Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10712/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr çıxarışının ləğv edilməsi və mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən Gülnarə Fərəməzova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1, X5, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 09.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının - 2005-ci il təvəllüdlü X13 və 2011-ci il təvəllüdlü X1 - mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 07.07.2007-ci il tarixdə "xxxx" MMC-nin direktoru X14 ilə müqavilə bağlayaraq ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.metrdən ibarət olan 28 nömrəli 3 otaqlı mənzili almış, mənzilin hər kvadratmetri üçün 705 manat olmaqla cəmi 111 108 manat ödəmişdir. Mənzil tikilib qurtardıqdan sonra "xxxx" MMC-nin əvvəlki direktoru Məzahir Cəfərovun vəfat etməsindən istifadə edən hazırkı direktor X9 mənzilin ona verilməyəcəyini bildirmiş və təmirə icazə verməmiş, iddiası əsasında Xətai Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.metrdən ibarət olan 28 nömrəli 3 otaqlı mənzilə dair MMC və X11 arasında 28.02.2007-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməklə, onun həmin mənzildən çıxarılması və mənzil üzərində özünün sahiblik və istifadə hüququ tanınmaqla, mənzilin ona verilməsi qət edilmişdir. Adilağa Hüseynov güya mənzilin ondan qabaq X11 adlı şəxsə satılması barədə 28.02.2007-ci il tarixli saxta müqavilə və maliyyə arayışı hazırlayaraq məhkəməyə təqdim etmiş, həmin şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Xətai Rayon Məhkəməsinin 20.04.2018-cı il tarixli qərardadı ilə mənzildə təmir işlərinin aparılması cavabdehə qadağan edilmiş, Xətai rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 22.05.2018-ci il tarixdə tərtib edilmiş aktla qərardad icra olunmuş,. aktı "Sahil-D Kompani” MMC-nin nümayəndəsi və Cavabdeh1 əri Cavabdeh2 da imzalamışdır. "xxxx" MMC-nin və üçüncü şəxs X4 apelyasiya şikayətinə baxılarkən onlar yenidən saxtakarlıq etmiş, mənzilin yeni bir şəxsə satıldığını bildirməklə, məhkəməyə Cavabdeh1 ilə bağlanmış 18.07.2017-ci il tarixli müqaviləni vermişlər. Apelyasiya məhkəməsi Cavabdeh1 müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb etmiş, "xxxx" MMC-nin, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 apelyasiya və kasasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi icra mərhələsində olanda "Sahil-D Kompani” MMC-nin direktoru Adilağa Hüseynovun verdiyi sənədlər əsasında Cavabdeh1 adına mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 09.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış alınmış və onlar 5 nəfər ailə üzvü ilə mənzilə köçmüşlər. "xxxx" MMC-nin verdiyi arayışdan məlum olur ki, hazırda mənzildə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və sonuncuların uşaqları - 2005-ci il təvəllüdlü X13 və 2011-cı il təvəllüdlü X10 yaşayırlar. Cavabdehlər, "xxxx" MMC ilə X11 arasında 28.02.2007-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edildiyini, mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bildikləri halda, mənzilin təmirini davam etdirmişlər və mənzilə dair çıxarış almaqla mənzilə köçmüşlər ki, bu da məhkəmə qətnaməsinin icrasında əlavə çətinlik yaratmaqla mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə hesab edir ki, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 09.10 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, qanunsuz olaraq mənzildə yaşayan şəxslər (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) və ev əşyaları mənzildən çıxarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, mənzilə dair onunla “Sahil-D Kompani" MMC arasında 18.07.2017-ci il tarixdə müqavilə bağlandığı və mənzilin dəyərini tam ödədiyi, həmin tarixdən 2018-ci ilin may ayınadək nə iddiaçının, nə də başqa şəxsin mənzilə hüquq iddia vemədikləri, İddiaçı "xxxx" MMC-yə və X6 qarşı irəli sürdüyü iddia əsasında başlanmış mülki iş üzrə qəbul edilmiş “iddianın təmini tədbirinin görülməsi barədə” qərardadın icrası ilə bağlı dəyərini tam ödəməklə aldığı mənzillə əlaqədar məhkəmə mübahisəsinin olduğunu öyrəndiyi, İddiaçı ona qarşı hər hansı iddia irəli sürmədiyi və onun müqaviləsinin etibarlılığını mübahisələndirmədiyi, mənzilin vicdanlı alıcısı kimi dövlət reyestrindən çıxarış almaq üçün sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi və mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı, məhkəmənin isə göstərilən halları nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh1 məhkəmə iclasında iştirak edən vəkili Vəkil Hüseyn qızı apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, təmsil etdiyi şəxs 18.07.2017-ci il tarixdə mübahisəli mənzili dəyərini ödəməklə “Sahil-D Kompani" MMC-dən almış, müqavilə bağladıqdan sonra mənzili təmir etdirməyə başlamış, 2018-ci ilin may ayında artıq təmir başa çatmış, geriyə yalnız xırda texniki işlər qalmışdır. Mənzilə dair Gülnarə Fərəməzova və "xxxx" MMC arasında müqavilə bağlandığı 18.07.2017-ci il tarixdən 2018-ci ilin may ayınadək heç kim mənzillə bağlı cavabdehləri narahat etməmiş, mənzilə dair iddia qaldırmamışlar. İddiaçı "Sahil-D Kompani” MMC-yə və X6 qarşı irəli sürdüyü iddia əsasında başlanmış mülki iş üzrə qəbul edilmiş "iddianın təmini tədbirinin görülməsi barədə” qərardadın icrası ilə bağlı Cavabdeh1 qanuni əsaslarla dəyərini tam ödəməklə aldığı mənzillə bağlı məhkəmə mübahisəsinin olmasını bilmiş, həmin vaxt İddiaçı mənzilin Cavabdeh1 tərəfindən alındığını, onun tərəfindən mənzildə aparılan təmir işlərinin artıq tamamlandığını bilsə də, sonuncuya qarşı hər hansı iddia irəli sürməmiş, onunla bağlanmış müqavilənin etibarlılığını məhkəmə qaydasında mübahisələndirməmişdir. Cavabdeh1 isə mənzilin vicdanlı alıcısı kimi dövlət reyestrindən çıxarış almaq üçün sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş və mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə onun adına 09.10.2020-ci il tarixdə ********** nömrəli çıxarış verilmişdir. Mübahisəli mənzilə dair Cavabdeh1 adına çıxarış verilməzdən əvvəl də onun reyestr xidmətinə təqdim etdiyi sənədlərin həqiqiliyi yoxlanılmış, mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hər-hansı hal müəyyən edilməmişdir. Göstərilənlər onu təsdiq edir ki, Gülnarə Fərəməzova mübahisəli mənzilin vicdanlı alıcısıdır, məhkəmə isə bu halı nəzərə almadan qanunsuz qərar çıxarmışdır. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, İddiaçı və "xxxx" MMC arasında 07.07.2007-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MMC, ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 28 saylı mənzili İddiaçı təhvil verməyi, alıcı isə satıcıya mənzilin pay dəyəri olan 111 108 manatı ödəməyi öhdəsinə götürmüş, 22.01.2014-cü il tarixli maliyyə arayışına əsasən, mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İşin müəyyən olunan digər halına görə, həmin mənzilə dair 18.07.2017-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında da müqavilə bağlanmış, müqaviləyə görə MMC və X11 arasında bağlanmış 28.02.2007-ci il tarixli müqavilənin ləğv edildiyi və dəyəri 118 200 manat olan mənzilin Cavabdeh1 satıldığı razılaşdırılmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.metr-dən ibarət olan 3 otaqlı 28 saylı mənzilə dair "xxxx" MMC və X11 arasında 28.02.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, X4 həmin mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, 118 200 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq X7 ödənilməsi, X4 İddiaçı və "Sahil-D Kompani” MMCnə qarşı - cavabdehlər arasında bağlanmış 07.07.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi qət olunmuş, qətnamə ilə müəyyən edilmişdir ki, X11 və "xxxx" MMC arasında bağlanmış 28.02.2007-ci il tarixli müqavilə arxa tarixlə sonradan bağlanmış müqavilədir. İş materiallarından görünür ki, həmin qətnamədən X4 verdiyi apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının qətnaməsindən "Sahil-D Kompani” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri Ali Məhkəmənin 21.05.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 28, korpus 1 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, mənzil 3) üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır və orada Cavabdeh1 ilə birlikdə ailə üzvləri - Cavabdeh3, Cavabdeh2, X13 və X12 yaşayırlar. İşin hallarından aydın olur ki, yuxarıda qeyd edilən məhkəmə mübahisəsi üzrə iddianı təmin tədbiri qismində ünvan 5 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 28 saylı mənzildə təmir işlərinin aparılması qadağan edilmiş, bununla bağlı 22.05.2018-ci il tarixdə tərtib edilmiş aktı həmçinin cavabdeh E. Fəraməzov imza etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 "xxxx" MMC ilə 18.07.2017-ci il tarixdə bağladığı irəli sürülən müqavilə əhəmiyyətsiz əqd olmaqla heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız əqd olduğundan, həmin əqd nəticəsində Cavabdeh1 mübahisəli mənzil üzərində hər hansı bir hüququ tanına və əmlak onun mülkiyyətinə keçə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır: Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub- olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə, Cavabdeh1 "xxxx" MMC ilə 18.07.2017-ci il tarixdə müqavilə bağladığı inandırıcı deyildir - çünki işin hallarından görünür ki, "Sahil-D Kompani” MMC və Amaliya Şükürova arasında Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış mübahisə zamanı MMC tərəfindən 25.10.2017-ci il tarixdə verilən iddia ərizəsinə etirazda, MMC-nin mənzilin qanuni sahibi və mülkiyyətçisi kimi X8 tanıdığı göstərilmişdir; digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəsi gedən mənzilə İddiaçı sahiblik və istifadə hüququ məhkəmə qərarı əsasında tanınmış, Cavabdeh1 həmin qərardan verdiyi kassasiya şikayəti təmin edilməmiş və o, həmin qərardan sonra mənzili öz adına qeydiyyata aldırmışdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, mübahisəsi gedən mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında İddiaçı təhvil verildiyindən və onun mənzilə sahiblik və istifadə hüquqları tanındığından, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə etibarlı ola bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan, o, mülkiyyətçi kimi hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən isə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10712/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10712/2021
18.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver