Məhkəmə qərarları › İş №2(103)-10656/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10656/2021

01.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10656/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(010)- 4521/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) onunla bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsi barədə 16 iyun 2020ci il tarixli 43 nömrəli əmrin ləğv edilməsi və onun Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(010)- 4521/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 31.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsini 22.07.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmiş, belə olan halda iddia ərizəsinin məhkəməyə nə vaxt daxil olmasından asılı olmayaraq, 22.07.2021-ci il tarixdə verilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddia ərizəsinin poçta təqdim edilməsi barədə qəbz və xəbərnamə təqdim edərək, iddia ərizəsinin 22 iyul 2021-ci il tarixdə poçta təqdim edildiyini və 27 iyul 2021-ci il tarixdə isə məhkəməyə daxil olduğunu bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə bağlıdır, qanunvericiliyin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı zəruridir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı olaraq sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Təqdim edilmiş poçt qəbzindən və poçt xəbərnaməsindən müəyyən edilir ki, iddia ərizəsi 22 iyul 2021-ci il tarixdə poçta təqdim edilmiş, 27 iyul 2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixli 360-VİQD 21 saylı Azərbaycan Respublikası Qanunu 25 iyul 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmişdir. Konstitusiyanın istinad olunan maddələrinə əsasən qanun dərc olunduğu andan hüquqi qüvəyə minir və onun tətbiqi və icrası vətəndaşlar ..... üçün məcburidir. Həmin Qanunla Mülki Prosessual Məcəlləyə 152.1.6-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, “Mediasiya haqqında” Qanunun əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməsi vəzifəsini müəyyən edən 28.1-ci maddəsi 01 iyul 2021-ci il tarixdən, Qanunun həmin maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olmasını müəyyən edən Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsi isə 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 22 iyul 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da iddiaçının 26 iyul tarixinədək məhkəməyə ünvanladığı ərizə “Mediasiya haqqında” Qanunun təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(010)-4521/2021 saylı qərardadı ləğv edilsin və iddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar