavabdeh 13 ildir ki, evin “B” tikilisində yaşayır. O, İddiaçı qardaşı ilə 2007-ci ildə ailə quraraq ora gəlin köçüb, orada yaşadığı müddətdə 1 uşağı doğulub, indiyə kimi orada yaşayır. Hazırkı iddia İddiaçı 2-ci iddiasıdır. Belə ki, 2017-ci ildə İddiaçı məhkəməyə 1-ci iddia verərək Cavabdeh uşağı ilə birlikdə “B” tikilisindən çıxarılmasını tələb edib. Həmin iddia rədd olunub. Ona görə ki, iddia verilərkən ev və evin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olmayıb. Bundan sonra - 2018-ci ildə İddiaçı ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırıb və məhkəməyə 2-ci iddianı (hazırkı iddianı) verərək Cavabdeh uşağı ilə birlikdə evdən çıxarılmasını tələb edib. Mülki Məcəllənin 14.2.4-ci maddəsində mülki hüquqların əmələ gəlmə əsaslarından biri belə göstərilib: qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Göründüyü kimi, “qanunvericiliyin yol verdiyi əsaslar“ifadəsindən istifadə olunub. Mülki qanunvericilik heç bir şəxsə başqa şəxsin vəsaiti və əməyi hesabına inşa edilmiş tikili üzərində mülkiyyət hüququ əldə etməyə yol vermir. Ancaq İddiaçı başqa şəxslərin - Cavabdeh və onun ərinin vəsaiti və əməyi hesabına inşa edilmiş tikili (“B” tikilisi) üzərində mülkiyyət hüququ əldə edib. Həmin tikilinin Cavabdeh və onun ərinin vəsaiti və əməyi hesabına inşa edilməsi birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh əri ölənə qədər İddiaçı həmin tikili ilə bağlı heç bir tələb irəli sürməyib. 2016-cı ildə Cavabdeh əri, bundan 2 gün sonra anası, 2017-ci ildə isə atası ölüb. Məhz bundan sonra İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh uşağı ilə birlikdə “B” tikilisindən çıxarılmasını tələb edib: əvvəl 1-ci iddianı irəli sürüb, bu iddia rədd edildikdən sonra 2-ci iddianı rəli sürüb. Nəzərə alınmalıdır ki, ailənin yaşaması üçün ərarvad tərəfindən tikilən evdə inşaat işləri adətən ər tərəfindən həyata keçirilir. Cavabdeh əri həyatda olmadığına görə İddiaçı hesab edib ki, “B” tikilisini öz vəsaiti və əməyi hesabına inşa edilmiş tikili kimi təqdim edə biləcək, Cavabdeh isə buna etiraz edə bilməyəcək. Cavabdeh polis orqanının inzibati binasında qeydiyyatdadır, onun və azyaşlı qızının yaşamağa başqa yaşayış sahəsi yoxdur. O cümlədən tibb müəssisəsində tibb bacısı işlədiyinə görə özünə və uşağına başqa yaşayış sahəsi əldə etməyə maddi imkanı yoxdur. Apelyasiya icraatı zamanı Cavabdeh kompensasiya ödənilməsinin (başqa yaşayış sahəsi əldə edə bilməsi üçün) mümkünlüyü məsələsi müzakirə olunarkən İddiaçı vəkili buna etiraz etdi. Göründüyü kimi, əgər İddiaçı iddiası təmin olunarsa Cavabdeh və onu azyaşlı qızı hər hansı kompensasiya almadan yaşayış yerindən məhrum olacaq. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq reyestr çıxarışının “B” tikilisinə aid hissədə ləğv edilməsini qət edib. Reyestr çıxarışının ləğv edilməsi “B” tikilisinə münasibətdə müvafiq reyestr qeydinin də ləğvini ehtiva edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olması reyestr çıxarışının ləğvinə mane olmur. Belə ki, birinci, mülkiyyətçinin torpaq sahəsində başqa şəxsə aid tikili yerləşə bilər, qanun bunu qadağan etmir; ikinci, həmin torpaq sahəsində Cavabdeh və əri tərəfindən inşaat işləri aparılarkən İddiaçı buna etiraz etməyib. O cümlədən “B” tikilisinin inşasına sərf edilmiş vəsaitin ½ hissəsinin Cavabdeh, ½ hissəsinin isə ərinin payı kimi müəyyən edilməsi düzgün nəticədir. Həmin nəticə Ailə Məcəlləsinin 32-ci maddəsinin göstərişlərinin mənasına uyğundur. Mövcud olan mübahisəli vəziyyətdə Cavabdeh özünün və uşağının qanuni mənafelərini təmin edə bilməsi üçün belə nəticənin qət edilməsi zəruridir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar