Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1070/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əhmədzadə Nicat Mehman oğlunun, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5900/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar ünvan 1 ünvanında yerləşən mənzilin (miras əmlakın) Əhmədov Mehman Məhəmməd oğlu tərəfindən qəbul edilmiş hesab edilməsinə və onun vərəsələri olan iddiaçılara ünvan 1 ünvanında yerləşən mənzilə (miras əmlaka) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ilkin iddia ərizəsi ilə, cavabdeh mirasın qəbul edilmiş hesab olunması və mirasın onun payına düşən hissəsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair mülkiyyət hüququ nənələri Əhmədova Həmayıl İsbəndiyar qızına məxsusdur. Bundan əvvəl isə həmin mənzil iddiaçıların babası Əhmədov Məhəmməd Müzəffər oğluna məxsus olmuşdur. 1985-ci ildən bu günə kimi həmin mənzildə iddiaçılar və valideynləri (yəni, iddiaçıların atası və anası) yaşamışdır. Yəni mənzilin rəsmi sənədləri babanın, sonradan müvafiq olaraq nənənin adına olsa da, mənzilin faktiki sahibi iddiaçıların atası mərhum Mehman Əhmədov olmuşdur və mənzildə həmişə onun ailəsi yaşamışdır. Həmin mənzildə onlardan başqa əmiləri Cavabdeh və ailəsi də pasport qeydiyyatındadırlar, lakin onlar heç vaxt Mənzildə yaşamamışlar. Cavabdeh və ailəsi həmişə Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda həyət evində yaşamışlar və bu günədək də orada yaşayırlar. 2011-ci ildə iddiaçıların nənəsi Həmayıl Əhmədova vəfat etdikdən sonra da Mənzildə onun vərəsəsi Mehman Əhmədov və onlar yaşamaqda davam etmişdir. Həmayıl Əhmədova vəfat etdikdən sonra formal olaraq miras açılmamışdır. Hazırkı iş üzrə cavabdeh də daxil olmaqla, digər vərəsələr tərəfindən miras əmlakın qəbul edilməsinə dair hər hansı rəsmi müraciət edilməmişdir. Çünki bütün vərəsələr Mənzilin Mehmana (iddiaçıların atasına) məxsus olduğunu bilir və bunu qəbul edirdilər. 2020-ci ilin dekabr ayının 16-da anaları Əhmədova Sevda Əli qızı, 4 gün sonra isə, yəni dekabrın 20-də ataları Mehman Əhmədov COVİD-19 virusundan vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra Mənzili vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirmək istəyərkən bütün əmi və bibilərin razılığını alsalar da, mənzildə formal olaraq qeydiyyatda olan cavabdeh (əmi) Cavabdeh bu razılığı verməkdən şifahi olaraq imtina etmişdir. Qardaşının, yəni onların atasının sağlığında həmin mənzilə dair hər hansı iddia və ya tələbi olmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Mənzil vəfat etmiş anası - Həmayıl Əhmədovanın adına 13 iyul 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməklə mülkiyyət hüququ haqqında N-0242720 Seriyalı Çıxarışla mülkiyyət-yəni, sahiblik, istifadə və sərəncam hüququ tanınmışdır. O, həyat yoldaşı və 3 övladı Mənzildə qeydiyyatdadırlar və o, 2-ci qrup əlil olmaqla Dövlətdən əlillik səbəbindən pensiya alır. Eyni zamanda, anası vəfat etdiyi üçün Mənzilə dair mirasın qəbul edilmiş hesab olunmasına və mirasın onun payına düşən hissəsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair məhkəmə tərəfindən Qətnamə çıxarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5900/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Əhmədov Mehman Məhəmməd oğlu tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı1 və Əhmədzadə Nicat Mehman oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin halları və birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə araşdırılarkən, belə qənaətə gəlmək olur ki, qətnamə sanki ilkin iddiaçının mövqeyi əsasında və onun maraqlarını həyata keçirməklə tərtib olunmuşdur. Hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırmalı və çəkişmə prinsiplərini təmin etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara və maddi hüquq normalarına hüquqi qiymət verilərkən, qarşılıqlı iddia tələbinin qanuni əsasları kimi qanunvericiliyin “ədalətli çəkişmə" prinsipinə dair müddəaları düzgün müəyyən etməmiş və nəticədə həmin qanunvericiliyin tətbiqində bir sıra prosessual pozuntulara yol verilmişdir. Göründüyü kimi, qətnamədə 1- ci Giriş, 2-ci Təsviri, 3-cü Əsaslandırıcı, 4-cü Nəticə hissələrinin bir-biri ilə uzlaşmaması, təsviri hissəsinin natamam olması, dörd hissə arasında bağlılığın, vəhdətin olmaması, əsaslandırıcı hissənin ilkin iddiaçının maraqlarına uyğun olması, nəticədə qeyri-obyektiv qətnamə qəbul edilməsinə gətirib çıxarmış, prosessual və maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Mirasın açıldığından onun xəbərim olmayıb. Ümumiyyətlə mübahisəli mənzildən istifadə etməyinə hər zaman qardaşı tərəfindən maneəçilik törədilib. Bu hal, Xətai Rayon Məhkəməsinin 02.12.2002-ci il tarixli 2-2974/2002 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Bu səbəbdən də, mirasın açılmağından xəbərsiz olmuşdur. Belə ki, vərəsəliyə çağırılmamış və çağırılmalı olduğunu da, bilməmişdir. Məhkəmə isə bu halı araşdırmadan mirası qəbul etmədiyini əsas gətirərək, qarşılıqlı iddianı rədd etmişdir. Mirasın açılması və vərəsəliyə çağırılma ilə bağlı onun məlumatlı olub-olmaması halı araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əhmədzadə Nicat Mehman oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iş üzrə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5900/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin faktiki hallarına görə, ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra - Mənzil) 229380 saylı, 24.04.1984-cü tarixli orderlə 4 nəfər ailə tərkibində iddiaçıların babası Əhmədov Məhəmməd Müzəffər oğluna verilmişdir (əsas - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/2002 saylı, 02.12.2002-ci il tarixli qətnaməsi). Əhmədov Məhəmməd Müzəffər oğlu 02.11.1999-cu ildə ölmüş, onun ölümündən sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/2002 saylı, 02.12.2002-ci il tarixli qətnaməsi ilə arvadı Əhmədova Həmayıl İsbəndiyar qızı Mənzilə köçürülməklə, icarədarı hesab edilmiş və sonuncunun Mənzilə dair mülkiyyət hüququ 13.07.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əhmədov Məhəmməd Müzəffər oğlu ilə Əhmədova Həmayıl İsbəndiyar qızının birgə nikahlarından cavabdehlər - Maraqlı şəxs1, Maraqlı şəxs2, Əhmədov Mehman Məhəmməd oğlu, Maraqlı şəxs4 və Cavabdeh doğulmuşdur. Əhmədova Həmayıl İsbəndiyar qızı 05.10.2011-ci il tarixdə ölmüş, onun ölümündən sonra Mənzildə yalnız övladı Əhmədov Mehman Məhəmməd oğlu, arvadı Əhmədova Sevda Əli qızı və övladları, yəni iddiaçılar yaşamışdır. İddiaçıların atası Əhmədov Mehman Məhəmməd oğlu 20.12.2020-ci il tarixdə, anası Əhmədova Sevda Əli qızı 16.12.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159-cu maddəsində isə qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda onların nəvələri, nəticələri və uşaqları) - birinci növbə vərəsələr sayılırlar. Qeyd edilən müddəalardan da göründüyü kimi, miras əmlak vərəsələrə 2 yolla qanun üzrə və vəsiyyət üzrə keçir. Qanun üzrə vərəsləliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamailə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtlərdir. İşin mübahisəsiz halıdır ki, cavabdehlər mənzilin mülkiyyətçisi olmuş Əhmədova Həmayıl İsbəndiyar qızının övladlarıdır. Həmçinin, iddiaçıların atası Mehman Əhmədov da Həmayıl Əhmədovanın övladı olmuş və 20.12.2020-ci il tarixdə ölmüşdür. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, Mənzilin mülkiyyətçisi olmuş Həmayıl Əhmədova (iddiaçıların nənəsi) 05.10.2011-ci il tarixdə ölmüşdür. Şərh edilənlərdən də göründüyü kimi, həm iddiaçıların atası Mehman Əhmədov, həm də cavabdehlərlə mənzilin mülkiyyətçisi Həmayıl Əhmədova arasında qohumluq bağları (övladları) olmuş, Həmayıl Əhmədovanın ölümündən sonra isə həm cavabdehlər, həm də, iddiaçıların atası sağ olmuşdur. Həmayıl Əhmədova tərəfindən Mənzilə dair vəsiyyətnamənin verilməsi, yaxud olduğu halda tam və ya qismən etibarsız hesab edilməsi isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, cavabdehlər və iddiaçıların atası Həmayıl Əhmədovanın qanun üzrə birinci növbəli vərəsələri olmuşlar Həm ilkin, həm də qarşılıqlı iddia ərizələrində miras əmlakın qəbul edilmiş hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (MM, 1243.1, 1243.2 və 1243.3-cü maddələri). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən müddəalar əsasında məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Göstərilən müddəalarda da, miras əmlakın qəbul edilməsinin əsasları, qaydası və müddəti əks olunmuşdur. Mirasın qəbul edilməsi miras əmlakın açılması ilə başlanır. Mirasın açılması anını qanun miras qoyanın ölümü (məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi) ilə şərtləndirir (MM, 1145-ci maddə). Miras əmlakın qəbul edilməsinin isə iki qaydası mövcuddur: birinci, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Bu zaman, vərəsə(lər) mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verməklə vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər(lər). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. (Mülki Məcəllənin 1321.1 və 1322-ci maddələri). İkincisi, vərəsə(lər) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalı, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirməlidir. Başqa sözlə, vərəsə əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Eyni zamanda, qanun onu da müəyyən edir ki, miras əmlakın hamısının deyil, bir hissəsinə faktiki sahiblik etməklə qəbul edilməsi, əmlakın (əmlakların) başqabaşqa yerlərdə olmasından asılı omayaraq, mirasın tamamilə qəbul edilməsi hesab edilir. Lakin mirasın qəbulunun hər iki halı, yəni həm mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmə, həm də mirası faktiki qəbul edərək ona sahiblik etmə və əmlakdan istifadə etmək konkret müddətlə məhdudlaşdırılmışdır. Qanunla müəyyən edilmişdir ki, vərəsə bu hərəkətlləri vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu (vərəsənin vərəsəliyə çağırıldığı gün miras qoyanın öldüyü gün hesab edilir) gündən altı ay müddətində edə bilər, bu müddət bitdikdən sonra isə mirasın qəbul edilməsinə yol verilmir. Konkret mübahisəyə gəldikdə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, miras qoyan Həmayıl Əhmədova 05.11.2011-ci il tarixdə öldükdən sonra mənzildə onun övladlarından Mehman Əhmədov (iddiaçıların atası) və onun ailə üzvləri, yəni arvadı və iddiaçılar yaşamış, Mehman Əhmədov 20.12.2020-ci il tarixdə ölənədək həmin Mənzilə sahiblik etmiş və ondan istifadə etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu 91 saylı MKİS tərəfindən 02.04.2021-ci il tarixdə verilmiş 341 və 338 saylı, habelə 20.04.2021-ci il tarixdə verilmiş 382 saylı arayışların surətindən görünür ki, mərhum Əhmədov Mehman Məhəmməd oğlu 22.01.1985-ci il tarixindən vəfat etdiyi günədək, Əhmədova Sevda Əli qızı 03.03.1992-ci il tarixindən vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, həmçinin iddiaçılar hazırda həmin Mənzildə yaşayır və qeydiyyatdadırlar, Cavabdeh isə mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Həmçinin, həm Cavabdeh, həm də digər cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında bildirmişlər ki, anaları Həmayıl Əhmədov öldükdən sonra mənzildə heç vaxt yaşamamış, ona sahiblik etməmiş və ondan istifadə etməmişlər, eləcə də mənzildən hər hansı bir əşya aparmamış, mənzildə olan əşyalardan hansısa birinə sahiblik etməmiş və onlardan heç vaxt istifadə etməmişlər. Şərh edilənlərdən də göründüyü kimi, mənzilin mülkiyyətçisi olmuş Həmayıl Əhmədovanın 05.10.2011-ci il tarixdə ölməsi ilə mənzilə dair vərəsəlik işi açılmasa da, iş materialları, eləcə də cavabdehlərin izahatları ilə müəyyən olunur ki, mübahisəli mənzili iddiaçıların atası Mehman Əhmədov faktiki olaraq qəbul etmiş, uzun müddət mənzilə sahblik və ondan istifadə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdehlər, xüsusilə Cavabdeh anasının ölümündən sonra qanunla müəyyən edilmiş altı ay müddətində nə mənzilə dair vərəsəlik şəhdətnaməsinin verilməsi üçün notariat orqanına müraciət etmiş, nə mənzilə tam, yaxud onun bir hissəsinə sahiblik etmiş (hətta, mənzilin hər hansı bir əşyasına sahiblik və istifadə etməmişdir), nə də mənzildən, yaxud onun bir hissəsindən istifadə etməmiş, bununla da mirası qəbul etməmişdir. Ona görə də, şərh edilən hallara və adı çəkilən müddəalara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənzil yalnız iddiaçıların atası Mehman Əhmədov tərəfindən qəbul edildiyindən ilkin iddia miras əmlakın faktiki qəbul edilməsi hissəsində təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə həmçinin ilkin iddia iddiaçılara miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində də iddianın təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə müvafiq olaraq miras əmlak olan Mənzili tək iddiaçıların atası Mehman Əhmədov qəbul etmişdir. Lakin o, 20.12.2020-ci il tarixdə ölmüş, onun ölümündən sonra isə miras əmlak olan Mənzilə iddiaçılar faktiki sahibliyi həyata keçirməklə və Mənzildən istifadə etməklə onu qəbul etmişlər. Bu halda isə, iddiaçıların Mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq hüquqları yaranmışdır. Mülki Məсəlləsinin 1324-cü maddəsinə əsasən, əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənzil əvvəllər yalnız iddiaçıların atası tərəfindən qəbul edildiyindən, digər vərəsələr isə miras əmlakı qəbul etmədiklərindən, həmçinin mirası tək qəbl etmiş Mehman Əhmədov 20.12.2020-ci il tarixdə öldükdən sonra Mənzil iddiaçıların faktiki sahibliyində və istifadəsində olduğundan, eləcə də, iddiaçılar Mehman Əhmədovun qanun üzrə birinci növbə vərəsələri olduğundan onlara mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5900/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5900/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1070/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1070/2022
19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver