Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddiası; İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1957/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh1 ilə İddiaçı ASC (Azneft filialı) arasında 09 fevral 2022-ci il tarixli L007/2022/1 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Sonradan həmin kredit limitinin ayrılması haqqında müqavilə əsasında Cavabdeh1 ilə İddiaçı ASC (Azneft filialı) arasında 16 dekabr 2022-ci il tarixli KE/36925/89/1 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 27.300 manat məbləğində kredit verilmişdir.
2. 16 dekabr 2022-ci il tarixli **********379 saylı və **********350 saylı ödəniş tapşırıqlarına əsasən Cavabdeh1 hesabına 17.495,62 manat və 9.803,38 manat olmaqla, cəmi 27.299 manat ödənilmişdir.
3. 10 may 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat borcu var.
4. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolü küçəsi 25 saylı evin 8 saylı mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. 09 fevral 2022-ci il tarixli L007/2022/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsi 25 saylı evin 8 saylı mənzili kredit alan Cavabdeh1 bank qarşısında olan kredit öhdəliyinin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 KE/36925/89/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaitinin və ödənilmiş 164 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan əmlakda yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 KE/36925/89/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaitinin və ödənilmiş 164 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
9. İddiaçı Cavabdeh2 İddiaçı ASC-yə və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L007/2022/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2022-ci ildə bankdan kreditə pul götürmək istəmişdir. Lakin bank bu kreditin təminatı üçün hər hansı bir daşınmaz əmlakın girov qoyulmasını ondan tələb etmişdir. Cavabdeh1 həmçinin bu kreditə görə onun heç bir probleminin olmayacağını və heç bir məsuliyyət daşımayacağını demişdir. Həmçinin əgər hər hansı problem yaranarsa, bunun ona heç bir aidiyyəti olmayacağını və bank qarşısında olan öhdəliyini də özü tərəfindən tam şəkildə icra edəcəyini nəzərinə çatdırmışdır. O da, Cavabdeh1 inanaraq bu ipoteka müqaviləsinin rəsmiləşdirilməsinə icazə vermişdir. Lakin o, nə Cavabdeh1, nə də bank qarşısında hər hansı bir öhdəlik götürmədən, yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasına razılıq verdiyini bildirmişdir. Bundan sonra onunla İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin bu yaxınlarda məhkəmə tərəfindən ona məhkəmə bildirişi göndərilmiş və yalnız bundan sonra onun xəbəri olmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-dən götürdüyü krediti vaxtında ödəməmiş və buna görə də, bank tərəfindən həm Cavabdeh1, həm də ona qarşı məhkəməyə iddia ərizəsi verilmişdir. Bundan sonra aldandığını başa düşərək, Cavabdeh1 bu öhdəliyin yerinə yetirilməsini və onun evinin girovdan azad edilməsini tələb etmişdir. Lakin işin hallarından da görünür ki, Cavabdeh1 həm onu, həm də bankı aldadaraq bu pulu götürmüş, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bunun nəticəsində isə o, həm maddi, həm də mənəvi əziyyət çəkir. Qeyd edir ki, onunla bank arasında bağlanmış ipoteka müqaviləsi də yalnız rəsmiyyət xatirinə bağlanmış əqddir.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1957/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair ilk iddiasının təmin edilməsi; xx.xx.2022-ci il tarixli KE/36925/89/1 saylı kredit müqaviləsi üzrə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaitinin və ödənilmiş 164 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsi 25 saylı evin 8 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi; mənzilin açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi; mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması; 300 manat qiymətləndirmə xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi; Cavabdeh2 İddiaçı ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının isə rədd edilməsi; qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Cavabdeh1 onun etibarından və inamından sui-istifadə edərək bu ipoteka müqaviləsinin bağlanması nəticəsində onun heç bir problemi olmayacağına onu inandırmış və onu aldadaraq həmin bu ipoteka müqaviləsinin bağlanmasına nail olmuşdur. İnanaraq və bu kredit müqaviləsinin bağlanması ilə əlaqədar heç bir məsuliyyət daşımayacağını düşünərək bu müqavilənin bağlanmasına razılıq vermişdir. Lakin işlərin sonrakı gedişi göstərdi ki, Cavabdeh1 onu aldatmış və heç bir əsas olmadan onun maddi məsuliyyətə cəlb edilməyinə şərait yaratmışdır. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin qarşılıqlı iddianın rədd edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Mübahisələndirilən (yəni qarşılıqlı iddianın təmin edilmədiyi) hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qqarşılıqlı iddia haqlı sayılmır.
26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi vurğulayır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılması zəruri hesab edilir.
29. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
30. Əvvəla, Cavabdeh1 onun etibarından və inamından sui-istifadə edərək bu ipoteka müqaviləsinin bağlanması nəticəsində onun heç bir problemi olmayacağına onu inandırdığını və onu aldadaraq həmin bu ipoteka müqaviləsinin bağlanmasına nail olduğunu qeyd etsə də, bu dəlillər hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Bu halları sübut etmək yükü isə qarşılıqlı iddiaçının üzərinə düşür. Hətta bu halların həqiqi olması belə qarşılıqlı iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki bu halların həqiqiliyi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Üstəlik müqavilənin bağlanması ilə əlaqədar heç bir məsuliyyət daşımayacağını düşünərək razılıq verməsi inandırıcı və ağlabatan dəlil sayılmır. Yəni, müqavilə bağlanırsa demək hüquq və vəzifə, öhdəlik yerinə yetirilmədikdə isə məsuliyyət yaranır. Ona görə Cavabdeh2 mülki hüquqi məsuliyyət daşımaq istəmirdisə, müqavilənin bağlanmasından imtina da edə bilərdi.
31. Cavabdeh1 qarşılıqlı iddiaçını aldatması da inandırıcı və ağlabatan sayılmır, həyatda həmişə baş verən hallara da uyğun deyildir. Qeyd olunduğu kimi, hər bir halda ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan şərtlərin baş verdiyi təsdiq olunmalıdır. Belə bir şərtin, yəni qarşılıqlı iddiaçının Cavabdeh1 tərəfindən aldadılması isə ümumiyyətlə təsdiq olunmur.
32. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdin etibarsızlığı şərtləri və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 1957/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1957/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.