Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1064/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə satdığı evin dəyərinin ödənilməmiş qalan bir hissəsinin ödənilməsi məqsədi ilə 6.000 manat, hüquqi yardıma çəkdiyi xərcin əvəzi olaraq 110 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus evi 2017-ci ildə cavabdehə satmışdır. “Alğı-satqı müqaviləsinin” rəsmiləşdirilməsi zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, evin razılaşdırılmış qiymətinin bir hissəsini, yəni 6.000 manatı 15- 20 gün ərzində ödəyəcək. İddiaçı bununla razılaşmışdır. 20 gündən sonra iddiaçı cavabdeh ilə əlaqə saxladıqda cavabdeh ona bir neçə ay möhlət verməyini xahiş etmişdir. İddiaçı bununla da, razılaşmışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh həmin məbləği iddiaçıya ödəməmiş və müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Bu səbəbdən də iddiaçı şikayət ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş və şikayəti əsasında Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən araşdırılma aparılmışdır. Cavabdeh orada verdiyi izahatda etiraf etmişdir ki, iddiaçıdan ev alsa da, evin dəyərinin bir hissəsini, yəni 6.000 manatı ödəyə bilməmiş və hazırda maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilmir.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi sübuta yetir. Belə ki, Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, (cavabdeh) Cavabdeh polisdə verdiyi izahatında göstərmişdir ki, o, (iddiaçı) İddiaçı 2017-ci ildə ev almış, evin dəyərinin bir hissəsini, yəni 6.000 manatı ödəməmiş, maddi vəziyyətinin ağır olması səbəbindən hazırda da, ödəyə bilmir. Bununla da, müəyyən edilir ki, cavabdeh özgəyə - iddiaçıya məxsus pul vəsaitini heç bir əsas olmadan özündə saxlayır. Bu səbəbdən də, iddiaçı həmin pul vəsaiti cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, Rayon Məhkəməsi, məhkəmə bildirişini cavabdehin əvvəlki yaşadığı ünvana göndərmişdir, lakin cavabdeh uzun müddətdir ki, həmin ünvanda yaşamır. Bununla da, Rayon Məhkəməsi qüvvədə olan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizəni Rayon Məhkəməsinə vermək imkanından məhrum olmuşdur. Odur ki, işə apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.
d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıya məxsus evi alan zaman evin dəyərinin bir hissəsini – 6.000 manatı ödəməmişdir. Aralarında olan razılığa görə cavabdeh həmin məbləği 15 gün ərzində ödəməli idi. Bu razılığa gəldikdən sonra onlar notarial qaydada xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlamışlar. Həmin müqavilədə isə qeyd edilib ki, guya 6.000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc alınmışdır. Bu və iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə verilməsi nəzərə alınarsa, onda müəyyən edilir ki, iddiaçı, həmin pul məbləğini tələb etmək üçün qanundan nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, cavabdehin vəkilinin (nümayəndəsinin) Məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə bağlı bildirdi ki, həmin müqavilə də, iddia tələbinin əsaslı olmasını bir daha təsdiq edir. O, iddia müddəti ilə bağlı isə bildirdi ki, hazırki iş üzrə iddia müddəti apellyasiya icraatı zamanı tətbiq edilə bilməz. Çünki, cavabdeh, birinci instansiya məhkəməsində aparılmış icraatdan xəbərsiz olduğunu bildirsə də, əslində Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi hazırlıq iclasında cavabdeh şəxsən özü iştirak etmiş və “iddia müddətinin tətbiqi barədə” ərizə verməmişdir.
e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. İlk növbədə Məhkəmə iş üzrə tərəflər arasında bağlanmış və cavabdehin vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı zamanı Məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə bağlı bildirir ki, iş üzrə tərəflərin həmin müqaviləni bağlayarkən niyyətləri ondan ibarət olmuşdur ki, onlar, aralarında bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə cavabdehin yaranmış borcu etiraf etməsini rəsmiləşdirsin. Buna görə də Məhkəmə həmin müqaviləni “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” kimi qəbul edir.
11. İş üzrə tərəflər həmin müqavilədə əks olunmuş pulun məbləğini və həmin pul məbləğinin ödənilməsi tarixini mübahisələndirmədikləri üçün Məhkəmə hesab edir ki, həmin məlumatlardan hazırki mübahisənin həlli zamanı istifadə etmək mümkündür.
12. Bundan başqa qeyd edilməlidir ki, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, (cavabdeh) Cavabdeh polis orqanına verdiyi izahatında göstərmişdir ki, o, (iddiaçı) İddiaçı 2017-ci ildə ev almış, evin dəyərinin bir hissəsini, yəni 6.000 manatı ödəməmiş, maddi vəziyyətinin ağır olması səbəbindən hazırda da, ödəyə bilmir.
13. Beləliklə də, iş üzrə tərəflərin yazılı və şifahi qaydada məhkəmələrə verdikləri məlumatlardan, işdə olan sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixdə cavabdeh iddiaçıya məxsus evi alan zaman evin dəyərinin bir hissəsini – 6.000 manatı iddiaçı ödəməmişdir. Onlar razılığa gəlmişlər ki, cavabdeh həmin məbləği 15 gün ərzində, yəni xx.xx.2017-ci il tarixədək iddiaçıya ödəyəcək. Bu şərt iş üzrə tərəflər arasında bağlanmış “Alğı-satqı müqaviləsinə” daxil edilməmiş, iş üzrə tərəflər bu şərti yuxarıda qeyd edilmiş “Kredit müqaviləsini” bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Cavabdeh, 6.000 manatı xx.xx.2017-ci il tarixədək iddiaçıya ödəmək barədə öhdəliyi üzərinə götürsə də, öhdəliyi bu günə kimi icra etməmişdir.
14. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
15. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin edilməsini, özünə məxsus əmlakın – 6.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə iddianı əsaslı hesab edərək iddianı təmin etməkdə haqlı olmuşlar.
16. Apellyasiya şikayətində cavabdeh bildirir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, işə onun iştirakı olmadan baxmışdır. Belə ki, Rayon Məhkəməsi, məhkəmə bildirişini onun əvvəllər yaşadığı ünvana göndərmiş, lakin o, uzun müddətdir ki həmin ünvanda yaşamır.
17. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən, o cümlədən apellyasiya şikayətindən və cavabdehin vəkilə verdiyi xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, cavabdehin rəsmi ünvanı ünvan 1ir.
18. Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirtdiyi məhkəmə iclasında cavabdehin şəxsən iştirak etmiş və həmin ünvanda deyil, başqa ünvanda yaşaması, yəni ünvanının dəyişilməsi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
19. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələbinin mənasına görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr öz ünvanlarının dəyişilməsi ilə bağlı məhkəməyə məlumat vermək vəzifəsini daşıyırlar. Ünvanın dəyişilməsi ilə bağlı məlumat verilmədikdə, məhkəmə, məhkəmə bildirişlərini ona məlum olan axırıncı ünvan üzrə göndərir və çağırılan şəxs həmin ünvanda artıq yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (maddə 146.).
20. Odur ki, qeyd edilən prosessual normanı və cavabdehin yuxarıda qeyd edilən ünvanda deyil, başqa ünvanda yaşaması barədə Rayon Məhkəməsinə məlumat verməməsini, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etsə də, növbəti iclasa (həmin iclasın vaxtı və yeri barədə Rayon Məhkəməsi tərəfindən cavabdehə hətta elektron bildiriş göndərilmiş və cavabdeh həmin bildirişi almışdır (bax: iş v. 26)), yəni xx.xx.2022-ci il tarixə (iş üzrə qətnamə qəbul edilmiş tarix) təyin edilmiş iclasa getməməsini və bunun məhz üzürlü səbəbdən baş verməsi barədə Rayon Məhkəməsinə məlumat verməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur.
21. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
22. Yuxarıda qeyd edilən mövqenin davamı olaraq cavabdeh apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat vermədiyindən o, “iddia müddətinin tətbiqi barədə” ərizəni Rayon Məhkəməsinə vermək imkanından məhrum olmuşdur. Buna görə də, işə apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, ona qarşı irəli sürülmüş iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.
23. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, apellyasiya baxışının nəticələri ilə artıq müəyyən edilmişdir ki, bir məhkəmə iclasında iştirak etmiş və növbəti iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh həmin iclasa getməmiş, bunun üzürlü səbəbdən baş verməsi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
24. Bu halı nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh, iddia müddətinin tətbiqi barədə ərizəni Rayon Məhkəməsinə təqdim etmək üçün real imkana və kifayət qədər vaxta malik olsa da, o, bunu etməmişdir. Belə olan halda o, ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə iddia müddətinin tətbiqini apellyasiya icraatı zamanı tələb edə bilməz (“Q.Məmmədovanın və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı).
25. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
f) apellyasiya baxışının nəticəsi
26. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.