Məhkəmə qərarları › İş №2(103)-10700/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10700/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10700/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(001)- 2875/2021 saylı qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 29 aprel 2021ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(001)-2875/2021 saylı qərardadı ilə apellyasiya şikayəti, ona qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlərin əlavə olunmaması əsası ilə qaytarılmışdır. Cavabdeh dövlət rüsumunu ödəyərək həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayəti əsassız sayaraq, həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.2-ci və 363.3-cü maddələrinə görə, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Baxılan işdən görünür ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmiş, belə olan halda, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qeyd olunan əsasla (MPM, maddə 363.1.2) qaytarmaqda haqlı olmuşdur. Cavabdeh çatışmazlığı aradan qaldıraraq müvafiq dövlət rüsumunu ödəmiş, buna baxmayaraq, qərardadı mübahisələndirmişdir. Bu hal isə, özü-özlüyündə apellyasiya şikayətinin geri qaytarılması barədə qanuni qərardadın ləğvinə əsas ola bilməz. Çünki, MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin qaytarılmasına əsas olmuş nöqsanların aradan qaldırılması, şikayət vermiş şəxsə şikayətinin bu əsasla qaytarılması barədə qərardaddan şikayət vermək yox, qətnamədən yenidən ümumi qaydada məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək imkanı tanıyır. Məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(001)-2875/2021 saylı qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(001)- 2875/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar