Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10675/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)-3865/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 539,24 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.12.2015-ci il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparıkmasına dair imkan yaradılmışdır. Müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə etdikdə texniki Overdraft yaranır (Overdraft-kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 13-cü bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 17.06.2021-ci il tarixinə borclunun “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqaviləyə əsasən yaranmış overdraft üzrə 539,24 ABŞ dolları məbləğində borc yaranmışdır. “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqaviləsinin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)-3865/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh "xxxx" ASC-nin xeyrinə 539,24 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)-3865/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27.05.2021-ci il tarixli "xxxx" ASC-nin ona göndərilən bildirişdə 24.05.2021-ci il tarixinə 533,36 manat borc məbləği olması göstərilmişdir. Lakin sonradan iddia tələbində, həmin borc 539,24 ABŞ dolları məbləğində göstərilmişdir. 02.12.2015-ci il tarixli müqavilə üzrə iddia tələbinin müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə uyğun məzmunda izahat verərək şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh tərəfindən 08 iyun 2018-ci il tarixdə sonuncu əməliyyat aparılmış, bundan sonra əməliyyat aparılmamışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Azərbaycan Beynəlxalq Bank» ASC ilə Cavabdeh arasında bağlanmış 02.12.2015-ci il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılmışdır. Müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə etdikdə texniki Overdraft yaranır (Overdraft-kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 13-cü bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 17.06.2021-ci il tarixinə borclunun “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqaviləyə əsasən yaranmış overdraft üzrə 539,24 ABŞ dolları məbləğində borc yaranmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə kiçik iddia qaydasında baxarkən, MPM-nin 284-1, 284-5.1, 284-5.2-ci maddələrinə istinad etmişdir. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, cavabdeh bildirişi rəsmi raydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını bildirə bilər və elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, cavabdeh bildirişi rəsmi qaydada almamış, məhkəmədə işə baxılmasından məlumatsız olmuşdur. Buna görə də, cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kiçik iddia qaydasında məhkəmə iclası ilə bağlı məlumatlandırılmadığından, onun iddiaya dair öz etirazını bildirmək üçün şərait yaradılmadığından, bununla da, prosessual pozuntuya yol verildiyindən, hazırkı halda iddia müddəti ilə bağlı onun dəlilinə qiymət verilməlidir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin Cavabdeh iddia müddətinin tətbiqini xahiş etməklə, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, müqavilə üzrə sonuncu öhdəlik 08.06.2018-ci il tarixdə yarandığı halda, iddia 16.07.2021-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 16 iyul 2021-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmasıvə ya düzgün tətbiqedilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(005)-3865/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev