Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10648/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(004)-3429/2020 saylı qərardadından Cavabdeh vəkili-nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 3300 manat, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(004)- 3429/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən poçt vasitəsi ilə 07 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 2(004)- 3429/2020 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin məhkəməyə gec daxil olma səbəbi cavabdehdən asılı olmayan səbəbdir. Cavabdeh sözügedən qətnamədən müddəti ötmədən apellyasiya şikayəti vermişdir. Baş vermiş anlaşılmazlıq poçtun səhlənkarlığı ucbatındandır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(004)- 3429/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisəli qətnamə Cavabdeh xəbərnaməyə şəxsən imza etməklə 20 noyabr 2020-ci ildə poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh 24 dekabr 2020-ci ildə tarixdə apellyasiya şikayəti ilə müraciət etsə də, apellyasiya şikayəti dövlət rüsumunu ödənilməsi barədə qəbz əlavə edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2(004)3429/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh yenidən 07 yanvar 2021-ci il tarixdə apellyasiya şikayətini poçt xidmətinə təhvil vermiş və şikayət 12 yanvar 2021- ci ildə məhkəməyə daxil olmuşdur. Nöqsanlar aradan qaldırılsa da, cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti, yəni, 21 dekabr 2020-ci il tarixi ötürmüş və müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Teymur qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(004)- 3429/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10648/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10648/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver