Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1071/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "Cavabdeh3" MMC-nin nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər "Cavabdeh3" MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh "Cavabdeh3" MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmçinin iddia tələbini həcmini artıraraq cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Cavabdeh3" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri, üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğin maddi zərərin, 100.000 manat isə mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Kiçik Müəssisəsi (KM) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxx 1994-cü il tarixində dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı dövrdən etibarən müəssisə əsas olaraq tipoqrafıya fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 1997-ci il tarixdə “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavoduna məxsus Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.m. qeyri-yaşayış sahəsinə dair Dövlət X3 İdarəsi ilə “xxxx” KM arasında icarə müqaviləsi bağlanmışdır. ƏMDK-nın xx xxxxxx 1998ci il tarixli 114 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30.5 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilərək icarəçi "xxxx" KM-yə 100% dəyəri ilə satın alınmaq üçün təklif edilməsi, icarəçi "xxxx” KM-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsini almağa razılıq verdikdə 30.5 kv m. qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə ona satılması, kiçik müəssisənin icarəyə götürülmüş qeyri-yaşayış sahəsini almağa razılıq verdiyi halda onunla Dövlət Əmlak Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanması, icarə obyektinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlandığı halda, icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən ƏMDK ilə “xxxx” KM arasında xx xxxx 1998-ci il tarixli 151 saylı icarəyə verilmiş müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmış, qeyri-yaşayış sahəsi müəssisə tərəfindən dəyəri tam ödənilməklə satın alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə iddiaçının adına 01506 saylı xx xxxx 1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə verilmişdir. Daha sonradan “xxxx” KMnin yerləşdiyi həmin ərazidəki torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan bütün tikililər (qeyri-yaşayış sahələri və yardımçı tikililər) “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavodunun bazasında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramı”na uyğun olaraq yaradılmış “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. “xxxx” ASC-nin səhmdarlarının xx xxxxxx 2008-ci il tarixli ümumi yığıncağının qərarı ilə ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və xx xxxxxx 2009-cu il tarixində reyestr sistemində ləğv haqqında müvafiq qeydiyyat aparrlmaqla hüquqi şəxs statusu itirilmiş hesab edilmişdir. “xxxx” KM tərəfindən 2013-cü il tarixində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin naməlum şirkət tərəfindən söküldüyünə dair hüquq mühafizə orqanlarına müvafiq ərizələrlə müraciət edilmiş, Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarda kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı müəyyən edilmişdir. Belə ki, xx xxxxxx 2016-cı il tarixli qərarda cavabdehlərdən Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi olaraq öz izahatını vermiş Nümayəndə3 izahatında xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvannda mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 644,5 kv.m. olan əmlak kompleksinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən “xxxx” MMC-nə satıldığı bildirilmişdir. Çox maraqlı haldır ki, 10 manatlıq nizamnamə kapitalı ilə xx.xx.2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi dövlət qeydiyyatına alınmış “xxxx” MMC qeydiyyata alındığı tarixdən cəmi 14 ay sonra xx xxxxxx 2012-ci il tarixində 4.000.000 manat məbləğində torpaq və daşınmaz əmlakın alqı-satqısmı həyata keçirtməklə əmlak mülkiyyətçisi olur və tam bir il sonra isə cavabdehlərdən Cavabdeh3 MMC-yə qoşulmaq barədə qərar qəbul edilməklə öz hüquqi mövcudluğuna son verir. 2014-cü ilin yanvar ayında “xxxx” MMC "Cavabdeh3” MMC-yə qoşulması nəticəsində ləğv edilmiş və həmin əmlak Cavabdeh3 MMC-nin mülkiyyətinə keçmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx” ASC hüquqi şəxs olaraq ləğv edildikdən sonra səhmdar cəmiyyətin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanındakı 4,5414 ha torpaq sahəsində yerləşən 14.644,5 kv.m. olan əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə keçmiş, xx xxxxxx 2012-ci il tarixində çıxarış verilmiş, .bundan dörd gün sonra, xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 4.5414 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 14.644,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə “xxxx” MMC-yə 4.000.000 manata satılmışdır. Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx xxxxxx 2012-ci il tarixində həmin ərazidə yerləşən daşınmaz əmlakın alqısatqı müqaviləsi imzalanarkən alqı-satqı predmeti olan 14.644,5 kv.m-lik əmlak kompleksi kimi müəssisənin 30,5 kv.m-lik hissəsinin “xxxx” KM-yə aid olduğu bilinirdi. Belə ki, ASCnin əsas səhmdarları olan bu iki şəxsdən başqa digər əsas səhmdarlar və ASC-nin səlahiyyətlisi Firdovsi Vəliyev ilə də həmin 30,5 kv.m-lik sahənin alqı-satqısı haqqında daha əvvəlcə kiçik müəssisənin rəhbərliyi tərəfindən dəfələrlə danışıqlar aparılmışdı. "Cavabdeh3 MMC tərəfindən hüquqi varis olaraq həmin əraziyə xx xxxx 2014-cü il tarixində aldığı çıxarışda ünvan 3 ünvanında yerləşən ərazidəki torpaq sahəsinin ümumi ölçüsü 4,5414 ha təşkil edirdi. Ancaq əvvəlki çıxarışlardan fərqli olaraq həmin ərazidəki torpaq sahəsinin üzərində yerləşən 14.644,5 kv.m-lik əmlak kompleksi kimi müəssisə artıq mövcud deyildi. “xxxx’" MMC və ya onun hüquqi varisi Cavabdeh3 MMC tərəfindən sökülmüşdü. Belə ki, torpaq sahəsi üzərindəki bütün tikililər sökülən zaman “xxxx” KM-yə aid 30,5 kv.m-lik qeyri-yaşayış sahəsi də digər tikililər kimi cavabdeh “Cavabdeh3"’ MMC tərəfindən sökülmüş və beləliklə kiçik müəssisənin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş 1 ildən artıq məhkəmənin icraatında olmasına baxmayaraq araşdırılmamış, qətnamə əsaslandırılmamışdır. Mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı qiymətləndirmə iddiaçı tərəfindən aparılmış, “X4” MMC-nin rəyində də iddia ərizəsində qeyd olunan qiymət eynilik təşkil etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyinə qiymət verməmiş, rəyi araşdırmamışdır. ƏMDK tərəfindən məhkəmənin sorğusuna verilən cavaba diqqətlə nəzər yetirilsə, görülərdi ki, əslində ƏMDK iddiaçının qeyd edilən ərazidə yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsində iddiaçılara aid qeyri-yaşayış sahəsinin olduğunu, ancaq söküntü səbəbindən yerinin müəyyən edilə bilmədiyini təsdiq etməkdədir. Məhkəmə bundan əvvəl də DƏDRX-ə sorğu vermiş, xx xxx 2019-cu il tarixli sorğuya cavab məktubunda mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçının adına xx.xx.1998-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin verildiyi bildirilmişdir. Lakin həmin soğuya cavabı sübut kimi qətnamədə qeyd etməmişdir. İddia tələbinin əsl olmayan cavabdehlərə qarşı qaldırılmadığına dair xüsusatın qətnamədə qeyd edilməsinin heç bir əsası yoxdur. Belə ki, mülkiyyətdə olan sənədi söküntüdən əvvəl bütün cavabdehlərə təqdim edərək qeyd edilən ərazidə mülkiyyətləri olduğunu bildirdikləri halda, onlara aid mülkiyyətin heç bir hüquqları gözlənilmədən və ya kompensasiya verilmədən sökülməsini həyata keçirən şəxslərə qarşı iddia tələbinin irəli sürülməsi iddianın əsaslı olduğunu sübut edir. Birinci instansiya məhkəməsi zamanı Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X1 ünvanlanmış “madam ki, bu gün mübahisəli sahənin həmin əraziyə düşmədiyini, həmin ərazidə heç bir sahəmizin olmadığını iddia edirsiniz, niyə kiçik müəssisənin təsisçilərindən olan X2 və Vəliyev Firdovsini görüşmək üçün bir araya gətirirsiniz” sualına cavabdehlər cavab verə bilməmişlər. Məhkəmə də bu məsələ ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı 1998-ci ildə qeyri-yaşayış sahəsini alıb, 2000-ci ildə müəssisənin fəaliyyəti dayandırılıb. Tahir adlı şəxs onları həmin ərazidən çıxararkən iddiaçıya yer verəcəyini vəd verib. 10 ildən artıqdır ki, danışıqlar gedir, lakin nəticə yoxdur. Sonuncu danışıqdan sonra Cavabdeh3 MMC əmlakın onlara məxsus olduğunu bildiyi halda iddiaçıya məxsus binanı söküb. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh "Cavabdeh3" MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, "Cavabdeh3" MMC qanuni əsaslarla əmlak əldə edib. Belə ki, mübahisəli əmlak əvvəl Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olmuş, sonradan onlar həmin əmlakı alqı-satqı müqaviləsi “xxxx” MMC-yə satmışlar. 2014-cü ildə “xxxx” MMC "Cavabdeh3" MMC-yə qoşulduğuna görə hal-hazırda təmsil etdiyi müəssisə sonuncunun hüquqi varisidir. Onların iddiaçı barədə məlumatları olmayıb. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia rədd olunduğundan qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, “xxxx” KM “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavoduna məxsus olan ünvan 4 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.m qeyri-yaşayış sahəsini əvvəllər icarə əsasında istifadə etmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx xxxx 1998-ci il tarixli müqavilə ilə satın almış və xx.xx.1998-ci il tarixdə həmin qeyri yaşayış sahəsinə şəhadətnamə almışdır. ünvan 5 saylı ünvanda 4.5414 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə onlar ünvan 5 saylı ünvanda 4.5414 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m olan 2 mərtəbəli qeyr-yaşayış sahəsini “xxxx” MMC-yə satmışlar, qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdən “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2014-cü il tarixdə xx.xx.1996-cı ildə qeydiyyata alınmış Cavabdeh3 MMC “xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur. ünvan 5 saylı ünvanda 4.5414 ha torpaq sahəsinə Cavabdeh3 MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxxxx 2019cu il tarixli məktubunda qeyd olunur ki, “xxxx” KM nümayəndələrinin verdiyi şifahi məlumata əsasən onlara məxsus olmuş qeyri-yaşayış sahəsi iki mərtəbəli binanın otaqlarından biri olmuşdur. Mütəxəssislər tərəfindən “xxxx” KM nümayəndələrinin iştirakı ilə əraziyə texniki baxış keçirilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia edilən ikimərtəbənin söküldüyü və yerində yeni bina inşa edildiyi müəyyən olunmuşdur. “xxxx” KM-yə məxsus olmuş 30,5 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia olunan iki mərtəbəli bina sökülərək yerində yeni binanın tikintisi işləri aparıldığından qeyri-yaşayış sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Hazırkı iddiasında iddiaçı Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixdə mübahisələndirilən əmlakı əldə edərkən qanun pozuntusuna yol verdiyini, əmlakın əvvəlki və sonrakı mülkiyyətçilərinin mübahisəli qeyri-yaşayış sahəsinin 30,5 kv.m hissəsinin iddiaçının mülkiyyətində olduğunu bildiyi halda ona məxsus əmlakın sökülərək məhv edildiyini iddia etmişdir. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddia tələbi 4 hissədən ibarətdir: 1) DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; 2) qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri, üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması; 3) öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğin maddi zərər qismində tutulması; 4) mənəvi ziyana görə isə 100.000 manat məbləğin ödənilməsi. Kollegiya iddiaçının ilkin tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İşdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan əmlakı 2012-ci ildə “xxxx” MMC-yə satmış, əmlak xx.xx.2013-cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla da Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Hal-hazırda əmlakın əvvəlki mülkiyyətçilərinin adlarına verilmiş çıxarış mövcud olmadığından iddia çıxarışın ləğvi hissəsində əsassızdır və haqlı olaraq işə baxan məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçının digər tələbləri Cavabdeh2 və Cavabdeh1 əmlakı digər şəxsə satarkən qanun pozuntusuna yol verilib-verilməməsindən irəli gəldiyindən Kollegiya hesab edir ki, həmin tələblərə qiymət verilərkən məhz bu məqam araşdırılmalıdır. İşdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini “xxxx” MMC-yə satarkən əmlak üzərində hər hansı yüklülük mövcud olmamışdır. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/37078 saylı xx.xx.2012-ci il tarixli arayışla təsdiq olunur. “xxxx” MMC əmlakı əldə edərkən onun adı çəkilən şəxslərin mülkiyyətində olduğunu bilmiş və qanuni əsaslarla əmlakı mülkiyyətinə qəbul etmişdir. Ona görə də cavabdehlərin iddiaçıya məxsus olan əmlakın sökülməsində və iddiaçıya maddi və mənəvi zərər vurulmasında cavabdeh hesab edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə əsasən hazırkı iddianın təmin olunması üçün iddiaçı mübahisəli sahənin onun balansında olduğunu və cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etməlidir. İddiaçının təqdim etdiyi sübutlar isə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarla uzlaşmamışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda kiçik müəssisənin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair 010506 saylı, xx.xx.1998ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmişdir. İşin apellyasiya baxışı zamanı Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanın hüquqi vəziyyəti, mülkiyyətçilər və digər mülkiyyətçilərin mülkiyyətinə keçmə əsasları göstərilməklə əmlakın texniki vəziyyəti və hazırda kimin mülkiyyətində olması barədə DƏDRX-ə sorğu verilmiş, sorğuya cavab olaraq müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən və təqdim olunmuş arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda (52814,4 kv.m olan torpaq sahəsində) yerləşən əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş, X5 xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 57.1, 47.6, 34,8, 66,6, 95.6 kv.m tikililəri adı çəkilən şəxslərdən almış, Yaşar Qurbanova aid hissəyə yeni ünvan verilmiş, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə 4,5414 ha torpaq sahəsi isə özəlləşdirilmiş, xx.xx.2012-ci ildə isə Cavabdeh1 və Cavabdeh2 əmlak kompleksi kimi müəssisəni və torpaq sahəsini “xxxx” MMC-yə satmışlar, əmlak hal-hazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçməmiş, onun mülkiyyətində olmamışdır. Beləliklə iddiaçı cavabdehin faktiki istifadəsində olan mübahisəli sahənin onun balansında olan sahə olduğunu sübuta yetirə bilməmişdir. Həmçinin, kollegiya hesab edir ki, iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Cavabdeh3" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri, üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğin maddi zərərin, 100.000 manat isə mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsi tələbin əsas hissəsindən irəli gələrək onun nəticəsindən də birbaşa asılı olduğundan əsassızdır. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsi tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1071/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1071/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver