Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10635/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2742/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları barədə Y-455 saylı yekun protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2742/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka qoyan borcluya hərrac barədə məlumat verilməmişdir, bu əsasla da iddia tələbi təmin edilmişdir. Halbuki hərracın keçirilməsi barədə bildişlər iddiaçıya göndərilmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.İbrahimov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan 10 avqust 2018-ci il, 24 avqust 2018-ci il, 14 sentyabr 2018-ci il və 28 sentyabr 2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərin surətindən görünür ki, X6 və X3 açıq hərracın keçirilməsinə dair bildirişlər Zəngilan rayonu, Muğanlı kəndinə göndərilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 aprel 2019-cu il tarixli RX ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzili "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2578/2018 saylı, 07 mart 2018-ci il tarixli qətnamədən müəyyən olunur ki, X5, İddiaçın və X2 müştərək qaydada 24 368,85 ABŞ dolları əsas borcun, 8964.37 ABŞ dolları faiz borcu, cəmi 33 333.22 ABŞ dolları məbləğində pul vəsaitinin (borcun alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə) iddiaçı "NBC Bank” ASC-nin xeyrinə tutulması, cavabdehlər X5, İddiaçın və X2 müştərək qaydada tutulmalı olan cəmi 33 333.22 ABŞ dolları məbləğində borcun iddiaçı "NBC Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 55 000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı 31 manat dövlət rüsumunun və bank xidmət haqqının "NBC Bank” ASCnin xeyrinə tutulması və ekspertiza tədqiqatının dəyəri 50 manat pul vəsaitinin cavabdehlər X5, İddiaçın və X2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin 15 noyabr 2018-ci il tarixli “hərracın yekunları barədə” Y-455 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alğı-satqısına dair bağlanmış 15 noyabr 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzili 35 063 manat məbləğ qarşısında "xxxx" ASC-yə satılmışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 10.08.2018-ci il, 24.08.2018-ci il, 14.09.2018-ci il və 28.09.2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair X4 və X3 Zəngilan rayonu Muğanlı kəndinə bildiriş”lər göndərilmiş, ipoteka qoyan İddiaçı isə açıq hərracın keçirilməsinə dair bildiriş ümumiyyətlə göndərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli qərarında Plenum vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə: 43.5.). “İpoteka haqqında” Qanunun 43.7, 43.7-1. və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh "xxxx" ASC öz apellyasiya şikayətində iddiaçıya-ipoteka qoyana hərrac barədə bildiriş göndərildiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili üzrə cavabdeh biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən, rayon məhkəməsi hazırkı iddia tələbinin təmin edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh "xxxx" ASC-nin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2742/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10635/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10635/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver