Məhkəmə qərarları › İş №2(103)-1072/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1072/2025

19.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1072/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 14-20/2-R-32-3/24 saylı məktubunun surətindən görünür ki, onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714/K nömrəli əmri ilə xx.xx.2024- cü il tarixdən ləğv edilmişdir. Əmək kitabçasını və əmrini Xidmətin Hüquqi təminat və sənədlərlə iş şöbəsindən götürə bilər.

2. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714/k nömrəli əmrin surətindən görünür ki, X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, ona son haqq-hesab ödənilməsi və s. əmr edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 406/k nömrəli əmrinin surətindən görünür ki, gursululuq dövründə təbii fəlakət riskinin artması ilə baş verə biləcək daşqın təhlükəsini, o cümlədən 2010-cu ildə baş verən böhranlı vəziyyəti nəzərə alaraq Respublika çaylarında gursululuq və daşqınlar dövründə hidroloji müşahidələrin mütəmadi olaraq aparılması, ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi, yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (suyun səviyyəsi, sərfi və s.) parametrlər barədə məlumatların, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022- ci il tarixədək istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 may tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidməti haqqında Əsasnamə”nin 5.4.3-cü yarımbəndinə rəhbər tutaraq əmr edilmişdir ki, X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əməkhaqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin.

4. İş materiallarında olan Cənub RHM-nin drektoru Rasim Cahangirov tərəfindən imzalanmış və “Sənədlər üçün” möhürü vurulmuş və yuxarıda sağ küncdə təsdiq edirəm Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudov hissəsi boş olan Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 06 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X7 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxması ilə əlaqədar adının qarşısında “+” işarəsi qoyulmuşdur.

5. İş materiallarında olan X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 06 aprel tarixdən 30 iyun tarixədək həftənin 5-ci gününün istirahət günü kimi müəyyən edilməsini xahiş etmiş və direktor Cahangirov R.Ə etiraz etməməsi barədə ərizəyə qeyd əlavə etmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 388/Ü nömrəli əmrinin surətindən görünür ki, 1. gursululuq və daşqınlar dövründə hidroloji şəbəkənin normal fəaliyyətinə nəzarətin gücləndirilməsi, proqnoz və gözlənilən təhlükəli hadisələr barədə xəbərdarlıqların dəqiqliyinin artırılması, Nazirliyin müvafiq qurumlarının, dövlət idarəetmə orqanlarını və əlaqədar təşkilatların hidroloji məlumatlarla vaxtında təmin edilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiyanın yaradılması, 2.9. Gursululuq dövrü ilə əlaqədar aprel-may-iyun aylarında Hidrologiya mərkəzində və tabeli qurumlarda səriştəli mütəxəssis hidroloqları cəlb etməklə operativ hidroloji məlumatların ötürülməsi üçün istirahət günlərində növbətçiliyin həyata keçirilməsi, 3. Aprel, may, iyun aylarında gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar Milli Hidrometeorogiya Xidmətinin Hidrometeoroloji proqnozlar bürosunun (G.Məmmədova), Hidrologiya mərkəzinə (A.Verdiyev), Regional hidrometeorogiya mərkəzlərinə (A.Dadaşova, A.Abdullayev, Q.Qarayev, R.Cahangirov, Ə.Ağayev, R.Şirəliyev və V.Həsənov) tapşırılsın ki, gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmələri, Milli Hidrometeorogiya Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinə və Hidrometeoroloji proqnozlar bürosunun baş mühasibinə tapşırılsın ki, gursululuq dövründə istirahət və bayram günlərində Hidrometeoroloji proqnozlar bürosunun, Hidrologiya mərkəzinin və regional Hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət gününün verilməsinin təmin edilməsi əmr edilmişdir.

7. İş materiallarında olan X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, o, bildirmişdir ki, mərkəz tərəfindən verilmiş əmrdə növbəli iş rejiminə keçirildiyi üçün o, fasiləsiz olaraq aprel ayının 8, 9, 10, 11, 12 günləri işə gəlmiş və 11 aprel tarixində Ramazan bayramı günü işə gəldiyi üçün, xx.xx.2024-cü il tarixində əvəzgün istifadə edərək, işə gəlməmiş, bu barədə əvvəlcədən mərkəzin müdiri Rasim müəllimin köməkçisi Gülnarə Kərimovaya məlumat vermiş, xx.xx.2024-cü il tarixdə isə o, evdə internet zəif olduğu üçün internet şəbəkəsini quraşdıran şirkətlərdə olmuşdur.

8. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-20/2-k-95-1/2024 nömrəli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, onun “Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” əmək mübahisəsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifinə Milli Hidrometeorogiya Xidmətində aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Xidmətin “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahıt gününün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 406/k nömrəli əmrinə əsasən verilən istirahət günlərindən istifadə etmiş olduğuna baxmayaraq, xx.xx.2024-cü il tarixində üzrlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməyərək əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğu müəyyənləşdirilmişdir. Qeyd olunanlara uyğun olaraq iştirakı ilə həmkərlar ittifaqı təşkilatının iclası keçirilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-20/2-634/2024 nömrəli Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlamış təqdimatdan görünür ki, X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı xx.xx.2024-cü il tarixində heç bir üzrlü səbəb göstərmədən və mərkəz rəhbərliyinə məlumat vermədən işə gəlmədiyi üçün əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məsələsinə ən geci 10 gün müddətində münasibət bildirilməsi xahiş edilmişdir.

10. İş materiallarında olan Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi Yığıncağının 5 nömrəli xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Milli Hidrometeorogiya Xidmətinin X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə və icra intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.

11. İş materiallarında olan işçilərin işə gəlib-getməsi zamanı imzaladıqları cədvəldən görünür ki, İddiaçı aprel ayı üzrə xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə işə gəlməsi və getməsi barədə cədvəldə adının qarşısında imzalar etmişdir.

12. İş materiallarında olan işçilərin işə gəlib-getməsi zamanı imzaladıqları cədvəldən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə nə işə gəlməsinə, nə də getməsinə dair sütunlarda imza etməmişdir.

13. İş materiallarında olan mobil telefon vasitəsilə edilmiş ekran görüntülərindən (screenshot) görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən bir sıra şəxslərə bayram təbrikləri və yoxlanılıb adı altında işlə bağlı emaillər göndərilmişdir.

14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Lənkəran şəhərində R.Ə.Cahangirov, Ə.K.Bayramova, X.i.Abbasov, İ.M.İsmayılov, X.A.Ağayeva tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı heç bir səbəb olmadan işə çıxmamışdır.

15. İş materiallarında olan Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 06 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X7 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxması ilə əlaqədar adının qarşısında heç bir qeyd aparılmamışdır. Cədvəl Cənub RHM-nin drektoru Rasim Cahangirov tərəfindən imzalanmış və “Sənədlər üçün” möhürü vurulmuş və yuxarıda sağ küncdə təsdiq edirəm Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzası və mərkəzin möhürü ilə təsdiq edilmişdir.

16. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 1(049)-171/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 714/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Nəsisağa oğlunun işinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən boş dayanmasına görə öz vəzifəsi üzrə müəyyən edilmiş ştat cədvəli üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini alan günə qədər hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 29 ildir ki, X7 Mərkəzində fəaliyyət göstərir. Ali təhsilli olmaqla bərabər sakit təbiətli, kollektiv üzvləri ilə xoşrəftarlı, əməkdaşlarla konflikt yaşamayan, həmçinin özünün vəzifə borclarına aid olmayan məsələlərdə də təcrübəsiz işçilərə qayğı və dəstək göstərməyi bacaran bir şəxsdir. Təsadüfi deyildir ki, keçən müddət ərzində heç vaxt əmək intizamını pozduğu üçün hər hansı məsuliyyətə cəlb edilməmiş və ya hər hansı intizam tənbehi almamışdır. Təəssüflər olsun ki, bir müddət öncə Milli Hidrometeorologiya Xidmətinin X7 Mərkəzinin direktoru Rasim Cahangirovla mərkəzin əməkdaşı İddiaçı münasibətləri pozulmuşdur. Belə ki, əvvəllər İddiaçı yanında (nisbətən aşağı vəzifədə) çalışan X1 vəzifəsində irəli çəkildikdən sonra, İddiaçı onun rəhbərliyi altında işləmişdir. Həmin dönəmin başlanğıcında X4 İddiaçı münasibətləri normal olsa da, bir müddət sonra rəhbər ilə işçinin dostluğu sarsılmışdır. Ona görə də X6 çalışmışdır ki, İddiaçı kollektivdən uzaqlaşdırsın. Hazırda o, müvəqqəti də olsa öz məqsədinə nail olmuşdur. İddiaçı əmək müqaviləsinə 714/K saylı, 24 iyun 2024-cü il tarixli əmr ilə 25 iyun 2024-cü il tarixdən xitam verilmişdir. Hesab edirik ki, həmin əmr qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, baxmayaraq ki, “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 388/Ü nömrəli əmrə əsasən onun işə cəlb edildiyi qeyri-iş günləri üçün əvəzgün götürmək hüququ olmuşdur, mərkəzin direktoru Rasim Cahangirov tərəfindən təsdiq edilən növbətçilik cədvəli (həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur) üzrə xx.xx.2024-cü il tarixdə, yəni Ramazan bayramı günü işə çıxdığı üçün, xx.xx.2024-cü il tarixdə işləmiş olduğu istirahət gününü xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istifadə etməsini kobud intizam pozuntusu kimi qiymətləndirərək, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi məsələsi Həmkarlar İttifaqi Komitəsinin müzakirəsinə çıxarılmış və 20 iyun 2024-cü il tarixdə onun işdən azad edilməsinə razılıq verilmişdir. Halbuki, İddiaçı rəhbəri olduğu Rasim Cahangirovun qəbuluna düşə bilmədiyindən (Rasim Cahangirov bilərəkdən İddiaçı mərkəzin əməkdaşları olan “WhatsApp” qrupundan xaric etmiş, nömrəsini bloklamış, özünü isə qəbul etməkdən yayınmışdır) xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istirahət hüququndan istifadə edəcəyi barədə məlumatı mərkəzin direktorunun köməkçisi, X2 əməkdaşı Gülnarə Kərimovaya bildirmişdir. X14 Cahangirovla eyni binada, qonşu otaqlarda oturur. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair Həmkarlar İttifaqi Komitəsinin təşkil etdiyi iclasda iddiaçı da iştirak etmişdir. Həmin iclasda İddiaçı həmkarları tərəfindən müdafiə olunacağına ümid etsə də, bu baş vermədi. Belə ki, onun 29 illik əmək fəaliyyəti, ali təhsilli olması, himayəsində iki tələbənin olması, indiki vaxtadək kimi heç bir intizam tənbehinə məruz qalmaması, əmək sevərliyi, ziyalı bir ailənin nümayəndəsi olması, işləməməli olduğu, lakin işlədiyi istirahət gününü əvəzgün kimi götürdüyü (halbuki, özü tərəfindən rəhbərliyin köməkçisinə məlumat verilmiş – xəbərdarlıq edilmiş və onun bir gün işə gəlməməsinə görə müəssisənin heç bir iş fəaliyyəti pozulmamış, müəssisəyə və ya dövlətə heç bir zərər dəyməmişdir) nəzərə alınmadı. Komitənin islasında demək olar ki, heç kim İddiaçı müdafiəsinə cəhd etmədi. Bu isə komitənin iclasının formal xarakter daşıdığını, İddiaçı nə olursa olsun işdən çıxarılmasına dair qərarın əvvəlcədən qəbul edildiyi qənaətinə gəlməyə əsas verir. Əvvəllər İddiaçı tabeliyində çalışan Rasim Cahangirov sonralar vəzifəsində irəli çəkildikdən sonra, İddiaçı onun rəhbərliyi altında işləmişdir. Həmin dönəmin başlanğıcında X13 Rzayevin münasibətləri normal olsa da, sonradan rəhbər ilə işçinin münasibətləri hazırki iddia ərizəsində göstərmək istəmədiyi səbələrdən pozulmuş - kəskinləşmiş, hətta rəhbər tərəfindən işçinin sıxışdırılması, ona aid olan işlərdən təcrid edilməsi, iş tapşırılmaması, əməkdaşların olduğu qruplardan kənar tutulması, “WhatsApp” qrupundan xaric edilməsi və s. ilə nəticələnmişdir. Aşağıdakılara əsasən hesab edir ki, 714/K saylı, xx.xx.2024-cü il tarixli əmr qanunsuzdur, məhkəmə qaydasında ləğv edilməlidir: 1. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” 388/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “......Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təmin etsinlər;”. 2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “Gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 6 aprel tarixindən 30 iyun tarixədək həftənin 5-ci (beşinci) gününün istirahət günü kimi müəyyən edilməsi xahiş edilir”. 3. X7 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən təsdiqlənən növbətçilik cədvəlindən görünür ki, həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur, lakin 388/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrə istinad edildiyindən və cədvəlin təyinatı üzrə ilk iştirahət və ya qeyri-iş günü kimi xx.xx.2024-cü il nəzərdə tutulduğundan onun xx.xx.2024 – xx.xx.2024-cü il intervalında təsdiqlənməsi ehtimal edilir, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü növbədə olmalıdır (cədvələ müvafiq olaraq İddiaçı xx.xx.2024-cü ildə işə çıxmışdır, iş funksiyasını yerinə yetirmişdir, hesabatlar göndərmişdir və onun həmin gün işə çıxmadığına dair heç bir sənədləşmə və ya rəsmiləşdirmə işi aparılmamış, xəbərdarlıq, tənbeh və ya digər intizam tədbiri görülməmişdir) və o, həmin günü işdə - növbəsində olmuşdur. Həmin cədvələ əsasən İddiaçı daha sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində, yəni şənbə və ya bazar günləri növbətçilik cədvəli üzrə işə çıxmalı olduğu halda, işə çıxmış, eləcə də, işə çıxdığı qeyri-iş günü əvəzinə hər həftənin 5-ci günü istirahət etmişdir. Lakin, İddiaçı xx.xx.2024-cü il tarixə qədər, yəni xx.xx.2024-cü il tarixdə işə çıxdığı Ramazan bayramı günü üçün istirahət günü verilməmiş və ya əmək haqqına əlavə hesablamalar aparılmamışdır. Halbuki, Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidməti və Milli Hidrometeorologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış (2023 – 2026-cı illər üçün) xx.xx.2023-cü il tarixli Kollektiv müqavilənin “2.13.”-cü bəndində nəzərdə tutulur ki, “iş vaxtından artıq vaxtda, istirahət günlərində görülən işlərin ödənməsi tarif (vəzifə) maaşının ikiqat məbləğindən az olmamaq şərtilə həyata keçirilir.” 4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə X7 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən xx.xx.2024-cü il tarixdə dərkənar qoyularaq, etiraz edilmədiyi bildirilmişdir. 5. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin 1-ci bəndindən görünür ki, “Gursululuq dövrü ilə əlaqədar aprel-may-iyun aylarında Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin və X3 istirahət və iş günü hesab edilməyən bayram günləri növbətçilik edəcək aşağıda adları qeyd edilən işçilərinə əmək haqqı əvəzinə ümumi iş həftəsi saatlarından kənara çıxmamaq şərtilə həftəlik günlərdə dəyişiklik edilməklə onların arzusu ilə əvəzgün olaraq istirahət günü verilsin”. 6. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı xx.xx.2024-cü il tarixli əmrinin 1.9-cu bəndindən görünür ki, “X7 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əmək haqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin”. Mediasiya təklifinə cavab məktubunda cavabdeh bildirmişdir ki, guya İddiaçı xx.xx.2024-cü il tarixli, 406/K saylı əmrə əsasən verilən istirahət günlərindən istifadə etmişdir, lakin, xx.xx.2024-də üzrlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Halbuki, bu belə olmamış, İddiaçı istifadə etmədiyi qeyri-iş günündə növbətçilik etdiyi üçün xx.xx.2024-cü ildə istirahət etmiş, bu barədə əvvəlcədən mərkəzin rəhbərinin köməkçisinə məlumat vermiş, həmin gün üçün heç kim onu axtarmamış və müəssisəyə heç bir zərər dəyməmişdir. Göründüyü kimi, xx.xx.2024- cü ildə cavabdeh əmr imzalayaraq Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təsdiq etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü ildə işçidən, yəni İddiaçı ərizə alınmışdır ki, işlədiyi qeyri-iş günü üçün ikiqat əmək haqqı tələb edə bilməsin və ona başqa gün istirahət günü verilsin. Daha sonra tarixsiz növbətçilik cədvəli təsdiq edilib ki, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü işə çıxsın. Ramazan bayramı günü İddiaçı işə çıxdıqdan sonra, yəni xx.xx.2024-də onun ərizəsinin üstünə dərkənar qoyulub. Halbuki, artıq həmin tarixə İddiaçı xx.xx.2024-cü ildə bayram günü işə cəlb edilmişdi. Belə olduğu halda ya onun əmək haqqı ikiqat hesablanmalı və ödənməli idi, ya da arzusuna uyğun başqa bir gün istirahət günü verilməli idi ki, İddiaçı də bunu xx.xx.2024-də istifadə etmişdir. xx.xx.2024-cü ildə verilən 406/K saylı əmr ilə İddiaçı işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5-ci (beşinci) günü verilməsinə dair rəsmiləşmə işi icra edildiyi tarixdə, artıq İddiaçı 11.04.024cü ildə işə cəlb edilmişdi və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün götürmək hüququ var idi ki, İddiaçı də bunu xx.xx.2024-cü ildə istifadə etmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü ildə izahatı alınmışdır və izahatında göstərilənlər qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməməsinə üzrlü səbəb olmuş, o, xx.xx.2024-cü ildə işə cəlb edildiyi Ramazan bayramı gününə əvəz olaraq tam günü işə çıxmamışdır. Bundan əlavə 27 may 2024-cü il tarixdə onun işə çıxmamasına görə işəgötürənə heç bir zərər dəyməmişdir və bununla bağlı heç bir rəsmiləşdirmə işi yoxdur. Belə ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud surətdə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin o da, qeyd edilməlidir ki, 29 ildir ki, həmin kollektivdə işləyən işçi işə gəlmədəyi halda, rəhbərlik və ya ya iş yoldaşları tərəfindən axtarılmamış, nəyə görə işə gəlməməsi soruşulmamışdır. Çünki, işlədiyi kollektivdə bilirdilər ki, o, işə cəlb edildiyi gün üçün evdə qalmışdır və bu barədə mərkəzin rəhbəri Rasim Cahangirov X2 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlı olmuşdur.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.

20. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə, 10-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin “b” bəndinə, 70ci maddəsinin “ç” bəndinə, 71.2, 72-ci maddəsinin “a” bəndinə, 76.1, 80.1, 83.1, 83.2, 95.1, 186.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü ildə əmr imzalayaraq Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cümaddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təsdiq etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü ildə işçidən, yəni İddiaçı ərizə alınmışdır ki, işlədiyi qeyri-iş günü üçün ikiqat əmək haqqı tələb edə bilməsin və ona başqa gün istirahət günü verilsin. Daha sonra tarixsiz növbətçilik cədvəl təsdiq edilib ki, İddiaçı 11 aprel 2024-cü ildə, yəni Ramazan bayramı günü işə çıxsın. Ramazan bayramı günü İddiaçı işə çıxdıqdan sonra, yəni xx.xx.2024-də onun ərizəsinin üstünə dərkənar qoyulub. Halbuki, artıq həmin tarixə İddiaçı 11 aprel 2024-cü ildə bayram günü işə cəlb edilmişdir. Belə olduğu halda ya onun əmək haqqı ikiqat hesablanmalı və ödənməli idi, ya da arzusuna uyğun başqa bir gün istirahət günü verilməli idi ki, İddiaçı də bunu 27 may 2024-cü ildə istifadə etmişdir. xx.xx.2024-cü ildə verilən 406/K saylı əmr ilə İddiaçı işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5- ci (beşinci) günü verilməsinə dair rəsmiləşmə işi icra edildiyi tarixdə, artıq İddiaçı 11 aprel 2024- cü ildə işə cəlb edilmişdir və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün götürmək hüququ var idi ki, İddiaçı də bunu 27 may 2024-cü ildə istifadə etmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü ildə izahatı alınmışdır və izahatında göstərilənlər qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, 18 aprel 2024-cü il tarixli əmrinin 1.9.-cu bəndindən görünür ki, : - “X7 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əmək haqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin”. Mediasiya təklifinə cavab məktubunda cavabdeh bildirmişdir ki, guya İddiaçı xx.xx.2024-cü il tarixli, 406/K saylı əmrə əsasən verilən istirahət günlərindən istifadə etmişdir, lakin, xx.xx.2024-də üzürlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Halbuki, bu belə olmamış, İddiaçı istifadə etmədiyi qeyri-iş günündə növbətçilik etdiyi üçün xx.xx.2024-cü ildə istirahət etmiş, bu barədə əvvəlcədən mərkəzin rəhbərinin köməkçisinə məlumat vermiş, həmin gün üçün heç kim onu axtarmamış və müəssisəyə heç bir zərər dəyməmişdir. Təqdim edilmiş və regional idarənin rəhbəri tərəfindən təsdiq edilən növbətçilik cədvəlinin mötəbərliyinin nəzərə alınmaması işin hallarına uyğun deyil. Belə ki, həmin növbətçilik cədvəli reallığı əks etdirmişdir. Lakin, cavabdeh tərəf həmin növbətçilik cədvəlinin təhrif olunmuş variantını məhkəməyə təqdim etsə də, məhkəmə həmin növbətçilik cədvəlində olan uyğunsuzluqlara və onun sonradan tərtib edilməsinə,eləcə də, rəsmiləşdirilməsindəki qanunsuzluqlara əhəmiyyət verməmişdir. Bu işə baxılması zamanı mübahisəyə aidiyyəti olmayan halların araşdırılması, işin həqiqi hallarının müəyyən edilə bilməməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə təqdim edilmiş bir sıra sübutları nəzərə almadan iddianı əsassız hesab etmişdir. Bu qərar maddi və prosessual hüquq normalarına zidd olmaqla, düzgün olmayan araşdırmanın və düzgün olmayan yekun qərarın ərsəyə gəlməsi ilə nəticələnmişdir. Məhkəmə həqiqətə nail ola bilməmişdir. Məhkəmə işə birtərəfli baxaraq, yekun qərarını iddiaçı tərəfindən istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Lakin bu belə deyil, məhkəmə sadəcə olaraq iddiaçı tərəfindən təqdim olunan mötəbər sübutları, qətnamədə sadalasa belə, qəbul etməmiş, cavabdehin nümayəndəsinin heç bir sənədlə təsdiq edilməyən izahatlarına (mülahizələrinə) əsasən qərar qəbul etmişdir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş mümkün vasitələrdən lazımi şəkildə istifadə edilməmiş, müvafiq lazımi prosessual tədbirlər görülməmişdir, nəticə isə göz qabağındadır. Məhkəmənin növbəti səhvlərindən biri təqdim edilmiş və regional idarənin rəhbəri tərəfindən təsdiq edilən növbətçilik cədvəlinin mötəbərliyinə şübhə ilə yanaşmaq olmuşdur. Belə ki, həmin növbətçilik cədvəli reallığı əks etdirmişdir. Lakin, cavabdeh tərəf həmin növbətçilik cədvəlinin təhrif olunmuş variantını məhkəməyə təqdim etsə də, məhkəmə həmin növbətçilik cədvəlində olan uyğunsuzluqlara və onun sonradan tərtib edilməsinə, eləcə də, rəsmiləşdirilməsindəki qanunsuzluqlara əhəmiyyət verməmişdir. Ümumiyyətlə, məhkəmə araşdırmasının iddiaçının sübutlarının qarşı tərəfin izahatları əsasında təkzib edilməsi formasında qurulduğunu aşkar etmək çətin deyil. Birinci instansiya məhkəməsinin qarşısına qoyduğu məqsəd pozulmuş əmək hüquqlarının bərpa edilməməsi olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

26. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

27. Maddə 10. “b” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir.

28. Maddə 11. “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.

29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

30. Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71.2. bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 72. “a” bəndi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

33. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

34. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

36. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

37. Maddə 95.1. iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

38. Maddə 186.2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3417/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

50. İş materiallarında olan X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, o, gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 06 aprel tarixdən 30 iyun tarixədək həftənin 5-ci gününün istirahət günü kimi müəyyən edilməsini xahiş etmiş və direktor Cahangirov R.Ə etiraz etməməsi barədə ərizəyə qeyd əlavə etmişdir. Belə ki, gursululuq dövründə təbii fəlakət riskinin artması ilə baş verə biləcək daşqın təhlükəsini, o cümlədən 2010-cu ildə baş verən böhranlı vəziyyəti nəzərə alaraq Respublika çaylarında gursululuq və daşqınlar dövründə hidroloji müşahidələrin mütəmadi olaraq aparılması, ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi, yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (suyun səviyyəsi, sərfi və s.) parametrlər barədə məlumatların, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə əlaqədar xx.xx.2022- ci il tarixindən xx.xx.2022-ci il tarixədək istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 may tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya X16 Nazirliyi yanında Milli Hidrometeorogiya Xidməti haqqında Əsasnamə”nin 5.4.3-cü yarımbəndinə əsasən X9 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əməkhaqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilməsi əmr edilmişdir. Göründüyü kimi, cavabdeh Xidmət yaz (aprel-may-iyun) aylarında gursululuq dövründə təbii fəlakətlərin baş verə bilmə ehtimallarını əvvəlcədən bilmək müəyyən etmək və qarşısını almaq məqsədi ilə gücləndirilmiş rejimi ilə işçiləri növbətçilik üzrə işə çıxarır və bunu istirahət və qeyri-iş günləri olan bayram günlərində işə çıxan işçilərə öz arzuları ilə ya işə çıxdıqları qeyri-iş günü üçün ikiqat əmək haqqı, ya da həftənin bir günü əvəzgün götürməklə işə çıxmamaları ilə kompensasiya edir. Bununla bağlı olaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əvəzgün kimi həftənin 5-ci (Cümə) gününü seçmişdir. Lakin iddiaçının əvəzgün kimi istifadə etdiyini dediyi xx.xx.2024-cü il tarixi həftənin 1-ci (Bazar ertəsi) günü olmuşdur.

51. İşdən göründüyü kimi, iddiaçının xx.xx.2024-cü il tarixdə bütün iş günü işə gəlməməsi işin mübahisəsiz halı olmaqla, xx.xx.2024-cü il tarixdə bayram günü hesab olunan qeyri-iş günündə isə işə cəlb olunmadığı və işdə olmaması öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə bayram günündə işlədiyindən və həmin gün üçün ona əvəzgün verilmədiyindən istirahətini xx.xx.2024-cü il tarixə keçirdiyini, bu barədə səlahiyyətli şəxsləri X2 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlandırdığını bildirsə də, bu hala dair hər hansı sübut təqdim etməmişdir.

52. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş onun xx.xx.2024-cü ildə işə çıxması barədə adının qarşısında “+” işarəsinin olduğunu göstərən növbətçilik cədvəli xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilməmişdir. Belə olan halda cədvəl lazımi qaydada təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz.

53. İş materiallarında olan cavabdehin məhkəməyə təqdim etdiyi və xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilmiş növbətçilik cədvəlində isə sözügedən xx.xx.2024-cü il tarixdə iddiaçının adının qarşısında heç bir qeydiyyat aparılmamışdır.

54. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olmasını digər tərəfdən onunla əsaslandırır ki, o, həmin gün işdə olarkən elektron poçt ünvanı vasitəsilə işlə bağlı hesabatlar vermişdir.

55. Kollegiya apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdə olduğunu iddia etsə də, həmin emaillərin iddiaçı tərəfindən məhz iş yerində olarkən göndərilməsi halı müəyyən olunmur.

56. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində işə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir.

57. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixdə işə çıxmayacağı barədə məlumatı əvvəlcədən verməsi və hansı üzrlü səbəblərdən işə çıxmaması barədə hər hansı mötəbər dəlil onun tərəfindən məhkəməyə təqdim edilməmiş, üzrlü səbəbdən iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir.

58. Kollegiya qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyi işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halında işçinin işə çıxmamasını üzrlü hallar kimi istisna edir. İddiaçının isə sözügedən tarixdə işə çıxmamasının sadalanan üzrlü hallardan biri ilə əlaqədar olmadığı məlumdur.

59. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur.

60. Belə ki, iddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən qeyd olunan halı əsas kimi qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

62. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

64. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

65. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

66. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.

67. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

68. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar