Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Abul oğlunun iştirakları ilə Nizami Rayon Məhkəməsinin 2(007)-889/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh MMC) qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli 120 saylı nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi, dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-cı ildən 11 iyun 2019-cu il tarixə qədər cavabdeh MMC-də ağır şəraitli işdə qeyri-rəsmi, xx.xx.2019-cu il tarixdən rəsmi şəkildə fəhlə (usta köməkçisi) işləmişdir. İşlədiyi müddətdə cavabdeh tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilmədiyi üçün dəfələrlə səhhətinə zərər dəymişdir. Sonuncu dəfə 07 fevral 2020-ci il tarixdə işdə ağır xəsarət almış, aldığı xəsarət nəticəsində sol qol sümüyünün qapalı və yerdəyişmiş sınığı baş vermiş, bu səbəbdən 12 fevral 2020-ci ildə əməliyyat edilmişdir. Hazırda sol qolunun əvvəlki funksiyası tam bərpa olunmamış və demək olar ki, o ömürlük şikəst qalmışdır. Buna görə o uzun müddət bülletendə olmuş və işə gedə bilməmişdir. O, bülletendə olarkən ona nə əmək haqqı, nə də bülleten pulu ödənilməmişdir. İşə getmək istədikdə isə pandemiya ilə əlaqədar ona işin olmadığı bildirilmişdir. Cavabdeh idarə ona dəyən ziyanı qarşılamadığına görə Nizami Rayon Prokurorluğuna müraciət etmişdir. Daha sonra isə cavabeh idarəyə yazılı müraciət etmişdir. Cavabdeh MMC tərəfindən 02 noyabr 2020-ci il tarixli cavab məktubu ilə ona işə getmədiyinə görə onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi bildirilmişdir. Cavabdeh onların günahı ucbatından (əməyin mühafizəsi qaydalarına əməl edilmədiyi üçün) işdə xəsarət aldığını və şikəst qaldığını nəzərə almamış, ona dəyən ziyanı qarşılamaq, onu daha yüngül işlə təmin etmək, əmək haqqı və bülleten pulu ödəmək əvəzinə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Ona son haqq-hesab verilməmiş, əmək kitabçasını isə 16 noyabr 2020-ci ildə gedib işdən götürmüşdür. Belə məlum olur ki, cavabdeh onun xəsarət almağı barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməmiş, çünki bu barədə ona hər hansı akt təqdim olunmamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli 120 nömrəli əmrini tam qanunsuz hesab edir. Həmin əmr ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, ona ödənilməl olan əmək haqqı və bülleten pulu, eyni zamanda cavabdehin təqsiri üzündən sağlamlığına dəyən ziyan ödənilməlidir.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-889/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış son haqq-hesab qismində 178,28 manat, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr üçün isə ödənilməli olan 178,28 manat, olmaqla ümumilikdə 366,44 manat məbləğində vəsait tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.
6. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi cavabdehin xx.xx.2020-cu il tarixli 120 №–li əmrinin ləğv edilməsi, onun cavabdeh MMC-yə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməyi hissəsini müddət tətbiq etməklə rədd etmişdir. Hansı ki iddia ərizəsinə əlavə edilən sənədlərdən də məlum olur ki, onun xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq cavabdeh şirkət xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə işdən azad olunmuş, hətta həmin məktubda əmək kitabçanı yaxınlaşıb götürə biləcəyini qeyd etmişlər. Buradan da aydın olur ki, o, xx.xx.2020-ci il tarixə qədər işdən azad olunmağından məlumatsız olmuş, hətta əmək kitabçasını belə ona göndərməyiblər. Odur ki iddia müddəti tətbiq edilə bilməz, çünki o, işdən azad olunmağından yalnız cavabdehin ona göndərdiyi xx.xx.2020-ci il tarixli cavab məktubundan sonra xəbər tutmuş və qanunvericlikdə nəzərdə tutulmuş qaydada 1 ay ərzində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir.
8. Məlumdur ki, istehsalatda baş verən bədbəxt hadisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Qaydaların 1.3-cü bəndinə əsasən İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Lakin iş materiallarından da göründüyü kimi onun cavabdeh MMC-də bədbəxt hadisə nəticəsində xəsarət almağı sübuta yetirilsə də, bu barədə X5 məlumat verilməmiş, İZ formalı akt tərtib edilməmişdir. Əksinə o, qanunsuz olaraq işdən azad edilmiş, hətta ona əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə də əmək haqqı ödənilməmişdir. Onun müraciəti əsasında Nizami Rayon Prokurorluğunda araşdırma aparılmş, cinayət işinin başlanmasının rədd olunmasına səbəb Cinayət Məcəlləsinin 162.1-ci maddəsindən “ və ya az ağır” sözünün çıxarılması olmuşdur. Lakin qərarda da qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, əməyin mühafizəsi üzrə təlimatın tələblərinə lazımi qaydada yerinə yetirilməsinə, əmək rejiminə əməl edilməsinə düzgün və vaxtında nəzarət olunmaması onun xəsarət alması ilə nətəcələnən hadisənin baş verməsinə səbəb olmuşdur. İş materiallarından göründüyü kimi işlədiyi təşkilatda sonuncu dəfə 07 fevral 2020-ci il tarixdə işdə az ağır xəsarət almış, aldığı xəsarət nəticəsində sol qol sümüyünün qapalı və yerdəyişmiş sınığı baş vermiş, bu səbəbdən 12 fevral 2020-ci ildə əməliyyat edilmiş, hazırda sol qolunun əvvəlki funksiyası tam bərpa olunmamış və demək olar ki, ömürlük şikəst qalmışdır. Qolunda hazırda mil var. Sol qolunun əvvəlki funksiyası bərpa olunmadığına görə o, uzun müddət bülletendə olmuş və işə gedə bilməmiş, bülletendə olarkən ona nə əmək haqqı, nə bülleten pulu ödənilməmişdir. İşə getmək istədikdə isə pandemiya ilə əlaqədar işin olmadığını bildirmişlər. Daha sonra qanunsuz olaraq onu işdən azad etmişlər. Lakin cavabdeh əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini lazımi qaydada yerinə yetirməmişdir. O, qeyri-rəsmi olaraq 1500 (bir min beş yüz) manat məbləğində əmək haqqı alırdı, lakin cavabdeh şirkət onun günahı ucbatından sağlamlığını itirməyini, hazırda sol qolunun ümumiyyətlə işləməməsini, bir əllə onun əvvəlki kimi işləyə bilməməyini nəzərə almamışdır. AR Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Lakin cavabdeh təşkilat onu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı da təmin etməyib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh işəgötürənin səhlənkarlığı və təqsiri ucbatından iş vaxtı onun sağlamlığına ağır zərər dəymiş, lakin cavabdeh həmin zərəri ödəməmiş, yalnız ilkin mərhələdə 2000 (iki min) manat ona yardım olunmuş, o, usta köməkçisi işləmiş, aylıq 1500 manat əmək haqqısını əlbəəl almış, onun əmək haqqı kartı olmamış, onunla bağlanan əmək müqaviləsində onun əmək haqqının nə qədər qeyd olunmasından məlumatı olmamış, onun işə çıxmaması iş yerində aldığı xəsarət səbəbindən müalicə alması və pandemiya qadağaları ilə bağlı olmuşdur, onun izahatı alınmadan və məlumatı olmadan onu tam qanunsuz olaraq işdən çıxarmışlar, o işdən çıxarılması barədə əmri və əmək kitabçasını aldığı müddətdən sonra, qanunla müəyyən olunmuş bir ay daxilində məhkəməyə müraciət etmiş, müddəti ötürməmişdir. Bundan əlavə bildirdi ki, onun sağlamlığına cavabdehin təqsiri ucbatından, yəni istehsalatda əməyin təhlükəsizliyi ilə bağlı qaydalara əhəmiyyət verilməməsi səbəbindən zərər dəymiş, o ağır xəsarət almış, aylarla müalicədə olmuş, ömürlük şikəst olmuş, məhz cavabdehin təqsiri ucbatından gənc yaşlarından həyatı məhv olmuş, cavabdeh ilkin mərhələdə ona cüzi yardım etsə də, sonradan onunla maraqlanmamış, onun həyatına biganə yanaşmış, bu azmış kimi, onun xəsarət alması ilə bağlı bədbəxt hadisəni də qeydə almamış, bu faktı gizlətmiş, prokurorluqda aparılan araşdırmaya da təsir edərək, hadisənin baş verməsində guya onun özünün günahkar olmasını bildirmişlər, aldığı ağır xəsarət və bütün bu baş verən qanunsuzluqlar səbəbindən dərin iztirab və sarsıntılar keçirmiş, çox pərişan olmuş, ümidsizliyə qapılmış, elə buna görə də işə bərpa edilməsi ilə yanaşı, həm də ona dəymiş zərərin də ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, rayon məhkməsi işə bərpa məsələsində müddəti tətbiq edərkən düzgün qənaətə gəlib, iddiaçı bir aylıq müddəti buraxıb, qətnamə qanuni və əsaslıdır, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi.
11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
12. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmaqla həmin tarixdən fəhlə vəzifəsinə işə götürülmüş, müqavilənin 4.1-ci bəndinə görə aylıq əmək haqqı 230 manat müəyyən edilmişdir.
13. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış və xx.xx.2020-ci il tarixli (tranzaksiya nömrəsi: SS662538003AZ) məktubundan görünür ki, ona heç bir üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən həmin tarixədək işə çıxmaması, Dəfələrlə mobil telefonuna edilən zənglərə cavab verməməməsi, ona işə gəlmədiyi günlə bağlı iki gün ərzində müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsasına əsasən xitam vermişdir.
15. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş və istifadə edilməmiş 22 günlük əmək məzuniyyətinə görə ona pul əvəzinin ödənilməsi əmr edilmişdir.
16. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, dəfələrlə mobil nömrəsi ilə əlaqə yaradılması, zənglərə cavab verməməsi, xx.xx.2020-ci il tarixində şirkət tərəfindən unvanına işə gəlməməsi barədə “Azərpoçt” vasitəsi ilə (tranziksiya nömrəsi: SS662538003AZ) xx.xx.2020-ci il tarixli məktub göndərilməsi, məktubda ona işə gəlmədi günlərlə bağlı mobil telefonuna cavab verməməsi 2 (iki) gün ərzində işə gəlməməsi ilə bağlı sənəd təqdim etmədikdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi, həmin 2 (iki) gün ərzində də şirkətə gəlmədiyinə baxmayaraq onunla əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143cü maddəsinin 1-ci bəndinə əsasən işçi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildikdə işçiyə kompensısiya ödənilmir. Əmək haqqı isə işə gəlmədiyi üçün hesablanmamışdır. Əmək kitabçasınıı yaxınlaşıb şirkətdən götürə bilməsi bildirilmişdir.
17. SN 00006 seryalı 802747 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, MMC-nin İddiaçı sol mil sümüyünün başının yerdəyişmiş sınığı, əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə bağlı xx.xx.2020-ci il tar ixdən xx.xx.2020-ci il tarixədək işdən azad olunmuş. İşə başlama vaxtı xx.xx.2021-ci il tarix müəyyən olunmuşdur.
18. AZS-003 749/142 saylı Satasionar Xəstənin tibbi kartasının sürətindən görünür ki, İddiaçı sol mil sümüyünün başının və boynunun yerdəyişmiş sınığı, qapalı qəlpəli yerdəyişmiş sınığı diaqnozu ilə stasionar müayinəyə xx.xx.2020-ci ildə daxil olaraq xx.xx.2020-ci il tarixdə çıxmışdır. Əmək qabiliyyətini müvəqqəti itirilməsi qeyd edilməklə əmək qabiliyyətli olmama barədə SN 00002 seryalı 536294 saylı vərəqə xx.xx.2020-ci il tarixdə açılmış, xx.xx.2020-ci il tarixdə bağlanılmışdır.
19. Bakı şəhəri, Nizami Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanda fəliyyət göstərən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətdə fəhlə işləyən İddiaçı xx.xx.2020- ci il tarixdə saat 10 radələrində yerə bərkidilmiş təhlükəsizlik hasarına ayağının ilişib yerə yıxılması nəticədə sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər alması faktı əsasında toplanılmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən 578- C-20 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, əməyin mühafizəsi üzrə təlimatların tələblərinə lazımi qaydada yerinə yetirilməsinə, əmək rejiminə əməl edilməsinə düzgün və vaxtında nəzarət olunmaması İddiaçı 07 fevral 2020-ci il tarixdə saat 10 radələrində xəsarət alması ilə nətiələnən hadisənin baş verməsinə səbəb olmuşdur. Həmin qərarla qeyd olunan hadisənin «X7” MMC-in işçilərinin ümumi yığıncağında geniş müzakirə edib hadisənin baş verməsinə şərait yaradan halların aradan qaldırılması, yol verilmiş pozuntulara görə məsul işçilərin barəsində müvafiq tədbirlər görülməsi məqsədi liə Cavabdeh MMC-nə təqdimat göndərilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərarda araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2019-cu ilin iyul ayından etibarən MMC-də fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində armatur sexində dəzgahların başından armaturların sərbəst keçməsi üçün qaynaq işi görərkən sexin daxilində şkatur işləri görən, adını bilmədiyi şəxs ona yaxınlaşıb profil istəmişdir. Profil gətirmək üçün anbara getmək istədikdə ayağı yerə bərkidilmiş təhlükəsizlik dəmir hasarına ilişib yerə yıxılmış və nəticədə sol qolundan xəsarət almışdır. Əməyin təhlükəsizliyinə dair mühəndis Elxan onu Travmatologiya İnstitutuna aparmışdır. Tibb müəssisəsində qoluna gibs qoyulub evə buraxılmışdır. Səhərisi gün o, aldığı xəsarətlə bağlı Mərkəzi Nefiçilər xəstəxanasında müayinədən keçmiş və 12 fevral 2020-ci il tarixdə üzərində əməliyyat aparılaraq 4 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Lakin sonradan cəmiyyətin rəhbərliyi ona işə çıxmadığı günlər üzrə əmək haqqı vermədiyindən məcbur olub xx.xx.2020-ci il tarixdə şikayət etmişdir.
20. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 049/21 saylı arayışından görünür ki, İddiaçı cəmiyyətdə işlədiyi müddət ərzində son haqq hesabı 188,16 manat təşkil edir.
21. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 052/21 saylı arayışından görünür ki, İddiaçı xəstəliklə bağlı bülletendə olduğu müddət ərzində bülleten puli 178,28 manat təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı xx.xx.2020-ci il tarixdə iş vaxtı almış olduğu xəsarətin dərəcəsinin müəyyən olunması sualı qoyulmuşdur.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X10 xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, İddiaçı bədənində aşkar olunmuş xəsarət - sol dirsək oynağının valqus (X-şəkilli) deformasiyası, yüngül dərəcəli kontrakturası və sol bazu-mil oynağının artrozu ilə nəticələnən sol mil sümüyünün başının və boynunun qapalı, qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərardadın təsviri hisəssində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti prosesdə iştiraka cəlb edilmiş, dövlət orqanının xüsusi olaraq onun nəzarət sahəsinə aid edilmiş aşağıdakı məsələləri aydınlaşdırılması qərara alınmışdır: 1.İddiaçı 07 fevral 2020-ci il tarixdə işdə aldığı xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab olunurmu?
2. Əgər həmin hadisə istehsalatda baş verən bədbəxt hadisə hesab olunursa, işəgötürən tərəfindən bu barədə Qaydalara müvafiq İZ aktı tərtib olunmuşdurmu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə vaxtında müvafiq məlumat verilmişdirmi?
3. İşəgötürən tərəfindən Qaydalara əməl edilmədiyi müəyyən edildiyi, başqa sözlə, bədbəxt hadisə faktının gizlədildiyi müəyyən edilərsə, Qaydaların tələblərinə uyğun olaraq bədbəxt hadisənin gizlədilməsi səbəbləri araşdırılsın və bədbəxt hadisənin təhqiqatının aparılması təmin edilməsi qərar alınmışdır.
25. Həmin qərardada əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmrinə əsasən yaradılmış komissiya CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinin sabiq işçisi İddiaçı xx.xx.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmışdır. Hadisə istehsalatla əlaqəli hesab edilmiş və Cavabdeh MMC tərəfindən uçota alınmışdır.
26. Məlumat üçün bildirilir ki, Cavabdeh MMC-nin sabiq direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Təhqiqat materiallarının surəti də məlumat üçün göndərilmişdir.
27. Həmin məlumatda olan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli izibati xəta haqqında DƏMX-nin baş əmək müfəttişi M.Əliyev tərəfindən tərtib edilmiş protokolda Cavabdeh MMC-nin sabiq direktoru X1 MMC-nin sabiq işçisi İddiaçı xx.xx.2020-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə faktını gizlətməsi, buna görə də onun AR İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir.
28. Həmin məlumatda olan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli izibati tənbeh vermə haqqında DƏMX-nin rəis müavini O.Hüseynzadə tərəfindən qəbul edilmiş qərarda Cavabdeh MMC-nin sabiq direktoru X1 MMC-nin sabiq işçisi İddiaçı xx.xx.2020-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə faktını gizlətməsi, buna görə də onun AR İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, o, həmin inzibati xətanı törətdiyinə görə barəsində 1800 manat tənbeh növü tətbiq edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
32. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. [288]
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
33. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli Qərarı 1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X8 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X8 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Tətbiq edilən prosessual hüquq normaları:
36. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda iddiaçının apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, mahiyyət etibarı ilə o, iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirdiyindən, Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
39. Kollegiya iddia tələbinin işə bərpa hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Rayon məhkəməsi iddia tələbinin işə bərpa hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının üzrlü səbəb olmadan işə çıxmaması nəticəsində cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə hüququnun pozulması barədə məlumatlı olsa da, məhkəməyə 4 aydan çox müddət keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı halda rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə hüququnun pozulması barədə məlumatlı olsa da, məhkəməyə 4 aydan çox müddət keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi rayon məhkəməsi əmrin verildiyi tarixdə iddiaçının hüququn pozulması barədə məlumatlı olması qənaətinə gəlmişdir, lakin həmin nəticəyə hansı əsasla gəlinməsini göstərməmiş, bunu əsaslandırmamışdır. Hazırkı işin hallarından da məlum olduğu kimi, iddiaçı 07 fevral 2020-ci il tarixdə işdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində az ağır xəsarət almış, aldığı xəsarət nəticəsində sol qol sümüyünün qapalı və yerdəyişmiş sınığı baş vermiş, bu səbəbdən 12 fevral 2020-ci ildə əməliyyat edilmiş, buna görə o uzun müddət bülletendə olmuş və işə çıxa bilməmiş, mart ayından işə bütün ölkə üzrə pandemiya ilə əlaqədar hərəkət məhdudiyyətləri tətbiq olunduğundan, çoxları kimi ona da işin olmadığı bildirilmişdir. Bunun, yəni ölkə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci tarixində 00.00-dan etibarən koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair ilkin məhdudiyyətlər, bəzi sosial izolyasiya tədbirləri tətbiq olunması hamıya bəlli olan hal olmaqla, onun sübuta ehtiyacı yoxdur (MPM maddə 82.1.). İddiaçı işdən azad edilməsindən müraciətinə əsasən cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə xəbər tutduğunu, bundan sonra isə xx.xx.2020ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyini, buna görə də bir aylıq müddəti ötürmədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh MMC-nin iddiaçıya xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli həmin məktubundan görünür ki, dəfələrlə mobil nömrəsi ilə əlaqə yaradılması, zənglərə cavab verməməsi, xx.xx.2020-ci il tarixində şirkət tərəfindən ünvanına işə gəlməməsi barədə “Azərpoçt” vasitəsi ilə (tranziksiya nömrəsi: SS662538003AZ) xx.xx.2020-ci il tarixli məktub göndərilməsi, məktubda ona işə gəlmədi günlərlə bağlı mobil telefonuna cavab verməməsi 2 (iki) gün ərzində işə gəlməməsi ilə bağlı sənəd təqdim etmədikdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi, həmin 2 (iki) gün ərzində də şirkətə gəlmədiyinə baxmayaraq onunla əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinə əsasən işçi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildikdə işçiyə kompensasiya ödənilmir. Əmək haqqı isə işə gəlmədiyi üçün hesablanmamışdır. Əmək kitabçasını yaxınlaşıb şirkətdən götürə bilməsi bildirilmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçıya məlumatın xx.xx.2020-ci il tarixdə verilməsi, ona həmin tarixə kimi işdən azad edilməsi barədə əmrin və əmək kitabçasının, eləcə də son haqq-hesabın təqdim edilməsi müəyyən olunmur. İddiaçı ilkin mərhələdə iş yerində aldığı xəsarətlər səbəbindən, sonradan isə pandemiya ilə əlaqədar olaraq işin olmaması səbəbindən işdə olmadığını bildirir, cavabdeh də bu halı, yəni həmin müddətdə iddiaçının işdə olmamasını (üzrlü səbəb olmadan işə gəlməmə kimi dəyərləndirməklə) təsdiq edir. Demək ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən və ondan sonrakı dövrdə iddiaçının həmin əmrlə tanış olması və əmək kitabçasını almasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı mübahisələndirilən əmrlə xx.xx.2020-ci ildə tanış olduğunu iddia edir, cavabdeh tərəf bunun daha əvvəlki tarixdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut verməmişdir. Əksinə, rayon məhkəməsində işə baxılarkən cavabdeh iddiaçıya işdən azad edilməsi ilə bağlı son haqq-hesabın və əmək qabiliyyətini müvvəqəti itirməyə görə ödənilməli olan vəsaitin hələ də ödənilmədiyini təsdiq etmişdir. Bundan başqa, rayon məhkəməsinin 2(007)-889/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli 120 nömrəli əmrlə əmək müqaviləsi ləğv edilərkən istifadə edilməmiş 22 günlük əmək məzuniyyətinə görə ona 188,16 manat pul əvəzinin ödənilməsi əmr edilsə də ona bu vəsait və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr ərzində verilməli olan məbləğ 178,28 manat ödənilməmişdir. Bu səbəbdən, qətnamə ilə qeyd olunan vəsaitlərin cəmi, yəni 366,44 manat vəsait cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmuşdur. Cavabdeh isə qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Bununla müəyyən olunur ki, xx.xx.2020-ci il tarixə qədər Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən iddiaçıya nə əmək kitabçası, nə də son haqq-hesab sənədləri verilmədiyindən, iddiaçının məhz xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatı olması təsdiq olunur. Bundan sonra o, bir aylıq müddət daxilində, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi isə həmin hissədə sübutlara düzgün qiymət verməmiş, nəticədə maddi hüquq normasının tətbiq və təfsirində səhvə yol vermiş və düzgün olmayan nəticəyə gəlmişdir.
40. İşə bərpa tələbi hissədə iddia tələbinin əsassız olması qənaətinə gələn rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən işə çıxmalı olduğu və cavabdeh tərəfindən ona bu barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərildiyini bildiyi halda işə çıxmamış, işə çıxmamasının üzrlü səbəbdən olması barədə işəgötürənə sübutlar təqdim etməmişdir. İşgötürən tərəfindən işçiyə xx.xx.2020-ci il tarixli məktub çatdırıldıqdan sonra bir aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə onun əmək müqaviləsinə əsaslı olaraq üzürlü səbəb olmadan işə gəlməməsi səbəbindən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən xitam verilmişdir.
41. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan Nizami Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh MMC-də fəhlə işləyən iddiaçının xx.xx.2020- ci il tarixdə saat 10 radələrində yerə bərkidilmiş təhlükəsizlik hasarına ayağının ilişib yerə yıxılması nəticədə sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər alması faktı əsasında toplanılmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən 578- C-20 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
42. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmrinə əsasən yaradılmış komissiya CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinin sabiq işçisi İddiaçı xx.xx.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmış, hadisə istehsalatla əlaqəli hesab edilmiş və Cavabdeh MMC tərəfindən uçota alınmış, Cavabdeh MMC-nin sabiq direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X10 xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, İddiaçı bədənində aşkar olunmuş xəsarət - sol dirsək oynağının valqus (X-şəkilli) deformasiyası, yüngül dərəcəli kontrakturası və sol bazu-mil oynağının artrozu ilə nəticələnən sol mil sümüyünün başının və boynunun qapalı, qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərardadın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində iddiaçının işlədiyi cavabdeh təşkilatda yıxılması nəticəsində ona sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması müəyyən edildiyindən, onun iş buraxması bu səbəbdən, sonrakı müddətdə isə hamıya bəlli olan pandemiya qaydalarına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən üzrsüz olmamışdır. Kollegiya xüsusi olaraq qeyd edir ki, “COVİD-19” pandemiyası ilə bağlı iş yerlərində işçilərin sayına məhdudiyyətin tətbiq edilməsi, işlərin dayandırılması hallarının mövcudluğu MPM-in 82.1-ci maddəsinin tələbləri baxımından mübahisə oluna bilməz, bu səbəbdən iddiaçının həmin dəlili də əsaslıdır.
44. Bununla da müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə cavabdehin xx.xx.2020-ci il tarixli əmri qanunun tələblərinə uyğun olmamışdır, bu səbəbdən iddiaçı barəsində cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmr ləğv olunmaqla, iddiaçıya məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə o, əvvəli iş yerinə və vəzifəsinə bərpa olunmalıdır.
45. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
46. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
47. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində ona əlbəəl aylıq 1500 manat əmək haqqı ödənilməsini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, mülki iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə görə aylıq əmək haqqı 230 manat müəyyən edilmişdir. Belə olan halda, iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqı tərəflər arasındakı əmək müqaviləsinə uyğun olaraq aylıq 230 manatdan (keçən müddət ərzində baş vermiş artımlar nəzərə alınmaqla ) hesablanmaqla tutulmalıdır.
48. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
49. Kollegiyanın araşdırmaları nəticəsindən əməyin mühafizəsi üzrə təlimatların tələblərinə lazımi qaydada yerinə yetirilməsinə, əmək rejiminə əməl edilməsinə düzgün və vaxtında nəzarət olunmaması nəticəsində iddiaçının 07 fevral 2020-ci il tarixdə saat 10 radələrində xəsarət alması, müvafiq ekspert rəyi ilə də həmin xəsarətin dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması müəyyən edilmişdir.
50. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından da müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmrinə əsasən yaradılmış komissiya Cavabdeh sabiq işçisi İddiaçı xx.xx.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, nəticədə hadisə istehsalatla əlaqəli hesab edilmiş və Cavabdeh MMC tərəfindən uçota alınmış, Cavabdeh MMC-nin sabiq direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Hazırkı halda Məhkəmə Kollegiyası hesab edir ki, bu işin xüsusi halları, yəni iddiaçıya cavabdeh MMC-nin təqsiri ucbatından sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztiraba görə təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər, buna görə də mənəvi zərər hissədə iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq 3000 manat pul tutulmalı, iddia tələbi mənəvi zərərə dair qalan hissədə (eləcə də hər ay 500 manatın ödənilməsi hissəsində) təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
51. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, iddiaçının barəsində cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmr ləğv olunmaqla, iddiaçıya məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə o, əvvəli iş yerinə və vəzifəsinə bərpa olunmalı, mənəvi zərərin əvəzi kimi cavabdehdən 3000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi mənəvi zərərə dair qalan hissədə (eləcə də hər ay 500 manatın ödənilməsi hissəsində) təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
53. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-889/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi mənəvi zərərə dair qalan hissədə (eləcə də hər ay 500 manatın ödənilməsi hissəsində) təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu isə dövlət büdcəsinə Cavabdeh MMC-dən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov