Məhkəmə qərarları › İş №2(103)-10659/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10659/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10659/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Yasamal rayon Məhkəməsinin 2(004)-3981/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Yasamal rayon Məhkəməsinin 2(004)-3981/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki işə baxarkən məhkəmə prosesini birtərəfli aparmış, mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və səhv nəticəyə gəlmişdir. Yasamal rayon məhkəməsinin qətnaməsində yanlışlığa yol verilmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, cavabdehin nümayəndəsinin iddiaçının təqdim etdiyi bank kartının Cavabdeh məxsus olduğunu bildirmişdir. Lakin, həqiqətdə o, həmin kartın qardaşına məxsus olub-olmadığını bilmədiyini söyləmiş, çünki heç bir zaman həmin bank kartına pul köçürməmiş və həmin bank kartından da onun hesabına heç bir ödəniş edilməyib. Digər tərəfdən, məhkəmə kart hesabının kimə məxsus olduğunu müəyyən etməzdən öncə, tərəflər arasında hər hansısa bir borc hüquq münasibətinin olub-olmamasını müəyyən etməmiş və bununla da iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, başqa şəxsin bank hesabına pulun köçürülməsi barədə bankdan alınmış məktubun məhkəməyə təqdim edilməsi həmin pulun borca verildiyi anlamına gəlmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında borc münasibətlərini təsdiq edən heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsinin hakimi onlara demişdir ki, ola bilsin ki həmin pul yanlış bank əməliyyatı ilə köçürülmüşdür. Cavid iddiaçıdan pul almayıb. Bundan başqa bankdan pulun gəlib-gəlməməsini araşdırmamışdır. Həmçinin bu barədə Cavidə bildiriş də gəlməmişdir. Bəlkə də o kartdan həyat yoldaşı istifadə etmişdir. Cavid ona bildirirdi ki, “Yelobank” kartı olub, lakin həmin kartın ona məxsus olub-olmamasını tutuşdurmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, cavabdeh ondan borca pul verməsini xahiş etmişdir. Baldızı ilə boşandıqdan əvvəl cavabdehə kart vermişdir. Həmin kartın fotoşəklini də təqdim edir. Cavid ona pul verilməsinin başqasının bilməməsini xahiş etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Xalq Bank “20 Yanvar” filialının 07.05.2021-ci il tarixli 392 nömrəli məktubundan görünür ki, müştəri İddiaçı AZ30HAJCFPRAZN**********6001 saylı kart hesabına bağlı olan **********534367 nörməli kartından 30.12.2020-ci il tarixində Yelo Bankın (əvvəlki adı Nikoil Bank) **********206209 saylı kartına sahib müştərisinə X5 to Card funksiyasından istifadə edərək 600 (altı yüz) manat pul köçürmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş fotoşəklin surətindən görünür ki, **********206209 saylı kart Cavabdeh məxsus olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı X5 to Card funksiyası ilə Yelo Bankın (əvvəlki adı Nikoil Bank) **********206209 saylı kartına sahib müştərisinə 600 (altı yüz) manat pul köçürmüşdür. Cavabdeh tərəf belə bir bank kartına sahib olmadığını, pulun köçürüldüyü hesabın başqa şəxsə məxsus olmasını bildirsə də yuxarıda göstərilən kart nömrəsinin Cavabdeh məxsus olması təqdim edilmiş fotoşəklin surəti ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehə məxsus **********206209 saylı karta X5 to Card funksiyası ilə 600 manat pulun köçürülməsi işin faktiki halları ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi İddiaçı tərəfindən cavabdehə məxsus Yelo Bankın (əvvəlki adı Nikoil Bank) **********206209 saylı karta X5 to Card funksiyasından istifadə edərək 600 (altı yüz) manat pul köçürməsi öz təsdiqini tapdığından iddia tələbi əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə işin qeyd olunan halları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)-3981/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar