Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10641/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi (MMC-nin direktoru) X2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2416/2021 saylı, 27 may 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8.436,00 (səkkiz min dörd yüz otuz altı) manat əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2416/2021 saylı, 27 may 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi – Cavabdeh 8.436 (səkkiz min dörd yüz otuz altı) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, əvvəla tələb olunan pulun tutulması üçün əsasların olub-olmamasına məhkəmə əhəmiyyət verməmişdir. Bu əsas ya qanundan, yada müqavilədən irəli gəlməlidir. Kommunal xidmətlərə görə pulun tutulması üçün qanuni göstərişlər Mənzil Məcəlləsinin müvafiq normalarında öz əksini tapmışdır. Həmin müddəaların hazırki iş üzrə iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Mənzil Məcəlləsi kommunal xidmətlərə görə ödənişlərin tələb edilməsi üçün əsaslar müəyyən edir, lakin bu əsaslar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə məxsusdur, dolayısı ilə MMC-nin hazırki iddia tələbi ilə məhkəməyə müraciət üçün subyektiv hüququ da mövcud deyil. Pul tələbinin müqavilədən irəli gələn əsasları da mövcud deyil, tərəflər arasında bununla bağlı müqavilə bağlanmamışdır. "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müqavilə MTK- nın üzvlüyünə qəbul edilmiş şəxs üçün məsuiyyət yarada bilməz. Bu, onunla əlaqədardır ki, MTK-nın bağladığı əqd üzrə yalnız o özü məsuliyyət daşıyır, həmçinin Cavabdeh MTK-nın üzvü olaraq MTK-nın bağladığı əqdlər üzrə məsuliyyət barədə üzərinə heç bir əlavə öhdəlik götürməmişdir. Qeyd edilən əsaslar iddianın rədd edilməsi üçün kifayət edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (MMC-nin direktoru) X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Mənzil Məcəlləsinin 120.5, 122.3, 135.1, 135.2.3, 140.1, 140.3, 141.3, 142.4, 142.10-cu maddələrinə; Mülki Məcəllənin 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanması təşkil edilmiş, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m-si üçün 0,30-0,50 manatın yığılması hər ay MMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. İddiaçı 500 manat hüquqi yardım xərci ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2, 135.2.3 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından qətnamədə qət olunan pulun məbləği istisna olmaqla, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 122.3, 135.1, 135.2, 135.2.3, 135.2.4, 137.6, 137.10 və 140.1- maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə tam uzlaşır, eyni zamanda cavabdehin etiraz və müdafiə hüquqlarına görə iddianın əsaslılığı da aradan qalxmır. Əvvəla, tələb olunan pulun tutulması üçün əsasların olması cavabdehin də şikayətində qeyd etdiyi kimi Mənzil Məcəlləsinin qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, istər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti(MM.m.122.3), istərsə də idarəedici təşkilatı kimi(MM.m.137.6) iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. İkincisi, tərəflər arasında müqavilənin bağlanmaması da hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, cavabdeh özü də müqavilə bağlamaqdan imtina etməməlidir. Ancaq cavabdeh hansı səbəbdən iddiaçı ilə müqavilə bağlamaq istəmədiyini də kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi. Buna görə də yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdeh tərəfindən artıq yaşayış sahəsi ona verildiyi vaxtdan yaranmışdır. Cavabdehin "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə məsuiyyəti yarana bilər. Bu öhdəlik cavabdeh üçün MTK-nın üzvü olaraq MTK-nın bağladığı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də iddianın rədd edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Buna baxmayaraq iddiaçı cavabdehdən hər iki mənzilə görə 04 fevral 2015-ci ildən, yəni kooperativin üzvlüyünə qəbul edildiyi vaxtdan 01 aprel 2021-ci ilə qədər olan dövr üzrə iki mənzil üzrə 8436 manat kommunal xidmətlərə görə pul tələb etmiş, məhkəmə də həmin məbləğin cavabdehdən alınmasını qət etmişdir. Lakin cavabdehin bu öhdəlikləri vaxtaşırı icra edilməli olan öhdəliklərə aid olduğundan kommunal xidmətələrə görə haqq yalnız son üç il üzrə, yəni 01 aprel 2018-ci ildən 01 aprel 2021-ci ilədək olan dövr üzrə ondan alınmalıdır. Nəzərə alınsa ki, 1 il üçün 1 mənzilə görə kommunal xidmət haqqının cəmi 684 manat təşkil edir, 3 il üzrə 2252 manat, 2 mənzilə görə, 3 il üzrə isə cəmi 4504 manat cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Ona görə də qət olunan məbləğ azaldılaraq 4504 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməsi dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kommunal xidmət haqqının miqdarı hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 4504(dörd min beş yüz dörd) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2416/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi kommunal xidmət haqqının miqdarı hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 4504(dörd min beş yüz dörd) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10641/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10641/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver