Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10699/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Əkbər-zadə Faiq Zakir oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş ölçüsü 12,51 x 7,75 metr hissəsindən cavabdehin çıxarılması və həmin sahənin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91.65 kv.m. ölçüdə hissəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 91.65 m2 ölçüdə hissəsi üzərində olan tikilinin Cavabdeh hesabına sökülərək (həmin sahə boşaldılaraq) İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi qanunsuz, əsassız çıxarılmış, onun mülkiyyət hüquqları pozmuşdur. Məhkəmə öz qətnaməsini yalnız bir əsasla iddiaçıya məxsus mülkiyyət hüquqlarına dair Çıxarışın 2007-ci il tarixdə verilməsi, onda isə bu tarixin 2009-cu ili göstərməsi ilə əsaslandırmışdır. Hazırkı mübahisəyə ədalətli qətnamə ən azından çıxarışın verilməsinin əsaslarını araşdırmaqdan sonra mümkün olacaqdı ki, məhkəmə bu hissədə araşdırma aparmağı zəruri bilmədən mübahisəni sonlandırmağa çalışmışdır. Əslində onun mülkiyyət hüquqların təsdiq edən Çıxarış 2005-ci il tarixli Çıxarış əsasında notarial alqı-satqı müqaviləsi bağladıqdan sonra əldə edilən çıxarışdır. Belə ki, qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçisindən notarial müqavilə əsasında əldə edərək, 2007-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini də Binəqədi Bələdiyyəsindən əldə etmişdir. Məhkəmə qərarı verən Binəqədi Bələdiyyəsini üçüncü şəxs olaraq işə cəlb etməmişdi. Məhkəmə ekspert rəyini bilərəkdən öz qətnaməsində qeyd etməməklə iddianın əsassızlığını üzə çıxarmamağa çalışmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi və vəkili Əkbər-zadə Faiq Zakir oğlu cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə üyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə üyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur, bu səbəbdən cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin məhz 91.65 m2 ölçüdə hissəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148, 152, 157 və 158-ci maddələri ilə əsaslandırmışdırş. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Svetlana Əkbərovanın və Cavabdeh nümayəndəsi və vəkili Faiq Əkbər-zadənin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Nazirlər Kobineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* №-li, 06.07.2007-ci il tarixli çıxarışın və daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətdə olan 0,10328 ha torpaq sahəsində yerləşən 68 “A” nömrəli, 277,3 kv.m. ümumi, 261.1 kv.m əsas, 16.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində 9 nömrəli reyest kitabının 824 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 7; 13 - 16) İş materiallarında olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* №-li, 16.04.2009-cu il tarixli çıxarışın və daşınmaz əmlakın texniki pasportunun surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 68a-da istifadədə olan 0,00413 ha torpaq sahəsində yerləşən, 29.9 kv.m. ümumi, 17.6 kv.m əsas, 12.3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyesterində 21 nömrəli reyest kitabının 1974 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 32; 33 - 34) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2431 nömrəli, 29 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 945 kv.m təşkil edir, İddiaçı mülkiyyətinə verilmiş 0,10328 ha torpaq sahəsinin 91.65 m2 hissəsi Cavabdeh faktiki istifadəsindədir, Cavabdeh tərəfindən istifadə edilən və İddiaçı mülkiyyətinə verilmiş 0,10328 ha torpaq sahəsinin 91,65 kv.m. hissəsinin üzərində inşa olunan tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilə bilər(İ.v. 67 - 68) Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə hüququnun olmaması və həmin torpaq sahəsindən istifadəsinin İddiaçı maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91.65 kv.m. ölçüdə hissəsindən çıxarılması, həmin sahə üzərində olan tikilinin cavabdehin hesabına sökülərək (həmin sahə boşaldılaraq) İddiaçı təhvil verilməsi nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquq şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Marks Belçikaya qarşı”, “Mançini İtaliyaya qarşı”, “Loizidu Türkiyəyə qarşı”, “Akimova Azərbaycana qarşı” və sair). Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində mülkiyyətində olan qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçisindən notarial müqavilə əsasında əldə edərək, 2007-ci ildə həmin qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini də Binəqədi Bələdiyyəsindən əldə etdiyini, İddiaçı iddia etdiyi torpaq sahəsinin onun Binəqədi Bələdiyyəsindən əldə etdiyi torpaq sahəsinin hüdudlarında olmadığını göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərkən nümayəndəsi və vəkili bunları əsaslandıran hər hansı bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim еtməmişdir. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10699/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10699/2021
07.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver