Məhkəmə qərarları › İş №2(103)-1067/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1067/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1067/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı mənzilə görə artıq ödənilmiş pulun qaytarılması tələbinə dair e-2(001)-3867/2021 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 01 iyul 2019cu il tarixli müqaviləyə görə İddiaçı həmin MMC-nin inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının 82 saylı mənzilini almışdır. Müqavilədə mənzilin 1 kvadrat metrinin qiyməti 1250 manat, mənzilin ümumi sahəsi 83 kvadrat metr göstərilmişdir. İddiaçı həmin MMC-yə mənzilə görə 103750 manat pul ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı mənzilin dəyərini tam ödəmişdir. İddiaçı mənzilə görə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün müraciət etmiş, ölçmə zamanı mənzilin ümumi sahəsinin 71,6 kvadrat metr, yəni müqavilədə göstəriləndən 11,4 kv.metr az olması müəyyən edilmişdir. Hal-hazırda həmin mənzilə ünvan 1 ünvanı verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 82 saylı mənzilə görə artıq ödənilmiş 14250 manat, həmin pul vəsaitindən faydalanmağa görə 696 manat və nümayəndəyə çəkilmiş xərcin əvəzi qismində 500 manat, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzilin ümumi sahəsi müəyyənləşdirilərkən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuş, müqavilədə bilərəkdən mənzilin ümumi sahəsi artıq göstərilmiş, bu səbəbdən ondan artıq ödəniş alınmışdır. Beləliklə, mənzilin faktiki sahəsi müqavilədə göstərilən sahəsindən (83-71,6=11,4 kv.metr) az olmuş, cavabdeh MMC ondan 11,4x1250=14250 manat artıq pul almışdır. İddiaçı tərəfindən sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixdən iddia qaldırılan xx.xx.2021-ci il tarixinə qədər olan dövrdə bank uçot dərəcəsinin 6,25% olması nəzərə alındıqda, MMC 14250 manat pul vəsaitini əsassız olaraq özündə saxlamaqla 696 manat məbləğində faydalanmışdır. Bundan əlavə, iddiaçı hüquqi yardıma görə vəkilə 500 manat, məhkəmədə iddia qaldırmağa görə dövlət rüsumu kimi 30 manat pul ödəmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3867/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mənzilin dəyərinə görə artıq ödənilmiş 14250 manat, həmin pulun vaxtında ödənilməməsinə görə faiz olaraq 696 manat, hüquqi yardıma görə xərclənmiş vəsaitin əvəzi kimi 500 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. (hakim X1)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mənzilin faktiki sahəsi müqavilədə göstərilən sahəsindən 11,4 kv.metr az olduğuna görə, cavabdeh MMC 14250 manat pulu iddiaçıya qaytarmalıdır. Bundan əlavə, cavabdeh iddiaçının pul vəsaitini özündə qanunsuz saxlamaqla faydalanmağa görə, habelə iddiaçı öz hüquqlarının məhkəmədə müdafiəsi üçün xərc çəkdiyinə görə iddiaçıya pul ödəməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1 və 449-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya mənzilin layihə sənədlərində müəyyən olunmuş 83 kv.metr ölçüdə mənzil verilməklə cavabdeh MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, məhkəmə yalnız iddiaçının dediklərinə əsaslanmaqla mənzilin sahəsinin 71,6 kv.metr olması qənaətinə gəlmiş, mənzilin sahəsinin hesablanması üçün ekspertiza təyin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə şikayətin təmin olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2 Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388 Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə mənzilin sahəsi ilə bağlı yalnız iddiaçının dediklərinə istinad etmiş, mənzilin sahəsinin müəyyən olunması üçün məhkəmə tikinti texniki ekspertizası təyin etməmişdir. Apellyasiya icraatı zamanı işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 iyun 2022-ci il tarixli 10/1664 saylı rəyinə əsasən, ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə verilmiş mənzilin tikililərinin planlı yerləşməsi, ölçüləri, konfiqurasiyası və digər texniki parametrlərinin həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş 04/3862 inventar nömrəli texniki pasporta uyğun olduğu və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda qeyd olunan azaltma əmsalları tətbiq olunmaqla sözügedən mənzilin ümumi sahəsinin 71,6 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablanarkən azaltma əmsalları tətbiq olunmadıqda həmin mənzilin faktiki sahəsinin 75,2 kv.metr təşkil etdiyi müəyyən olunur.

14. Mövcud məhkəmə təcrübəsində mənzilin sahəsi hesablanarkən azaltma əmsallarının tətbiq olunmaması nəzərə alındıqda, iddiaçıya satılmış mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən (83-75,2=7,8 kv.m) az olması müəyyən edilmişdir.

15. Buna görə də mənzilə görə artıq ödənilmiş 7,8x1250=9750 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.

16. İddia tələbinin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, pul vəsaitinin cavabdeh tərəfindən əsassız olaraq özündə saxlanması və onu qaytarmaqdan boyun qaçırması nəticəsində faydalanmağa görə vurulmuş zərərin əvəzi kimi faizlərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh MMC mənzilin layihə sənədlərinə istinad etməklə iddiaçıdan 83 kv.metr ölçüdə mənzilə görə pul almış, hazırkı mübahisədə özünü haqlı hesab edərək iddiaçının tələb etdiyi pul vəsaitini geri qaytarmamışdır. Cavabdeh təşkilat tərəfindən pul vəsaitinin əsassız olaraq özündə saxlanması və onu qaytarmaqdan boyun qaçırması, habelə həmin vəsaitdən faydalanması iş materialları ilə sübuta yetməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir.

17. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilməsi müəyyən olunduğundan, iddia tələbi bu hissədə əsaslıdır.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin edilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3867/2021 saylı mülki iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Mənzilin dəyərinə görə artıq ödənilmiş 9750 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Həmin pulun vaxtında ödənilməməsinə görə faiz qismində 696 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnamə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apelyatora aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdeh "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar