Məhkəmə qərarları › İş №2(103)-10690/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10690/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10690/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbi” barədə iddia ərizəsinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.10.2021-ci il tarixli qərardad ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.10.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsini qaytarılması barədə qərardadda MPM-nin 152.1.5-ci maddəsinə istinad edərək ona əsaslanmışdır ki, iddia ərizəsinə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə qəbzdən” görünür ki, rüsum, iddia ərizəsinin Binəqədi Rayon Məhkəməsinə deyil, Səbail Rayon Məhkəməsinə verilməsi üçün ödənilmişdir. Bundan başqa, iddiaçının əvəzinə iddia ərizəsini imzalamış Vəkil adına verilmiş “Vəkil orderindən” görünür ki, orderdə iddiaçının hüquqlarının müdafiəsinin həyata keçirilməsi yeri kimi Binəqədi Rayon Məhkəməsi deyil, Səbail Rayon Məhkəməsi göstərilmişdir. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, iddiaçı, yuxarıda qeyd edilən iddia ərizəsi ilə əvvəlcə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin 29.09.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, o, həmin iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə verməlidir. Buna görə də “Vəkil orderində” və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdə Səbail Rayon Məhkəməsinin adı qeyd edilmişdir. Odur ki, iddia ərizəsinin qəbulu məsələsini müzakirə etmiş Binəqədi Rayon Məhkəməsi işin bu hallarını nəzərə almalı idi. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən “Mədaxil qəbzindən” aydın görünür ki, həmin ödəniş iddia ərizəsinin birinci instansiya məhkəməsinə verilməsi üçün ödənilmiş dövlət rüsumudur. Həmin qəbzdə Səbail Rayon Məhkəməsi qeyd edilməsi iddiaçı üçün heç bir məsuliyyət yaratmır. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən dövlət büdcəsinə ödənilir. Qəbzdə Səbail Rayon Məhkəməsinin yaxud Binəqədi Rayon Məhkəməsinin qeyd edilməsini əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməsinə baxmayaraq, Rayon Məhkəməsi MPM-nin 152-ci maddəsinə əsaslanaraq iddia ərizəsinin qaytarılması barədə səhv qərardad qəbul etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş “Vəkil orderindən” görünür ki, Vəkil iddiaçının mübahisəli mənzilə köçürülməsi tapşırığı ilə əlaqədar onun hüquqlarının müdafiəsini həyata keçirir. Lakin iddia ərizəsi Səbail Rayon Məhkəməsi tərəfindən ərazi aiddiyyatı qaydalarına uyğun verilmədiyi üçün geri qaytarılmışdır. Başqa sözlə, vəkil səlahiyyətlərini həyata keçirilə bilməmişdir. Azərbaycan Respublikası Vəkillər X1 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi, “Vəkil orderi” konkret bir məhkəmədə deyil, bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilir. Orderdə Səbail Rayon Məhkəməsinin yaxud Binəqədi Rayon Məhkəməsinin qeyd edilməsini əhəmiyyəti yoxdur. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsaslar ilə iddia ərizəsini qaytarmaqda haqlı olmamışdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Buna görə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul olunması məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbi barədə” iddiasının icraata qəbul olunması məsələsinə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar