Məhkəmə qərarları › İş №2(103)-1066/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1066/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1066/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1909/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 10 saylı Ərazi İdarəsi və Maraqlı şəxs QSC) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1909/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi R.Ramazanov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, hazırkı mübahisə ilə bağlı qanuni qüvvəsini almış qətnamə var, məhkəmə isə eyni iddia tələbi ilə bağlı işə yenidən baxmışdır. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Hazırkı işin mübahisə edilməyən hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 1917/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi i ilə İddiaçı cavabdeh AR Xammal və X3 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, üçüncü şəxslər "Maraqlı şəxs” QSC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə və DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında xx xxx 2019-cu il tarixli protokolun, xx xxx 2019-cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin və bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9873/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin həmin iş üzrə xx xxx 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair hazırkı iddia ərizəsi xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi ifadə tərzi fərqli olsa da, mahiyyət etibarı ilə əvvəlki iddia tələbi ilə, yəni “hərracın nəticələri haqqında xx xxx 2019-cu il tarixli protokolun, alqı-satqısı barədə müqavilənin və bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 1917/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi) eyni əsaslara söykənən iddia olduğundan, MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1909/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar