Məhkəmə qərarları › İş №2(103)-10662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10662/2021

19.11.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10662/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və faizlərin hesablanmasının dayandırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2021-ci il tarixli qətnamədən cavabdeh QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və faizlərin hesablanmasının dayandırılması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla "xxxx" ASC arasında bağlanmış 13.04.2011ci il tarixli, 045 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış borcun tutulmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsinin (İş № 2(011)- 445/2013) qəbulundan sonra hesablanmış faiz borcunun onun hesabından silinməsi və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsinin cavabdeh “QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.08.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavab QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, "xxxx" ASC ilə hazırki iş üzrə iddiaçı olan İddiaçı arasında 13.04.2011-ci il tarixdə bağlanmış 045 nömrəli "xxxx" əsasən ASC tərəfindən İddiaçı illik 18 faiz dərəcəsi ilə 12 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 400.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq (hazırki iş üzrə tərəf olmayan) X1 özünə məxsus daşınmaz əmlakı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd edilənlərə baxmayaraq borcalan İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, ASC-yə olan borcunu ödəməmişdir. Bu səbəbdən də, ASC, İddiaçı və K.Axundova qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.01.2013-cü il tarixli qətnamə (İş № 2(011)-445/2013) ilə iddianın təmin edilməsini, ASC ilə borclu İddiaçı arasında bağlanmış 13.04.2011-ci il tarixli, 045 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 400.000 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 48.189 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 6.400 ABŞ dolları, ümumilikdə isə 454.589 ABŞ dolları məbləğindən pulun (qətnamənin icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı ASC-nin xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - K.Axundova məxsus daşınmaz əmlaka yönəldilməsini və sair məsələləri qət etmişdir. İş materiallarından görünür ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Kreditor "xxxx" ASC ilə borclu İddiaçı arasında 13.04.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə kreditorun tələb hüququ sonradan hazırki iş üzrə cavabdeh olan Cavabdeh QSC BOKT-ya keçmişdir. Hazırda iddiaçı cavabdeh QSC-ya qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və faizlərin hesablanmasının dayandırılması tələbi barədə” iddia irəli sürmüş və tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsinə əsasən o, qeyd edilən “Kredit müqaviləsi” üzrə cəmi 454.589 ABŞ dolları məbləğindən pul ödəməlidir. Qətnamənin icrası ilə bağlı o, 300.000 ABŞ dollarından çox məbləğ ödəmişdir. Lakin kreditorun tələb hüququnu qəbul etmiş QSC, məhkəmə qətnaməsinin olmasına baxmayaraq faizlərin hesablanmasını dayandırmamış və hazırda da faizləri hesablayır. Nəticədə, onun borcu azalmaq əvəzinə artır və bu günə əsas kredit borcu üzrə 220.000 ABŞ dolları, faiz borcu üzrə isə 110.862 ABŞ dolları təşkil edir. Buna görə də o, hesab edir ki, Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsinin qəbulundan sonra hesablanmış faiz borcunun onun hesabından silinməsi və həmin “Kredit müqaviləsi” üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsi cavabdeh “QSC-nin üzərinə qoyulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə, Rayon Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bildirir ki, hazırki tələbə məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1.). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1.). Ərizəyə məhkəmə baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1.). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1.). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.08.2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddia tələbi iddiaçının "xxxx" ASC arasında bağlanmış 13.04.2011-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun tutulmasına dair Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsinin (İş № 2(011)-445/2013) qəbulundan sonra hesablanmış faiz borcunun onun hesabından silinməsi və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsinin cavabdeh “QSC-nin üzərinə qoyulması, yəni öhdəliyin bir hissəsinin icrasından azad edilməsi ilə bağlıdır. Məhkəmə MPM-nin yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcluya gələcəkdə irəli sürəcəyi müvafiq iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər və borclunun yuxarıda qeyd edilən tələbləri müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Lakin baxılan iş üzrə Rayon Məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq tələbə mahiyyəti üzrə baxmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh QSC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş 16.08.2021-ci il tarixli qətnamə ləğv edilməli və iddiaçının QSC-yə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və faizlərin hesablanmasının dayandırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanın və Azərbaycan Respublikası MPM-nin 365, 391, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və faizlərin hesablanmasının dayandırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar