Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10657/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO "xxxx" ASC) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yşnəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31.08.2021-ci il tarixli 2(004)-4215/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7789.43 (yeddi min bir yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində kredit borcunun - bundan 5394.30 (beş min üç yüz doxsan dörd manat 30 qəpik) manat əsas, 1611.46 (bir min altı yüz on bir manat 46 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 783.67 (yeddi yüz səksən üç manat 67 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21214” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- 2135689), **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Lada” filialı ilə Cavabdeh arasında bağlanmış 2273 №-li, 15 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən «VAZ- 212114» markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə (kreditin qaytarma müddətləri pozulduğu halda illik 44 faiz dərəcəsi ilə) 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan həmin avtomobil 2273 №-li, 15 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca icra etməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 30.05.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin 10 iyun 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7789,43 manat təşkil edir. Bundan 5394,30 manat əsas borc, 1611,46 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 783,67 manat faiz borcu təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(004)-4215/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4215/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bununla bağlı bildirirlər ki, eyni tələb ilə birinci dəfə 07.06.2019-cu ildə Yasamal rayon məhkəməsinə tərəflərindən müraciət edilmişdir. Yasamal rayon məhkəməsi tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli 2(004)-4491/2020 saylı qərardadla iddia ərizəsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına istinad edilərək, baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh ilə bağlanmış 15.07.2013-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyin icra müddəti 15.07.2016-cı il tarixdə bitir. Qanunvericiliyin tələbinə əsasən isə iddia müddəti müqavilə müddəti başa çatdığı vaxtdan 3 il sonra, yəni hazırkı halda 15.07.2019-cu il tarixdə başa çatmış hesab edilir. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə 07.06.2019-cu ildə müraciət edildiyi üçün iddia müddəti keçmiş hesab edilə bilməzdi. Belə ki, mövcud məhkəmə təcrübəsinə və yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən, belə olan hallarda iddia müddətinin keçməsi iddiaçı tərəfin təqsiri əsasında keçmiş hesab edilə bilməz. İddiaçı daxili imkanlarından istfadə edərək 07.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki dövrdə Fərmanın icra müddəti başa çatmayıb və gələcəkdə vətəndaşın bu Fərmandan irəli gələn hüquqlarından istfadə etmək imkanı olduğu üçün iddia ərizəsi geri qaytarılmalıdır. Fərmanın icra müddəti bitəndən sonra və cavabdeh tərəfindən restrukturizasiya ilə bağlı hər hansı müraciət edilmədiyindən yenidən məhkəmədə iddia qaldırmaq hüququndan istfadə edilmişdir. Belə olan halda iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi məsələsini araşdırarkən kobud pozuntuya yol vermişdir. Pozuntu ondan ibarətdir ki, iddia müddəti tətbiqi yalnız o halda mümkündür ki, məhkəmə tərəfindən sübuta yetirilsin ki, iddiaçı vaxtında iddia qaldırmaq hüququndan öz təqsiri ucbatından istfadə etməyib. Belə olan halda isə aydın görünür ki, 07.06.2019-cu il tarxidə iddiaçı məhkəməyə müraciət edib, lakin özündən asılı olmayan səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göstərilənlərə hesab edirlər ki, Yasamal rayon məhkəməsi tərəfindən mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, məhkəmə tərəfindən mülki işin müvəffəqiyyətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işə birtərəfli qaydada baxılmış, iş üzrə mövcud olan subutlara mülki prosessual qanunvericiliyinin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq göstərdi ki, həmin avtomobili 2013-cü ildə əldə etdikdən bir müddət sonra ödənişləri edə bilmədiyindən banka müraciət etmiş, bankın Rizvan adlı əməkdaşı onu qəbul etmiş və qarşılıqlı razılığa əsasən o, avtomobili həmin Rizvan adlı şəxsə təhvil vermişdir. Sonradan həmin avtomobil başqa şəxsə verilmişdir və razılığa əsasən həmin şəxs banka aybaay ödənişlər etmişdir. O, avtomobili təhvil verərkən avtomobilin onun sahibliyindən çıxmasına dair hətta ona ərizə də yazdırmışlar. Hesab edir ki, o, avtomobili təhvil verdiyindən bank qarşısında heç bir məsuliyyət daşımır və yaranmış borca görə də, cavabdeh deyildir. Həmçinin, onun tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 2273№li kredit müqaviləsi 15.07.2016-ci il tarixdə bitsə də, iddiaçı 10.06.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, bununla da iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları dinləyib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 2273 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri Banka qaytamağı üzərinə götürmüşdür. Bu müqavilə borc alanla və ya ipoteka qoyanla bağlanmış 15 iyul 2013-cü il tarixli İpoteka/Girov/Zaminlik müqaviləsi ilə təmin edilir və kreditin qaytarılmasının təminatı ilə bağlı münasibətlər həmin müqavilə ilə tənzimlənir. Borcalana kredit avtomobilin alınması üçün verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 2273 №-li ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilənin predmetini Bankla Cavabdeh arasında bağlanmış 2273 saylı 15 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsinin 2.1-ci bəndində göstərilən mülkiyyət hüququ üzrə “İpoteka qoyana” məxsus olan daşınar əmlakın ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini mülkiyyət hüququ üzrə “İpoteka qoyana” məxsus olan VAZ-2121, mühərrik 0009131, buraxılış ili 2013, rəngi ağ, ban 2135689, minik avtomobili təşkil edir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən 15 iyul 2013-cü il tarixli, AA№093771 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ipoteka qoyan şəxs Cavabdeh VAZ-21214 minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Dekabank ASC-yə ipotekaya qoymuşdur. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti 15 iyul 2013-cü ildən 15 iyul 2016-cı ilədəkdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizəyə əsasən müəyyən olunur ki, LPO "xxxx" ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə ərizə ünvanlamışdır. İş materiallarında olan 03 iyun 2019-cu il tarixli bildirişə əsasən müəyyən olunur ki, ididiaçı tərəfindən borcun ödənilməsi barədə cavabehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh həmin tarixə 5394,30 manat əsas, 1611,46 manat faiz, 783,67 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 7789,43 manat borcu vardır. İş materiallarında olan iddia müddətinin tətbiq edilməsi barədə 25.08.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh məhkəməyə müraciət edərək iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın təmin edilməməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdeh bu borcun ona aid olmadığını, avtomobili banka təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında kredit müqaviləsi 15 iyul 2013-cü ildə 36 ay müddətinə bağlanmışdır və həmin müqavilənin müddəti 15 iyul 2016-cı ildə başa çatmışdır. Həmin müqavilə üzrə sonuncu ödəniş isə 08.09.2016-cı il tarixdə edilmişdir. Cavabdehə qarşı hazırkı iddia tələbi isə 10.06.2021-ci ildə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əlaqəli şəkildə dəyərləndirərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı LPO "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, onlar tərəfindən eyni tələblə 07.06.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin 09.09.2020-ci il tarixli qərardadı ilə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına istinad edilərək həmin mülki iş baxılmamış saxlanılmışdır. Lakin iddiaçı tərəfindən həqiqətən də eyni tələblə məhkəməyə müraciət edilməsi və bununla bağlı mülki işin baxılmamış saxlanılması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçının bu dəlili, yəni onlar tərəfindən eyni tələblə məhkəməyə 07.06.2019-cu il tarixdə müraciət edilməsi həqiqət kimi qəbul olunsa belə, bu o deməkdir ki, həmin tələb üzrə iddia müddətinin axımı bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik müddətin bitməsinə (sonuncu ödəniş tarixindən hesablanmaqla) üç ay bir gün qalmış kəsilmiş hesab olunmalıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiqi müddəti 31 dekabr 2019-cu il tarixə qədər müəyyən edilmişdir. Deməli, iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas hesab olunan Fərmanın tətbiqi müddəti başa çatdığından, 01.01.2020-ci il tarixdən iddia müddətinin axımı yenidən başlanmış hesab olunmalı idi. Belə ki, Mülki Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən isə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, hazırkı iddia «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının tətbiqi müddəti bitdikdən təxminən bir il altı ay sonra verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(004)-4215/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10657/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10657/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver